Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-380/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İsmayıllı rayon Qalagah bələdiyyəsinə qarşı “bələdiyyə ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1326/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı, X3 və X2 cavabdeh İsmayıllı rayonu Qalagah bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onlara İsmayıllı rayonu Qalagah bələdiyyəsi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2- 1(116)-3493/2024 nömrə ilə qeydə alınmışdır.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1326/2025 nömrəli qərardadları ilə iddiaçı X2 və X1 cavabdeh İsmayıllı rayonu Qalagah bələdiyyəsinə qarşı “İsmayıllı rayonu Qalagah bələdiyyəsi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri ayrıca icraata ayrılmışdır.
3. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - O, əslən Gürcüstan Respublikasından olmaqla, 1992-ci ildə Qamsaxurdiya hakimiyyəti illərində Azərbaycan Respublikasına köçməyə məcbur olmuş, 1995-ci ildən İsmayıllı rayonunun Qalagah kəndində yaşayır. Hazırda ailəsi 5 nəfərdən ibarətdir. O və digər bütün ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmişlər. Oğlunun biri hərbçi olmaqla 44 günlük İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədəki fəal iştirakına görə orden və medallarla təltif olunmuşdur. Artıq ailəsi ilə birlikdə 29 ildir ki, fasiləsiz olaraq İsmayıllı rayonunun Qalagah kəndində yaşayır. O, kənd yerində yaşamaqla həyətyanı təsərrüfatında mal-qara, toyuq-cücə saxlayır.
4. Lakin bir kənd sakini kimi torpağı yoxdur — islahat aparılarkən vətəndaşlığı olmadığından ona və ailəsinə əkin torpağı verilməmişdir. Bələdiyyələr yarandığı vaxtdan indiyədək torpaq icarəyə verilməsi üçün hər il ardıcıl olaraq bələdiyyəyə müraciət etsə də, bələdiyyə bu müraciətlərin təmin olunmasından imtina etmişdir.
5. Bələdiyyə mülkiyyətində olan torpaqlar isə tək-tək kənar imkanlı şəxslərə böyük ölçüdə və uzunmüddətli icarəyə verilmişdir. O isə böyük bir ailə ilə bələdiyyə ərazisində yaşayan bir şəxs kimi torpaqsız qalmışdır. Bu səbəbdən mal-qara, qoyun-quzu və toyuqcücə saxlamaqda çətinlik çəkir, otu, yemi baha qiymətə almağa məcbur olur.
6. Bələdiyyə onu başından eləmək üçün bir neçə il əvvəl ona yalnız birillik müddətə cəmi bir hektar torpağın icarəyə verilə biləcəyini bildirmiş, bu onu qane etməsə də, bu günədək həmin torpaq da ona verilməmişdir. O, bununla əlaqədar bir neçə dəfə rayon İcra Hakimiyyəti başçısına, Kənd Təsərrüfatı Nazirliyinə, Milli Məclisə, X4, Regional Ədliyyə İdarəsinə və digər təşkilatlara müraciət etmiş, lakin müsbət nəticə əldə olunmamışdır.
7. Göyçay Regional Ədliyyə İdarəsi ona yalnız “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanundan misallar gətirir, lakin torpaq verilməsi üçün köməklik edilməsinə əhəmiyyət verən yoxdur. Bələdiyyə sədri onun ərizələri ilə əlaqədar yuxarı orqanların sorğularına saxta cavablar verərək guya torpaqla təmin olunduğunu, gah 9 saylı Qəbələ Ərazi Reyestr Xidmətinə müraciət olunduğunu və sənədlərin hərraca hazırlandığı barədə əsassız cavablar verir. Bununla da həm onu, həm də dövlət orqanlarını aldadır.
8. Lakin onun sonuncu dəfə bələdiyyəyə etdiyi rəsmi müraciətinə bələdiyyə tamamilə başqa bir cavab verərək, guya Qalagah bələdiyyəsinin elektron xəritəsi verildikdən sonra mümkün olacağını bildirir. Halbuki bələdiyyə sədrinin bəhanə etdiyi elektron xəritə bir neçə il əvvəl təqdim edilib. Bununla da bələdiyyə sədri de-fakto olaraq ona və digər müstəqil ailə olan övladlarına torpaq verməkdən qəsdən yayınır.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 mart 2025-ci il tarixli 2- 1(116)-1326/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1326/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1326/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.13. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməklə, bələdiyyə tərəfindən ona torpaq sahəsinin icarəyə verilməsi formasında hüquqi marağını ifadə etmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş, İsmayıllı rayonu Qalagah bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışından görünür ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə hərracın qalib olduğu üçün ona 20 il müdətinə 0,85 ha torpaq sahəsi ayrılmışdır.
20. İddiaçı, birinci instansiya məhkəməsinin və kollegiyanın iclasında verdiyi izahatında sözügedən torpaq sahəsinin onun icarəsinə verilməsini təsdiq etmiş, lakin digər ailə üzvlərinin icarəsinə torpaq sahəsi verilmədiyinə görə onlar üçün hazırkı tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki,göründüyü kimi iddiaçının hazırkı tələbi yalnız onun öz hüquqi maraqları çərçivəsində və hüquqi münasibətlərin subyektivliyi prinsipi əsasında hər bir şəxs yalnız özünün hüquq və qanuni maraqlarının pozulması halında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Digər ailə üzvlərinin torpaqla təmin olunmaması halları onların şəxsi hüquq və maraqlarına aid olduğu üçün həmin şəxslər bələdiyyə orqanına qarşı müstəqil şəkildə tələblər irəli sürmək hüququna malikdirlər.
22. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 1326/2025 nömrəli qərardadları ilə iddiaçının övladlarının cavabdeh İsmayıllı rayonu Qalagah bələdiyyəsinə qarşı “İsmayıllı rayonu Qalagah bələdiyyəsi ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi” barədə iddiaları ayrıca icraata ayrıldığından həmin şəxslərin iddialarına fərdi qaydada baxılaraq hüquqi qiymət veriləcəkdir.
23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hüquqi müdafiə marağı şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır. Göründüyü kimi hüquqi müdafiə marağı şəxsin subyektiv hüququna müdaxilə baş verdiyi zaman yarana bilər. Hüquqi müdafiə marağı olmadan prosessual hüquqların həyata keçirilməsinə qanunla yol verilmir. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının icarəsinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrıldığından məhkəmə hesab edir ki, irəli sürülmüş tələbə münasibətdə iddiaçının hüquqi müdafiə marağı mövcud deyil.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, göründüyü kimi iddiaçının nəzərinə çatdırılmışdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
25. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
26. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)- 1326/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. .
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1326/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.