Məhkəmə qərarları › İş №2-1(107)-385/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-385/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-385/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının” üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1995-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş, fərdi qaydada fəaliyyət göstərmişdir. Vəkil statusundadır. Son 9 ildir ki, strateji məhkəmə çəkişmələri ilə məşğul olur. Fəaliyyət göstərdiyi müddət ərzində, eləcə də Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməzdən əvvəl milli məhkəmələrdə və ibtidai araşdırma orqanlarında siyasi səbəblərdən həbs olunmuş şəxslərin, media nümayəndələrinin müdafiəsində iştirak etmiş, buna görə təqiblərə məruz qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə siyasi səbəblərdən həbs edilmiş X3 müdafiəsində iştirakı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş və 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Həmin cəzanı çəkmiş və cəza çəkdiyi müddətdə haqqı ödənilmədən fiziki işlər görməyə məcbur edilmişdir. Müdafiə etdiyi şəxslər Milli və Beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbusu olaraq tanınmışlar. Bundan əlavə iddiaçı Avropa Şurası tərəfindən dəstəklənən "Help" proqramı üzrə təlimlər aparmışdır. 2010-cu ildə Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclisinə keçirilən seçkilərdə iştirakına imkan verilmədiyindən daxili şikayət instansiyalarını tükəndirdikdən sonra, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmiş və şikayəti üzrə son qərar qəbul edilərək milli məhkəmələrin qanun pozuntularına yol verdiyi tanınmış, 10.000 Avro kompensasiya təyin edilmiş, qərar icra edilmişdir.

3. Vəkillər X1 3 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilərək vəkillik fəaliyyətinə xitam verilmişdir. Qərar qəbul edilərkən iddiaçıdan hər-hansı izahat alınmamış və ümumiyyətlə barəsində aparılan müzakirələr haqqında xəbərdar edilməmişdir. İddiaçı qərardan sayt vasitəsi ilə xəbərdar olmuşdur. Qərarın surəti iddiaçıya göndərilmədiyinə görə 10 iyul 2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət etmişdir. Vəkillər Kollegiyasının 265 saylı, 16 iyul 2015-ci il tarixli məktubu ilə qərarın surəti iddiaçıya göndərilmişdir. Qərardan iddiaçının verdiyi şikayətlər məhkəmə qaydasında rədd edilib, hazırda şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.

4. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vəkillər Kollegiyasına üzvlük üçün 2017-ci ilin dekabr ayının 16-da təkrar müraciət etmişdir.

5. Müraciət etdikdən sonra dəfələrlə cavabdeh təşkilatın rəhbər vəzifəli şəxsləri ilə görüşmüş, ərizəsinin taleyinə aydınlıq gətirilməsini istəmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının sədri, aparat rəhbəri, sədr müavinləri ilə görüşləri nəticəsiz qalmışdır. Ərizəsi baxılması üçün İxtisas Komissiyasına göndərilməmiş, səbəbləri barədə yazılı məlumat verməkdən imtina edilmişdir. 2019-cu ilin iyul ayında sosial şəbəkə üzərindən cavabdehə etdiyi müraciətdən sonra cavabdeh təşkilat Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 4 avqust 2019-cu il tarixli, 1114 saylı məktubla bildirilmişdir ki, şifahi müsahibə mərhələsinə dəvət olunacaqdır. Vaxt və yer haqqında heç bir məlumat verilməmişdir. Cavab başdansovdu olduğundan 30 avqust 2019-cu il tarixdə cavabdehə sorğu ilə müraciət etmiş, 2017-ci ilin dekabr ayının 16-dan etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının keçirilən iclasları barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavablandırılmamışdır.

6. Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı "öhdəlik qoyulması tələbinə dair" iddia qaldırdıqdan sonra cavabdeh 11 yanvar 2020-ci il tarixdə mesaj və 12 yanvar 2020-ci il tarixdə teleqramla iddiaçını 14 yanvar 2020-ci il tarixdə keçirilən şifahi müsabiqəyə çağırmış, istifadəsində olan sosial şəbəkədə yerləşdirdiyi məlumatda şifahi müsahibədən keçən şəxslər siyahısına iddiaçının adını daxil etməmişdir. İddiaçı sorğu ilə tələb etsə də, İxtisas Komissiyasının 2020-ci il tarixli iclas protokolu ona göndərilməmişdir. İnternet resurslarında cavabdehin yerləşdirdiyi məlumat əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının inzibati akt kimi qəbul edilə biləcək protokolundan cavabdehə şikayət vermişdir. İddiaçı şikayətinə baxılmasının vaxtı və yeri barədə heç bir məlumat almamış, təkrar sorğulardan sonra cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 317 nömrəli 04 mart 2020-ci il tarixli məktubla ona bildirilmişdir ki, İxtisas Komissiyasının qərarından verdiyi şikayət cavabdehin xx.xx.2020-ci il tarixli iclasında baxılaraq müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, siyasi səbəblərdən təqib olunan şəxsləri və təşkilatları müdafiə etdiyinə görə təqib olunmuş, ayrı-seçkiliyə məruz qalmışdır ki, bu da həm ölkə daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı, qoşulduğu beynəlxalq müqavilə və Konvensiyalara ziddir.

7. Bundan başqa məktubda iddiaçının müraciətinə hansı qaydada baxıldığı, İxtisas Komissiyasının üzvlərinin dəvət edilib-edilmədiyi göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi iddiaçı həmin iclas barədə məlumatlandırılmamış, iclasın protokolu, qəbul edilmiş qərarın surəti ona göndərilməmişdir.

8. Həmin iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2021ci il tarixli qərarı ilə başa çatmış, iddianın təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. İş üzrə məhkəmə aktlarından Avropa Məhkəməsinə şikayət vermişdir.

9. İddiaçı sənədlərini təkrarən Vəkillər Kollegiyasının rəyasət Heyətinə təqdim edərək şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmişdir. Sənədlər 08 fevral 2021-ci il tarixdə rəsmi poçtla daxil olsa da, uzun müddət baxılmamış, baxılmamasının səbəb və əsasları barədə məlumat verilməmişdir. İddiaçı 2021-ci ilin sentyabrında İxtisas Komissiyasına çağrılmış, Komissiya üzvlərinin verdiyi beş sualın beşini də müvəffəqiyyətlə cavablandırmışdır. 21 oktyabr 2021-ci il tarixdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli məlumatı dərc edilmiş, lakin iddiaçının adı İxtisas Komissiyasının şifahi müsahibəsindən keçmiş namizədlər siyahısına daxil edilməmişdir. Qərardan verdiyi şikayət Azərbaycan Respublikası Vəkillər X2 4 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilmişdir. İddiaçı israr etməsinə baxmayaraq Azərbaycan Respublikası Vəkillər X2 4 noyabr 2021-ci il tarixli iclasına çağırılmamışdır. İddiaçının teleqramla müraciətindən sonra Azərbaycan Respublikası Vəkillər X4 sədrinin müavini iddiaçıya 11 noyabr 2021-ci il tarixli, 1267 saylı məktub göndərmiş, ərizəsinin təmin edilməməsini bildirmişdir. Məktuba qərar əlavə edilməmişdir.

10. İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Vəkillər X2 3 iyul 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmış və vəkillik fəaliyyətinə xitam verilmişdir. Əsas olaraq iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması göstərilmişdir. İddiaçı məhkəmə hökmü ilə müəyyən edilmiş cəzasını çəkmiş və hazırda məhkumluğu yoxdur.

11. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

12. Cavabdehin xx.xx.2022-ci il tarixli 243 nömrəli imtina məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək ixtisas imtahanının şifahi müsahibə mərhələsini vermədən Vəkillər Kollegiyası üzvlüyünə bərpa olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin edilməsi üçün hüquqi əsas yoxdur.

13. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı əvvəllər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2015-ci il tarixli 8 saylı iclas qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarını nəzərə alaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikalı Qanununun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Zərdab rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı xx.xx.2015-ci il tarixdən Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir.

14. İddiaçı məhkumluğu ödənildikdən sonra Azərbaycan Republikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək artıq məhkumluğunun ödənildiyini və buna görə də vəkillik fəaliyyətinə bərpa edilməsini xahiş etmişdir.

15. İddiaçının müraciətinə baxılmış, xx.xx.2022-ci il tarixli, 243 nömrəli məktubla ona qanunvericiliyin tələbləri izah edilərək tələbinin təmin olunması üçün hüquqi əsasın olmadığı bildirilmişdir. Bundan sonra vətəndaş məhkəməyə müraciət etmişdir.

16. İddiaçı qanunvericiliyin tələblərini şəxsi olaraq mülahizə etmiş və gəldiyi nəticəyə uyğun olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

17. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda vəkilin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xilam verilir, bu maddənin 1-ci hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

18. Həmin qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.

19. Qanunvericiliyin tələblərindən aydın görünür ki, iddiaçının fəaliyyətinə məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmünə əsasən xitam verildiyinə görə o, əvvəllər vəkil olmuş şəxs kimi yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsində uğur qazanmaqla vəkilliyə qəbul edilə bilər. Belə olan halda, iddiaçının tələbi qanunsuz və əsassızdır.

20. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

22. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

23. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

24. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1060/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

28. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. 11-ci maddəsinin 3-cü hissəsinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir. 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsi vəkil olmaq üçün tələbləri və qaydaları müəyyən etməkdədir. Qanunun tələbinə görə əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. İddiaçı tərəfindən isə qanunverici tərəfindən müəyyən edilmiş tələblər öz mülahizəsinə görə şərh edilməklə, müsahibə mərhələsindən keçmədən vəkilliyə bərpa edilməsi barədə qərar qəbul olunması ilə bağlı tələbin irəli sürülməsi əsassız olmuşdur.

35. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuşdur.

36. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar