Məhkəmə qərarları › İş №2-1(107)-39/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-39/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-39/2025 07.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25.2 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 2-1(116)-1290/2024 nömrəli qərarından iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25.2 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-1290/2024 nömrəli qərardadı ilə Zaqatala bələdiyyəsi zəruri qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 584 saylı sərəncamına əsasən mərhum həyat yoldaşı X2 mağaza tikintisi üçün Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25,2 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsi üzrə o, mərhumun qanuni vərəsəsidir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə cavab olaraq bildirilmişdir ki, göstərilən torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və eskiz layihə əlavə olunmamışdır. Ona görə də, torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, X4 vərəsəsi olduğu mərhum X2 məxsus olan Zaqatala şəhəri ərasizində 0,00252 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir (**********). Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə qeyd olunan qeyri-yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və eskiz layihə əlavə olunmamışdır. Buna görə də, onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4462/2023 (**********62) nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İddiaçı cavabdeh 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********25 saylı imtinasının əsassız sayılması, Zaqatala rayonu 2-ci kolxoz bazarının şimal-qərb tərəfindəki ərazidən şəhərin cənub-qərb yaşayış massivinin planlaşma layihəsinin sənaye malları nəzərdə tutulan yerdən X1 adına verilmiş 25,2 kv.m torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 2-1(116)-353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - xx.xx.1999-cu il tarixli 269 nömrəli torpaqların alqı-satqısına dair akt, - xx.xx.1999-cu il tarixli mağaza tikintisi üçün torpaq sahəsinin seçilməsi barədə akt, - AZ-İ 332518 nömrəli Ölüm haqqında şəhadətnamə, - 2v-0İ-18 nömrəli xx.xx.2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, - Zaqatala rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 584 nömrəli sərəncamı, - cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyi.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 iyun 2024-cü il tarixli e-2- 1(116)-1290/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə iddia olunan 25.11 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 584 nömrəli sərəncamı ilə müəyyən edilir ki, Zaqatala şəhər 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənubi-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25,2 kv.metr torpaq sahəsi mağaza tikintisi üçün H.Mirzəyevin mülkiyyətinə alqı-satqı yolu ilə verilməsinə ilkin razılıq verilmiş, H.Mirzəyevə torpaq sahəsinin verilməsi haqqında mülkiyyət hüquqlarına dair sənədlərin və alqı-satqı müqaviləsinin hazırlanması Rayon Torpaq şöbəsinə tapşırılmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 25,11 kv.metr olmaqla Zaqatala şəhərinin hüdudları daxilində şəhərin Baş planına əsasən yaşayış məntəqələri torpaqlarına aid Şəhərin tarixi hissəsində 1 və 2 mərtəbəli yaşayış evləri zonasında yerləşir. Həmin torpaq sahəsinin mülkiyyətçisi Zaqatala şəhər bələdiyyəsidir. Göründüyü kimi iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğundan Zaqatala rayon İcra Hakimiyyəti “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin tələbləri baxımından sözügedən torpaq sahəsini iddiaçıya ayırmaqda səlahiyyətli olmuşdur. Odur ki, Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 584 nömrəli sərəncamı torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün yetərli əsas sayılmalıdır. Cavabdehin imtina dəlili torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və eskiz layihə əlavə olunmaması ilə bağlıdır. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı qeyri-yaşayış binası yox, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlıdır. Odur ki, cavabdehin etirazının dəlili torpaq sahəsinə münasibətdə təqdim edilmədiyindən və qeyd olunan imtina əsaslarının mübahisəyə aidiyyəti olmadığından, məhkəmə cavabdeh orqanın mövqeyinin əsassız olmasının qeyd edilməsi ilə kifayətlənir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsini istisna edən hallar müəyyən edilmədiyindən cavabdeh orqanın imtinası əsassız olmuşdur.

8. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(116)-1290/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Şəki İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2-1(116)-1290/2024 nömrəli qərarı ləğv olunmalıdır. Məhkəmə nəzərə almamışdır ki, qanunvericiyin tələbinə görə iddia olunan 25.2 kv.m torpaq sahəsi 1999-cu il tarixində sahibkarlıq məqsədilə xüsusi mülkiyyətə ayrıla bilməz idi. Qanunvericilikdə həmin məqsəd üçün sözügedən torpaq sahəsi həmin tarixdə yalnız daimi istifadəyə ayrıla bilərdi. Bundan başqa, qanunvericilikdə 1999-cu il tarixində bələdiyyəyə aid (məxsus) olan sözügedən torpaq sahəsinin ZRİH-nin sərəncamı ilə sahibkarlıq məqsədilə xüsusi mülkiyyətə verilməsi də nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə almamışdır ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(116)-1290/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. ...

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 25-ci maddəsinə əsasən (Keçid müddəaları) Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. ...

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 13 avqust 1996-cı il tarixli, 482 №-li Fərmanı 3-cü bəndində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25ci maddəsinə müvafiq Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər həmin Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunmasının müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 58.1. inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.

21. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;

22. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

Apellyasiya şikayətinin mümkünlüyü

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25.11 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi qoyulmasını qərara alsa da, iddianı tam təmin etmişdir.

28. Belə ki, iddiaçı, Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25.2 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, buna baxmayaraq məhkəmə tərəfindən onun iddiası tam təmin edilmiş, lakin cavabdeh orqanın üzərinə 25.11 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, bu halda iddia qismən təmin olunmalı, eyni zamanda təmin olunmaqla naturada mövcud olan 25.11 kv.m. torpaq sahəsinin tələb olunan 25.2 kv.m. torpaq sahəsinin məhz hansı hissəsində yerləşməsi müəyyən olunmalıdır.

30. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtina dəlili torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və eskiz layihə əlavə olunmaması ilə bağlıdır. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı qeyri-yaşayış binası yox, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlıdır. Odur ki, cavabdehin etirazının dəlili torpaq sahəsinə münasibətdə təqdim edilmədiyindən və qeyd olunan imtina əsaslarının mübahisəyə aidiyyəti olmadığından, məhkəmə cavabdeh orqanın mövqeyinin əsassız olmasının qeyd edilməsi ilə kifayətlənir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını qismən yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

33. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qanunvericiyin tələbinə görə iddia olunan 25.2 kv.m torpaq sahəsi 1999-cu il tarixində sahibkarlıq məqsədilə xüsusi mülkiyyətə ayrıla bilməz idi. Qanunvericilikdə həmin məqsəd üçün sözügedən torpaq sahəsi həmin tarixdə yalnız daimi istifadəyə ayrıla bilərdi. Bundan başqa, qanunvericilikdə 1999-cu il tarixində bələdiyyəyə aid (məxsus) olan sözügedən torpaq sahəsinin ZRİH-nin sərəncamı ilə sahibkarlıq məqsədilə xüsusi mülkiyyətə verilməsi də nəzərdə tutulmamışdır.

34. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 25,11 kv.metr olmaqla Zaqatala şəhərinin hüdudları daxilində şəhərin Baş planına əsasən yaşayış məntəqələri torpaqlarına aid Şəhərin tarixi hissəsində 1 və 2 mərtəbəli yaşayış evləri zonasında yerləşir. Həmin torpaq sahəsinin mülkiyyətçisi Zaqatala şəhər bələdiyyəsidir. Göründüyü kimi iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğundan Zaqatala rayon İcra Hakimiyyəti “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin tələbləri baxımından sözügedən torpaq sahəsini iddiaçıya ayırmaqda səlahiyyətli olmuşdur. Odur ki, Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli 584 nömrəli sərəncamı torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün yetərli əsas sayılmalıdır.

35. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə əsasən (Keçid müddəaları) Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

36. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, əgər məhkəmə iddianı əsaslı hesab edərək cavabdehin üzərinə “25.11 kv.m. torpaq sahəsi üzərində arayışın verilməli olduğu barədə” nəticəyə gəlirsə, deməli naturada mövcud olan 25.11 kv.m. torpaq sahəsinin ona ayrılan 25.2 kv.m. torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməklə məhkəmə qərarında göstərməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul etməli idi. Hazırkı işdə bu, baş verməmişdir.

37. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ilkin olaraq cavabdeh orqana müvafiq sorğu ilə müraciət edərək naturada mövcud olan 25.11 kv.m. torpaq sahəsinin ona ayrılan 25.2 kv.m. torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyi, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyəti (sərhədləri), onun döngə nöqtələrinin koordinatları barədə məlumatın verilməsi barədə araşdırma aparmışdır.

38. Bununla bağlı isə cavabdeh orqan tərəfindən iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyəti (sərhədləri), döngə nöqtələrinin koordinatları məhkəmə kollegiyasının sorğusuna əsasən tərtib edilmişdir.

39. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 05 noyabr 2024-cü il tarixli, 3-21-3-47/2-4506/2024 nömrəli müşayiət məktubundan görünür ki, iddiaçının naturada istifadə etdiyi 25.11 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, koordinatları yerquruluşu planında göstərilmişdir.

40. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

41. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

42. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

43. Həmçinin, məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçıya ayrılan torpaq sahəsinə bitişik qonşu ərazidə yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edilərək tədqiq edilmiş, müəyyən edilmişdir ki, qonşuluqda olan torpaq sahələri çıxarışla qeydə alınmış, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Bununla da, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.

44. Göründüyü ki, cavabdeh orqan tərəfindən qonşuluqda olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirilməmiş, bununla bağlı inzibati icraat başlanılmamışdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir.

46. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir.

47. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

48. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

49. Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir.

50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən eyni statusda olan şəxslərə münasibətdə həmin ərazidə yerləşən torpaq sahəsinin hüquqlarının qeydiyyata alındığı və onlara müvafiq çıxarış verilməsi ilə bağlı fərqli yanaşmaya yol verildiyindən, cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və "İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olmamışdır.

51. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı, Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25.11 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini həmin hissədə haqlı olaraq təmin etmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməli olduğu halda, iddia tələbini tam təmin etmişdir.

52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilməli, iddia qismən təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə naturada mövcud olan 25.11 kv.m. torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 05 noyabr 2024-cü il tarixli, 3-21-3-47/2-4506/2024 nömrəli mütəxəssis rəyində göstərilən koordinatlara əsasən mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, e-2-1(116)-1290/2024 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə “iddia olunan və naturada mövcud olan 25.11 kv.m. torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 05 noyabr 2024-cü il tarixli, 3-21-3-47/2- 4506/2024 nömrəli mütəxəssis rəyində göstərilən koordinatlara əsasən mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi” qoyulsun. İddia tələbi qalan hissədə (0,09 kv.m hissədə) təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar