Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-379/2025 11.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 600 kv.m ölçüdə bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-339/2025 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 600 kv.m ölçüdə bağ sahəsinə dair onun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-339/2025 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
3. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 600 kv.m ölçüdə bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir
4. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır:
5. xx.xx.2006-cı il tarixli arayışa əsasən Mingəçevir “Azsantexquraşdırma” trestinin CMD-nin nəzdində olan 4 saylı bağ sahəsi 1986-cı ildə Rafael adlı şəxsin istifadəsində olmuş və 1990-cı ildə X2 verilmişdir. Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyətinin nəznində Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən verilmiş “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportuna"’ əsasən 1981-ci ildə Mingəçevir şəhəri köhnəkarxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı ərazisində 600 kv.m ölçüdə bağ sahəsi ayrılmışdır. Pasporta əsasən 17 yanvar 2006-cı ildən İddiaçı sahibliyində və istifadəsindədir. Qeyd edilən “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportunda qonşu bağlar və torpaqlar da qeyd edilmişdir. Belə ki, Adan B-yə kimi Gülnaz, B-dən V-yə kimi Elxan, V-dən Q-yə kimi Qəribov İkram adlı şəxslərə məxsus olan torpaq sahələri ilə qonşu olmuşdur. Qdən A-ya kimi isə qoruyucu zolaq-yolla sərhəddir. Texniki Pasportda sahənin planı, bağ sahəsinin yerləşdiyi yerin sxemi öz əksini tapmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikası Dövlət X1 da, müraciət etmiş və filialın xx.xx.2024- cü il tarixli məktubuna əsasən filialda mühafizə olunan Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərar ilə Azsantexquraşdırmaya bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddiaçı, bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciətin təmin edilməmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının adının Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Azsantexmontaj idarəsinin “Çinar” bağçılığının adlı siyahısında qeyd edilməməsi ilə əsaslandırmışdır.
7. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 fevral 2025-ci il tarixli 2- 1(116)-339/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmişdir. Bundan əlavə olaraq, apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hiiquqmüəyyənedici sənədi olmalıdır. Eyni zamanda şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulan etibarlı sənədə malik deyil. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyən edici sənəd kimi Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar Təsərrüfatı, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən verilmiş “Vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportu”nu təqdim etmişdir ki, həmin sənəddə qeyd edilir ki, 1981-ci ildə Mingəçevir şəhəri köhnə karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı ərazisində ayrılmış 600.kv.m ölçüdə bağ sahəsi 17 yanvar 2006-cı ildən İddiaçı sahibliyində və istifadəsindədir. Qeyd edilən qərar eyni zamanda mütəxəssis rəyinə əsaslanır. Həmin mütəxəssis rəyinə görə iddia olunan torpaq sahəsi Azsantexmontaj idarəsinin "Çinar“ bağçılığına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməklə yaşayış məntəqələri təyinatlı bələdiyyə mülkiyyətinə aid ərazidir. İddiaçı hesab edir ki, rəy tamamilə əsassızdır. Odur ki, iddiaçı Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-339/2025 saylı qərarını ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasına ərizə və teleqram ünvanlayaraq iddia tələbini müdafiı etdiyini və məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırıldığını və əsaslı olaraq iddia tələbinin təmin edilməməsi barədə qanunamüfaviq qərar qəbul edildiyini bildirdi.
15. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Azsantexmontaj idarəsinin “Çinar” bağçılığının adlı siyahısının surəti, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı, Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən verilmiş “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportu”.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respubilkasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin şikayət və iddia əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-339/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır.
22. İddiaçı hesab edir ki, bağ təsərrüfatının texniki pasportu sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün hüquq müəyyənedici sənəd qismində qəbul edilməlidir.
23. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsi Azsantexmontaj idarəsinin “Çinar” bağçılığına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməklə, yaşayış məntəqələri təyinatlı, bələdiyyə mülkiyyətinə aid ərazidir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin konkret siyahısı müəyyən edilmişdir.
25. Belə ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən verilmiş “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportu” istinad olunan maddi hüquq normasında nəzərdə tutulmadığından, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
27. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2-1(116)-339/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanlılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.