Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-38/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “cavabdehin 6 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1472/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 6 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1996-cı ildə X1 bitirmişdir. Həmin ildə Ağdaş şəhər “M.Şeyxzadə” adına internat məktəbinə mühasib vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. İddiaçı 15 sentyabr 2000-ci ildə başqa işə keçdiyinə görə “M.Şeyxzadə” adına internat məktəbinin mühasib vəzifəsindən işdən azad olunmuş və həmin tarixdə Dövlət Əmək Nazirliyinin Ağdaş rayon şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2006-cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi Departamentinin 209 k saylı 20 dekabr 2006-cı il tarixli əmri ilə 3 ay sınaq müddətinə Nazirliyin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin monitorinqi sektorunun Ağdaş rayonu üzrə İİİ qrupuna məsləhətçi ixtisası üzrə dövlət qulluğuna qəbul olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/2222-09 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-cı il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir.
4. Audit araşdırılması zamanı X6 mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşı olan iddiaçı tərəfindən tərtib edilmiş aktların yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olduğu, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları”na uyğun olaraq ekoloji sferalar üzrə, demək olar ki, monitorinq aparılmadığı, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işlərinin həyata keçirilmədiyi ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülmədiyi aşkar edilmişdir.
5. Qeyd edək ki, yuxarıda göstərilən məqsədlərin həyata keçirilməsi üçün 8 saylı RETSİ-nin strukturu daxilində Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoru mövcuddur. Lakin 8 saylı RETSİ-nin aparıcı məsləhətçi-müfəttişi İddiaçı Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşı olmasına baxmayaraq, onun tərəfindən ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması məqsədilə monitorinq aktları tərtib edilməmişdir.
6. Nazirliyin 20 avqust 2015-ci il tarixli, 507/Ü saylı Əmri ilə təsdiq edilmiş İnzibati vəzifələr üzrə vəzifə təlimatlarına əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi - müfəttişinin qulluq funksiyaları sırasında Xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı müddəalar müəyyən edilmişdir. Lakin 8 saylı RETSİ-nin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi İddiaçı İdarədə əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə öz vəzifələrini layiqincə yerinə yetirməmişdir.
7. Belə ki, İdarə tərəfindən ətraf mühitə dair qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq, yəni öyrənmək, tədqiqat və müşahidələr aparmaq və bununla əlaqədar təkliflərin təqdim edilməsi məqsədilə İddiaçı müvafiq sərəncamlar verilmişdir. Lakin İddiaçı monitorinq adı altında tərtib etdiyi aktlar inzibati xəta hadisələrinin mövcudluğu ilə əlaqədar tərtib edilmişdir.
8. Onu da qeyd edək ki, Xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflərin təqdim edilməsi İddiaçı işlədiyi vəzifənin qulluq funksiyaları sırasında qeyd edilmişdir. Buna baxmayaraq İddiaçı tərəfindən antropogen təsirlər nəticəsində ətraf mühitin yaranmış mövcud vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda, gələcəkdə baş verə biləcək təhlükəli proseslərin proqnozlaşdırılması məqsədilə tədbirlər həyata keçirilməmiş, müşahidə və tədqiqatlar aparılmamışdır.
9. Məlumat üçün bildirilir ki, daha əvvəl 8 saylı RETSİ-nin 30 iyul 2021-ci il tarixli, 48 nömrəli Əmri ilə X6 mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun monitorinq üzrə aparıcı məsləhətçisi İddiaçı işə davamiyyətində gecikmə hallarına yol verdiyi üçün töhmət verilmişdir.
10. Göründüyü kimi, İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsində işlədiyi müddətdə dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, həvalə olunmuş vəzifələrini yerinə yetirməmişdir.
11. Nəticədə Nazirliyin 285/Ü saylı, xx.xx.2022-ci il tarixli Əmri ilə həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
12. "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 iyul 2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir.
13. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminə atmosfer havasının monitorinqi, su obyektlərinin monitorinqi, torpaqların monitorinqi, mineral-xammal ehtiyatlarının monitorinqi, bioloji ehtiyatların monitorinqi, atmosfer yağıntılarının (yağış, qar) monitorinqi, radioaktivliyin monitorinqi, ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi, tullantıların monitorinqi sanitariyaepidemioloji monitorinq, ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin vəziyyətinə təsirinin monitorinqi və xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi daxildir.
14. Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununun 25.1-ci maddəsinə əsasən Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə, bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
15. Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında” Qanununun 18.0.3-cü maddəsinə əsasən Dövlət qulluqçusu dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməlidir.
16. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında" Qanununun 25.2.6-cı maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində intizam tənbeh tədbiri qismində dövlət qulluğundan azad edilmə tətbiq edilə bilər.
17. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndələri etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1472/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1472/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1472/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X4, X5 və X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1472/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
25. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2022-ci il tarixli 4/2222-09 nömrəli etiraz məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrin təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. İdarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanlara göndərilməsi təmin edilməmişdir. İdarənin əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı bir sıra nöqsanlara yol verilmiş, eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məsuliyyət müəyyən edən maddəsi düzgün tətbiq edilməmiş, nəticədə təbiətə dəymiş ziyan düzgün hesablanmamışdır. X6 mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuş, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarfna uyğun olaraq ekoloji sferalar üzrə, demək olar ki, monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. İdarə tərəfindən ekspertiza rəylərinin icrasına nəzarət edilməmiş, bir sıra məcburi göstərişlər üzrə, o cümlədən, tibbi tulantıların daşınması üçün müqaviləsi olmayan 19 tibbi müəssisəsi barəsində heç bir tədbir görülməmiş və müvafiq məcburi göstəriş verilməmişdir. Dislokasiya üzrə 350 sayda müəsssisəyə qarşı cəmi 86 müəssisə tərəfindən 2TG hesabatı təqdim edilmişdir. Hesabat təqdim etməyən müəssisələr barəsində heç bir tədbir görülməmişdir. Eyni zamanda, yerin təki üzrə cəmi 3 monitorinq aktı və 1 inzibati xəta haqqında protokol tərtib edilmiş, faydalı qazıntı yataqlarına nəzarət tələb olunan səviyyədə həyata keçirilməmişdir. Araşdırma zamanı bir sıra əməkdaşların fəaliyyətinin qeyri-qənaətbəxş olduğu, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bununla da, iş ahəngi pozulmuş, İdarənin fəaliyyətində qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmamışdır. - Mübahisələndirilən əmrin 2-ci bəndində qeyd olunur ki, həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilsin. - Cavabdehin xx.xx.2022-ci il tarixli 4/2222-09 nömrəli etiraz məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən görülmüş işlərin, idarənin saxlanması və tədbirlərin görülməsinə yönəldilmiş büdcə və digər mənbələr üzrə yaranmış vəsaitlərin istifadə edilməsi vəziyyətinin araşdırılması istiqamətində audit tədbirlərinin keçirilməsi haqqında 21 fevral 2022-ci il tarixli aktından xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunur ki, ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda 2021ci il ərzində monitorinq işləri üzrə işçilərinin sayı 2 nəfər olmaqla il ərzində cəmi 118 monitorinq aktı tərtib olunmuşdur. O cümlədən fauna üzrə 55 akt, yaşıllıq 36 akt, tullantılar üzrə 22 akt, yerin təki üzrə 3 akt, çirkab sular üzrə 1 akt, atmosfer üzrə 1 akt tərtib edilmişdir. Tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuşdur. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli “intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmrinin təsdiq olunmuş surətindən görünür ki, X6 Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun aparıcı məsləhətçisi İddiaçı işə davamiyyətində gecikmə hallarına görə töhmət verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(014)-119/2021 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, İddiaçı X2 ətraf mühitə vurulmuş ziyanla bağlı 54,08 manat ödəniş cədvəli təqdim etməli olduğu halda, cədvəldə 100 manat məbləğində ödəmə yazaraq Aqşin Hüseyinova təqdim etmiş, lakin 14 sentyabr 2020-ci il tarixdə İddiaçı Aqşin Hüseyinovdan aldığı 150 manat məbləğində pulu Aqşin Hüseyinovun əmisi Rauf Hüseyinovun adından ətraf mühitə vurulmuş zərərlə bağlı ödəmə kimi dövlət hesabına ödəmiş və nəticəoə İddiaçı Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən inzibati xətanı törətməsinə dair İddiaçı barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. - Cavabdehin nümayəndəsi tərəfindən həmin faktın baş verməsinə dair video görüntü birinci instansiya məhkəməsinə təqdim edilmiş və məhkəmə iclasında video görüntüyə baxış keçirilmişdir. - İddiaçı izahatında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı onun fəaliyyətinin 2,8 olaraq qiymətləndirildiyini bildirmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. M a d d ə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər
20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;https://www.e-qanun.az/framework/4481 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.
Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti: 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 30-1. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi 30-1.1. Dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;
28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasnaməyə əsasən: 1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur...
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
30. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
31. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
32. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
33. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması ilə sübut olunur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi).
36. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. İdarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanlara göndərilməsi təmin edilməmişdir. İdarənin əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı bir sıra nöqsanlara yol verilmiş, eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məsuliyyət müəyyən edən maddəsi düzgün tətbiq edilməmiş, nəticədə təbiətə dəymiş ziyan düzgün hesablanmamışdır. X6 mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuş, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə, demək olar ki, monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. İdarə tərəfindən ekspertiza rəylərinin icrasına nəzarət edilməmiş, bir sıra məcburi göstərişlər üzrə, o cümlədən, tibbi tulantıların daşınması üçün müqaviləsi olmayan 19 tibb müəssisəsi barəsində heç bir tədbir görülməmiş və müvafiq məcburi göstəriş verilməmişdir. Dislokasiya üzrə 350 sayda müəssisəyə qarşı cəmi 86 müəssisə tərəfindən 2TG hesabatı təqdim edilmişdir. Hesabat təqdim etməyən müəssisələr barəsində heç bir tədbir görülməmişdir. Eyni zamanda, yerin təki üzrə cəmi 3 monitorinq aktı və 1 inzibati xəta haqqında protokol tərtib edilmiş, faydalı qazıntı yataqlarına nəzarət tələb olunan səviyyədə həyata keçirilməmişdir. Araşdırma zamanı bir sıra əməkdaşların fəaliyyətinin qeyri-qənaətbəxş olduğu, həvalə olunmuş əmək funksiyalarının lazımi şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bununla da iş ahəngi pozulmuş, İdarənin fəaliyyətində qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmamışdır. Bununla da həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
37. Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir.
38. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli 4/2222-09 nömrəli etiraz məktubuna əsasən, Nazirliyin xx.xx.2015-ci ilo tarixli, 507/Ü saylı Əmri ilə təsdiq edilmiş “inzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitoriq sektorunun aparıcı məsləhətçi-müfəttişinin qulluq funksiyaları sırasında xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı müddəalar müəyyən edilmişdir. Lakin 8 saylı RETSİ-nin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi İddiaçı İdarədə əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə öz vəzifələrini layiqincə yerinə yetirməmişdir. Belə ki, İdarə tərəfindən ətraf mühitə dair qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq, yəni öyrənmək, tədqiqat və müşahidələr aparmaq və bununla əlaqədar təkliflərin təqdim edilməsi məqsədilə İddiaçı müvafiq sərəncamlar verilmişdir. Lakin İddiaçı monitorinq adı altında tərtib etdiyi aktlar inzibati xəta hadisələrinin mövcudluğu ilə əlaqədar tərtib edilmişdir. Xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflərin təqdim edilməsi İddiaçı işlədiyi vəzifənin qulluq funksiyaları sırasında qeyd edilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən antropogen təsirlər nəticəsində ətraf mühitin yaranmış mövcud vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda gələcəkdə baş verə biləcək təhlükəli proseslərin proqnozlaşdırılması məqsədilə tədbirlər həyatar keçirilməmiş, müşahidələr və tədqiqatlar aparılmamışdır.
39. Bununla bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli “intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmri ilə X6 Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun aparıcı məsləhətçisi İddiaçı işə davamiyyətində gecikmə hallarına görə töhmət verilmişdir.
40. Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilmiş audit tədbirləri üzrə iddiaçıya 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli “intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmri ilə töhmət verilmişdir.
41. Lakin buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrinə əsasən, İddiaçı eyni əsaslarla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli “intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmri ilə iddiaçıya işə davamiyyətində gecikmə hallarına görə töhmət verilməsi, yuxarıda qeyd edilən ona həvalə edilmiş vəzifələrin, yəni, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iddiaçının dövlət qulluğundan azad edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrində göstərilən vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər.
43. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilmiş audit tədbirləri üzrə iddiaçıya 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli “intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmri ilə töhmət verildiyindən həmin dövr ərzində eyni əsaslarla iddiaçının dövlət qulluğundan azad edilməsi “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.
44. Məhkəmə kollegiyasının iclasına iştirak edən cavabdehin nümayəndəsi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əvvəlki rəisi X9 izahatında bildirdi ki, işlədiyi dövr ərzində iddiaçı haqqında onu deyə bilər ki, İddiaçı gördüyü işləri qanuni olaraq rəsmiləşdirməkdə çox çətinlik çəkir. İşlə bağlı hər hansı bir qanun pozuntusu aşkar edildiyi zaman, bir çox tərtib olunmuş aktlarda imzası olmadığı məlum olmuşdur. İddiaçıya bir dəfə işə davamiyyətində buraxdığı nöqsanlara görə töhmət elan edilmişdi. Lakin bunlara baxmayaraq İddiaçı əməkdaş kimi hər işin öhdəsindən gələ bilən biridir.
45. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoru üzrə vəzifə təlimatlarında nəzərdə tutulan vəzifələrin icrası məqsədilə aparıcı məsləhətçi-müfəttişi İİ dərəcə dövlət qulluqçusu olan İddiaçı monitorinqin keçirilməsinin həvalə edilməsi nəzərdə tutulduğu halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə dövlət qulluğundan azad edilməsinə əsas olmuş pozuntulardan biri də idarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanlara göndərilməsinin təmin edilməməsi olmuşdur.
46. Göründüyü kimi, İddiaçı vəzifə təlimatlarına əsasən ona həvalə edilmiş vəzifələrə aid olmayan cərimələrin ödənilməsinə nəzarət edilməsi ilə bağlı pozuntuların da olması əsas gətirilərək, qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçı dövlət qulluğundan azad edilmişdir.
47. Bununla yanaşı ,“Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna dair sübut təqdim edilməmişdir. İşdə olan sənədlərlə də iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə əməl etmədiyi müəyyən olunmamışdır.
48. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrindən görünür ki, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsinə əsas Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Samir Hidayətovun 18 mart 2022-ci il tarixli X-385 nömrəli xidməti məruzəsi, 21 fevral 2022-ci il tarixli audit aktı və digər araşdırma sənədləri olmuşdur.
49. Cavabdeh orqan tərəfindən Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Samir Hidayətovun xidməti məruzəsi nə birinci instansiya məhkəməsinə nə də məhkəmə kollegiyasına təqdim edilmişdir.
50. İş materiallarından görünür ki, audit aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, lakin iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2022-ci il tarixdə, yəni pozuntu aşkar edildikdən bir ay 17 gün sonra verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh intizam tənbehinə əsas olmuş pozuntunun aşkar edildiyi gündən 1 ay müddətində iddiaçıya intizam tənbehi verməli olduğu halda, qanunda nəzərdə tutulan bu müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
51. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdehin 6 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmri iddiaçıya münasibətdə olan hissədə ləğv edilməli, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(116)-1472/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “cavabdehin 6 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehin 6 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmri İddiaçı münasibətdə olan hissədə ləğv edilsin, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.