Məhkəmə qərarları › İş №2-1(107)-377/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-377/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-377/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 0619 nömrəli əmrlə ilkin leytenant hərbi rütbəsinin əsassız olaraq ləğv edilməsi və ehtiyata buraxılması barədə əmrinin qanunsuz hesab edilməsi, bunun nəticəsində tətbiq edilmiş bütün hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)-1364/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli, 0474 saylı əmrinə əsasən iddiaçı, ilkin “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilmiş və N saylı hərbi hissənin 3-cü taborun minatan batareyasının 2-ci minatan tağımının komandiri vəzifəsinə təyin olunmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0619 saylı əmri ilə iddiaçıya növbəti “baş leytenant” hərbi rütbəsinin verilməsi barədə Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının xx.xx.2022-ci il tarixli, 017r saylı şəxsi heyət üzrə əmrinin 15-ci bəndi və iddiaçıya ilkin “leytenant” hərbi rütbəsi verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli, 0474 saylı şəxsi heyət üzrə əmri ləğv edilmiş, eyni zamanda iddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

3. İddiaçı, ehtiyata buraxılma barədə qəbul edilmiş əmrin dəyişdirilməsi üçün cavabdeh orqana müraciətlər ünvanlamış, lakin müraciətləri təmin edilməmişdir.

birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı, cavabdeh orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixli, 0619 nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) və 58-ci maddənin “j” bəndinə istinad edilməklə müvafiq ilkin leytenant hərbi rütbəsinin əsassız olaraq ləğv edilməsi və ehtiyata buraxılması barədə əmrinin qanunsuz hesab edilməsi, bunun nəticəsində tətbiq edilmiş bütün hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Ağsu rayonu Bozavand kəndində anadan olmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə getmiş və 2015-ci ildə həqiqi hərbi xidməti başa vuraraq, hərbi xidmətdən tərxis olunmuşdur. 2016-cı ildə Müdafiə Nazirliyinin Zabitlərin Təkmilləşdirilmə Kursuna (TTM) qəbul olmuş, həmin kursu müvəffəqiyyətlə bitirərək “leytenant” rütbəsi ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2021-ci ilin avqust ayından 2022-ci ilin avqust ayına kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş leytenant rütbəsi ilə xidmət etmişdir. MN-nin xx.xx.2022-ci il tarixli 0619 nömrəli əmrinə əsasən heç bir əsaslı səbəb göstərilmədən rütbəsi əvvəlcə ‘"leytenanta” salınmış, daha sonra isə “Hərbi xidmətkeçmə haqqında'' Əsasnamənin 58-ci maddənin “J” bəndinə müvafiq olaraq ilkin “leytenant” rütbəsi əsassız olaraq ləğv edilərək sıravi əsgər rütbəsinə endirilmiş, eyni zamanda “Hərbi xidmətkeçmə haqqında'' Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuziuğa görə) əsasən xidmətdən xaric edilmişdir.

6. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, mübahisələndirilən inzibati akt - Azərbaycan Respublikası müdafiə nazirinin 0619 nömrəli əmridir. Əmr isə 28 iyul 2022-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni 28 avqust 2022-ci il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin 28 iyul 2022-ci il tarixli 0619 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni 2024-cü ilin oktyabr ayının 10-da təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)-1364/2025 nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə iddia tələbi mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-cü il tarixli 0619 nömrəli Əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Mübahisələndirilən əmr iddiaçıya həmin tarixdən məlumat olmuşdur. Lakin iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş qeydiyyat kartasından görünür ki, iddiaçı Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinə gedərək işdən azad edilməsi ilə bağlı əmrlə məlumatlandırılmışdır. Bundan sonra iddiaçı 28 iyul 2022-ci il tarixində şöbədə hərbi qeydiyyata götürülmüşdür.

9. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin sözügedən qərardadının ləğv edilməsini və iddia müddəti bərpa olunmaqla yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi məhkəmə iclasları keçirmədən, araşdırma aparmadan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinin tələblərinə əməl etmədən – yəni, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında aparılmalı olduğu halda – bu qanunvericilik tələblərini pozmuş və cavabdeh – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin, eləcə də – iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən (məhkəmə iclasına dəvət olunmadan) və onun təqdim etdiyi sənədlərə düzgün qiymət vermədən, heç bir sənədə əsaslanmadan birtərəfli qaydada cavabdehin mövqeyindən çıxış etmişdir. İddiaçı bildirir ki, Şəki İnzibati Məhkəməsi onun dəfələrlə mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı cavabdehə subardinasiya qaydasında müraciətlərini, eləcə də ölkə rəhbərliyinə ünvanladığı yazılı müraciətləri nəzərə almamışdır. O, AR Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 0619 nömrəli əmrinin ləğv olunmasının cavabdeh orqan tərəfindən müsbət həll ediləcəyini düşündüyündən, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 30 günlük müddəti keçirməklə iddia qaldırmışdır. Hazırkı iş üzrə AR İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində göstərilən tələblərə əsasən, məhkəmədən qaldırdığı iddia ilə bağlı səlahiyyətləri daxilində ona hüquqi yardım göstərilməsini və iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun formada tərtibinə köməklik edilməsini xahiş edir. Şəki İnzibati Məhkəməsi qanunvericiliyin bu tələblərinə uyğun olaraq ona hüquqi yardım göstərməmiş və əgər iddia müddəti keçmişdisə, bu zaman iddia ərizəsinin dəqiqləşdirilməsinə kömək etməli olduğu halda, bunu etməmişdir. Hesab edir ki, Şəki İnzibati Məhkəməsi qərəzli şəkildə onun iddiasının baxılmasının mümkün olmaması barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən digər dəlillər, əsasən, ilkin iddia ərizəsində irəli sürülmüş və mübahisənin mahiyyətinə dair məsələlərin təkrar təqdim edilməsindən ibarətdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin 28 iyul 2022-ci il tarixli 0619 nömrəli əmrinin mübahisələndirilməsi ilə bağlı arzuladığı hüquqi nəticə həmin əmrin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa edilməsidir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

14. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətində göstərilən dəlilləri araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

17. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

18. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

19. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də iddia qaldırılarkən iddia müddəti ilə bağlı şərtə əməl olunmasıdır.

20. İddia tələbi cavabdehin xx.xx.2022-ci il tarixli, 0619 nömrəli əmrlə ilkin leytenant hərbi rütbəsinin əsassız olaraq ləğv edilməsi və ehtiyata buraxılması barədə əmrinin qanunsuz hesab edilməsi, bunun nəticəsində tətbiq edilmiş bütün hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılması şəklində ifadə edilsə də, iş materiallarından və iddiaçının izahatından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin 28 iyul 2022-ci il tarixli 0619 nömrəli əmrin ləğv edilərək yenidən zabit kimi hərbi xidmətinin və zabit kimi hərbi xidmətdən irəli gələn imtiyazlarının bərpa edilməsidir.

21. İrəli sürülmüş tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. İşin hallarından müəyyən olunur ki, mübahisələndirilən inzibati akt xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.

22. Məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən inzibati aktın məzmunundan hansı tarixdə məlumatlı olmasının müəyyən edilməsi məqsədilə onun hərbi qeydiyyata alınmasına dair sənədlər SHXÇÜDX-nin Ağsu rayon şöbəsindən əldə edilərək öyrənilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya, xx.xx.2022-ci il tarixli təyinat vərəqəsi əsasında xx.xx.2022-ci il tarixdə SHXÇÜDX-nin Ağsu rayon şöbəsinə qeydiyyat üçün getməsi əmr edilmiş, əsas olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0619 saylı əmri göstərilmişdir. Sözügedən təyinat vərəqəsində iddiaçının hərbi rütbəsi “əsgər” qeyd edilmişdir.

23. İddiaçı, xx.xx.2022-ci il tarixli SHXÇÜDX-nin Ağsu rayon şöbəsinə müraciət ərizəsində xx.xx.2017-ci ildən zabit kimi xidmətə başlamasını, xx.xx.2022-ci il tarixdə baş leytenant hərbi rütbəsinin geri alınmasını bildirmiş və ona əsgər hərbi biletinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir.

24. İddiaçıya məxsus hərbi biletdə (məhkəmə iclasında əsli iddiaçı tərəfindən təqdim edilmişdir) onun xx.xx.2022-ci il tarixdə SHXÇÜDX-nin Ağsu rayon şöbəsində hərbi qeydiyyata alınması və hərbi biletin ona xx.xx.2022-ci il tarixdə verilməsi barədə qeydlər vardır. Həmçinin hərbi biletin 21-ci səhifəsində mübahisələndirilən əmrlə iddiaçının leytenant rütbəsinin ləğv edilməsi və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə məlumat mövcuddur. İş materiallarında olan iddiaçı ilə aparılan birinci söhbət vərəqindən görünür ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmaya təqdim olunması ilə bağlı məlumatlandırılmışdır.

25. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı bildirmişdir ki, o, mübahisələndirilən inzibati aktdan — ehtiyata buraxıldığı, hərbi qeydiyyata alındığı və ona hərbi bilet verildiyi vaxt — məlumatlı olmuşdur. Lakin həmin əmrin ləğv olunması üçün etdiyi müraciətlərin müsbət nəticələnəcəyini güman etdiyindən məhkəməyə müraciət etməmişdir.

26. Göründüyü kimi iddiaçının ən geci xx.xx.2022-ci il tarixdə hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən “əsgər” hərbi rütbəsi ilə ehtiyata buraxılmasından məlumatı olmuş və müvafiq olaraq prosessual müddətin axımı həmin tarixdən başlamışdır. Buna baxmayaraq, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, yəni 2 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmiş, bununla da, mübahisələndirmə haqqında iddialara xas olan xüsusi mümkünlük şərti - 30 günlük prosessual müddət ötürülmüşdür.

27. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

28. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

29. Birinci instansiya məhkəməsi tərəfindən çəkişmə (kontradiktor icraat) prinsipinin pozulması ilə bağlı apellyasiya şikayətində irəli sürülmüş dəlilə münasibətdə kollegiya qeyd edir ki, çəkişmə prinsipinin mahiyyəti ondan ibarətdir ki, tərəflərin baxılan iş üzrə məhkəmədə bərabər hüquqlarla iştirak etməsi, öz mövqelərini bildirməsi, digər tərəfin təqdim etdiyi sübutlara münasibət bildirməsi və həmin sübutların müzakirəsində iştirak imkanına malik olması təmin edilməlidir. Yəni, çəkişmə (kontradiktor icraat) prinsipi məhkəmə iclasında fiziki olaraq iştirak etmə kimi dar mənada başa düşülməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinə əməl olunması üçün zəruri tədbirlər görülmüş, iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixə məhkəmə iclası təyin etmiş, iddiaçıya məxsus mobil telefon nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə xx.xx.2025-ci il tarixdə SMS xəbərdarlıq göndərilmişdir.

30. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququnun məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Birinci instansiya məhkəməsi məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün zəruri tədbirlər görmüş, bununla belə iddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Təyin edilmiş məhkəmə iclasında tərəflərin heç bir üzürlü səbəb olmadan iştirak etmədiyi halda iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

31. İddiaçının mübahisələndirilən əmrin ləğv edilməsi (dəyişdirilməsi) ilə bağlı cavabdehə müraciətlərinə münasibətdə isə kollegiya qeyd edir ki, qeyd olunan hal İPM-in 38.1-ci maddəsinə əsasən müəyyən edilmiş 30 günlük müddətin dayandırılmasına və ya uzadılmasına səbəb olmur.

32. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardımın göstərilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbinin irəli sürülməsində arzuladığı hüquqi nəticə xx.xx.2022-ci il tarixli, 0619 saylı əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi ilə bağlıdır. İrəli sürülmüş tələbə mahiyyəti üzrə baxılmasını mümkünsüz edən başlıca şərt İPM-in 38.1-ci maddəsinə əsasən müəyyən edilmiş 30 günlük müddətin buraxılmasıdır. Odur ki, tələbin hansı formada ifadə olunmasından asılı olmayaraq iddiaçının hüquqi marağı aydın olduğundan əlavə olaraq tələbin ifadə formasının dəqiqləşdirilməsinə zərurət olmamışdır.

33. Mübahisələndirilən inzibati aktın qəbul edilməsindən iddiaçının xx.xx.2022-ci il tarixdə məlumatlı olması iş materiallarından aşkar göründüyündən və hazırkı iddia ərizəsi 1 ildən artıq müddət keçdikdən sonra verildiyindən müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair, eyni zamanda müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxmasına dair sübutlar təqdim etməlidir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür.

34. İşin hallarından göründüyü kimi iddiaçı, İPM-nin 24.4-cü maddəsində sadalanan hallara dair hər hansı sübut təqdim etməmiş və müddətin buraxılmasını cavabdeh orqan tərəfindən müraciətinin müsbət həll ediləcəyini güman etməsi ilə əsaslandırmışdır. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə zidd olduğundan iddiaçıya iddia müddətinin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququnun izah olunmasına lüzum qalmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlili həmin hissədə də, əsassızdır.

35. İddia tələbinin “xx.xx.2022-ci il tarixli, 0619 nömrəli əmrin qəbul edilməsi nəticəsində tətbiq edilmiş bütün hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılması” hissəsinə münasibətdə kollegiya qeyd edir ki, bu tələb qeyri-müəyyən şəkildə irəli sürülmüş olsa da, iddiaçının məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən olunur ki, onun bu tələb üzrə gözlədiyi hüquqi nəticə – hərbi rütbəsinin, əvvəlki iş yerinin, eləcə də zabit kimi hərbi xidmətdən irəli gələn imtiyazlarının bərpa edilməsidir. Odur ki, qeyrimüəyyən formada ifadə olunmasına baxmayaraq, məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, mübahisələndirilən əmrin qüvvəyə minməsi ilə əlaqədar yaranan hüquqi nəticələrin mübahisələndirilməsi ilə bağlı tələb ilkin tələbdən asılı tələb olduğundan və ilkin tələb mümkünlük şərtlərinə cavab vermədiyindən tələbin həmin hissəsi də qeyrimümkün olacaqdır.

36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)-1364/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar