Məhkəmə qərarları › İş №2-1(107)-386/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-386/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-386/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialına (bundan sonra cavabdeh və ya DSMF-un Balakən rayon filialı) qarşı “Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 46 nömrəli arxiv arayışında qeyd olunan Balakən rayonu Şərif kəndi “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-815/2020 nömrəli qərarından DSMF-un Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı bəyan edir ki, o, xx.xx.1955-ci ildə Balakən rayonu Şərif kəndində doğulmuş, 1972-ci il tarixdən 1975-ci tarixədək və 1978-ci il tarixdən 1998-ci il tarixədək Balakən rayonu Şərif kəndində yerləşən “M.Ə.Sabir” adına kolxozda kolxozçu işləmiş, xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Balakən rayonu Şərif kəndində fəaliyyət göstərmiş “M.Ə.Sabir” adına kolxozda kişilər üçün minimum əmək günü 1972-1998-ci illərdə 200 gün olmuşdur. Bundan başqa iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət ərzində 2 il sosial sığorta stajı vardır ki, kolxozda işlədiyi müddətlə birgə iddiaçının cəmi 25 il 4 ay sosial sığorta stajı vardır. İddiaçının qeyd olunan illərdə kolxozda işləməsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 46 nömrəli arxiv arayışı, hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 145 nömrəli məktubu ilə öz təsdiqini tapır. İddiaçı Balakən rayonu Şərif kəndində fəaliyyət göstərmiş “M.Ə.Sabir adına kolxozda 1972-ci il tarixdən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığrta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqandan xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2020-ci il tarixli 13 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından həmin illər sosial sığorta stajına daxil edilmir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 46 nömrəli arxiv arayışında qeyd olunan Balakən rayonu Şərif kəndi “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmıdır ki, iddiaçının xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin tarixə o, cəmi 25 il 4 ay sığorta stajına malik olmuşdur. Belə ki, vətəndaş 23 il 4 ay kolxozda işləmiş, 2 il hərbi xidmətdə olmuşdur. İddiaçı 23 il 4 ay kolxozdakı iş stajı əmək kitabçasında olmadığından sığorta stajına daxil edilməsi mümkün olmamışdır. xx.xx.2006cı il tarixdən xx.xx.2019-cu il tarixədək 64 yaşı tamam olmuş kişilər 25 il sığorta stajına malik olduqda pensiya kapitalından asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ qazanırlar. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X3 izahatında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-815/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-un Balakən rayon şöbəsinin üzərinə İddiaçı Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 46 nömrəli arxiv arayışında qeyd olunan Balakən rayonu Şərif kəndi “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-un Balakən rayon şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-815/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının kolxozdakı iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Belə ki, xx.xx.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən iş stajları yalnız əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-un Balakən rayon şöbəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-815/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (qardaşı) X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-815/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İddiaçıa məxsus olan AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; DSMFun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 13 nömrəli imtina məktubu; Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 46 nömrəli arayışı; DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu; xx.xx.2020-ci il tarixli akt; AR SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 145 nömrəli məktubu; Şəki Apelyasiya Məhkəməsinin şifahi sorğusu əsasında alınmış DSMF-un Balakən rayon şöbəsinin arayışında qeyd olunmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan və 25 il 4 ay sığorta stajına malik olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, kolxozda -23 il 4 ay –illik minimum a/günü 200 a/gün nəzərə alınmaqla, 2 il hərbi xidmət cəmi 25 il 4 ay. İddiaçının 23 il 4 ay kolxozdakı iş stajı əmək kitabçasında olmadığından sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 64 yaşı tamam olmuş kişilər 25 il sığorta stajına malik olduqda pensiya kapitalından asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ qazanırlar. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-815/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin həqiqi halları ilə müəyyən edilir ki,iddiaçı Balakən rayonu Şərif kəndində fəaliyyət göstərmiş “M.Ə.Sabir” adına kolxozda 1972-1998-ci illərdə işləmiş və bu hal Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 46 nömrəli Arayışında qeyd olunmuşdur. O, həmin müddətin onun sosial sığorta stajına daxil edilməsini və yaşa görə əmək pensiyasının təyin edilməsini DSMF-un Balakən rayon şöbəsindən xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2020-ci il tarixli 13 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 1992-ci ildə qəbul edilmiş və xx xxxxxx 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının Balakən rayonu Şərif kəndində fəaliyyət göstərmiş “M.Ə.Sabir” adına kolxozda 1972-ci il tarixdən 1975-ci tarixədək və 1978-ci il tarixədn 1998-ci il tarixədək işləməsi Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 46 nömrəli Arayışı ilə öz təsdiqini tapır ki, qeyd olunduğu kimi əmək stajını təsdiqedici sənəd kimi Arayışlar da nəzərə alındığından cavabdehin imtinası qanunsuz və əsassızdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir, orada iddiaçının işlədiyi illər və həmin vaxt aldığı əmək haqqı barədə məlumatlar müfəssəl göstərilmişdir. Kollegiya cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlilləri ilə bağlı bunları qeyd etməyi zəruri hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1972-1998-ciillərdə Balakən rayonu “M.Ə.Sabir” adına kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları Arxiv Arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 46 nömrəli Arayış ilə təsdiq edilə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göründüyü kimi, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan savayı qeyd olunmalıdır ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. xx.xx.2019-cu il tarixə iddiaçının kolxozda işlədiyi və hərbi xidmətdə olduğu illər daxil olmaqla 25 il 4 ay sosial sığorta stajı olduğundan həmin tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. DSMF-un Balakən rayon şöbəsinin məhkəmə kollegiyasına ünvanladığı arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan və 25 il 4 ay sığorta stajına malik olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, kolxozda -23 il 4 ay –illik minimum a/günü 200 a/gün nəzərə alınmaqla, 2 il hərbi xidmət cəmi 25 il 4 ay sosial sığorta stajıyaranır ki, bununlavətəndaşın xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. Göründüyü kimi, hazırkı iddianın təmin edilməsində İddiaçıun hüquqi marağı mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2019cu il tarixli 2-1(102)-455/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və toplanmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına səbəb olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-un Balakən rayon şöbəsinin iddiaçının Balakən rayonu Şərif kəndində fəaliyyət göstərmiş “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-815/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialının apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar