Məhkəmə qərarları › İş №2-1(107)-381/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-381/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-381/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)- 1256/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 iyul 1990-cı il tarixədək işlədiyi elektrik çilingəri, 01 iyul 1990-cı il tarixdən 01 may 2005-ci il tarixədək işlədiyi elektrik montyoru, 10 noyabr 1989-cu ildən 01 oktyabr 2005-ci ilədək və 01 oktyabr 2005-ci il tarixdən hal-hazıradək işlədiyi usta vəzifələri üzrə əmək fəaliyyətini Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək stajına daxil edilməsini və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxxx 1963-cü il tarixdə Bərdə rayonunun Nazırlı kəndində anadan olmuşdur. 1980–1983-cü illərdə Bakı Elektro Rabitə Texnikumunda “Çoxkanallı elektrik rabitəsi” ixtisası üzrə təhsil almış, 22 aprel 1983-cü il tarixdən 19 may 1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 05 fevral 1986-cı il tarixdə X7 elektromexanik kimi başlamış və orada 03 yanvar 1989-cu il tarixinədək çalışmışdır. 19 may 1989-cu il tarixdən 08 noyabr 1989-cu il tarixinədək SMY-Tikinti Quraşdırma İdarəsində betonçu vəzifəsində çalışmışdır. 10 noyabr 1989-cu il tarixdə Azərbaycan DRES-in elektrik sexində 330-500 kV-luq paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir edən briqadada 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş, 01 iyul 1990-cı il tarixdən 01 may 2005-ci il tarixədək elektrik sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində, 01 oktyabr 2005-ci il tarixdən 16 sentyabr 2009-cu il tarixinədək elektrik sexində kənar briqadada İ dərəcəli usta vəzifəsində, 16 sentyabr 2009-cu il tarixdən 14 fevral 2022-ci il tarixinədək həmin sexdə liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə xidmət və təmir edən briqadada usta vəzifəsində, 14 fevral 2022-ci il tarixdən hal-hazıradək elektrik sexində kabel və qaldırıcı mexanizmlərə (asarütə) xidmət və təmir edən briqadada İ dərəcəli usta vəzifəsində çalışmışdır. - Qeyd olunan vəzifələr üzrə iş funksiyalarını yerinə yetirərkən müxtəlif zərərli amillərin — aqressiv kimyəvi maddələrin, titrəmə, yüksək səs-küy və yüksək temperaturun təsirinə məruz qalmış, iş şəraiti ağır və zərərli olduğuna görə 10 noyabr 1989-cu il tarixdən hal-hazıradək aylıq əməkhaqqının 12 %-i məbləğində əlavə əməkhaqqı ödənilmiş və məzuniyyət günlərinə əlavə günlər tətbiq edilmişdir. İşinin xarakteri barədə arayışa əsasən, o, əmək funksiyalarını Qazan-Turbin sexində, Yanacaq-Nəqliyyat sexinin mazut təsərrüfatında, 330-500 kV-luq açıq paylayıcı qurğular sahəsində, kimya sexində, hidrotexniki və yeraltı kommunikasiya sexində, paylayıcı qurğu avadanlıqlarında, həmçinin stansiya ərazisində yerləşən bütün kabel xətlərində və yükqaldırıcı mexanizmlərdə xidmət və təmir işlərini yerinə yetirmişdir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, son iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sənayedə — yeraltı, xüsusilə zərərli və ağır iş şəraitinə malik istehsalat sahələrində azı 12 il 6 ay çalışan kişilər bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtlərlə yaş həddinin 5 il azaldılması ilə əmək pensiyası hüququ qazanırlar. Aşağıdakı vəzifələrdəki əmək fəaliyyəti güzəştli şərtlərlə pensiya hüququ verən siyahıya uyğun gəlir: 10 noyabr 1989-cu il tarixdən 01 iyul 1990-cı il tarixədək elektrik çilingəri vəzifəsi; 01 iyul 1990-cı il tarixdən 01 may 2005-ci il tarixədək elektrik montyoru vəzifəsi; 01 oktyabr 2005-ci il tarixdən hal-hazıradək usta vəzifəsi. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin təqdim edilən arayışa əsasən, elektrik çilingəri və elektrik montyoru vəzifələrində çalışdığı müddətdə qazanxana, turbin (buxar-qaz turbinləri) avadanlığının təmiri, yanacaqötürmə avadanlıqlarına və onların işini təmin edən ölçü vasitələrinə və avtomatikaya xidmət üzrə işlərlə məşğul olması barədə məlumat olmadığından, güzəştli şərtlərlə əmək pensiyası hüququnun tanınmasından imtina edilmişdir. - Halbuki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıdakılarda qeyd olunmuşdur: - Elektrik stansiyalarının, enerji qatarlarının, buxar və qızdırıcı təsərrüfat bölməsinin (24) a) bəndində — qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikaya xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; (b) bəndində — rəhbər və mütəxəssislər bölməsində isə qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, toz hazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları kimi nəzərdə tutulmuşdur. İşin xarakteri haqqında arayışa əsasən, zərərli iş şəraitində ümumi iş stajı 34 il 1 ay 29 gün təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Qanunun tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şərtlər ondan ibarətdir ki, tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 59 yaş); azı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, stajın azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda göstərilən bütün şərtlər ödənilməlidir. Üçüncü şərtə münasibətdə qeyd olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində: (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; rəhbərlər və mütəxəssislər yarımbəndində isə (b) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə, tozhazırlama) vəzifələri nəzərdə tutulmuşdur. - "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01, 02, 03, 04 nömrəli arayışlara əsasən, iddiaçının: xx.xx.1989–xx.xx.2005-ci il tarixləri arasında Elektrik sexinin Təmir heyətində "APQ330- 500 kV-luq paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir edən briqada"da paylayıcı qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri və elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifələrində; xx.xx.2005– xx.xx.2009-cu il tarixləri arasında "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqada"da; xx.xx.2009–xx.xx.2022-ci il tarixləri arasında "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən briqada"da; xx.xx.2022-ci ildən hal-hazırkı dövrədək isə “Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən briqada”da usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.120-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin — şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavə üzrə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq, iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb olunmalı və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dəqiqləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmamalı, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətləri əks etdirməli, əsaslandırılmış olmalıdır. - Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları — iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s. nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. İddiaçı iddia ərizəsində xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin, xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi elektrik montyoru vəzifəsinin və xx.xx.2005-ci il tarixdən hal-hazırkı tarixədək usta vəzifəsində işlədiyini və həmin vəzifələrin güzəştli iş stajına daxil edilməli olduğunu qeyd etmişdir. - İddiaçının güzəştli iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən müvafiq müəssisəyə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 13-9-100/0107-132 nömrəli məktubda, iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Göründüyü kimi, iddiaçı güzəştli sahədə işlədiyini iddia etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayışı cavabdehə təqdim etməmiş, buna görə də müvafiq dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, - НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyasının Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli, 01, 02, 03 və 04 saylı arayışları, - ДТ-İ 789726 saylı diplom, - ИT-İ ******* №-li əmək kitabçasının surəti, - əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi, - "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyasının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surəti.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 06 mart 2025-ci il tarixli 2- 1(116)-1256/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının bitdiyi xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 25 ildən az olmayan ümumi iş stajı və 12 il 6 aydan az olmayan xüsusi iş stajl olmalıdır. Cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirmir. Cavabdeh orqanın iddia tələbinə etirazını iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olub-olmamasının qeyri-müəyyən olması ilə əsaslandırır. - İş materiallarında olan Azərenerji” ASC Azərbaycan İstilik Elektrik Stansiyasının Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli, 01 saylı işin xarakteri haqqında arayışda qeyd edilmişdir ki, iddiaçı, xx.xx.1989-cu il tarixində "Azərbaycan DRES"-in Elektrik sexinin Təmir heyətinə "APQ – 330-500 kV-luq paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir edən briqadaya" paylayıcı avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (Əmr-640 nömrəli xx.xx.1989-cu il tarixli). xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə qədər həmin sexdə 4-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir (Əmr-96/k nömrəli xx.xx.1990-cı il tarixli). xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinə qədər həmin sexdə 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir (Əmr-16/k nömrəli xx.xx.1992-ci il tarixli). xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinə qədər həmin sexdə 6-cı dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir (Əmr-48/k nömrəli xx.xx.1995-ci il tarixli). xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə qədər həmin sexdə "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqadada 1-ci qrup usta" vəzifəsində işləmişdir (Əmr-405/ş nömrəli xx.xx.2005-ci il tarixli). xx.xx.2009-cu il tarixindən xx.xx.2022-ci il tarixinə qədər həmin sexdə "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən brigadada 1-ci qrup usta" vəzifəsində işləmişdir (Əmr-287/ş nömrəli xx.xx.2009-cu il tarixli). xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin sexdə "Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən briqadada İ-ci qrup usta" vəzifəsində işləyir (Əmr-51/ş nömrəli xx.xx.2022-ci il tarixli). - Belə ki, iddiaçı, işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, toz, havanın hərəkət sürəti, nəmlilik, iş yerində havanın temperaturu, nisbi rütubətin normadan yuxarı olması, səs-küy, titrəmə lokal, əməyin ağırlığı, yuxarıya qalxmaq (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Azərbaycan Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 6 təqvim günü məzuniyyət günü verilmişdir. İddiaçı, xx.xx.1989-cu il tarixdən hal-hazıradək əmək funksiyalarını tam iş günü ərzində Qazan-Turbin sexində, Yanacaq-Nəqliyyat sexinin mazut təsərrüfatında, 330-500 kV-luq X9 sahəsində, Kimya sexində, Hidrotexniki və Yeraltı Kommunikasiyalar sexində, Paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini və eyni zamanda stansiya ərazisində yerləşən bütün kabel xətlərinə və yükqaldırıcı mexanizmlərə xidmət və təmir işləri ilə məşğul olmuşdur. İddiaçının işlədiyi illər ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixinə qədər tutduğu paylayıcı qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri və elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 13-cü bölməsinin a bendinin 0140000a-18455 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 24-cü bölməsinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a bəndinə uyğundur. - İddiaçının işləmiş olduğu illər ərzində xx.xx.2005-ci ildən hal-hazıradək tutduğu "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqadada 1-ci qrup usta", "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən briqadada 1-ci qrup usta", "Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən briqadada 1-ci qrup usta" vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 13-cü bölməsinin b bendinin 2140000a-23362 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 24-cü bölməsinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b bəndinə uyğundur. Zərərli iş sahəsində iş stajı 34 il 1 ay 29 gün təşkil edir. Eyni məzmunlu məlumatlar "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyasının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda da öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olması istinad olunan arayışın məzmunu ilə aşkar sübut olunduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Qeyd olunan vəzifələrdə iddiaçının işlədiyi əmək fəaliyyəti müddəti 12 il 6 aydan artıq olduğundan məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-1256/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, qərar ləğv edilməlidir və iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçının güzəştli iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən müəssisəyə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq göndərilən xx.xx.2024-cü il tarixli 13-9-100/0107-132 nömrəli məktubda iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olub-olmadığı barədə hər hansı məlumat göstərilməmişdir. Göründüyü kimi, iddiaçı güzəştli sahədə işlədiyini iddia etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən müvafiq dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-1256/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-1256/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir ..... ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

15. “Əmək pensiyaları haqqında” Qanun: 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

17. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı

18. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə iddiaçının ümumi və xüsusi iş stajı tamamlandığından, iddiaçının özü də hüququnun yarandığı tarixdən pensiya təyin edilməsini tələb etdiyindən ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra, yəni hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir.

29. Belə ki, hazırda qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı.

30. Müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.

31. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur, bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.

32. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox zərərli sahədə iş stajı mövcuddur.

33. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, müəssisə tərəfindən verilmiş məktubda iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olub-olmadığı barədə hər hansı məlumat göstərilməmişdir.

34. İş materiallarından isə görünür ki, iddiaçı xx.xx.1989-cu ildən hal-hazıradək "Azərbaycan DRES"-in Elektrik sexində 3-cü dərəcəli elektrik çilingəri (xx.xx.1989xx.xx.1990), 4-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (xx.xx.1990-xx.xx.1992), 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (xx.xx.1992-xx.xx.1995), 6-cı dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (xx.xx.1995- xx.xx.2005), "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqadada 1-ci qrup usta" (xx.xx.2005-xx.xx.2009), "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən brigadada 1-ci qrup usta" (xx.xx.2009-xx.xx.2022) və "Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən briqadada 1-ci qrup usta" (xx.xx.2022-hal-hazıradək) vəzifələrində işləmişdir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı, işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, toz, havanın hərəkət sürəti, nəmlilik, iş yerində havanın temperaturu, nisbi rütubətin normadan yuxarı olması, səs-küy, titrəmə lokal, əməyin ağırlığı, yuxarıya qalxmaq (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur.

36. İşdə olan arayışlardan da görünür ki, iş şəraitinin zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Azərbaycan Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 6 təqvim günü məzuniyyət günü verilmişdir. (səh.11)

37. Həmçinin işdə olan arayışlardan və "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyasının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı, xx.xx.1989-cu il tarixdən hal-hazıradək əmək funksiyalarını tam iş günü ərzində Qazan-Turbin sexində, Yanacaq-Nəqliyyat sexinin mazut təsərrüfatında, 330-500 kV-luq X9 sahəsində, Kimya sexində, Hidrotexniki və Yeraltı Kommunikasiyalar sexində, Paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini və eyni zamanda stansiya ərazisində yerləşən bütün kabel xətlərinə və yükqaldırıcı mexanizmlərə xidmət və təmir işləri ilə məşğul olmuşdur. İddiaçının işlədiyi illər ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixinə qədər tutduğu paylayıcı qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri və elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 13-cü bölməsinin a bəndinin 0140000a- 18455 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 24-cü bölməsinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a bəndinə uyğundur. - İddiaçının işləmiş olduğu illər ərzində xx.xx.2005-ci ildən hal-hazıradək tutduğu "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqadada 1-ci qrup usta", "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən briqadada 1-ci qrup usta", "Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən briqadada 1-ci qrup usta" vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 13-cü bölməsinin b bəndinin 2140000a-23362 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 24-cü bölməsinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b bəndinə uyğundur. Zərərli iş sahəsində iş stajı 34 il 1 ay 29 gün təşkil edir.

38. Odur ki, iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olması istinad olunan arayışın məzmunu ilə aşkar sübut olunduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

39. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Qeyd edilən sahələr üzrə isə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

41. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisədən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, birinci instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.

43. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən də lazımi qaydada araşdırılmışdır.

45. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatları zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

46. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

47. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

48. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

49. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.

50. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

53. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-1256/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar