Məhkəmə qərarları › İş №2-1(107)-39/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-39/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-39/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi 128 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması və xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin həmin ödənişlər onun fərdi şəxsi hesabında qeydiyyata alınmamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı xx.xx.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Vətəndaşların müraciəti haqqında” Qanunun 12.3.2-ci maddəsinə əsasən müraciətə baxan subyektlər onlara ünvanlanmış məsələlərin həlli üçün lazımi sənədləri tələb etməlidirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində qaldırılan məsələnin araşdırılması üçün lazımi sənədləri (şəxsiyyət vəsiqəsi, pay torpaq mülkiyyətinin olması barədə sənədlər (mülkiyyətində torpaq sahəsinin olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və s.)) əlavə edib ona yenidən Filiala müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı həmçinin analoji tələblə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına da müraciət etmiş, lakin onun müraciət təmin edilməmişdir. Filial xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtina məktubunda qeyd etmişdir ki, mülkiyyətində kənd təsərrüfatı təyinatına yararlı torpaq sahəsi olan şəxs kimi 2013-2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqları ödəməsinə baxmayaraq X1 Sisteminin Pensiya altsistemində pensiya kapitalı əks olunmamışdır. Müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Qeyd olunan sorğu nəticələndikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxılacaqdır. Hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında protokol qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli etiraz məktubunda qeyd olunur ki, idddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Filialın xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə aşağıda qeyd edilənlər əsas göstərilməklə imtina edilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1 2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019- 2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı X1 sisteminin “Sığorta” (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və ya pay torpaq mükiyyətçisi kimi uçota alınmadığından, ödənilmiş məcburi dövlət sosial sığortası haqları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyaları haqqında qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi hesablanır. İş materiallarına əsasən iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağı istifadə edən şəxs olduğunu iddia edir. Təqdim olunan ödəniş qəbzlərinin 2013-2018-ci illərə aid olduğunu nəzərə olaraq Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin “qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır” tələbinə əsasən qanunvericilik aktlarının həmin dövrə məxsus redaksiyası nəzərə alınmalıdır. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Sosial Sığorta haqqında qanunun 13-cü və 14-cü maddələri yeni redaksiyada verilmişdir. Həmin qanunun 13-cü maddəsinin birinci hissəsinin əvvəlki redaksiyasında deyilirdi: Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət huququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. 14-cü maddəsinin 3-cü hissəsinin 3-cü bəndinin əvvəlki redaskiyasında deyilirdi: mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə — 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə — 8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə — 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə — 2 faizi miqdarında. Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Əmr № 440 09 avqust 2006-cı il tarixli “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” qaydalarının 2-ci hissəsinin 7-ci bəndinə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri — mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan bir ay müddətində DSMF orqanlarında uçota alınmalıdırlar. Həmin qaydaların 2-ci hissəsinin 15-ci bəndinə əsasən, Torpaq mülkiyyətçiləri kimi DSMF orqanında uçota alınmamışdan əvvəl mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri özlərini və ailə üzvlərini sığortaolunanlar kimi torpağın olduğu ərazi (torpağa mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ünvan) üzrə DSMF orqanında məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota almalıdırlar. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Əmr № 440 09 avqust 2006-cı il tarixli “Məcburi dövlət sosial sığorta haqqının toplanması” qaydalarınn 47-ci bəndinə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçiləri (sığortaedənlər) 6 №-li rüblük və illik hesabat təqdim edirlər. Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, qeyd olunan maddəyə əsasən, iddiaçının həm əmək fəaliyyət dövrü olmalıdır, həm də bu dövr üçün məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, iddiaçı həm sığortaedən, həm də sığortaolunan kimi torpağa mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ünvan üzrə DSMF orqanında məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota durmalı, rüblük və illik hesabat təqdim etməli idi. İş materiallarından da göründüyü kimi iddiaçı sığortaedən kimi uçota durmamış, rüblük və illik hesabat təqdim etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN584-KOD ********) əsasən, X5 torpaq mülkiyyətçisi, İddiaçı isə onun ailə üzvü kimi qeyd olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1-ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1.9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında; Göründüyü kimi Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin, torpaq mülkiyyətçisi Ç.Qıstarova Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını 24 mart 1999-cu il tarixdə almasına baxmayaraq Fondun yerli orqanında uçota durmamışdır. Mülkiyyətçi Ç.Qıstarovanın ailə üzvü (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən) olan İddiaçı isə X17 filialına 2013-2018-ci illərdə ödəniş tapşırığının təyinatında “torpağın mdss” ifadəsini qeyd edərək 128 manat ödəniş etmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı 4 sentyabr 2021-ci il tarixdə 128 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması barədə Filiala müraciət etmişdir. Filial tərəfindən 20 oktyabr 2021-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə qaldırılan məsələnin araşdırılması üçün lazımi sənədləri (şəxsiyyət vəsiqəsi, pay torpaq mülkiyyətinin olması barədə sənədlər (mülkiyyətində torpaq sahəsinin olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və s.)) əlavə edib yenidən Filiala müraciət edilməsi tövsiyə olunmuş, lakin iddiaçı yuxarda qeyd olunan sənədləri təqdim etməmiş və Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbinin 15 mart 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi isə Filialın səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin sorğuları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən cavablandırıldığından və artıq iş üzrə cavabdeh müəyyən edildiyindən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müvafiq tələblə iddiaçı tərəfindən müraciət edilərək imtina cavabı alındığından Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının əlavə olaraq məhkəmə aktı ilə iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zərurətinin aradan qalxdığını hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 nömrəli saylı qərarı ilə (hаkim Fərid İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı 2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsini cavabdeh orqanın üzərinə qoysa da, Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı hazırkı iddiaya cavab verməli olan inzibati orqan deyildir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsinə əsasən, vətəndaşların ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına əlavə edilməsi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətlərinə aid edilməmişdir. Hazırkı mübahisədə isə, İddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi 2013-2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları ödəməyinə baxmayaraq X1 Sisteminin Pensiya altsistemində pensiya kapitalı əks olunmamışdır. Buna görə də, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bununla belə, iddiaçının ödədiyini iddia etdiyi məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsinə daxil edildikdən sonra ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olacaqdır. Sözügedən məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabının sığorta hissəsinə daxil edilməsi isə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 5 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını yoxlamalıdırlar. Lakin, məhkəmə tərəfindən bu tələbə əhəmiyyət verilməmişdir. Məhkəmə qərarından da göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulmuş öhdəlik Filialın səlahiyyətləri xaricindədir və icrası qanunvericiliyin tələblərinə ziddir, həmçinin qeyri-mümkündür. İş materiallarına əsasən iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağı istifadə edən şəxs olduğunu iddia edir. Təqdim olunan ödəniş qəbzlərinin 2013-2018-ci illərə aid olduğunu nəzərə olaraq Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin “qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır” tələbinə əsasən qanunvericilik aktlarının həmin dövrə məxsus redaksiyası nəzərə alınmalıdır. Həmin qanunun 13-cü maddəsinin birinci hissəsinin əvvəlki redaksiyasında deyilirdi: Qeyrikommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, iddiaçı həm sığortaedən, həm də sığortaolunan kimi torpağa mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ünvan üzrə DSMF orqanında məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçota durmalı, rüblük və illik hesabat təqdim etməli idi. İş materiallarından da göründüyü kimi iddiaçı sığortaedən kimi uçota durmamış, rüblük və illik hesabat təqdim etməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. . Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İş materiallarında olan: “Torpağa mülkiyyət hüququna dair” JN-584 kod 40100048 nömrəli Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, İddiaçı, X11, X10, X13 və X9 verilmişdir. 820520 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İddiaçı "xxxx" Balakən filiaına DSMF torpağın MDSS-i (məcburi dövlət sosial sığorta) təyinatı üzrə: noyabr 2013-cü il tarixli 12 nömrəli qəbzə əsasən 20,40 manat; xx.xx.2014-cü il tarixli 31 nömrəli qəbzə əsasən 22 manat; xx.xx.2015-ci il tarixli 02 nömrəli qəbzə əsasən 22 manat; xx.xx.2016-cı il tarixli TT1903958 nömrəli qəbzə əsasən 22 manat; xx.xx.2017-ci il tarixli TT1862959 nömrəli qəbzə əsasən 24,5 manat; xx.xx.2018-ci il tarixli TT**********759275 nömrəli qəbzə əsasən 27,5 manat məcburi dövlət sosial sığorta haqqını ödəmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 54 nömrəli məktubuna əlavə olunmuş 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitabından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X4 ailə başçısı olmaqla İddiaçı, X11, X10, X13 və X12 onun təsərrüfatında qeydiyyatda olmuşlar. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 54 nömrəli məktubuna əlavə olunmuş 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X2 adının üzərindən xətt çəkilmiş, İddiaçı, X11, X10, X13 və X12 həmin təsərrüfatda qeydiyyatda olmuşlar. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 54 nömrəli məktubuna əlavə olunmuş 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X2 adının üzərindən xətt çəkilmiş, İddiaçı, X11, X10, X13 və X12 həmin təsərrüfatda qeydiyyatda olmuşlar. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 54 nömrəli məktubuna əlavə olunmuş 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ailə başçısı olmaqla X11, X10, X13 və X12 həmin təsərrüfatda qeydiyyatdadırlar. İddiaçı izahatında bildirmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-584 nömrəli Dövlət aktının anasının adına olması səbəbindən xx.xx.2012-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə Məcburi dövlət sosial sığorta haqqı üçün 14,20 manat məbləğdə ödənişi anası X2 adına etmişdir. xx.xx.2012-ci il tarixli seriya CİP/1 237388 nömrəli mədaxil qəbzinin surəti iş materiallarına əlavə edilmiş, əsli xx.xx.2022-ci il tarixli məhkəmə iclasında görülmüşdür. Qəbzdə ödəyici qismində X3 adı, ödəyən qismində isə İddiaçı adı qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının adına **********355 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi açılmışdır. İddiaçı Şəhadətnamənin əslini məhkəməyə təqdim etmiş, surəti iş materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin Balakən rayon filialının xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Kapital Bank ASC-nin Balakən filialında qeyd olunmuş hesaba (h/h ********************; VÖEN 380063541; kod 200695) DSMF Torpağın MDSS təyinatı üzrə 24,5 AZN (x/h 1 AZN) vəsait ödəniş etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını iddiaçının hərbi xidmət dövrü, təhsil müddəti, kolxozda iş stajı və əmək kitabçasına əsasən öz təsdiqini tapmış iş stajı birgə hesablamaqla, aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. İddiaçının 64 yaşda pensiya yaşına çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 22-1-ci maddəsinin mətninə əsasən: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 221.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Cavabdeh həmçinin etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi hesablanır. Beləliklə, məhkəmə kollegiyası araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur. Cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, qanunverici tərəfindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının minimal məbləği müəyyən edilməmiş, sadəcə olaraq hər-hansı pensiya kapitalının qeydə alınması tələbi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən isə xx.xx.2018-ci il tarixədək müxtəlif dövlərdə fərqli məbləğlərdə məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş, bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim olunmuş, ödənişlər arayışlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçının adına Dövlət Sosial Sığorta Şəhadətnaməsinin açıldığı və iddiaçıya təqdim olunduğu müəyyən edilmişdir. Odur ki, ödənilmiş məbləğlərin şəxsin fərdi şəxsi hesabında qeydə alınmaması onun hüquqlarını məhdudlaşdırıcı amil kimi nəzərə alına bilməz. Şəxs tərəfindən ödənişlərin həyata keçirilməsi zamanı ödənilən məbləğin fərdi şəxsi hesabda qeydə alınıbalınmamasına nəzarət etmək onun imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. Belə ki, işin fakitiki hallarından görünür ki, iddiaçı 2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin həmin ödənişlər onun fərdi şəxsi hesabında qeydiyyata alınmamışdır. İddiaçı "xxxx" Balakən filiaına DSMF torpağın MDSS-i (məcburi dövlət sosial sığorta) təyinatı üzrə noyabr 2013-cü il tarixli 12 nömrəli qəbzə əsasən 20,40 manat; xx.xx.2014-cü il tarixli 31 nömrəli qəbzə əsasən 22 manat; xx.xx.2015-ci il tarixli 02 nömrəli qəbzə əsasən 22 manat; xx.xx.2016-cı il tarixli TT1903958 nömrəli qəbzə əsasən 22 manat; xx.xx.2017-ci il tarixli TT1862959 nömrəli qəbzə əsasən 24,5 manat; xx.xx.2018-ci il tarixli TT**********759275 nömrəli qəbzə əsasən 27,5 manat məcburi dövlət sosial sığorta haqqını ödəmişdir. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-584 nömrəli Dövlət aktının anasının adına olması səbəbindən xx.xx.2012-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə Məcburi dövlət sosial sığorta haqqı üçün 14,20 manat məbləğdə ödənişi anası X2 adına etmişdir. xx.xx.2012-ci il tarixli seriya CİP/1 237388 nömrəli mədaxil qəbzinin surəti iş materiallarına əlavə edilmiş, əsli xx.xx.2022-ci il tarixli məhkəmə iclasında görülmüşdür. Qəbzdə ödəyici qismində X3 adı, ödəyən qismində isə İddiaçı adı qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının adına **********355 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi açılmışdır. İddiaçı Şəhadətnamənin əslini məhkəməyə təqdim etmiş, surəti iş materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin Balakən rayon filialının xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Kapital Bank ASC-nin Balakən filialında qeyd olunmuş hesaba (h/h ********************; VÖEN 380063541; kod 200695) DSMF Torpağın MDSS təyinatı üzrə 24,5 AZN (x/h 1 AZN) vəsait ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixə iddiaçı həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2295/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar