Məhkəmə qərarları › İş №2-1(107)-384/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-384/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-384/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2-1(116)-892/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1975-ci ildə Oğuz rayonu Bucaq kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 05.02.1994-cü il tarixli 31 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 06.02.1994-cü il tarixli 33 nömrəli əmri ilə 07.02.1994-cü ildən 2-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 nömrəli əmri ilə 17.04.1994-cü ildən şəxsi heyətin ümumi siyahısından, bütün təchizatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 17.04.1994-cü il tarixli 107 nömrəli əmri ilə 19.04.1994-cü ildən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti sürücü vəzifəsinin icrasına başlamışdır. O, 01.05.1994-cü ildən 10.05.1994-cü ilədək "Sağrı nahiyəsinin kor qəlpə yaraları" diaqnozu ilə Bakı şəhəri Sabunçu rayonunda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müalicə almışdır. O, N nömrəli hərbi hissə komandirinin 31.07.1994-cü il tarixli 212 nömrəli əmri ilə 30.04.1994-cü ildən döyüş bölgəsini özbaşına tərk etdiyinə görə qazan təminatından çıxarılmışdır. İddiaçı müalicə başa çatdıqdan sonra hərbi hissəyə qayıtmayaraq hərbi xidmətini davam etdirməmiş və hərbi xidmətdən qanuni əsaslarla buraxılmamışdır. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 12.04.2021-ci il tarixli 1/M-9100 nömrəli cavab məktubunda bildirmişdir ki, xidmət yerini özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, Ağdam rayon Güllücə kəndi istiqamətində gedən döyüş zamanı top mərmisinin partlaması nəticəsində xəsarət aldığına görə Ağcabədi rayon Sarıcalı kəndində yerləşən hərbi hospitala təxliyə olunmuş, orada ilkin tibbi yardım aldıqdan sonra Bakı şəhəri Sabunçu rayonu 3 nömrəli xəstəxanada 1 ay 2 gün stasionar müalicə almış, sonra Oğuz Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, orada, sonra isə Bakı şəhərində olan xəstəxanalarda uzun müddət müayinə və müalicə olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı izahatında əlavə olaraq bildirdi ki, o, müalicə aldıqdan sonra xidmət etdiyi hərbi hissəyə qayıtmamış və hərbi xidmətdən tərxis olunmamışdır. Cavabdeh iddiaya qarşı 20.05.2021-ci il tarixli 11/2400 nömrəli etirazında iddianı qəbul etməmiş və imtina məktubunun dəlillərinə əsaslanmışdır. Birinci instansiya məhkəməsində cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxılmışdır. Şəki İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2-1(116)-892/2021 saylı qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Şəki İnzibati məhkəməsinin 2-1(116)-892/2021 saylı, 29.06.2021-ci il tarixli qərarında hakim onun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Sırasında xidmət etdiyi müddət ərzində Qarabağ uğrunda gedən döyüşlərdə canla-başla döyüşdüyünü və o cümlədən ağır xəsarət aldığını tam qətnamədə qeyd etməmişdir. Müharibə veteranı adı, döyüş vaxtı xəsarət almış, yaralanmış, şəxslərə şamil edilir, lakin onun uzun müddət xəstəxanalarda müayinə və müalicə olunmağı nəzərə alınmamışdır, bütün tibb müəssələrindən rəsmi arayışlar alsada ona heç bir köməklik olunmamışdır, barəsində heç bir təqsirləndirici materialın olmadığını bildirmişdir. Hörmətli məhkəmə kollegiyası sizdən çox xahiş edirəm ki, bütün fakt və reallıqları nəzərə alaraq Şəki İnzibati məhkəməsinin qəbul etdiyi qərarı tam əsassız olduğuna görə və əsassız qərar qəbul edildiyi üçün birinci instansiya məhkəməsinin qərarını ləğv edəsiniz. Azərbaycan Respublikasının MPM- in 372.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya instansiya məhkəməsinə yeni sübutlar təqdim edə bilər. MPM -in 371.2.Apellyasiya instansiya məhkəməsi tərəfin bi rinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi yeni sübut lari gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud konbud səhlənksrlığa görə təqdim edilməmiş hesab etdikdə onları rədd edə bilər. MPM- in 372.1. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sü butlar əsas mda mahiyyəti və hüquq üzrə baxır. MPM- in 372.7.Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq ,məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 380. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün hesab edərsə, araşdırır. Yuxarıda qeyd olunanlara əsasən, Şəki İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2-1(116)-892/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 02.11.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 05.02.1994-cü il tarixli 31 nömrəli əmri ilə bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 06.02.1994-cü il tarixli 33 nömrəli əmri ilə 07.02.1994-cü ildən 2-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 nömrəli əmri ilə 17.04.1994-cü ildən şəxsi heyətin ümumi siyahısından, bütün təchizatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 17.04.1994-cü il tarixli 107 nömrəli əmri ilə 19.04.1994-cü ildən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti sürücü vəzifəsinin icrasına başlamışdır. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2-1(116)-892/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə kollegiyası normanın məzmununa uyğun olaraq müəyyən edir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. Belə olan halda, iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. İddiaçının İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2-1(116)-892/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2-1(116)-892/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar