Məhkəmə qərarları › İş №2-1(107)-381/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-381/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-381/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "52 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.1964-cü ildə Vartaşen rayonu Qoxmuq kəndində anadan olmuş və hazırda Şəki rayonu Qoxmuq kəndində yaşayır. İddiaçı aşağıdakı iş yerlərində işləmişdir: - xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, - xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü, - xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən.

2. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü olmaqla tütünçü işləmiş və həmin illərdə təsərrüfatda əmək iştirakı minimumu 170 adam/gün müəyyən edilmişdir. İddiaçı həmin minimumu bütün illərdə yerinə yetirmiş və onun kolxozda sosial sığorta stajı 14 il təşkil edir.

3. Bundan başqa, İddiaçı bir mənzildə yaşadığı, yaşı 70-ə çatmış xx.xx.1930-cu il təvəllüdlü anası X1 xx.xx.2000-ci ildən başlayaraq qulluq etmişdir.

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyi dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda, güzəştli iş stajı da yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir.

5. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. O, tələbini belə əsaslandırmışdır ki, onun kifayət qədər ümumi və güzəştli sığorta stajı vardır.

7. Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********5 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 5 iyun 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyiniz dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda güzəştli iş stajı da yoxdur. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün və həmçinin də ümumi iş stajı qanunvericilikdə nəzərədə tutulan müddətdən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1212/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1212/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçı adına olan xx.xx.1985-ci il tarixli ******* nömrəli "Kolxozçunun əmək kitabçası"ndan görünür ki, o, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü olmuş, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən işləmişdir. - Şəki Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 822 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Şəki rayonu Qoxmuq kənd "1 May" kolxozunda 1984-cü ildə 248 adam/gün, 1985-ci ildə 251 adam/gün, 1986-cı ildə 347 adam/gün, 1987-ci ildə 185 adam/gün, 1988-ci ildə 310 adam/gün, 1989-cu ildə 308 adam/gün, 1990-cı ildə 252 adam/gün, 1991-ci ildə 245 adam/gün, 1992-ci ildə 245 adam/gün, 1993-cü ildə 287 adam/gün, 1994-cü ildə 256 adam/gün, 1995-ci ildə 234 adam/gün, 1996-cı ildə 241 adam/gün, 1997-ci ildə 255 adam/gün tütünçü işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1984-1997-ci illərdə 170 adam/gün müəyyən olunmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən peşəsində işləmiş və orada işləyən zaman 2004-cü və 2005-ci ilin 11 ayı ərzində əmək haqqı almışdır. - 11.07.1964-cü il tarixli AZ seriyalı 669849 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı anası X2r. - AZE seriyalı 04554235 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndən görünür ki, X3 xx.xx.1930-cu ildə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş və həmin ünvanda yaşayır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yazılmış və xx.xx.2022-ci ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1930-cu il təvəllüdlü 70 yaşdan yuxarı qoca olan doğma anası X1 xx.xx.2000-ci ildən hal-hazıradək bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır. - X3 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yazılmış və xx.xx.2022-ci ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1930-cu ildə anadan olmuşdur. 70 yaşı tamam olduğu xx.xx.2000-ci ildən hal-hazıradək doğma qızı İddiaçı ona bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Həmin vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

16. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 21.2.4-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, ...ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. 22.2-ci maddəsində deyilir ki, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən.

18. xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: ...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "z" bəndinə əsasən, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda bu bənd çıxarılmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərərı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda kolxozdakı tütünçü peşəsi nəzərdə tutulmamışdır.

20. "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, İddiaçı xx.xx.1964-cü ildə Vartaşen rayonu Qoxmuq kəndində anadan olmuş və hazırda Şəki rayonu Qoxmuq kəndində yaşayır. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən işləmişdir. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü olmaqla tütünçü işləmiş və həmin illərdə təsərrüfatda əmək iştirakı minimumu 170 adam/gün müəyyən edilmişdir. İddiaçı həmin minimumu bütün illərdə yerinə yetirmiş və onun kolxozda sosial sığorta stajı 14 il təşkil edir. Bundan başqa, İddiaçı bir mənzildə yaşadığı, yaşı 70-ə çatmış xx.xx.1930-cu il təvəllüdlü anası X1 xx.xx.2000-ci ildən başlayaraq qulluq etmişdir. İddiaçı xx.xx.2016-cı ildə 52 yaşına çatmışdır. Onun həmin günədək topladığı ümumi sığorta stajı Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunda işlədiyi 14 il, Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativində işlədiyi 7 ay, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASCdə işlədiyi müddətin əmək haqqı aldığı 1 il 10 ay 24 gün hissəsindən, eləcə də ahıl anasına qulluq etdiyi xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək olan müddətin "xxxx" ASC-də işlədiyi 1 il 10 ay 24 gün çıxıldıqdan sonra qalan 14 il 1 ay 6 gün hissəsindən ibarətdir. Bu müddətləri topladıqda iddiaçının ümumi sığorta stajının cəmi 30 il 7 ay təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyi dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda, güzəştli iş stajı da yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

27. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası istinad olunan normaların tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçının 1984-1997-ci illərdə kolxozda işlədiyi 14 il müddətin, Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativində işlədiyi 7 ay müddətin, "xxxx" ASC-də işlədiyi müddətin isə 1 il 10 ay 24 gün hissəsinin onun sığorta stajına daxil edilməsi həmin vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğundur.

28. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və ahıllara qulluqetmə müddəti üzrə müəyyən edilir.

29. Belə ki, işdən də göründüyü kimi, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatda olan X6, X4 və X10 tərəfindən yazılmış və Şəki Regioanl “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təqdiq edilmiş ərizədə göstərilmişdir ki, Şəki rayonu Qoxmuq kənd sakini İddiaçı həqiqətən bir mənzildə yaşadığı xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca və ahıl olan anası X1 xx.xx.2000-ci il tarixdən bu günə qədər qulluq etmiş, qayğısına qalmış və bütün ehtiyaclarını qarşılamışdır. Hal-hazırda bir mənzildə yaşayırlar. İddiaçı ailə həyatı qurmamışdır.

30. Eyni zamanda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1ci maddəsində qeyd olunan müddətlərdən əlavə, ...ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir.

31. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının ahıl anasına qulluq etdiyi xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək olan müddətin "xxxx" ASC-də işlədiyi 1 il 10 ay 24 gün çıxıldıqdan sonra qalan 14 il 1 ay 6 gün hissəsi onun sığorta stajına daxil edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz, çünki şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "z" bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 14 il işlədiyinə gəldikdə, burada yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu vaxt "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

34. Məhkəmə kollegiyasının qənaətinə görə istinad olunan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir. Ona görə də məhkəmə bu qərara gəldi ki, iddiaçı əmək pensiyasının əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu ildən ödənilməsini tələb etməkdə haqlıdır.

35. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı 52 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2019cu ildən ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar