Məhkəmə qərarları › İş №2-1(107)-379/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-379/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-379/2024 03.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-672/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1968-1974-cü illərdə Ağsu rayonu, Ağarx kəndi “Bakı” kolxozunda xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixinədək Ağsu rayon MTTMİB-də və xx.xx.1977-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağsu rayon 1 saylı konserv zavodunda işlədiyi müddət, həmçinin hərbi xidmət dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır.

3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. - Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - Bildirilmişdir ki, İddiaçı sosial sığorta stajı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr nəzərə alınmaqla ümumilikdə 15 il 01 ay 12 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. - xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixdən xx.xx.2002ci il tarixədək Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda işlədiyi dövlərdir. Belə ki, sözügedən müəssisələrin əmrlər kitabı və əməkhaqqı cədvəlləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrə aid İddiaçı əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. 15 may 2020-ci il tarixli Əmək pensiyaları haqqında Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə "Əmək pensiyaları haqqında Qanun”un 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. - Yuxarıda qeyd edilən təməl prinsipə əsasən vətəndaş əmək haqqı almadığı üçün həmin dövr sığorta stajı kimi hesablana bilməz. Odur ki, İddiaçı 01,01.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağsu rayon 1 saylı “Konserv” zavodunda işlədiyi illərin əmr kitabları və əməkhaqqı cədvəlləri saxlanılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manat, 01.01 2023-cü il tarixdən 220 manat müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Ağsu rayonu Dövlət Arxivində saxlanılan Ağarx kəndi “Bakı” kolxozunun 1968-1974-cü illər əməyin ödənişinə görə 3-cü staj kitabının 58-ci səhifəsinə əsasən İddiaçı əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1968– 75 adam günü, 1969– 6 adam günü, 1973 – 208 adam günü, 1974 – 20 adam günü. Ağsu rayonu Kommunal Təsərrüfatı şöbəsi üzrə xx.xx.1974-cü il tarixli 69 nömrəli əmrə əsasən 46-45 №-li Qaz-53 avtomaşınının sürücüsü İddiaçı sürücü qəbul edilmişdir. Həmin şöbənin xx.xx.1975-ci il tarixli 75 nömrəli əmrə əsasən İddiaçı idarəyə sürücü təyin edilmişdir. xx.xx.1976-cı il tarixli əmrə əsasən idarənin Qaz 53A markalı aseniz maşının sürücüsü İddiaçı işə çıxmadığına görə xx.xx.1976-cı il tarixdən sürücülük vəzifəsindən azad edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 290 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddi çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. - ИT-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978 – xx.xx.1979, xx.xx.1979 – xx.xx.1986, xx.xx.1986 – xx.xx.1988, xx.xx.1988 – xx.xx.1989, xx.xx.1989 – xx.xx.1997, xx.xx.1997 – xx.xx.2002. - Ağsu rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-5RA/2-xx-xx/2023 nömrəli məktubundan görünür ki, Ağsu rayon Ağarx kəndi “Bakı” kolxozunda 1968, 1969, 1976 və 1974-cü illər üzrə kişilər üçün müəyyən edilmiş minimum adam günü norması 240 gün olmuşdur. - Ağsu rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyesterində “Ağsu rayon MTTMİB” və “Ağsu Rayon 1 saylı Konserv Zavodu” qeydiyyatdadır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sosial sığorta stajı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi dövr olmaqla ona 15 il 1 ay 12 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 107 nömrəli aktında qeyd edilən İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Ağsu rayon MTTMİBdə və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Ağsu rayon 1 saylı konserv zavodunda olan əmək fəaliyyəti dövrünə aid əmrlər kitabı və əmək haqqı cədvəlləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən vətəndaşın mübahisəli iş stajı 10 il 9 ay 18 gün təşkil edir ki, həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 mart 2024-cü il tarixli 2- 1(116)-672/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 1968-1974-cü illərdə Ağsu rayonu, Ağarx kəndi “Bakı” kolxozunda, xx.xx.1992-xx.xx.1997ci illərdə Ağsu rayon MTTMİB-də və xx.xx.1977-xx.xx.2002-ci illərdə Ağsu rayon 1 saylı konserv zavodunda işlədiyi, həmçinin hərbi xidmət müddəti nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdeh orqan iddiaçının 15 il, 1 ay, 12 gün sosial sığorta stajını mübahisələndirmir. Cavabdeh orqanın iddia tələbinə qarşı əsas dəlili iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olmaması ilə bağlıdır. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1992 - xx.xx.1997-ci il tarixlərdə Ağsu rayon MTTMİB-də və xx.xx.1997-xx.xx.2002-ci il tarixlərdə Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda işlədiyi dövrləri (10 il 9 ay 18 gün) mübahisələndirir və bunu sözügedən müəssisələrin əmrlər kitabı və əməkhaqqı cədvəllərinin Ağsu rayon Dövlət Arxivinə təhvil verilməməsi ilə əsaslandırır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən 10 il, 9 ay, 18 gün sosial sığorta stajı iddiaçıya məxsus ИT-İ ******* №-li əmək kitabçasında öz əksini tapmışdır. Sözügedən əmək kitabçasının əsli iş materiallarında mövcuddur və icra edilmiş qeydlərdə hər hansı qaralama və ya düzəliş yoxdur. Həmçinin iddiaçının Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda işə girdiyi tarix xx.xx.1989-cu il olmuşdur. İddiaçının həmin müəssisədə xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdəki əmək fəaliyyəti müddətini cavabdeh orqan mübahisələndirmir. Belə olan halda cavabdeh orqanın əmrlər kitabı və əməkhaqqı cədvəllərinin Ağsu rayon Dövlət Arxivinə təhvil verilməməsinə istinad etməklə iddiaçının Ağsu rayon 1 saylı '‘Konserv" zavodunda xx.xx.1992-ci il tarixdən sonrakı müddəti, o cümlədən xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə Ağsu rayon MTTMİB-də işlədiyi dövrü mübahisələndirməsi əsaslı sayıla bilməz. Cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərlə nəyə görə razılaşmamasını əsaslandırmalı və həmin qeydlərin mötəbərliyinə şübhə altına alacaq əsaslı sübutlar təqdim etməlidir. İddiaçının əmək fəaliyyəti dövrləri ilə bağlı arxiv məlumatlarının olmaması əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə şübhə yaratmır. Əmrlər kitabı və əməkhaqqı cədvəllərinin arxivə verilməsini və qorunub saxlanmasını təmin etmək iddiaçının vəzifəsi olmadığından ümumiyyətlə qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. İşdə olan Ağsu rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə “Ağsu rayon MTTMİB” və “Ağsu Rayon 1 saylı Konserv Zavodu”-nun Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olması müəyyən edilir. Buna görə də, məhkəmə hesab edir ki, mübahisələndirilən 10 il, 9 ay, 18 gün müddət iddiaçının ümumi sosial sığorta stajında nəzərə alınmalıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq (10 il, 9 ay, 18 gün + 15 il 1 ay 12 gün) olduğundan onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək Şəki İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-1(116)-672/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu qanuni və əsaslı olmuşdur. Belə ki, bildiririk ki, İddiaçı sosial sığorta stajı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr nəzərə alınmaqla ümumilikdə 15 il 01 ay 12 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağsu rayon 1 saylı “Konserv” zavodunda işlədiyi dövrlərdir. Belə ki, sözügedən müəssisələrin əmrlər kitabı və əməkhaqqı cədvəlləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrə aid İddiaçı əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixli 3-485RA/2-xx-xx/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı 1 saylı “Konserv” zavodunda işləməsi ilə bağlı heç bir məlumat Ağsu rayon Dövlət Arxivində aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli **********418800 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində Ağsu rayon MTTMİB və Ağsu rayon 1 saylı “Konserv” Zavodu adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Mərkəzi Filial tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-102588/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı iddiasının məhkəmədənkənar həlli üçün onun yaşa görə pensiya hüququna yenidən baxılmışdır. Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 107 saylı arxiv arayışına əsasən Ağsu rayon MTTMİB-nin 1992-1997-ci illərinin və Ağsu rayon 1 saylı Konserv Zavodunun 1997-2002-ci illərinin əmək haqqı və digər sənədləri arxivə təhvil verilmədiyindən və xx.xx.1997-ci il tarixli işə daxil olma əmri bazar gününə təsadüf etdiyindən xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Qoşma şəklində əlavə olunmuş xx.xx.2023-cü il tarixli **********9 nömrəli qərara əsasən İddiaçı qanunvericiliklə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ yoxdur. Hazırki işlə bağlı da bildiririk ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 21(116)-672/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır və hesab edir ki, həmin dövrlər iddiaçıya münasibətdə də əmək fəaliyyəti dövrü kimi onun sığorta stajına daxil edilməlidir. Lakin bununla bağlı bildiririk ki, hazırkı işdə bir sıra ziddiyyətli hallar eləcə də, cavabdehin dəlillərini təsdiq edən, yəni İddiaçı qeyd olunan mübahisəli müəssisələrdə işləməsini şübhə altına salan bir çox sübutlar iş materiallarına əlavə edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-672/2024 nömrəli qərarında Ağsu rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə “Ağsu rayon MTTMİB” və “Ağsu Rayon 1 saylı Konserv Zavodu”-nun Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri:

9. Cavabdeh orqan apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarında olan ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək “Ağsu rayon X9 və mexanikləşdirmə İstehsalat Birliyi”ndə çalışmışdır. Bildiririk ki, ИT-l ******* nömrəli əmək kitabçasının xx.xx.1997-ci il tarixli qeydin məzmunu “latın” qrafikası ilə, imzalayan məsul şəxsin vəzifəsi isə “kiril” qrafikası ilə yazılmışdır. Həmçinin işdən çıxma barədə əmrin tarixi qeyd edilsə də, nömrəsi qeyd edilməmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 186 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayəti və apellyasiya şikayətinə verilmiş əlavənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-672/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-672/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı hazırki məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı teleqram və ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddiasını müdafiə etdiyini, məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67.1. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

20. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamə 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.

23. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi).

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

30. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı ümumi sosial sığorta stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olmaması ilə bağlıdır.

31. Eyni zamanda, İddiaçı mübahisələndirilən sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ağsu rayon 1 saylı “Konserv” zavodunda işlədiyi dövrlərdir. Belə ki, sözügedən müəssisələrin əmrlər kitabı və əməkhaqqı cədvəlləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrə aid İddiaçı əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır.

32. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

33. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh həmin dövr üzrə qeyd edilən müəssisələrin müvafiq arxiv sənədlərinin təhvil verilməməsinə görə iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Ağsu rayon 1 saylı “Konserv” zavodunda işlədiyi müddəti onun iş stajına aid edilməməsi qənaətinə gəlsə də, məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

34. O da qeyd olunmalıdır ki, adıçəkilən müəssisələrlə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

35. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisələrdə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

36. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş: - Ağsu Rayon Statistika İdarəsindən daxil olmuş 19 iyul 2024-cü il tarixli, 3-34-36/2- 69/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağsu rayonu üzrə MTTMİB adlı müəssisə mövcud deyildir. Ağsu rayon 1 saylı konserv zavodunun adı dəyişilərək “Ağsu-konserv-1” ATSC olmaqla 1996-cı il 01 iyul tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində Ağsu rayonu üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı Ərazi Şöbəsi tərəfindən daxil olmuş 23 iyul 2024-cü il tarixli, 3-21-3-26/3- 1207/2024 nömrəli məktubundan görünür ki, Ağsu rayon 1 saylı konserv zavodu (kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş) ilə əlaqədar aparılan araşdırma zamanı 31 avqust 1998-ci il tarixdə 125 nömrəli sərəncam ilə həmin müəssisənin təşkilati hüquqi forması dəyişərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi müəyyənləşdirilmişdir. Sözügedən müəssisənin xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək fəaliyyətinin olub-olmaması barəsində ərazi şöbəsində müfəssəl məlumat olmasa da, hal-hazırda səhmdar cəmiyyətin fəaliyyətinin olmadığı dövrü monitorinqlər zamanı müşahidə edilmişdir. Əlavə olaraq bildiririk ki, hal-hazırda "xxxx" ASC-nin əmlaklarından səhmdar səhmdar cəmiyyətin əsas səhmdarından olan "xxxx" MMC (96%) tərəfindən istifadə olunmaqla ərazidə istehsal müəssiəsi mövcuddur. - Ağsu Rayon İcra Hakimiyyətindən daxil olmuş 25 iyul 2024-cü il tarixli, 5-34/2- 223/2024 nömrəli məktubdan görünür ki, Ağsu rayon 1 saylı konserv zavodu xx.xx.1997-ci il tarixdən fəaliyyət göstərmiş 2003-cü ildən isə "xxxx" MMC tərəfindən zavod icarəyə götürülmüşdür. Hal-hazırda fəaliyyətini davam etdirir. Ağsu rayon MTTMİB isə hazırda fəaliyyət göstərmir. - Miri Grand MMC tərəfindən məhkəmə kollegiyasına daxil olmuş 17 avqust 2024-cü il tarixli, 723 nömrəli məktubdan görünür ki, "xxxx" zavodu 2003-cü ildə özəlləşməyə getmişdir. Əvvəlki illərlə bağlı heç bir sənəd və təhvil-təslim aktı verilməmişdir. Odur ki, İddiaçı xx.xx.1997-xx.xx.2002-ci il dövrdə "xxxx" zavodunda işləməsi barədə heç bir məlumat vermək imkanları yoxdur. - 4 saylı Ərazi Vergilər İdarəsinin 29 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Ağsu rayon X9 və Mexanikləşdirmə Birliyinin 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınması ilə bağlı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot bazasında heç bir məlumat aşkar olunmadı. Məlumat üçün qeyd edirlər ki, Ağsu rayonu rayonlararası X4 Təchizat Bazası Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən xx.xx.1994-cü ildə 1075 dövlət qeydiyyat nömrəsi ilə və Ağsu Rayonu 1 №-Li X4 Təchizat Bazası Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən xx.xx.1995-ci ildə 265 dövlət qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmələrinə baxmayaraq, 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmaları ilə bağlı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot bazasında heç bir məlumat aşkar olunmadı. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağsu Rayon 1 saylı Konserv Zavodu Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən xx.xx.1994-cü ildə 1511 dövlət qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçməsinə baxmayaraq, 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot bazasında heç bir məlumat aşkar olunmadı.

37. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi iddiaçının yuxarıda qeyd edilən mübahisələndirilən dövr üzrə həmin müəssisələrin mövcud olub-olmamasını təsdiq edən müvafiq sənədlər təqdim əldə edilməsi üçün sorğular vermişlər. Həmin sorğulara verilən cavab məktublarından mübahisələndirilən illərdə müəssisələrin fəaliyyət göstərməməsi müəyyən edilməmiş, sadəcə olaraq həmin orqanlar haqqında təhvil-təslim aktlarına əsasən sənədlərinin müvafiq orqanlara təqdim edilməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi müəssisələrin mövcud olmaması barədə cavabdeh orqanın apellyasiya şikayətinin dəlili əsassızdır.

38. Bundan əlavə olaraq apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, əmək kitabçasının xx.xx.1997-ci il tarixli qeydinin məzmunu “latın” qrafikası ilə, imzalayan məsul şəxsin vəzifəsi isə “kiril” qrafikası ilə yazılmışdır. Həmçinin işdən çıxma barədə əmrin tarixi qeyd edilsə də, nömrəsi qeyd edilməmişdir.

39. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, xx.xx.1997-ci il tarixli işə daxil olma əmri bazar gününə təsadüf etdiyindən xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməməlidir.

40. Qeyd edilən dəlil ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı mövcud müəssisə daxili əmrlər qəbul etmək, həmin əmrlər barədə qeydləri əmək kitabçasında qeyd etmək səlahiyyəti işəgötürən müəssisə rəhbərliyi tərəfindən həll edilməli olan haldır. Həmçinin, xx.xx.1997-ci il tarixinin bazar gününə təsadüf etməsi və bu xüsusatın iddiaçının xx.xx.2002-ci il tarixədək qeyd edilən müəssisədə əmək fəaliyyətinə cəlb edilməməsi kimi qiymətləndirilməsi əsaslı deyil. Belə ki, xx.xx.1997-ci il tarixinin bazar gününə təsadüf etməsi, həmin tarixin (günün) şəxsin iş stajına aid edilməməsi halında belə şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri element olan şəxsin ümumilikdə 25 il əmək stajına təsir etmir.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni işə daxilolma və işdən azadolma barədə əmrlərin nömrələrinin əmək kitabçasında qeyd edilməməsi və ya əmək kitabçasındakı qeydlərin məzmununun fərqli qrafikalarda qeyd edilməsi işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

42. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

44. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Ağsu rayon MTTMİB-də və xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Ağsu rayon 1 saylı konserv zavodunda olan əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə öz təsdiqini tapır.

45. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.

46. Bundan əlavə, cavabdehin iddia ərizəsinə və apellyasiya şikayətinə etirazının digər dəlili iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmaması ilə bağlı olmuşdur.

47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 il sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir.

48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı Səttər oğlunun 1968-1974-cü illərdə Ağsu rayonu, Ağarx kəndi “Bakı” kolxozunda, xx.xx.1992-xx.xx.1997ci illərdə Ağsu rayon MTTMİB-də və xx.xx.1977- xx.xx.2002-ci illərdə Ağsu rayon 1 saylı konserv zavodunda işlədiyi, həmçinin hərbi xidmət müddəti nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-1(116)-672/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar