Məhkəmə qərarları › İş №2-1(107)-388/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-388/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-388/2025 29.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)- 721/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. İddiaçı, Vətən müharibəsi zamanı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Oğuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü vəzifəsində işləmişdir.

2. "Oğuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixi, 18-1-64/3-791/2024 №-li arayışından görünür ki, iddiaçı, "Oğuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 700 №-li əmrinə əsasən xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək, 802 №-li əmrinə əsasən xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək 90-JM953 dövlət nömrə nişanlı avtomobillə yaralı daşımaq məqsədilə Füzuli rayon Diaqnostika Mərkəzinə xidməti olaraq ezam olunmuşdur.

3. Ezamiyyə vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2020-ci ildə Oğuz rayonundan Füzuli rayonuna, xx.xx.2020-ci ildə Füzuli rayonundan Oğuz rayonuna getmişdir. İddiaçının vəzifəsi – “sürücü”, təyinat məntəqəsi – “Füzuli RMX”, ezamiyyətin məqsədi – “xidməti” qeyd edilmişdir.

4. TƏBİB “X3 Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 01 №-li arayışından görünür ki, iddiaçı, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X3 Mərkəzinə yaralı hərbçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur.

5. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə sənədlərinin "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

6. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2018-ci ildən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Oğuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində sürücü vəzifəsində işləməyə başlamış, işlədiyi orqanın direktorunun 700 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasına - Füzuli şəhərinə ezam olunmuşdur. Göstərilən tarixlərdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə yaralı hərbçilərin və şəhidlərin X3 Mərkəzinə daşınmasında iştirak etmişdir. Daha sonra iddiaçı yenidən 05 noyabr 2020-ci ildən 11 noyabr 2020-ci ilədək Füzuli Rayon Mərkəzi Xəstəxanasına - Füzuli şəhərinə ezam olunmuş və Şuşa şəhərinədək yaralı hərbçilərin və şəhidlərin daşınmasında iştirak etmişdir. İddiaçı “müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıın döyüş əməliyyatları aparılan dövrdə - xx.xx.2020-10.11,2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir.

8. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hası rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmədiyini bildirmişdir.

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)- 2-1(116)-721/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"-yə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunaraq müharibə veteranı adı verilir. Həmçinin, müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur.

11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidmət) münasibəti olmamış, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) döyüş tapşırıqlarının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamışdır. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” 24 may 2024-cü il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsini məqsədəuyğun hesab etmədiyinə dair qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2- 1(116)-721/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

tətbiq edilən hüquq

15. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə: 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir.

24. Cavabdeh orqanın iddia tələbinə etirazının başlıca dəlili iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər hansı rəsmi əmək (xidmət) münasibətinin olmaması, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) döyüş tapşırıqlarının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlıdır.

25. Lakin, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı, "Oğuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 700 №-li əmrinə əsasən xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək, 802 №-li əmrinə əsasən xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək 90-JM953 dövlət nömrə nişanlı avtomobillə yaralı daşımaq məqsədilə Füzuli rayon Diaqnostika Mərkəzinə xidməti olaraq ezam olunaraq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X3 Mərkəzinə yaralı hərbçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur.

26. İddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-3069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, hazırkı qərarın 13-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir.

28. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 13-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)-721/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar