Məhkəmə qərarları › İş №2-1(107)-39/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-39/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-39/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı-İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialına qarşı “cavabdehin ondan 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-966/2021 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininTibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial Ekspert Komissiyasının 18 yanvar 2018-ci il tarixli rəyinə əsasən ikinci dərəcəli əlillik verilmişdir. Müəyyən olunan əlillik dərəcəsinə əsasən 18.01.2018-ci il tarixindən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş və 31.05.2019-cu il tarixədək olan müddət ərzində ona ümumilikdə 7399.17 manat məbləğində pensiya ödənilmişdir. Daha sonra iddiaçının əlillik dərəcəsi "xxxx" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 15.04.2019-cu il tarixli NVS-132 nömrəli məktuba əsasən Tibbi Sosial Ekspert Komissiyasının 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız edilmişdir. İddiaçının əlillik dərəcəsi etibarsız edildiyi üçün təyin olunmuş əmək pensiyasının ödənilməsi də dayandırılmış və iddiaçıya 18.01.2018-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi ödənilmiş məbləğin qanunvericiliyə uyğun qaydada geri qaytarılmalı olduğu bildirilmiş, iddiaçı bununla razı olmadığı üçün cavabdeh tərəfindən 09.04.2021-ci il tarixdə mübahisə predmeti olan qərar qəbul olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ondan 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb belə əsaslandırılmışdır ki, 24 aprel 2021-ci il tarixdə poçt xidməti vasitəsi ilə iddiaçıya barəsində şikayət verilən Q/74 nömrəli 09.04.2021-ci il tarixli Qərar çatdırılmışdır. Qərarın mətni ilə tanış olarkən iddiaçı bu iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialının ondan 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə Qərar qəbul etdiyindən və onun məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsindən xəbər tutmuşdur. İddiaçı cavabdehin 09.04.2021-ci il tarixli Q/74 nömrəli Qərarını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 17.06.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, Tibbi-sosial Ekspert Komissiyasının 18 yanvar 2018-ci il tarixli rəyinə əsasən iddiaçıya ikinci dərəcəli əlillik verilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.2-ci maddəsinə əsasən 462,45 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra İddiaçı 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə 7399,17 manat məbləğində pensiya ödənilmişdir. Sonradan 13 may 2019-cu il tarixli aktına əsasən İddiaçı əlilliyi “Tibbi arayışların elektron registri”ndə etibarsız edilmiş, və təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırılmışdır. İddiaçı 22 fevral 2021-ci il və 11 mart 2021-ci il tarixlərində rəsmi məlumat verilməsinə baxmayaraq, o, artıq ödənilmiş pensiya məbləği şöbənin hesabına bərpa edilməmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Birinci instansiya məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 27 avqust 2021-ci il tarixli, 2- 1(116)-966/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialına qarşı “cavabdehin ondan 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktı qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-966/2021 saylı qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-966/2021 saylı qərarı qanunsuz və əsassızdır. Məhkəmə işə baxarkən mühünm əhəmiyyətli olan bütün faktiki halları tam və hərtərərfli araşdırmamış, nəticə etibarı ilə onun hüquqları pozan qərar qəbul etmişdir. Məhkə işə baxarkan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-966/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxardılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-966/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar çıxardılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-966/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, mahiyyət etibarı ilə əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddələrinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarına istinad etmişdir. İşə apellyasiya icraatında baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İş materiallarında olan “Tibbi-sosial ekspertiza müayindəsindən çıxarış”dan görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik 18.01.2018-ci ildə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş və növbəti müayinə tarixi 18.01.2023-cü il olaraq qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 23.01.2018-ci il tarixdə ƏƏSMN yanında DSMF Ağdaş rayon şöbəsinə ərizə ilə müraciət etmiş və ona 18.01.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşa 31.05.2019-cu il tarixədək 7399.17 manat pensiya ödənilmişdir. Fondun ********** nömrəli məktubuna əsasən vətəndaşın əlilliyi "xxxx" QSC tərəfindən ünvanlanmış 25.04.2019-cu il tarixli, NVS-132 nömrəli məktubu əsasında etibarsız edilmiş və ona 18.01.2018-ci il tarixdən 31.05.2019cu il tarixədək artıq ödənilmiş məbləğin geri qaytarılması üçün zəruri tədbirlər görülməsinə baxmayaraq artıq ödənilmiş məbləğin ödənilməsindən imtina edilmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 22.02.2021-ci il tarixli bildirişdə qeyd edilir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı RƏF məlumat üçün bildirir ki, Sizin əlilliyiniz Tibbi-Sosial Ekspertiza və X1 etibarsız edildiyi üçün X3 Sizin əlilliyə görə əmək pensiyanız 18.01.2018ci il tarixdən etibarsız edilmişdir. 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək artıq aldığınız 7399.17 manat pensiya məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 gün ərzində hesaba bərpa etməyinizi Sizdən xahiş edirik”. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı 11.03.2021-ci il tarixli xəbərdarlıqda qeyd edilir ki, “Bildiririk ki, əlilliyiniz Tibbi-Sosial Ekspertiza və Reablitasiya Alt sistemində etibarsız hesab edilmişdir. 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək artıq aldığınız 7399.17 manat (yeddi min üç yüz doxsan doqquz manat 17 qəpik) pensiya məbləğinin 10 iş günü ərzində hesaba bərpa etməyiniz haqda Sizə 22.02.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Qeyd olunan müddət keçməsinə baxmayaraq ödəniş təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 iş günü ərzində həmin pensiya məbləğinin hesaba bərpa etməyiniz haqda Sizə xəbərdarlıq məktubu göndəririk. Ödəniş təmin edilmədiyi təqdirdə “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən DSMF X8 13 saylı Regional Ərazi filialından almış olduğunuz 7399.17 manat pensiya məbləğinin məcburi qaydada alınması haqda qərar qəbul edib icra olunması uçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərəcəkdir”. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı 09.04.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Bildiririk ki, Tibbi Sosial Ekspertiza və X1 əlilliyiniz etibarsız hesab edilmişdir. Ona görə də 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək artıq aldığınız 7399.17 manat (yeddi min üç yüz doxsan doqquzman 17 qəpik) pensiya məbləği geri qaytarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialı “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən artıq aldığınız 7399.17 manat pensiya məbləğinin alınıb DSMF X8 13 saylı Regional Ərazi filialının hesabına ödənilməsi haqda qərar qəbul etmişdir. Qərarın bir nüxsəsini məlumat və ödənişi həyata keçirmək üçün bank rekviziti ilə birlikdə Sizə göndəririk”. İş materiallarında olan cavabdeh orqanın 09.04.2021-ci il tarixli, Q/74 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialının Ağdaş rayonu Yuxarı Qəsil kənd sakini İddiaçı artıq aldığı 7399.17 manat (yeddi min üç yüz doxsan doqquz man 17 qəpik) məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi, həmin qərarın məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh orqanın Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 18.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialı “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən Ağdaş rayonu Yuxarı Qəsil kənd sakini İddiaçı artıq aldığı 7399.17 manat (yeddi min üç yüz doxsan doqquz man 17 qəpik) məbləğində əmək pensiyasının alınıb Nazirlik tabeliyində DSMF X8 13 saylı Regional Ərazi filialının hesabına ödənilməsi haqqında qəbul etdiyi Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən icra olunması üçün Sizə göndərir”. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadıgı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın artıq aldığı əmək pensiyasının geri qaytarlması haqqında Q\74 nömrəli 09.04.2021-ci il tarixli qərarın ləgv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Göründüyü kimi, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə istinad etməklə mübahisə predmeti olan qərarı qəbul etmək səlahiyyəti olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)- 966/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi Filialının İddiaçı 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-966/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 13 saylı Regional Ərazi filialının İddiaçı 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarı ləğv olunsun. Qərardan 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ- 1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar