Məhkəmə qərarları › İş №2-1(107)-379/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-379/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-379/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC) mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)- 102/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Balakən rayonu, Mahamalar kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçının adına MA-0230196 seriyalı 06.07.2011-ci il tarixli DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Çıxarışı hazırlanmışdır. Həmin Çıxarışın AA004251 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.66 ha torpaq sahəsinin 0.0545 ha hissəsi Elektron Baza məlumatlarına görə ümumi istifadədə olan yola düşür. İddiaçı adına hazırlanmış MA ******* seriyalı Çıxarışın Planı və Ölçüsü sənədində torpaq sahəsi 0 66 hektar göstərilsə də, ancaq iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi Çıxarışın Planı və ölçüsü sənədində göstərilən cizgilərə uyğun olmayaraq naturada 0.6544 hektar təşkil edir. İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli 08 saylı qərarı ilə JN-0098 saylı Dövlət Aktına əsasən 0.66 ha torpaq sahəsi Mahamalar kənd sakini X1 mülkiyyətinə verilmişdir. İddiaçı C.Dibirovdan torpaq sahəsini 19.01.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı torpaq sahəsindən istifadə etdiyi müddətdə sahəyə qonşular tərəfindən kənar müdaxilələr olmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsinin dəqiqliklə hansı ərazidə yerləşməsini və qonşuları ilə aralarında yaranmış mübahisənin həlli üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 09.01.2020-ci il tarixli 2(019)194/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 19 fevral 2021-ci il tarixli 21(116)-102/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC) mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dair iddiası mümkün sayılmamışdır. 5. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi bələdiyyənin səlahiyyətinə aid deyil. Həmçinin, sərhədlərin müəyyən olunması üçün iddiaçı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməlidir. Göründüyü kimi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunarkən hərhansı texniki xətaya yol verilmişdir ki, buna görə də bələdiyyə məsuliyyət daşımır 6. İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(107)-28/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər –Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı 04.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(107)-28/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(102)- 1097/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 21(107)-196/2021 nömrəli qərardadı qismən – “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” hissəsində ləğv edilərək, iş həmin hissədə təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 21(107)-196/2021 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərə məhkəmə tərəfindən ədalətli yanaşılmadığından qərardadı ləğv edilməli, iddia tələbi təmin edilməli və bununla bağlı yeni qərar qəbul edilməlidir. X6 2-1(116)-102/2021 saylı qərardadı ilə iddiası təmin edilməmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 1998ci il tarixli 30 iyun tarixli 08 saylı qərarı ilə Balakən Rayon Mahamalar kənd sakini X2 torpağın mülkiyyət hüququna dair JN 0098 saylı Dövlət Aktına əsasən 0,66 ha torpaq saəhəsi verilmişdir. Həmin torpaq sahəsini 19 yanvar 2007-ci il tarixində Torpaq alqı-satqı müqaviləsinə əsasən almışdır. Bir müddət torpaq sahəsində istifadə etdiyi ərəfələrdə ona məxsus olan torpaq sahəsinə sərhədd qonşuları tərəfindən müdaxilələr olunmağa başladı. Yəni onun və onun ətrafında olan torpaqların guya düzğün paylanmadığını bildirən vətəndaşlar arasında bəzi anlaşılmazlıqlar yarandı. Hər kəsin ölçülərək verilən torpaq sahəsindən istifadə etdiyi zaman ortaya nəsə anlaşılmayan mübahisələr çıxmağa başladı. Aldığı torpaq sahəsinin planı və ölçüsü olduğu halda onunla sərhəddə yaşayan topaq sahəsinin mülkiyyətçiləri ona bildirdilər ki, özlərinə düşən torpaq sahəsinin bir hissəsi güya sənin ərazinə düşüb, buna görə də torpaqda sürüşmə baş vermişdir. Əlbəttə hər hansı vətəndaşın əlində heç bir sənədi, sübutu olmadığı halda onun mülkiyyətində olan torpaq sahəsinə süni maneələrin yaradılmasına görə mülkiyyətində olan torpaq sahəsindən lazımi dərəcədə istifadə edə bilmədiyindən mülkiyyətində olan torpaq sahəsinin dəqiqliklə hansı ərazidə yerləşməsini və onunla sərhədd qonşuların arasında yaranan mübahisənin həllini tapmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o, Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etdmiş, həmin idarənin 25.11.2019-cu il tarixli cavabında bildirdilər ki, iddianız məhkəmədə icraata götürüldükdən və ərazidə ekspertizanın keçirilməsi ilə bağlı məhkəmin müraciəti "xxxx" MMC-yə daxil olduqdan sonra tərəfimizdən mütəxəssisin iştirakınən və müvafiq mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Mülkiyyətində olan torpaq sahəsi üzərində qonşular arasında mübahisə yarandığından və Balakən Bələdiyyəsi tərəfindən əmlakımın içindən qanunsuz yolun açılması, torpaq sahəsinin bir hissəsinə Balakən bələdiyyəsinin müdaxiləsi nəticəsində öz mülkiyyətindən istifadə edə bilmir. Buna görə də Balakən Rayon Məhkəməsində iddia qaldırdı. Balakən Rayon Məhkəməsinin 9 yanvar 2020-ci il tarixli 2(019)-194/2020 saylı qərardadına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qəran ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanlara aid edilməsini əsas gətirərək hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah olması bildirərək qərardad qəbul etmişdir. Belə ki, işə baxan Şəki İnzibati Məhkəməsi işdə olan rəsmi sənədləri və işə əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş yazılı məktubuna baxmayaraq mülkiyyətində olan çıxarışı nəzərə almadan onun zərərinə olan qərar qəbul etmişdir. Aqrar İslahat zamanı hər kəsə həmin ərazidən torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə planölçü hazırlanarkən qonşu torpaqlar arasında heç bir mübahisə yaranmamışdır. Bələdiyyələr isə bir neçə ildən sonra yaradıldıqdan sonra həmin ərazilərdə olan Bələdiyyə torpaqları vətəndaşlara həyətyanı torpaqlar kimi satılarkən həmin torpaqlara gediş-gəlişin qısa yolla olmasmı təşkili üçün müvəqqəti istifadə olunmuşdur. Lakin digər vətəndaşların da mülkiyyətlərində olan torpaqlarına açılan rəsmi yol halhazırda hər bir vətəndaş tərəfindən sərbəst şəkildə istifadə edilməsinə və mülkiyyətimdən təsadüfü və müvəqqəti xarakter daşıyan yolun açılması onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı həm də mükiyyətinə müdaxilə deməkdir. İş materialların əlavə edilən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 10.11.2020-ci il tarixli arayışında mülkiyyətində olan torpaq sahəsinin Hüququ Müəyyən edilmiş çıxarışa əsasən faktiki mülkiyyətində olan torpaq sahəsinin 0,66 ha olması faktı göstərməklə torpaq sahəsinin hazırki iddia ilə tələb etdiyi torpaq sahəsinin miqdarının naturada olan hissəsini gösrətmişdir. Bu da onu deməyə əsas verir ki, qanunla mülkiyyətində olan torpaq sahəsinin balədiyyə qanunsuz müvəqqəti istifadə etməklə onun mülkiyyətinə müdaxilə etməsini etiraf etməklə həmin yolun bağlanmasına etiraz etmir. Belə olduğu halda işə baxan məhkəmə nəyi əsas gətirərək iddianı təmin edən qərar qəbul etməmişdir. Eyni zamanda onu da məhkəməyə bildirmək istəyir ki, həmin ərazidə yaşayan vətəndaşlar hərəkət etməsi üçün ayrı yol mövcuddur və həmin ərazinin plan ölçüsündə də öz əksini tapmışdır. Məhkəmə işə baxarkən tələbinin iki hissədən ibarət olduğunu bildirmişdir .Birinci hissə mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və ikinci hissə Balakən Bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması arqumenti ilə, baglı məhkəmə dolayısı ilə cavab verir ki, guya torpaq sahənin sərhədlərinin müəyyən edilməsi öhdəliyini bələdiyyədən tələb edirə, əlbəttə bu məsələ Bələdiyyə səlahiyyətlərinə aid deyil, bəs o zaman məhkəmə bu nüansa başqa bir prizmadan nə üçün yanaşıb. İkinci tərəfdən o, məhkəmyə açıq-aşkar izah edir ki, mülkiyyətinə bələdiyyə tərəfindən müdaxilə olunub və bələdiyyə də bunu etiraf edir və qanunsuz açmış olduğu yolun bağlanmasına da etiraz etmir. Belə olduğu halda o, məcburiyyət qarşısında çıxılmaz vəziyyətdə qaldığından məhkəməyə müraciət etmişdir. Plan-ölçü sənədindən də məlum olur ki, mülkiyyətində olan 0,66 ha torpaq sahəsinin natura daxilindən heç bir yol keçmir. Məhkəməyə onu da xatırladır ki, torpaq sahəsinin müayinəsi zamanı belə bir halın mövcudluğu olsaydı o zaman plan-ölçüdə mütləq öz əksini tapmış olacaqdı. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia ilə bağlı araşdırmanı düzgün aparmadığına görə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla baglı işin daha konkret araşdırılması üçün işə apellyasiya qaydasında baxılmalı və müvafiq ekspertiza təyin olunmalı, 0,66 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə mülkiyyətində olduğundan əsassız açılan yol bağlanılmalıdır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadı ədalətsiz, qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2- 1(116)-102/2021 nömrəli nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Balakən Rayon Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Bununla baglı,Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: -2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur.İPMin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən naturada istifadə etdiyi torpaq sahəsi ümumi istifadədə olan yola düşmür. AA004251 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.66 ha torpaq sahəsinin 0.0545 ha hissəsi Elektron Baza məlumatlarına görə ümumi istifadədə olan yola düşür. Göründüyü kimi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunarkən hər-hansı texniki xətaya yol verilmişdir ki, buna görə də bələdiyyə məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus torpaq sahəsinə dair texniki sənədlərdə müvafiq düzəliş edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etməlidir. Müraciəti təmin olunmadığı təqdirdə isə o, müvafiq tələblə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi qismən mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(102)- 1097/2021 saylı qərarında qeyd edilmişdir ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir. Birinci hissə “mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması” və ikinci hissə “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması”. Məhkəmə kollegiyası birinci hissə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab etsə də, ikinci hissə ilə bağlı həmin məhkəmənin mövqeyi ilə razılaşmır. İddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi bələdiyyənin səlahiyyətinə aid olmadığından bununla bağlı məhkəmələrin mövqeyi haqlıdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin ümumi istifadədə olan yola düşmədiyini bildirsə də, iş materiallarında olan Balakən bələdiyyəsinin 24.06.2020-ci il tarixli 98 nömrəli ərizəsindən müəyyən edilir ki, iddiaçının mülkiyyətindən müvəqqəti açılan yolun bağlanmasına bələdiyyə etiraz etmir. Göründüyü kimi, cavabdeh orqan özü iddiaçının mülkiyyətindən müvəqqəti yol açılması faktını etiraf edir. İnzibati İcraat haqqında qanunun: - 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə zəruri olan halları tam araşdırmamış, ona görə də düzgün hüquqi nəticəyə gəlməyərək iddia tələbini tam mümkünsüz saymışdır. Qeyd olunan qanunvericiliyin normalarında göstərilən tələblərinə əsasən kollegiya belə qənayətə gəlir ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı qismən ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-102/2021 qərardadı qismən, iddia tələbinin ikinci hissəsi “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” üzrə ləğv edilsin. İnzibati iş həmin hissədə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar