Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-387/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X6 ünvan 1 ünvanından pasport qediyyatından çıxarılması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(116)-1513/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X6 ünvan 1 ünvanından pasport qediyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (zəruri cəlbetmə)
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 3 saylı binada yerləşən 21 saylı mənzil 09 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə iddiaçının adına qeydiyyata alınmış və tam mülkiyyətindədir. Ona son günlərdə məlum olmuşdur ki, X8 adlı şəxs onun evində qeydiyyatdadır. Həmin şəxsi tanımır. Üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan bundan imtina etmişdir.
4. Üçüncü şəxs iddiaya etirazında bildirmişdir ki, Nəriman Nərimanov küçəsi ev 3, mənzil 21 ünvanında yerləşən mübahisəli mənzilin keçmiş mülkiyyətçisi nənəsi - X9 xx.xx.2005-ci il tarixində onu birgə yaşadıqları həmin mənzilə qeydiyyata yazdırmışdır. xx.xx.2013-cü il tarixində Donara Quliyeva mübahisəli mənzildə demək olar ki, heç yaşamayan qızı X2 bağışlamış, lakin bundan sonra da o həmin mənzildə yaşamağa davam etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)- 1104/2021 saylı qətnaməsi ilə onun mübahisəli evə köçürülmə tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(107)-721/2022 qətnaməsinə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)- 1104/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsindən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Mənzilin keçmiş mülkiyyətçisi nənəsi Donara Quliyevanın onu həmin mənzilə qeydiyyata yazdırması mübahisəli mənzilə istifadə hüququnun yaranmasına səbəb olmuşdur. Hazırda isə mülkiyyətində heç bir əmlak yoxdur və qeydiyyatda olduğu tək mülk həmin mübahisəli mənzildir. Mübahisəli evə istifadə hüquqları vardır və buna yalnız kompensasiya yolu ilə xitam verilə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 18 aprel 2023-cü il tarixli, 2- 1(116)-1513/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd edilmişdir ki, üçüncü şəxsin onun evinə köçürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. X13 həmin iddia tələbi Ali Məhkəmədə baxılan zaman rədd edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(116)-1513/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2- 1(116)-1513/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh və üçüncü şəxs ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2023-cü il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxs X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(107)-530/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər X4 və X5 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı X6 Mi9ngəçevir şəhər N.Nərimanov prospekti 3 nömrəli evin 21 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X4 və vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)- 721/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(102)- 72/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(107)- 530/2023 nömrəli qətnaməsi ilə cavabdeh X4 və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)- 1104/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı X8 cavabdehlər X4 və X5 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin hakimi Elçin Hüseynov tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 2(107)-530/2023 nömrəli məktubdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(107)-530/2023 nömrəli qətnaməsi 5 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almşdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Üçüncü şəxs həmin ünvanda müvəqqəti olaraq fərqli ünvanda yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)-1104/2021 saylı qətnaməsi ilə onun mübahisəli evə köçürülmə tələbi təmin edilmiş,qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə üçüncü şəxs iddiaçıya münasibətdə ailə üzvü sayılmır, lakin üçüncü şəxsin həmin mənzildən istifadə hüququ mövcuddur. Belə ki,qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X6 ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyasına təqdim olunmuş və iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(107)- 530/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər X4 və X5 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir.
24. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı X6 Mi9ngəçevir şəhər N.Nərimanov prospekti 3 nömrəli evin 21 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X4 və vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(102)- 72/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(107)-721/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(107)-530/2023 nömrəli qətnaməsi ilə cavabdeh X4 və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-1104/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı X8 cavabdehlər X4 və X5 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.
28. X12 Məhkəməsinin hakimi Elçin Hüseynov tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 2(107)-530/2023 nömrəli məktubdan müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(107)-530/2023 nömrəli qətnaməsi 5 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almşdır.
29. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında.
30. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.
31. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir.
32. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
34. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
35. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
36. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs X1 mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı halda, onun qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı özünə məxsus mənzildən həmin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək Cavabdeh üzərinə üçüncü şəxs X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(116)-1513/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Üçüncü şəxs X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.