Məhkəmə qərarları › İş №2-1(107)-391/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-391/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-391/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023-ci il tarixli, 2-1(116)-1361/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli qərarla xüsusi xəstəlik səbəbli müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, həmin vaxtdan 180 manat müavinət verilmişdir.Lakin iddiaçı ümumilikdə 20 ildən çox olan iş stajı nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməli olduğunu hesab edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ilkin tələbinin icrasından imtina etmişdir.

3. Cavabdehin məhkəməyə təqdim etdiyi 10 mart 2023-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim edilən sənədlərə əsasən əmək iddiaçının fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla sığorta stajı 18 il 6 ay 12 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (16 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını 18 il 6 ay 12 gün sığorta stajına uyğun 15.069,51 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından (65 yaşına uyğun olaraq) azdır və minimum pensiya təminatına (240 manat) imkan vermir.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 19 aprel 2023-ci il tarixli, 2- 1(116)-1361/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1361/2023 saylı qərarı ilə haqlı olaraq iddia etdiyi 20 ildən çox iş stajının olması müəyyən edilsə də (halbuki cavabdeh orqan bu stajını daha az hesablamışdır), onun əlil kimi ikinci dərəcə əlillik dərəcəsi təyin edildiyini nəzərə almamış, işə görə əmək pensiyasına çıxan şəxslərin kateqoriyası kimi qiymət vermişdir. Bu da qanunsuzdur. Ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdirsə bu maddədə göstərilən sığorta stajı nəzərə alınmaqla ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməli idi. Ona görə də Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023-ci il tarixli, 2-1(116)- 1361/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023-ci il tarixli, 2-1(116)-1361/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı iştirak etməmiş. Məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə kollegiyasının iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İşdə olan, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1994-cü ilədək müxtəlif yerlərdə işləmişdir. - İşdə olan, Ю seriyalı 018235 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək Şəki Pedoqoji məktəbində təhsil almışdır. - İşdə olan, SHXÇDX-nin Şəki Rayon şöbəsinin 16 fevral 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan,cavabdehin 01 fevral 2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 4-cü maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

22. Qanunvericiliyin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir.

23. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün eyni vaxtda 2 şərtin təmin olunması tələb olunur: 1. iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 2. iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır.

24. İddiaçıya əlilliyin təyin olunduğu tarixə onun 64 yaşı olduğuna görə əmək qabiliyyətli yaş dövrü (64-15=49) 49 il təşkil edir. Həmin 49 ilin hər ili üçün 4 ay olmaqla (49 il x 4 ay = 196 ay = 16 il 4 ay 16 il 4 ay sığorta stajının olması tələb olunur. Tələb olunan pensiya kapitalı isə 29400 manat təşkil edir və belə hesablanır: 64 yaş - 15 yaş = 49 il x 4 ay = 196 ay :192 = 1,0208; 1,0208 x 144 ay = 147 x 200 manat = 29400 manat. Deməli, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29400 manat pensiya kapitalı və eyni zamanda 16 il 4 ay sığorta stajı olmalıdır.

25. İddiaçının əmək kitabçasından görünür ki, onun ümumi iş stajı 20 il 09 ay 08 gündür. (xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək Şəki Pedoqoji məktəbi- 03 il 10 ay, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Şəki rayon Baş Zəyzid kənd orta məktəbi-10 ay 13 gün,xx.xx.1978-xx-xx.1980-ci ilədək hərbi xidmət dövrü-02 il 25 gün, xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək- Şəki rayon Vərəzət kənd orta məktəbi 14 il).

26. Beləliklə, iddiaçının sosial sığorta stajına daxil olan əmək fəaliyyəti, hərbi xidmət, təhsil dövrlərini və işsizlik müavinəti aldığı dövrləri topladıqda müddətin cəmi 20 il 9 ay 8 gün təşkil edir. Həmin müddət iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 16 ildən artıqdır.

27. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı ilə əlaqədar isə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

28. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

29. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

30. Müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan 29400 manatdan azdır və cəmi 19207,04 manat təşkil edir. Həmin məbləğ bu qaydada hesablanmışdır: (20 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 9 ay 08 gün) = 6353,06 manat + 8,3 % + 16,7 % + 20,8 % + 1,5 % + 5,7 % + 7,9 % + 1,1 % + 2,4 % + 1,4 % + 4 % + 12,4 % + 5,7 % + 3 % = 15000,73 manat.

31. İddiaçıya əlillik təyin olunan xx.xx.2022-ci ildə minimum pensiya 200 manat olmuşdur.

32. Göründüyü kimi, iddiaçının kifayət qədər sosial sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunandan azdır. Belə olan halda isə, ona əlilliyə görə əmək pensiyası təyin edilə bilməz. Ona görə də iddia təmin edilməməlidir.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, tələbdə qeyd olunan müddətdən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2023-ci il tarixli, 2-1(116)-1361/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar