Məhkəmə qərarları › İş №2-1(107)-385/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-385/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-385/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Üçüncü şəxs X3 və onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsinə qarşı “cavabdehin X9 torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 108 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2-1(116)-1223/2025 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin X9 torpaq sahəsinin satılmasına dair xx.xx.2006cı il tarixli 108 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-3377/2024 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996-cı il tarixli 653 №-li qərarı ilə mərhum X13 mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla fərdi ev tikintisi üçün "Xaldan Şossesi’‘nin sol tərəfindən 0.06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsi 36 № ilə qeydə alınmışdır (hazırda torpaq sahəsinin ünvanı ünvan 1 Mingəçevir şəhərində yerləşən “Azərkabel” zavodunda işləmiş və iş yeri üzrə mənzil uçotunda durmuşdur. Həmin vaxtlar zavodun balansında boş mənzillər olmadığına və yeni ev tikintisi nəzərdə tutulmadığına görə mərhum əri mənzil növbəsindən çıxarılmaqla fərdi ev tikintisi üçün torpaq sahəsi verilməsinə ərizə ilə razılıq vermişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının həmin sərəncamından əvvəl məsələyə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının yanında komissiyada baxılmış, torpaq sahəsinin ayrılması qərara alınaraq komissiyanın 06 iyun 1996-cı il tarixli 9№-li protokolu ilə rəsmiləşdirilmişdir. - Bundan sonra ayrılmış 0.06 ha torpaq sahəsi naturada Xanlar Məmmədova təhvil verilmişdir, torpaq sahəsi yerində təhvil alındıqdan bir müddət sonra torpaq sahəsi mişar daşı ilə hasara alınmış, həyətə daxil olmaq üçün qapı qoyulmuş, ağaclar əkilmişdir. Lakin həyətdə hələ ki, maddi imkan olmadığına görə yaşayış evi tikə bilməmişdir. Torpaq sahəsi 1996-cı ilin iyun ayından hal-hazıradək, yəni 28 ildən çoxdur ki, iddiaçının istifadəsindədir. Odur ki, cavabdehə ərizə ilə müraciət edərək 0,06 ha torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmiş və cavabdeh orqan ərizəyə xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-M-01288/2024 saylı yazılı cavabla imtina verərək mübahisə olduğuna görə məhkəməyə müraciət etməsini izah etmişdir. Cavabdeh 17 saylı Yevlax Ərazi İdarəsi imtinasını onunla əsaslandırmışdır ki, müraciət etdiyi həmin 0.06 ha torpaq sahəsi üzərində digər bir şəxsin mülkiyyət hüququ qeydiyyata alınmışdır və daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı düzəliş və ya onun ləğv edilməsi DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, belə mübahisələr məhkəmə qaydasında həll olunur. Bundan sonra onlara məxsus 0.06 ha torpaq sahəsinin hansı digər şəxsin mülkiyyətində qeydiyyata alınmasının müəyyənləşdirilməsi üçün cavabdehə vəkil sorğusu verilmişdir. - Cavabdeh 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 108 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X6 adına həyətyanı məqsədi ilə ayrılmış, həmin qərar və xx.xx.2006-cı il tarixli, 831 saylı torpaqların alqı-satqısına dair akt əsasında xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixli, 4Ə-1162 reyestr nömrəli alqı-satqı əqdi əsasında X14 0.0618 ha (torpaq sahəsində azalma mövcud olduğu üçün) torpaq sahəsini X3 adına özgəninkiləşdirmişdir. Hal-hazırda 0.0616 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə X3 adınadır''. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 653 saylı sərəncamı ilə Xanlar Məmmədova daimi istifadəyə ayrılmış 0.06 ha torpaq sahəsi Mingəçevir şəhərinin inzibati ərazisi vahidinə daxildir, Havarlı Bələdiyyəsi ilə heç bir əlaqəsi yoxdur və Mingəçevir şəhər İcra Hakımiyyəti başçısının sözügedən qərarı hal-hazıradək qüvvədədir, ləğv edilməmişdir. Havarlı Bələdiyyəsi iddiaçının mərhum ərinə məxsus torpaq sahəsini 2006-cı ildə deyil, faktiki olaraq 2022-ci ildə satmış, lakin qəsdən alqısatqını 2006-cı il üçün saxtalaşdırmışdır. Belə ki, mövcud qanunvericiliyə müvafiq olaraq bələdiyyə mülkiyyətində olan boş torpaqların vətəndaşlara həyətyanı sahə kimi hərrac yolu ilə satılması tələb olunduğuna görə, Havarlı Bələdiyyəsi bu torpaqların satılması qərarını 2006-cı ilin iyul ayına sənədləşdirməklə cinayət əməli törətmişdir.

4. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, X9 Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 108 saylı qərarla 0,06 ha həyatyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. X4 tərəfindən ona ayrılan torpaq sahəsinin sənədlərini Daşınmaz Əmlak Yevlax rayonuna ərizə ilə təhvil verərək özünə çıxarış verilmişdir. Nəzərə çatdırılır ki, 2004-2011-ci illər üzrə sənədlər, iclas protokolları və sairə sənədlər arxivə təhvil verilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - DƏDKR PHŞ-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubları; - X8 24 iyun 2024-cü il tarixli arxiv arayışı və ona əlavə edilmiş Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 653 nömrəli Sərəncamından çıxarış, - 06 iyun 1996-cı il tarixli 9 nömrəli protokol; - İV-ЖГ 336115 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə; - AZ-İ 736092 nömrəli ölüm haqqında şəhadətnamə; - Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 108 nömrəli Qərarı və ona əlavə edilmiş torpaqayırma sənədləri; - xx.xx.2024-cü il tarixli **********8 qeydiyyat nömrəli Çıxarış, - xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin plan və ölçü sənədi; - xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış, - AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, - qonşu torpaq sahələrinə dair qeydiyyat orqanının təqdim etdiyi hüquq müəyyənedici sənədlərin və əmlak hüquqlarının qeydiyyatına dair sənədlərin surətləri, - DƏDKR PHŞ-nin 07 yanvar 2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 fevral 2025-ci il tarixli 2- 1(116)-1223/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsinin X9 torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 108 saylı qərarının etibarsız hesab edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin hallarından görünür ki, iddiaçı, sözügedən torpaq sahəsinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996-cı il tarixli 653 №-li qərarı ilə mərhum X13 ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün qeydiyyat orqanına müraciət edərkən cavabdeh tərəfindən hazırda etibarsız hesab edilməsini tələb etdiyi qərar əsasında sözügedən torpaq sahəsinin digər şəxsə satılmasından məlumatlı olmuş və məlumatı aldıqdan dərhal sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsində olmuş və həmin torpaq sahəsinin bələdiyyə qərarı ilə digər şəxslərə satılması ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisə predmetinə münasibətdə kifayət qədər marağın olması və inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı mümkünlük şərtləri yerinə yetirilir. İddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıracaq və maddi nəticələr doğuracaqdır. İşin hallarından görünür ki, iddiaçı, mübahisəli torpaq sahəsinə münasibətdə hüquq müəyyənedici sənəd qismində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996-cı il tarixli 653 №-li qərarına istinad edir. Sözügedən qərarda mərhum X13 fərdi ev tikintisi üçün "Xaldan Şossesi’‘nin sol tərəfindən 36 №-li 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərinin ərazi hüdudları daxilində olmuşdur. İddia olunan torpaq sahəsi "Xaldan” şossesinin sol tərəfində yerləşir və "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidədir. İddia olunan torpaq sahəsinin naturada faktiki sahəsi 622 kv.m-dir, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - həyətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi - **********06 reyestr nömrəli çıxarışa əsasən X7r. İddia edilən torpaq sahəsi xx.xx.2007-ci il tarixində ********* nömrəsi ilə X6 adına dövlət reyestrində qeydiyyata alınmış, sonradan X3 adına özgəninkiləşdirilmişdir. Məhkəmə tərəfindən Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 108 saylı qərarına əlavə edilmiş torpaqayırma sənədləri qeydiyyat orqanından götürülərək öyrənilmişdir. Sözügedən torpaq sahəsinin planında həmin ərazinin keçmişdə tərəvəzçilik-südçülük sovxozunun ərazisi olması qeyd edilsə də, mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki olaraq həmin ərazi "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidir. - İş materiallarında olan üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin yerləşdiyi yer ərazi olaraq Yevlax rayonu Havarlı kəndi olaraq qeyd edilmişdir. Bununla belə, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin yerləşmə vəziyyəti Mingəçevir şəhəri 1-ci Günəşli küçəsi 4, yeni qaydalarla Mingəçevir şəhəri, Mikayıl Abdullayev küçəsi, giriş 6 olaraq qeyd edilmişdir. Məhkəmə tərəfindən qonşu torpaq sahələrinə dair sənədlər qeydiyyat orqanından götürülərək yoxlanılmış və müəyyən edilmişdir ki, qonşu ərazilər də, Mingəçevir şəhəri ərazinə aid olmaqla "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri olmuşdur. Eyni zamanda Mingəçevir bələdiyyəsinin 2003-cü ildə qəbul etdiyi iclas protokolunun qərarları ilə həmin ərazidə torpaq sahələrinin fiziki şəxslərə satılması, bununla da, iddia olunan torpaq sahəsinin Havarlı bələdiyyəsinə heç bir aidiyyətinin olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 108 saylı qərarla satılarkən digər inzibati ərazi vahidinin hüdudları daxilində olmuş və faktiki olaraq Havarlı bələdiyyəsi inzibati ərazi hüdudlarından kənarda yerləşən torpaq sahəsi üzərində qərar qəbul etməklə aşkar şəkildə səlahiyyət həddini aşmışdır. - Odur ki, xx.xx.2006-cı il tarixli 108 saylı qərar qəbul edilərkən Yevlax rayonu Havarlı bələdiyyəsi məkan baxımından səlahiyyətsiz inzibati orqan olduğundan iddiaçı, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən həmin inzibati aktın etibarsız hesab olunmasını tələb etməkdə haqlı olmuşdur.

8. Üçüncü şəxs X12 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2-1(116)-1223/2025 nömrəli qərarının ləğv edilərək iddianın qeyri-mümkün sayılması barədə qərardad qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 108 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X6 adına həyətyanı məqsədi ilə ayrılmış, həmin qərar və xx.xx.2006-cı il tarixli, 831 saylı torpaqların alqı-satqısına dair akt əsasında xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixli, 4Ə-1162 reyestr nömrəli alqı-satqı əqdi əsasında X14 0.0618 ha (torpaq sahəsində azalma mövcud olduğu üçün) torpaq sahəsini ona satmış və 0.0616 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqları əsasında onun adına qeydə alınmışdır". - Hesab edir ki, məhkəmə qərar qəbul edərkən ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalı idi. İddia tələbi Bələdiyyə qərarının etibarsız sayılmasına dair olduğundan iddia mübahisələndirmə tələbinə dair iddiadır. Bələdiyyə qərarının ləğvini tələb etmək hüququ isə 30 gündür. Hazırda İddiaçı Xanlar Məmmədovla nikahı olmasına istinad edərək bu iddianı qaldırmağa subyektiv hüququ olduğunu iddia edir. Halbuki, İddiaçı Xanlar Məmmədovun mirasını qəbul etmiş vərəsəsi olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən həmin torpaq sahəsinə Minayə Əliyevanın adına xx.xx.2007-ci il tarixdə çıxarış verilərkən Xanlar Məmmədov həmin vaxt sağ olmuş və 8 ildən sonra vəfat etmişdir. İddiaçının özünün də qeyd etdiyi kimi 28 ildən sonra hazırki iddianın qaldırılması ona dəlalət edir ki, İddiaçı və onun mərhum əri bələdiyyənin qərarından xəbərdar olmuşlar. Bu səbəbdən də orada hər hansı tikinti işləri aparmamışlar. Bələdiyyə qərarının etibarsız sayılmasına dair iddia qaldırmaq üçün Xanlar Məmmədovun iddia müddətini ötürdüyü halda, buna dair subyektiv hüququ olmayan İddiaçı mümkünlük şərtlərinə cavab verməyən iddiasının təmin edilməsi əsassızdır. X17 Bələdiyyə qərarından xəbərsiz olduğunu sübut etmək iddiaçının üzərində olmuşdur. Çünki, Minayə Əliyeva həmin torpaq sahəsinə xx.xx.2007-ci ildə hüquqlarını qeydə aldırmaqla və bu hüquqa dair 17 il ərzində iddia qaldırılmaması bunu təsdiq edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Havarlı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin satılmasının 2006-cı ilin iyul ayına sənədləşdirilməsinə səbəb 2007-ci ilin noyabr ayından sonra torpaq sahələrinin yalnız hərrac yolu ilə satılması olmuşdur ki, qanunvericiliyin bu tələbi də konkret şəxsə sənədləşdirmə aparılmasına maneçilik yaratmışdır. - Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bizim torpaq sahəsinə qonşu torpaq sahələri də Mingəçevir şəhəri ərazisinə aid olmaqla “Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri olmuşdur. Eyni zamanda Mingəçevir Bələdiyyəsinin 2003-cü ildə qəbul etdiyi iclas protokolunun qərarları ilə həmin ərazidə torpaq sahələrinin fiziki şəxslərə satılması, bununla da, iddia olunan torpaq sahəsinin Havarlı Bələdiyyəsinə heç bir aidiyyətinin olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi Yevlax Rayon Havarlı Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 108 saylı qərarla satılarkən digər inzibati ərazi vahidinin yəni, Mingəçevir şəhərinin hüdudları daxilində olmuş və faktiki olaraq Havarlı Bələdiyyəsinin inzibati ərazi hüdudlarından kənarda yerləşən torpaq sahəsi üzərində qərar qəbul etməklə aşkar şəkildə səlahiyyət həddini aşmışdır. Yuxarıda qeyd etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsində birmənalı olaraq qeyd edilmişdir ki, bələdiyyələrin torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəki səlahiyyətləri yalnız onların inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik etmək, onlardan istifadə etmək və onlar barəsində sərəncam verməklə məhdudlaşır. Bu hüquq norması bələdiyyəyə yalnız öz ərazisindəki torpaq sahələrinə sahiblik etmək, onlardan istifadə etmək və sərəncam vermək səlahiyyətinin verildiyini göstərir. Buna görə də, əgər bələdiyyə öz inzibati ərazisindən kənarda torpaq sahəsinə münasibətdə torpaq ayırma fəaliyyəti həyata keçirirsə, bu artıq qanunla müəyyən edilmiş səlahiyyət çərçivəsinə zidd olmuş hesab edilir və aparılan belə fəaliyyət – səlahiyyəti olmayan inzibati orqanın fəaliyyəti kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə Havarlı Bələdiyyəsinin qərarını məna baxımından səlahiyyətsiz inzibati orqan tərəfindən qəbul edilmiş qərar kimi obyektiv qiymətləndirərək etibarsız hesab etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Üçüncü şəxs X3 Şəki İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarını ləğv edib, iddianın qeyri-mümkün sayılması barədə apellyasiya şikayətinin təmin edilməməsi, məhkəmə qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 və onun vəkili və nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2-1(116)-1223/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi 30 may 2025-ci il tarixdə məhkəməyə məktub göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ...

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı 2.7-ci bəndində ... Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə ... 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan hüquq müəyyənedici sənəd olaraq təsbit edilmişdir.

18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. ... Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Maddə 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; ... Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddia tələbi Bələdiyyə qərarının etibarsız sayılmasına dair olduğundan iddia mübahisələndirmə tələbinə dair iddiadır. Bələdiyyə qərarının ləğvini tələb etmək hüququ isə 30 gündür. Xanlar Məmmədovun iddia müddətini ötürdüyü halda, buna dair subyektiv hüququ olmayan İddiaçı mümkünlük şərtlərinə cavab verməyən iddiasının təmin edilməsi əsassızdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilə qiymət verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qaldırılmış inzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.

26. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.

27. Hazırkı işin hallarından görünür ki, iddiaçı, sözügedən torpaq sahəsinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996-cı il tarixli 653 №-li qərarı ilə mərhum X13 ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün qeydiyyat orqanına müraciət edərkən cavabdeh tərəfindən hazırda etibarsız hesab edilməsini tələb etdiyi qərar əsasında sözügedən torpaq sahəsinin digər şəxsə satılmasından məlumatlı olmuş və məlumatı aldıqdan dərhal sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsində olmuş və həmin torpaq sahəsinin bələdiyyə qərarı ilə digər şəxslərə satılması ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisə predmetinə münasibətdə kifayət qədər marağın olması və inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı mümkünlük şərtləri yerinə yetirilir. İddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıracaq və maddi nəticələr doğuracaqdır.

28. Göründüyü kimi, iddiaçının, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 1996-cı il tarixli 653 №-li qərarına əsasən ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət edənə qədər mübahisələndirilən bələdiyyə qərarından məlumatlı olması, həmçinin üçüncü şəxsin iddia etdiyi dövrdə İddiaçı və onun mərhum ərinin bələdiyyənin qərarından xəbərdar olmaları təsdiq olunmur. Bu halda, prosessual müddətin ötürülməsindən söhbət gedə bilməz.

29. Belə olan halda isə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü barədə düzgün qənaətə gəlmişdir.

30. Odur ki, üçüncü şəxsin qeyd edilən dəlilləri əsassız olmaqla, iddia tələbinin mümkün sayılmaması üçün əsas olmamışdır.

31. Apellyasiya şikayətinin digər dəlili olaraq üçüncü şəxs qeyd etmişdir ki, iddiaçı, iddianı qaldırmağa subyektiv hüququ olduğunu iddia edir. Halbuki, İddiaçı Xanlar Məmmədovun mirasını qəbul etmiş vərəsəsi olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə İddiaçı arasında 12 dekabr 1986-cı il tarixdə nikah bağlanmış və 340 nömrə ilə qeydiyyata alınmışdır.

33. Apellyasiya şikayətinin digər dəlili olaraq üçüncü şəxs qeyd etmişdir ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 108 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi X6 adına həyətyanı məqsədi ilə ayrılmış, həmin qərar və xx.xx.2006-cı il tarixli, 831 saylı torpaqların alqı-satqısına dair akt əsasında xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixli, 4Ə-1162 reyestr nömrəli alqı-satqı əqdi əsasında X14 0.0618 ha (torpaq sahəsində azalma mövcud olduğu üçün) torpaq sahəsini ona satmış və 0.0616 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqları əsasında onun adına qeydə alınmışdır.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 7 yanvar 2025-ci il tarixli, 3-21-3-35/2-4/2025 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərinin ərazi hüdudları daxilində olmuşdur. İddia olunan torpaq sahəsi “Xaldan” şossesinin sol tərəfində yerləşir və “Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidədir. İddia olunan torpaq sahəsinin naturada faktiki sahəsi 622 kv.m-dir, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - həyətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi - **********06 reyestr nömrəli çıxarışa əsasən X7r. İddia edilən torpaq sahəsi xx.xx.2007-ci il tarixində ********* nömrəsi ilə X6 adına dövlət reyestrində qeydiyyata alınmış, sonradan X3 adına özgəninkiləşdirilmişdir.

35. Həmçinin, sözügedən torpaq sahəsinin planında həmin ərazinin keçmişdə tərəvəzçilik-südçülük sovxozunun ərazisi olması qeyd edilsə də, mütəxəssis rəyi ilə müəyyən edilir ki, faktiki olaraq həmin ərazi "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri ilə eyni ərazidir.

36. Üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin yerləşdiyi yer ərazi olaraq Yevlax rayonu Havarlı kəndi olaraq qeyd edilmişdir. Bununla belə, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin yerləşmə vəziyyəti Mingəçevir şəhəri 1-ci Günəşli küçəsi 4, yeni qaydalarla Mingəçevir şəhəri, Mikayıl Abdullayev küçəsi, giriş 6 olaraq qeyd edilmişdir.

37. Bundan başqa iş materiallarında olan qonşu torpaq sahələrinə dair sənədlərdən müəyyən edilmişdir ki, qonşu ərazilər də, Mingəçevir şəhəri ərazisinə aid olmaqla "Azərkabel” zavodunun işçilərinə ayrılmış torpaq sahələri olmuşdur. Eyni zamanda Mingəçevir bələdiyyəsinin 2003-cü ildə qəbul etdiyi iclas protokolunun qərarları ilə həmin ərazidə torpaq sahələrinin fiziki şəxslərə satılması, bununla da, iddia olunan torpaq sahəsinin Havarlı bələdiyyəsinə heç bir aidiyyətinin olmaması müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, iddia olunan torpaq sahəsi Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 108 saylı qərarla satılarkən digər inzibati ərazi vahidinin hüdudları daxilində olmuş və faktiki olaraq Havarlı bələdiyyəsi inzibati ərazi hüdudlarından kənarda yerləşən torpaq sahəsi üzərində qərar qəbul etməklə aşkar şəkildə səlahiyyət həddini aşmışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 15-ci bəndində qeyd edilən Qanuna əsasən bələdiyyəyə yalnız öz ərazisindəki torpaq sahələrinə sahiblik etmək, onlardan istifadə etmək və sərəncam vermək səlahiyyəti verilmişdir. Buna görə də, əgər bələdiyyə öz inzibati ərazisindən kənarda torpaq sahəsinə münasibətdə torpaq ayrıma fəaliyyəti həyata keçirisə, bu artıq qanunla müəyyən edilmiş səlahiyyət çərçivəsinə zidd olacaq və aparılan fəaliyyət - səlahiyyəti olmayan inzibati orqanın fəaliyyəti kimi qiymətləndiriləcəkdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Ona görə də, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın mümkün hesab edilməməsinin əsası kimi qəbul etmir.

42. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2-1(116)-1223/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar