Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-383/2023 14.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(116)-1075/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 may 2023-cü il tarixli 2- 1(116)-1075/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,9699 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsində cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 14 iyun 2023-cü il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya və nümayəndəsinə bu barədə rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi) Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. İş materiallarından görünür ki, Vəkil1 etibarnamə üzrə iddiaçının nümayəndəsi olsa da, iddiaçının yaxın qohumu olmasını təsdiq edən sənəd və ya iddiaçıya hüquq yardım göstərilməsinə dair orderi iş materiallarına əlavə edilməmişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Göründüyü kimi, iddiaçının nümayəndəsi qismində iştirak edən Vəkil1 iddiaçının yaxın qohumu olmasını təsdiq edən sənəd və ya iddiaçının vəkili olmasını sübut edən orderi iş materiallarında mövcud olmadığından və məhkəmə bildirişinə əsasən, iddiaçının vəkili olmasına dair orderi məhkəmə kollegiyasına təqdim etmədiyindən onun iddiaçının adından nümayəndə və ya vəkil kimi apellyasiya şikayəti vermək səlahiyyəti olmamışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(116)-1075/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi Vəkil1 Şəki İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli 2-1(116)-1075/2023 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-383/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-383/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver