Məhkəmə qərarları › İş №2-1(107)-379/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-379/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-379/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində X30, X4, X31 və İddiaçı hər birinə 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)-861/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki küçəsi 8 nömrəli binadakı 42 nömrəli mənzilə X14, X2, X31, X15, X26 və İddiaçı əmlak payları nəzərə alınmaqla hər birinə 1/6 hissə əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-861/2023 saylı qərardadı ilə X21, X26, X16 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.

3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında, tələbini dəqiqləşdirərək “Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində X14, X2, X31 və İddiaçı hər birinə 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə X31 arasında nikah bağlanmış, birgə nikahdan onların X26 adlı uşaqları olmuşdur. Onlar ailəlikcə Nuxa Şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1967-xi il tarixli, 17 nömrəli qərarı ilə qaynatası X22 və ailəsinə verilmiş Şəki küçəsi 8 nömrəli binadakı 47 kv.m sahəsi olan 3 otaqlı 42 nömrəli (hal-hazırda Şəki kübəsi 8/45) mənzilində yaşamışlar. Həmin mənzilə X28un adına xx.xx.1968-ci ildə 119 saylı order verilmişdir. X28 25 dekabr 1979-cu il tarixdə, qaynanası X4 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Qaynatası və qaynanasının ölümündən sonra həmin mənzildə onların oğlu, X13 yaşamışdır. Həmçinin digər oğlanları X21 həmin mənzildə qeydiyyatdadır. Həmçinin, iddiaçı və X42 orada qeydiyyatdadırlar. X13 28 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Mərhumların heç biri mirasla bağlı vəsiyyətnamə qoymamışdır. Ərinin ölümündən sonra iddiaçı və qızı X1 mirası qəbul edib idarə etmişdir. X42 mirasın onu adına qeydə alınmasına etiraz etmir və bununla bağlı aralarında hər hansı mübahisə yoxdur. Ancaq qaynı Hüseyn Həsənov mənzilin özəlləşdirilməsinə razılıq vermədiyindən mənzili özəlləşdirə bilmirlər. Mənzillərin özəlləşdirilməsi haqqında qanun qəbul ediləndə X28 sağ olmasa da, mənzilin orderi onun adınadır. Həmçinin o, X42 və cavabdeh Hüseyn Həsənovun pay hüququ yaranmışdır. İddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 25 may 2022-ci il tarixdə ərizə ilə (daxilolma nömrəsi **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, mərhum qayınatası X22 verilmiş mənzilin özəlləşdirilməsini və həmin mənzilə mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir.

7. Şəki şəhəri, Şəki küçəsində yerləşən 8 saylı ictimai yaşayış binasının yaşayış sahəsi 47 kv.m. olmaqla 3 otaqlı 45 saylı mənzilin Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli, 17 saylı li qərarı ilə X22 verilməsinə dair orderin əsli, mənzildə qeydiyyatda olanlara dair Şəki Mənzil İstismar Sahəsinin arayışı (2 №li forma), kirayəçi ilə birlikdə yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə mənzilin onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsinə dair notarial razılıq ərizələri və Şəki Şəhər İcra Hakimiyyətinin qeyd olunan mənzilin qeydiyyata alınmasına rəy bildirməsinə dair məktub ərazi idarəsinə təqdim olunmadığından vətəndaşa xx.xx.2022-ci il tarixli, **********91 saylı imtina məktubu verilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və idiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. 10 Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs izahat verərək, Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzilin yalnız öz adına mülkiyyət hüququnun qeydiyyata alınacağı halda özəlləşdirilməsinə razı olduğunu, digər heç bir halda özəlləşdirilməsinə razılıq verməyəcəyini bildirdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 mart 2023-cü il tarixli, 2- 1(116)-861/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)-861/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)-861/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndələri X10 və X6 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)-861/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

15. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

16. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X35 filialının xx.xx.2022ci il tarixli 401 nömrəli arxiv çıxarışından və xx.xx.1967-ci il tarixli 5 nömrəli protokoldan görünür ki, xəstəliyi (vərəm) və ailəsinin yaşayış şəraiti nəzərə alınaraq 47 kv.m sahəsi olan 42 nömrəli 3 otaqlı mənzil ipək kombinatının fəhləsi X14 ailəsinə verilmiş, Yoldaşa Lenin küçəsində 6513/4 nömrəli binada mətbəxi ortaqlı 12 nömrəli mənzilin verilməsi haqqında şəhər ZDS İcraiyyə komitəsinin xx.xx.1966-cı il tarixli qərarı ləğv edilmişdir. - Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 22 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, M.F.Axundov küçəsi, 6 saylı ictimai yaşayış binasının 45 saylı mənzili Şəki MİS-nin balansındadır və həmin mənzil mərhum X14 adınadır. Qeydiyyatda olan şəxslər aşağıdakılardır: X4 — arvadı (vəfat edib), X31 - oğlu (vəfat edib), X27 - oğlu (vəfat edib), Əlimova (Həsənova) İİhamə Həsən qızı - qızı (qeydiyyatdan çıxıb), X23 - Mənzil İstismar Sahəsindəki sənədə əsasən, X18 – oğlu, İddiaçı - gəlin, X26 - nəvə, X16 nəvə, X17 - nəvə. - Nuxa şəhər Z.D.S. İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli, 17 saylı qərarı ilə Şəki şəhəri, Şəki küçəsində yerləşən 8 (indiki 6) saylı ictimai yaşayış binasının 42 saylı mənzili deyil, 45 saylı mənzilidir. - xx.xx.1968-ci il tarixli 119 nömrəli orderdən görünür ki, Nuxa şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1967-ci il tarixli 17 nömrəli qərarı ilə Şəki küçəsi 8 nömrəli binadakı 47 kv.m sahəsi olan 45 nömrəli, 3 göz yaşayış mənzili mətbəxi ilə birlikdə X22 verilmişdir. - Tutulmuş dövlət yaşayış sahəsi üzrə pasportdan görünür ki, Nuxa şəhəri Şəki küçəsində yerləşən 6 saylı binanın mənzil 45 nömrəli mənzilində kirayənişin və ailə üzvləri X4, X31, X23, X18, X30 olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X35 filialının xx.xx.2023cü il tarixli 3-48-DA-12F/2-24/2023 nömrəli məktubundan görünür ki, Şəki şəhər ZDS İcraiyyə Komitəsinin 16 avqust 1967-ci il 17 №li iclas protokolu, 1 avqust 1967-ci il tarixli 17 №li iclas protokoluna təsadüf edir. Lakin iclas protokolunda X14, X3, X31, X11, X19, İddiaçı mənzil verilməsi barədə qeydiyyat tapılmadı.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

27. Hazırkı iş üzrə imtina cavabı yalnız bir iddiaçının – X8 adına verilsə də, məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarından və eyni faktiki və hüquqi əsaslara istinad etdiklərindən birgə iddiaçı qismində prosessual həmiştirakçılar kimi qəbul edilirlər. (İPM-in 1.1, 30.1, 30.2 və 52-ci maddələri) Odur ki, məhkəmə cavabdeh orqanın imtinasının bütün iddiaçılara münasibətdə verilməsini qəbul edərək iddia tələbinə mahiyyəti üzrə baxmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində mülkiyyət hüququnun X30, X4 və X24 1/7 hissədə məxsus olması barədə qeydiyyatın aparılmasına və eyni zamanda özünün 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və çıxarışın verilməsinə nail olmaqdır.

30. İddiaçı hesab edir ki, sözügedən mənzil üzərində özünün və qızı X12, tələbdə adları qeyd edilən vəfat etmiş şəxslərin, üçüncü şəxs X18 və onun övladı X9 hər birinin 1/7 hissə mülkiyyət hüquqları mövcuddur və hazırkı tələblə məhkəməyə müraciət edərək o, özünün və adları qeyd edilən vəfat etmiş şəxslərin mülkiyyət hüquqlarının 1/7 hissədə dövlət qeydiyyatının aparılmasında maraqlıdır. Həmçinin iddiaçı hesab edir ki, özünün və vəfat etmiş digər şəxslərə məxsus mülkiyyət hüquqlarının Dövlət qeydiyyatı, həmin mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ olan, lakin iştirak etməyən digər şəxslərin müraciət edib-etməməsindən asılı olmamalıdır.

31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun hazırkı qərarın 20-ci bəndində göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur.

32. Qanunun 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır.

33. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar.

34. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir.

35. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır.

36. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir.

37. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi.

38. Hazırkı iş üzrə sözügedən ünvanda qeydiyyatda olan mərhum X14 ailə üzvü olan – X18 yalnız mənzil üzərində özünün tam mülkiyyət hüququ qeydiyyata alınacağı halda özəlləşdirilməsinə razı olduğunu və digər heç bir halda mənzilin özəlləşdirilməsinə razılıq verməyəcəyini bildirir. Göründüyü kimi Hüseyin Həsənovun özəlləşdirmənin aparılması qaydası ilə bağlı razılığı yoxdur.

39. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur.

40. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir.

41. Həmçinin nəzərə alınmalıdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir.

42. Hazırkı iş üzrə iddiaçının sözügedən mənzil üzərində hər birinə 1/7 hissə mülkiyyət hüququnun məxsusluğunu iddia etdiyi şəxslər : X30 – xx.xx.1979-cu il tarixdə, X4 – xx.xx.2011-ci il tarixdə, X31 – xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmin şəxslərin sözügedən mənzilin özəlləşdirilməsi ilə bağlı hər hansı iradə ifadələri olmamış, ötən müddət ərzində qanunvericiliyin onlara verdiyi hüquqdan yararlanmamış və özəlləşmədə iştirak etmək istəyinə dair cavabdeh orqana müraciət etməmişlər.

43. Belə olan halda Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərin özəlləşmənin aparılmasına dair razılıqları olmadığından və iddiaçıdan başqa iddia tələbində adları qeyd edilmiş digər şəxslər sağlığında tam könüllülük prinsipinə əsaslanan mənzilin özəlləşdirilməsi hüququndan istifadə etmədiyindən cavabdehin özəlləşdirməni aparmaqdan imtinası qanuni və əsaslı olmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan mənzil üzərində X30, X4, X31 və İddiaçı hər birinə 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.

45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki küçəsi 6 nömrəli binadakı 45 nömrəli mənzil üzərində X30, X4, X31 və İddiaçı hər birinə 1/7 hissə pay müəyyən edilməklə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)-861/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar