Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-39/2024 21.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X6 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-498/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyası tərəfindən 1.24 ha kənd təsərrüfatı məhsulları təyinatlı, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi və çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır.
3. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddia olunan torpaq sahələrinə dair qanunla müəyyən edilmiş sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmçinin ərazi dairəsinin arxiv fondunda, xidməti istifadədə olan elektron xəritələrdə və Zaqatala rayon Əliabad qəsəbəsində aparılan torpaq islahatı nəticəsində torpaq sahəsi verilməsinə dair siyahılarda iddiaçıya və onun ailə üzvlərinə sözügedən 1.24 ha torpaq sahəsinin verilməsi barədə hər-hansı bir məlumat aşkar olunmadığı üçün onun ərizəsinin icrası mümkün olmamışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-498/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-3094/2023 nömrəli inzibati işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı işə baxılması qeyri-müəyyən müddətə təxirə salınmış, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-707/2024 nömrəli inzibati iş üzrə xx.xx.2024-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin qərarında qeyd olunur ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddia olunan 1.24 ha torpaq sahəsi idarənin xüsusi istifadəsində olan TEKUİS məlumat bazasında iki cizgidə 160E/0.54 ha və 160E/0.70 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının hazırda faktiki istifadə və iddia etdiyi torpaq sahəsi onun mülkiyyətinə verilən torpaq sahəsi deyildir. Belə ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,24 ha torpaq sahəsi verildiyi halda hazırda faktiki istifadə etdiyi torpaq sahəsi 1.01 ha olub onun da 0.63 ha hissəsi X1 və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********2 olan çıxarışda göstərilən 0.94 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Mütəxəssis rəyinə əlavə olunan sxemdən də göründüyü kimi iddiaçının mülkiyyətinə verilən torpaq sahəsinin 0,54 ha hissəsi hazırda onun faktiki istifadəsində deyildir. Ümumilikdə iddiaçının mülkiyyətinə verilmiş 1,24 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,70 ha hissəsi üst-üstə düşür. Nəticə etibarı ilə iddia olunan torpaq sahəsinin qalan hissəsi onun mülkiyyətinə verilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən üçüncü şəxs qismində X3 və onun ailə üzvlərini iş üzrə prosessual şəxslər kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. “Torpaq islahatı haqqında” Qanuna əsasən 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpaq payı vətəndaşlara həmin ünvandan verilməli olduğu halda qanunsuz olaraq üçüncü şəxslərin xüsusi mülkiyyətlərinə torpaq payları verilmişdir. “Əmlak islahatı” Qanununa əsasən hər hansı bir subyektə islahatın aparıldığı müəssisədə son 5 ilin əmək haqqı indeksləşməklə əmlak payı müəyyən olunur. Həmin müəssisədə subyektdə işlədiyi illərdən asılı olaraq yekun əmlak payı hesablanır və subyekt əmlak payı almaq hüququna malik olur. Birinci instansiya məhkəməsi Zaqatala rayon Dövlət Arxivinə müvafiq sorğu göndərməmişdir. Torpaq sahəsi tam olmaqla, bir yerdə yerləşir. Həmin torpaq sahəsini islahat dövründən bugünkü günə qədər onlar istifadə edirlər. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə baxış keçirməməklə qərəzli olmuşdur. Bundan başqa məhkəmə qərar qəbul edərkən cavabdeh orqanın mütəxəssislərinin təqdim etdiyi rəyə əsaslanmışdır. X3 və ailə üzvləri Azərbaycan Respublikasında yaşamamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli 2-1(116)-498/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli 2-1(116)-498/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023cü il tarixli 2-1(116)-498/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində 0.50 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində 0.07 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
3. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamının surəti.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21- 3-60/2-557/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində Əliabad kolxozunda torpaq sahəsi ayrılan subyektlərin siyahısından və Zaqatala rayonu Əliabad qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı qeyd edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1539/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddia olunan 1.24 ha torpaq sahəsi idarənin xüsusi istifadəsində olan TEKUİS məlumat bazasında iki cizgidə 160E/0.54 ha və 160E/0.70 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının naturada faktiki istifadəsində olan 1.01 torpaq sahəsinin 0.63 ha hissəsi X1 və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********2 olan çıxarışda göstərilən 0.94 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Torpaq sahələrinin çıxarışın və plan ölçüsü sənədində qeyd edilən koordinatlarına əsasən və iddiaçının mülkiyyətinə işlənilmiş ərazilər tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır.
15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.
16. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir.
17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.
18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Həmin Fərmanla təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 13.11-ci maddəsinə əsasən, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
20. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 0,07 ha, xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən 0,23 və 0,50 ha torpaq sahələri verilmişdir.
28. İşin hallarından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddia olunan 1.24 ha torpaq sahəsi idarənin xüsusi istifadəsində olan TEKUİS məlumat bazasında iki cizgidə 160E/0.54 ha və 160E/0.70 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının hazırda faktiki istifadə və iddia etdiyi torpaq sahəsi onun mülkiyyətinə verilən torpaq sahəsi deyildir. Belə ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,24 ha torpaq sahəsi verildiyi halda hazırda faktiki istifadə etdiyi torpaq sahəsi 1.01 ha olub onun da 0.63 ha hissəsi X1 və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********2 olan çıxarışda göstərilən 0.94 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Mütəxəssis rəyinə əlavə olunan sxemdən də görünüdüyü kimi iddiaçının mülkiyyətinə verilən torpaq sahəsinin 0,54 ha hissəsi hazırda onun faktiki istifadəsində deyildir. Ümumilikdə iddiaçının mülkiyyətinə verilmiş 1,24 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,70 ha hissəsi üst-üstə düşür. Nəticə etibarı ilə iddia olunan torpaq sahəsinin qalan hissəsi onun mülkiyyətinə verilməmişdir.
29. Bundan əlavə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-707/2024 nömrəli inzibati iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən naturada faktiki istifadədə olan 1.24 ha pay torpaq sahəsinin X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.94 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.63 ha hissəsində münasibətdə **********2 reyestr nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın həmin hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
30. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,24 ha kənd təsərrüfatı məhsulları istehasalı təyinatlı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(116)-498/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.