Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-389/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-780/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əmək pensiyasının yenidən hesablanması və yeni hesablanmaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6814/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən işlədiyi illər tam şəkildə nəzərə alınmamışdır. Belə ki, o, 1991-ci il iyunun 4-dən xx.xx.2020-ci il tarixə kimi polis orqanlarında işləmişdir. xx.xx.2017-ci il tarixdə təqaüdə çıxmışdır. 516.00 manat ona bir zabit kimi təqaüd hesablanmışdır. Bir il müddətdən sonra 2019-cu il may ayında yenidən polis orqanlarında işə başlamışdır. xx.xx.2020-ci ildə yenidən təqaüdə çıxmışdır. Halhazırda 918.00 manat təqaüd alır. Onun təqaüdü düzgün hesablanmamışdır. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən xx.xx.1971-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının Mərkəzi filiala xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-25471/2024 nömrəli məktubla iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqində qeyd olunan 33 il 2 ay 13 gün xidmət müddətinə uyğun olaraq Qanunun 20.14.1-ci maddəsinə əsasən ona 24 sentyabr 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən təminat xərcliyinin (677,20 manat) 76,34 faizi- 516,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. - Fondun müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; -1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçı xidmət etdiyi orqandan 23 sentyabr 2017-ci il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqində xidmət müddəti 33 il 2 ay 13 gün (28 il 1 ay 13 gün təqvimi, 5 il 1 ay güzəştli) göstərilib. Bu halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilir: 1. Təqvim illəri üzrə stajından xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzindəki stajı (2 ay 22 gün) çıxılır: 28 il 1 ay 13 gün (təqvim ili)-2 ay 22 gün = 27 il 10 ay 21 gün. Deməli adıçəkilən şəxsin xx.xx.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə stajı ümumilikdə 32 il 11 ay 21 gün (27 il 10 ay 21 gün+5 il 1 ay) təşkil edir. 2. xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə-20 il üçün - təminat xərcliyinin 50 faizi; -12 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci İİ tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzerdə tutulmayıb)) hər ilə görə 3 faizi miqdarında olmaqla (12x3) təminat xərcliyinin 36 faizi; 3. xx.xx.2017xx.xx.2017-ci il tarixləri arasındakı (2 ay 22 gün) müddəti üçün isə; - 2 aya görə təminat xərcliyin 0,33 faizi miqdarında müəyyən edilir. 4. Əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (677,20 manat) 86,33 faizi (50+36+0,33) 584,63 manat məbləğində hesablanıb.. - 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 617,76 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 426,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 228,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 864,80 manat təşkil edib. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli 142 nömrəli Fərmanın 2.5ci bəndinə və Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Bununla əlaqədar əmək pensiyası təminat xərcliyindəki sonrakı artım zamanı aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (13 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (13x2) təminat xərcliyinin 26 faizi; - natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,33 faizi. - İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 76,33 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (677,20 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (864,80 manat) arasındakı fərq məbləğinin (187,60 manat) 76,33 faizi- 143,20 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (584,63 manat) üzərinə əlavə olunmaqla 727,83 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının həmin tarixdən 800,61 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 918,30 manata artırılaraq ödənilməkdədir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilər. Həmin qanunun 2.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun yeni redaksiyada verilmiş 9.6cı maddəsi əmək pensiyalarının həmin Qanunun qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilənləri nəzərə alaraq, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi tərxis olunaraq əmək pensiyası təyin edilmiş şəxs yenidən əmək pensiyaçısı kimi xidmətə cəlb edildikdən ən azı 72 ay xidmət etdikdən sonra tərxis olunarsa ona dair sonuncu xidmət keçdiyi orqan tərəfindən göndəriləcək müvafiq məlumat vərəqəsinə əsasən əmək pensiyası yenidən hesablana bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür.
7. Cavabdeh orqan tərəfindən daha sonra etiraza əlavə təqdim edilərək qeyd edilmişdir ki, iddiaçının 13 may 2020-ci il tarixdə yenidən ehtiyata buraxılması ilə əlaqədar sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş məlumat vərəqində təqvimi xidmət illəri 34 il 2 ay 2 gün etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmədiyi üçün əmək pensiyanın yeni məlumat vərəqinə əsasən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır.
8. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, - cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli, xx.xx.2020, xx.xx.2020, xx.xx.2019-cu il tarixli qərarları, - Pensiyaçının 17/5248 nömrəli uçot vərəqi.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 mart 2025-ci il tarixli 2- 1(116)-780/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı 33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin verilməsinə nail olmaqdır. İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqinə əsasən, onun xidmət müddəti 33 il 2 ay 13 gün olaraq göstərilmişdir. Bu xidmət müddətinə uyğun olaraq, ilkin mərhələdə əmək pensiyasının ümumi məbləği, tərxis olunduğu günə müəyyən edilmiş təminat xərcliyinin (677,20 manat) 86,33 faizi (yəni 50% + 36% + 0,33%) hesablanmış və nəticədə 584,63 manat təşkil etmişdir. Daha sonra isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.5-ci bəndinə və "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq pensiyanın məbləği yenidən hesablanmışdır. Bu hesablama zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq olan 13 il üçün hər il üzrə 2 faiz olmaqla (13×2) — 26 faiz və natamam xidmət müddəti olan 2 ay üçün mütənasib olaraq — 0,33 faiz nəzərə alınmış və nəticədə pensiyanın təminat xərcliyinə görə ümumi faiz dərəcəsi 76,33 faiz müəyyən edilmişdir. Bununla yanaşı, cavabdeh orqan xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qaydasının qanunvericilikdə nəzərdə tutulmadığını əsas gətirərək, iddiaçıya pensiya təyin edilərkən tam il təşkil etməyən dövrü (11 ay 21 gün) nəzərə almamışdır. Göründüyü kimi, cavabdeh orqan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş maddi hüquq normasının tələblərinə uyğun olaraq, ilkin mərhələdə iddiaçının əmək pensiyasını 20 ildən artıq xidmət müddətinə münasibətdə hər il üçün 3 faiz dərəcəsi ilə düzgün hesablamış, lakin sonradan həmin normada edilmiş dəyişiklikləri əsas götürərək 20 ildən artıq xidmət müddətinə 2 faiz tətbiq etmiş və nəticədə pensiyanın faiz dərəcəsini 76,33 faizə endirmişdir. - Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası həmin dövrdə qanunvericilikdə qüvvədə olmuş maddi hüquq norması olduğundan və iddiaçının əmək pensiyası hüququ məhz həmin müddət ərzində formalaşdığından, həmin hüququn qanunvericiliyin dəyişdirilmiş yeni normasına əsasən sonradan azaldılması yolverilməzdir. Qanunvericilikdə edilmiş müvafiq dəyişiklik xx.xx.2017-ci il tarixindən sonrakı xidmət müddətinə münasibətdə faiz dərəcəsini - 2 faiz müəyyən etmişdir. Qanunverici tərəfindən 3 faiz dərəcəsinin tətbiqi ilə bağlı müddəa ləğv edilənədək qüvvədə olmuş və bu dövrdə formalaşmış hüquqi nəticələr (xidmət müddəti və bu müddətə görə əlavələr) sonrakı dəyişikliklərlə dəyişdirilə bilməz. Əks yanaşma hüquqi sabitliyə və qazanılmış pensiya hüququna müdaxilə ilə nəticələnə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, istinad olunan normada 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavənin nəzərdə tutulması tam il başa çatmayan müddət üzrə hesablamanın aparılmasını istisna etmir. Yəni, qanunverici 20 ildən yuxarı hər il üçün hesablanmalı əlavənin məbləğini 3 faiz müəyyən etdiyindən, cavabdeh orqan tamamlanmamış ilə münasibətdə (natamam ildəki iş stajı aylarının sayına mütənasib) əlavəni həmin 3 faizə uyğun hesablamalı idi. Natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmanın aparılmasının konkret mexanizmi müəyyən edilənədək qanunvericilikdə natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı qadağanedici norma mövcud olmamış, qanunverici tam il üçün maksimum hədd müəyyən etməklə kifayətlənmiş, müəyyən edilmiş maksimum həddə münasibətdə konkret faizin müəyyən edilməsi isə cavabdeh orqanın səlahiyyətində olmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın xx.xx.2017-ci il tarixdən sonra qanunvericiliyə edilmiş dəyişiklik əsasında həmin tarixədək artıq qazanılmış 20 ildən artıq xidmət müddəti üçün 2 faiz tətbiq etməsi və tam il bitməyən dövrü (11 ay 21 gün) pensiya təyinatı aparılan zaman nəzərə almaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-780/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməlidir. Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-513/2022 nömrəli qərarının 29-cu bəndində “qazanılmış hüquq” prinsipi barədə qeyd edilmişdir ki, sözügedən prinsipin tələblərinə müvafiq olaraq əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Ali Məhkəmənin qeyd edilmiş qərarında da qazanılmış hüquqa anlayış verilərkən qeyd edilir ki, qazanılmış hüquq prinsipinə müvafiq olaraq hüquq əvvəlki qanunvericiliyə əsasən yaranarsa, indiki qanunvericiliyin tələbləri şəxsin hüququnu məhdudlaşdıra və ya ortadan qaldıra bilməz. Odur ki, iddiaçıya o dövrün qanunvericliyinin tələbləri əsasında qazanmış olduğu hüquqa uyğun olaraq əmək pensiyası təyin edilmişdir. - Məhkəmənin qərarının əsaslandırma hissəsindən görünür ki, inzibati orqanın iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 86,33%dən 76,33%-dək azaldılmaqla hesablanması məhkəmə tərəfindən yanlış şərh olunmuşdur. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçıya münasibətdə pensiya təyin olunan zaman xidmət illərinə görə əlavəsinin hesablanması zamanı nəzərə alınmış məbləğ (yəni, faiz dərəcəsi, 86,33%) Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə azaldılaraq xidmət illərinə görə əlavəsi 76,33%-ə çatdırılaraq hesablanmışdır. Lakin bildiririk ki, Fərmana əsasən, iddiaçıya təyin olunmuş əmək pensiyasına sonrakı artımların hesablanması qaydaları və faizi dəyişdiyindən qeyd edilən Fərmanla iddiaçının vəziyyəti ağırlaşmamış, əmək pensiyasına sonrakı artımların faizi dəyişdirilmişdir. - Bundan başqa qeyd edirik ki, əgər məhkəmənin qeyd etdiyi kimi sonrakı artımlarda edilən dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdıran hal kimi qəbul edilməlidirsə, bu zaman “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama əsasən, 2023-cü il 1 yanvar tarixədək bu qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanması qaydası da xidmət illərinə görə əlavə alan bütün növ əmək pensiyaçılarının vəziyyətini ağırlaşdırır. Lakin bu mövqe tamamən yanlışdır və bu cür qiymətləndirilməməlidir. Belə ki, qeyd edilən dəyişiklik cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinə sonrakı artımların faiz dərəcəsidir ki, bu da pensiyaya olunan növbəti artımların yenidən hesablanması deməkdir. Bu isə hesablanma qaydasının dəyişməsi olaraq qəbul edilməli və nəzərə alınmalıdır ki, hesablanma qaydasının dəyişməsi dövlətin sosial sahədə həyata keçirdiyi siyasətdən asılıdır. İddiaçı əmək pensiyasında hər hansı azalmaya səbəb olan və ya onun hüquqi vəziyyətini ağırlaşdıran hüquqi akt geriyə şamil olunmamışdır. Yəni, Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı yalnız sözügedən fərmanın qüvvəyə mindiyi tarixdən sonra onun əmək pensiyasına sonrakı artımlar edilən zaman tətbiq edilmişdir ki, fərmanda da bu nəzərdə tutulmuşdur. - Məhkəmənin özünün də qeyd etdiyi kimi, xx.xx.2017-ci il tarixinə qədər olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir. Daha sonraki redaksiyada natamam ildəki iş stajının aylarının da hesablanması nəzərdə tutulsa da, bu 20 ildən əlavə tam iş stajı illərinin və sözügedən natamam iş stajı dövrlərinin 2%-lə hesablanması şərti ilə hesablanır. Yəni, iddiaçının natamam iş stajı illərinin 2%-ə mütanasib deyildə, 3%-ə mütənasib onun əmək pensiyasına yenidən hesablanması qanunvericinin tələblərinin pozulması və yanlış şərh edilməsi deməkdir. Həmçinin yalnız sözügedən maddənin natamam iş stajı aylarının sayına mütənasib olaraq (3%-lə) hesablanması hissəsinin tətbiq edilməsi yolverilməzdir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-780/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi)
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (iddiaçıya əmək pensiyası təyin edilən tarixdə qüvvədə olan redaksiyada) 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla ... müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (hazırda qüvvədə olan redaksiyada) Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: Bənd 5.10. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır.
21. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir) 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. Belə ki, cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Fərmana əsasən, iddiaçıya təyin olunmuş əmək pensiyasına sonrakı artımların hesablanması qaydaları və faizi dəyişdiyindən qeyd edilən Fərmanla iddiaçının vəziyyəti ağırlaşmamış, əmək pensiyasına sonrakı artımların faizi dəyişdirilmişdir.
29. Eyni zamanda, xx.xx.2017-ci il tarixinə qədər olan redaksiyada, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir. Daha sonraki redaksiyada natamam ildəki iş stajının aylarının da hesablanması nəzərdə tutulsa da, bu 20 ildən əlavə tam iş stajı illərinin və sözügedən natamam iş stajı dövrlərinin 2%-lə hesablanması şərti ilə hesablanır. Yəni, iddiaçının natamam iş stajı illərinin 2%-ə mütanasib deyildə, 3%-ə mütənasib onun əmək pensiyasına yenidən hesablanması qanunvericinin tələblərinin pozulması və yanlış şərh edilməsi deməkdir. Həmçinin yalnız sözügedən maddənin natamam iş stajı aylarının sayına mütənasib olaraq (3%-lə) hesablanması hissəsinin tətbiq edilməsi yolverilməzdir.
30. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqinə əsasən, onun xidmət müddəti 33 il 2 ay 13 gün olaraq göstərilmişdir. Bu xidmət müddətinə uyğun olaraq, ilkin mərhələdə əmək pensiyasının ümumi məbləği, tərxis olunduğu günə müəyyən edilmiş təminat xərcliyinin (677,20 manat) 86,33 faizi (yəni 50% + 36% + 0,33%) hesablanmış və nəticədə 584,63 manat təşkil etmişdir.
31. Daha sonra isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.5-ci bəndinə və "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq pensiyanın məbləği yenidən hesablanmışdır. Bu hesablama zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq olan 13 il üçün hər il üzrə 2 faiz olmaqla (13×2) — 26 faiz və natamam xidmət müddəti olan 2 ay üçün mütənasib olaraq — 0,33 faiz nəzərə alınmış və nəticədə pensiyanın təminat xərcliyinə görə ümumi faiz dərəcəsi 76,33 faiz müəyyən edilmişdir.
32. Bununla yanaşı, cavabdeh orqan xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qaydasının qanunvericilikdə nəzərdə tutulmadığını əsas gətirərək, iddiaçıya pensiya təyin edilərkən tam il təşkil etməyən dövrü (11 ay 21 gün) nəzərə almamışdır.
33. Göründüyü kimi, cavabdeh orqan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş maddi hüquq normasının tələblərinə uyğun olaraq, ilkin mərhələdə iddiaçının əmək pensiyasını 20 ildən artıq xidmət müddətinə münasibətdə hər il üçün 3 faiz dərəcəsi ilə düzgün hesablamış, lakin sonradan həmin normada edilmiş dəyişiklikləri əsas götürərək 20 ildən artıq xidmət müddətinə 2 faiz tətbiq etmiş və nəticədə pensiyanın faiz dərəcəsini 76,33 faizə endirmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri etiraz ərizəsi ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası həmin dövrdə qanunvericilikdə qüvvədə olmuş maddi hüquq norması olduğundan və iddiaçının əmək pensiyası hüququ məhz həmin müddət ərzində formalaşdığından, həmin hüququn qanunvericiliyin dəyişdirilmiş yeni normasına əsasən sonradan azaldılması yolverilməzdir.
35. Qanunvericilikdə edilmiş müvafiq dəyişiklik xx.xx.2017-ci il tarixindən sonrakı xidmət müddətinə münasibətdə faiz dərəcəsini - 2 faiz müəyyən etmişdir. Qanunverici tərəfindən 3 faiz dərəcəsinin tətbiqi ilə bağlı müddəa ləğv edilənədək qüvvədə olmuş və bu dövrdə formalaşmış hüquqi nəticələr (xidmət müddəti və bu müddətə görə əlavələr) sonrakı dəyişikliklərlə dəyişdirilə bilməz. Əks yanaşma hüquqi sabitliyə və qazanılmış pensiya hüququna müdaxilə ilə nəticələnə bilər.
36. O da qeyd olunmalıdır ki, istinad olunan normada 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavənin nəzərdə tutulması tam il başa çatmayan müddət üzrə hesablamanın aparılmasını istisna etmir. Yəni, qanunverici 20 ildən yuxarı hər il üçün hesablanmalı əlavənin məbləğini 3 faiz müəyyən etdiyindən, cavabdeh orqan tamamlanmamış ilə münasibətdə (natamam ildəki iş stajı aylarının sayına mütənasib) əlavəni həmin 3 faizə uyğun hesablamalı idi. Natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmanın aparılmasının konkret mexanizmi müəyyən edilənədək qanunvericilikdə natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı qadağanedici norma mövcud olmamış, qanunverici tam il üçün maksimum hədd müəyyən etməklə kifayətlənmiş, müəyyən edilmiş maksimum həddə münasibətdə konkret faizin müəyyən edilməsi isə cavabdeh orqanın səlahiyyətində olmuşdur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı 33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-780/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.