Məhkəmə qərarları › İş №2-1(107)-389/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-389/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-389/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2-1(116)-549/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 03 iyun 1985-ci ildə başlamış, 03 iyun 1985-ci ildən 26 dekabr 1986-cı ilədək Yevlax şəhəri 3 Nömrəli X4 təftiş üzrə dezinfektor, 26 dekabr 1986-cı ildən 03 aprel 1989cu ilədək 03 aprel 1989-cu ildən 30 iyun 2004-cü ilədək xadimə, 13 avqust 2007-ci ildən 05 yanvar 2011-ci ilədək "xxxx" SC Birləşmiş Sukanal İdarəsi MMC Yevlax Sukanal İdarəsinin Dəmiryolu su təsərrüfatı istismarı sahəsində nasos qurğularının maşinisti, 01 mart 2011-ci ildən 01 iyun 2011-ci ilədək "xxxx" SC Birləşmiş Sukanal İdarəsi “Kür” nasos stansiyasında nasos qurğularının maşinisti, 01 iyun 2011- ci ildən 02 dekabr 2013-cü ilədək Su kəmərlərinin istismarı sahəsində 0,5 ştat vahidi ilə istehsalat sahəsini və xidməti otaqları yığışdıran, 02 dekabr 2013-cü ildən 01 iyun 2016-cı ilədək həmin müəssisədə tam ştat vahidində eyni vəzifədə, əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 01 iyun 2016cı ildən 23 noyabr 2016-cı ildən “Su və kanalizasiya sistemlərinin istismarı sahəsi”ndə istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifələrində çalışmışdır. 15 fevral 2023cü il tarixində (63 yaş) yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialına müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu verilmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, G.lsmayılovanın təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun sığorta stajının 9 il 1 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu qeyd olunmuşdur. Qeyd edək ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı 9 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 4.095,32 manat olmaqla qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan Yevlax şəhəri 3 №li X4 xx.xx.1985-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Mərkəzi-Aran regional filialının müvafiq xidməti məktubuna əsasən sözügedən dövrlər barədə inzibati orqan tərəfindən müvafiq araşdırılma aparılmış, lakin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X7 filialının xx.xx.2023-cü il tarixli 3- 48-1-252/2023 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Yevlax şəhəri 3 №-li X5 sənədləri mühafizə olunmaq üçün X7 filialına təhvil verilməyib. Beləliklə, iddiaçının Yevlax şəhəri 3 №li X4 xx.xx.1985-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti (19 il 27 gün) mübahisəli dövr olaraq onun sosial sığorta stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının iddiasının mümkün olmaması bildirilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 9 aprel 2024-cü il tarixli, 2- 1(116)-549/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2-1(116)-549/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2-1(116)-549/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2-1(116)- 549/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçası. - 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

16. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

18. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. .

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

25. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

26. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 63 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1960-ci ildə doğulub).

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən çoxdur.Bu iddiaçıya məxsus ИТ-İ №1009002 saylı Əmək kitabçasına və iş materiallarına əsasən aşağıdakı qaydada hesablanmışdır : 1. Yevlax şəhəri 3 Nömrəli X4 təftiş üzrə : a) dezinfektor xx.xx.1985-ci ildən xx.xx.1986-cı illərdə 01 il 06 ay 23 gün müddətdə; b) xadimə xx.xx.1986-ci ildən xx.xx.2004-cü ilədək xadimə işi üzrə - 17 il 06 ay 4 gün müddətdə; 2. "xxxx" SC Birləşmiş Sukanal İdarəsi MMC Yevlax Sukanal İdarəsinin Dəmiryolu su təsərrüfatı istismarı sahəsində nasos qurğularının maşinisti vəzifəsi üzrə xx.xx.2007-ci ildən xx.xx.2011-cu ilədək-03 il 4 ay 22 gün müddətdə; 3. "xxxx" SC Birləşmiş Sukanal İdarəsi “Kür” nasos stansiyasında müxtəlif vəzifələr üzrə xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək-05 il 8 ay 22 gün müddətdə.

28. Cavabdehin apellyasiya şikayətinin dəlili Yevlax şəhəri 3 Nömrəli X5 sənədlərinin arxivə təhvil verilməməsi ilə bağlı olmuşdur.

29. Həmin dəlilə münasibnbətdə kollegiya bildirir ki, iddiaçının xx.xx.1985-ci il tarxində Yevlax şəhəri 3 Nömrəli X4 təftiş üzrə dezinfektor vəzifəsində, həmçinin xx.xx.1986-ci ildən xx.xx.2004-cü ilədək xadimə işinə qəbul olunduğuna dair əmək kitabçasında qeydlər aparılmışdır. Həmin qeydin mötəbərliyini istisna edən sübut cavabdeh tərəfindən təqdim edilməmiş,məhkəmə araşdırması zamanı belə hal aşkar edilməmişdir.

30. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

31. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.

32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.

33. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2-1(116)-549/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar