Məhkəmə qərarları › İş №2-1(107)-380/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-380/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-380/2023 18.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı (Açar sözlər: İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - pensiya təminatı üzrə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “2287959 və ******* nömrəli əmək kitabçalarında qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin, həmçinin hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-797/2022 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmişdir.

2. İddiaçı əmək kitabçalarını, hərbi biletini və diplomunu cavabdehə təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin 24 dekabr 2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, əmək kitabçasında qeyd edilən dövrlər, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək olan təhsil dövrü və xx.xx.1974-cü il tarixdən 1976-cı il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla iddiaçının sosial sığorta stajı 22 il 11 ay 4 gün təşkil edir (əmək haqqı ödənilmədiyindən xx.xx.1996 - xx.xx.1996-cı il tarixinədək X1 staj nəzərə alınmamışdır) və bu qanunvericiliklə tələb edilən sosial sığorta stajından (25 il) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 11 ay 4 gün sosial sığorta stajına uyğun olaraq 17471,72 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır. Əlavə olaraq fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, iddiaçının tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiya almaq hüququ yaranmır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “2287959 və ******* nömrəli əmək kitabçalarında qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin, həmçinin, hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun qanunla tələb olunan 25 il stajı olmasına baxmayaraq cavabdeh əsassız olaraq ona pensiya təyinindən imtina etmiş və sosial təminat hüququnu məhdudlaşdırmışdır.

6. Cavabdehin iddiaya dair təqdim etdiyi etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1997xx.xx.1999-cu il tarixləri arasında işlədiyi Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativinin əmək haqqı cədvəllərində iddiaçının adı olmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 29 iyul 2022-ci il tarixli, 2-1(116)- 797/2022 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ******* və ******* nömrəli əmək kitabçalarında qeyd edilmiş əmək fəaliyyəti dövrləri, həmçinin hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı - xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan, ИТ-0028326 nömrəli və ИТ-2287959 nömrəli əmək kitabçalarında, diplomda və hərbi biletdə qeyd edilmiş iddiaçının ümumilikdə əmək stajı 25 il 2 ay 2 günə bərabərdir. Həmçinin, cavabdeh iddiaçının Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi illəri mübahisələndirsə də, həmin illər nəzərə alınmadan da, X1 staj nəzərə alınmaqla da iddiaçının 25 ildən artıq stajı olduğu müəyyən olunur. Bundan əlavə, cavabdeh imtinasında əmək haqqı ödənilmədiyindən xx.xx.1996-xx.xx.1996-cı il tarixinədək X1 stajın nəzərə alınmadığını qeyd etsə də, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-326/2022 saylı 2 noyabr 2022-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 04 aprel 2023cü il tarixli, 2-1(102)-593/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2-1(107)- 326/2022 saylı qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır.

III. Apellyasiya instansiya məhkəməsində ikinci icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının müraciətinə imtinanın və iddiaya dair etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verərək hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmiş, məhkəmənin gəldiyi nəticə maddi hüququ normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsini 29 iyul 2022-ci il tarixli, 2-1(116)-797/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-797/2022 saylı nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)- 797/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

21. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

22. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun

23. Maddə 67, 1-ci hissə. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

24. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

26. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

27. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə 87, 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamə

29. 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

30. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

31. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

33. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

34. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

37. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

38. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır.

40. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

41. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

42. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

43. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - H3 ******* nömrəli hərbi biletin əslinndən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1975cı illərdə (6 ay 12 gün) hərbi xidmətdə olmuşdur. - İddiaçının təqdim etdiyi ИТ-0028326 nömrəli əmək kitabçasının əslindən görünür ki, həmin əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1977 – xx.xx.1978 (8 ay 16 gün), xx.xx.1978 – xx.xx.1978 (3 ay 7 gün), xx.xx.1978 – xx.xx.1978 (5 ay 14 gün), xx.xx.1978 - xx.xx.1984 (5 il 8 ay 1 gün), xx.xx.1984 – xx.xx.1985 (8 ay 3 gün), xx.xx.1985 –xx.xx.1989 (3 il 9 ay 14 gün), xx.xx.1989 – xx.xx.1989 (6 ay 28 gün), 15.09 1989-xx.xx.1990 ( 9 ay 17 gün), 15.7.1990-xx.xx.1991 (5 ay 17 gün), xx.xx.1991-xx.xx.1995 (4 il 20 gün), xx.xx.1995xx.xx.1996 (1 il 5 ay), xx.xx.1996-xx.xx.1999 (2 il, 4 ay 20 gün), xx.xx.1999- xx.xx.2000 işsizlik statusu (6 ay), xx.xx.2000-20.12. 2005 (5 il 8 ay 5 gün). Ümumilikdə 26 il, 11 ay 12 gün. - İddiaçının təqdim etdiyi ИТ-2287959 nömrəli əmək kitabçasının əslindən görünür ki, həmin əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1990 – xx.xx.1999 (9 il 1 ay). - Ю 018817 №-li diplomdan görünür ki, iddiaçı xx.xx.1973 – xx.xx.1977-ci illərdə (3 il 6 ay) təhsil almışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-797/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı apellyasiya kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış, Ali Məhkəmənin İnzibati Kollegiyası isə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır.

46. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

47. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2-1(102)-593/2023 saylı qərarında qeyd edilmişdir ki, ...sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, hər bir halda, iddiaçının qanunla tələb olunan iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. İş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada, iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Hazırkı iş üzrə işə baxan apellyasiya instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsindən irəli gələn işin hallarının hərtərəfli araşdırılması vəzifəsini tam icra etməmiş, işdəki sübutları hərtərəfli qiymətləndirməmiş, ziddiyyətli halları aradan qaldırmamış, başqa sözlə, şübhədən kənar sübutlara istinad etməklə qərar qəbul etməmişdir.

48. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

49. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub).

50. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

51. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1975-cı illərdə (6 ay 12 gün) hərbi xidmətdə olmuşdur.

52. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, xx.xx.1973-cü ildə Pоlitexnik texnikumunа, əyani şöbəyə dаxil оlmuş, İ kursu başa vurduqdan sonra xx.xx.1974-cü ildə hərbi xidmətə getmiş, 6 аy hərbi qulluq keçdikdən sоnrа аvtоmоbil qəzаsınа düşmüş və tərxis оlunаrаq qаyıdıb texnikumdа təhsilini dаvаm etdirmişdir. Ю 018817 №-li diplomdan görünür ki, iddiaçı xx.xx.1973 – xx.xx.1977-ci illərdə (3 il 6 ay) təhsil almışdır.

53. Göründüyü kimi, iddiaçının təhsil aldığı dövrün (xx.xx.1973-xx.xx.1977) bir hissəsi hərbi xidmətdə olduğu dövrün (xx.xx.1974-xx.xx.1975) 6 ay 12 gün müddəti üstüstə düşür. Ona görə də həmin müddət ümumi təhsil müddətindən çıxlılmalıdır.

54. Cavabdeh apellyasiya şikayətini iddiaçının “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi müddətə dair əmək haqqı cədvəllərində adının olmaması ilə əsaslandırmış, həmin müddətin sosial sığorta stajına daxil edilmədiyini bildirmişdir. Həmçinin, cavabdeh orqan iddiaçının mübahisələndirilməyən stajını 22 il 11 ay 4 gün müəyyən etmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsini və iddiaçının 25 il sığorta stajının mövcud olmamasını bildirmişdir.

55. İşin hazırkı apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Həmin apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, İddiaçı ИТ- 0028326 və ИТ-2287959 nömrəli əmək kitabçaları vardır. ИТ-0028326 nömrəli əmək kitabçası iş materiallarında 2 ədəddir. Həmin əmək kitabçasının yalnız bir səhifəsi notarial qaydada təsdiq edilib, digər səhifələri isə kserosurət olmaqla, üzərindəki məlumatlar çətinliklə oxunur. Eyni zamanda eyni nömrəli əmək kitabçalarında əks olunan məlumatlar arasında da uyğunsuzluq var. İddiaçı ИТ-0028326 nömrəli əmək kitabçasında xx.xx.1991xx.xx.2005-ci illərdə Yevlax rayon “Bozdağ” kənd təsərrüfatı kooperativində mexanik işlədiyi qeyd edilsə də, işin eyni nömrəli əmək kitabçasınının digər səhifəsində onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək həmin kooperativdə sədr vəzifəsini icra etdiyi, həmçinin, əmək kitabçasında xx.xx.1995-xx.xx.1996, xx.xx.1996-xx.xx.1999-cu illərdə müxtəlif vəzifələrdə çalışdığı qeyd edilmişdir. - Bundan başqa ИТ-2287959 nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Qazıməmməd” dəmiryol distansiyasında işlədiyi qeyd edilmişdir. - Qeyd edilən dövrlə bağlı aparılan monitorniq nəticəsində tərtib edilən akta əsasən xx.xx.1996-cı il tarixdən 01.10. 1996-cı il tarixədək iddiaçıya əmək haqqı hesablanmamış və xx.xx.1997-ci il tarixdən 01.05. 1999-cu il tarixədək olan dövr üzrə əmək haqqı cədvəllərində İddiaçı adına rast gəlinməmişdir. - Hər iki əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Qazıməmməd” dəmiryol distansiyasında işlədiyi dövrlə, 15.7.1990-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üst-üstə düşür.

56. İddiaçı əvvəlki məhkəmə baxışları zamanı özünə məxsus əmək kitabçalarının vərəqlərinin ksero surətlərin təqdim etmişdir ki, həmin vərəqlərin biri notarial qaydada təsdiq edilib. Həmin vərəqlərin üzərindəki məlumatlar çətinliklə oxunur.

57. Lakin hazırkı apellyasiya icraatı zamanı iddiaçı tərəfindən özünə məxsus ИТ- 0028326 nömrəli və ИТ-2287959 nömrəli əmək kitabçalarının əslləri (iş materiallarının cildinə tikilmişdir) təqdim edilmiş və həmin əmək kitabçaları məhkəmə kollegiyası tərəfindən tədqiqi edilərək iş materiallarına əlavə olunmuşdur.

58. ИТ-0028326 nömrəli əmək kitabçasını nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı 05.10. 1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək müəyyən fasilələrlə müxtəlif müəssisə və təşkilatlarda çalışmışdır. Həmçinin həmin əmək kitabçasından görünür ki, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək iddiaçı işsiz statusunda olmaqla işsizlik müavinəti almışdır.

59. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək göstərmişdir ki, xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilədək “Bozdağ” kooperativində işləmiş, оndаn sоnrа dа 2005-ci ilədək həmin kooperativdə müxtəlif vəzifələrdə işləmişdir. Eyni zаmаndа, yəni 1990-cı ildən 1999-cu ilədək Qаzıməmməd enerji distаnsiyаsında elektrоmexаnik vəzifəsində işləməyini – hаnsı ki həmin qeyd digər əmək kitаbçаsında yаzılıb- belə izаh edir ki, o, distаnsiyаda elektrоmexаnik kimi dаvаmlı şəkildə işləmiş və onun əsl iş yeri də оrа оlub. Eyni dövrü əhаtə edən bаşqа işlərdə isə, hаnsı ki, digər əmək kitаbçаsindа qeyd оlunub, o, mövsümi işləmişdir, həmin işlər kənd təsərrüfatı işləri kimi mövsümi xаrаkter dаşıdığı üçün о işlərə o, dаvаmlı şəkildə getməmişdir. Qаzıməmməd enerji distаnsiyаsı baş idarə kimi Hаcıqаbul şəhərində yerləşib, Mingəçevir şəhərində isə onun bir sahəsi olmuşdur. Ona görə də yaşadığı Mingəçevir şəhərində həmin sahədə işləmişdir. O, elektrоmexаnik kimi mаddi-məsul şəxs оlmuş və qаtаrlаrа xidmət etmişdir. Cаvаbdeh оrqаnın məhkəməyə təqdim etdiyi аktdа göstərilib ki, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək, yəni təxminən 2 ay müddətində ona əmək hаqqı hesаblаnmаyıb. Bildirir ki, аktdа göstərilənlər düz yаzılmаyıb, çünki o, həmin müəsssədə çalışmış və əmək hаqqı dа аlmışdır, həttа ona yаrdım kimi mütəmаdi şəkildə müxtəlif növ ərzаq payı dа veriblər.

60. Beləliklə də, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi əmək kitabçalarında (əslləri iş materiallarının cildinə tikilmişdir) cavabdehin bəyan etdiyi ziddiyyətlər və anlaşılmazlıqlar mövcud deyildir. Doğrudur, iddiaçının təqdim etdiyi ИТ-0028326 nömrəli əmək kitabçasının bir neçə vərəqi qopmuş vəziyyətdə olsa da, həmin vərəqələr bir-birini tamamladığından əmək kitabçasının mötəbirliyinə heç bir şübhə yeri qalmır.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2 ədəd əmək kitabçasının olması onun ziyanına şərh olunmamalıdır. Belə ki, cavabdehin özünün də göstərdiyi kimi hər iki əmək kitabçasında qeyd olunan dövrlərlə bağlı monitorinq aparılarkən iddiaçının müəyyən istisnalarla əmək kitabçalarında göstərilən idarə, müəssisə və təşkilatlarda çalışdığı müəyyən edilmişdir.

62. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan əmək kitabçalarında iddiaçının əmək fəaliyyətində üst-üstə düşən hallardan biri çıxılsa belə iddiaçının yaşa görə əmək pensiyası alması üçün qanunla tələb olunan iş stajına (25 il) malik olması öz təsdiqini tapır.

63. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yuxarıda qeyd edilən qaydada iddiaçının əmək stajı hesablanarkən onun “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi müddət yox, X2 işlədiyi müddət nəzərə alınaraq hesablama aparılmışdır. İddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edərkən, cavabdeh orqan qeyd etmişdir ki, xx.xx.1996-xx.xx.1996-cı illərdə əmək haqqı ödənilmədiyindən həmin müddət iddiaçının əmək stajına daxil edilməmişdir. İddia tələbinə etirazda cavabdeh orqan həmin müddəti mübahisələndirməsə də, məhkəmə qeyd edir ki, hər bir halda əmək kitabçasında qeyd edilmiş müddətlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir.

64. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi müddətdə adının əmək haqqının ödənilməsi cədvəllərində olmaması, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının adının əmək haqqı cədvəllərində olmaması iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır. Eyni yanaşma iddiaçının X1 əmək fəaliyyətinə də şamil edilməlidir.

65. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının ******* və ******* nömrəli əmək kitabçalarında qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin, həmçinin hərbi biletdə və diplomda qeyd edilmiş müddətlər nəzərə alınmaqla hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X8 şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(116)-797/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar