Məhkəmə qərarları › İş №2-1(107)-391/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-391/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-391/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-322/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1999-cu il tarixli JN: 126 KOD 40113018 Dövlət Aktı əsasında istifadəsində və mülkiyyətində olan 1,014 ha torpaq sahəsinin çatışmayan hissəsi olan 0,50 ha torpaq sahəsinin naturada ölçülüb ona verilməsi və ümumilikdə 1,014 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-322/2025 nömrəli qərardadı ilə Balakən rayonu Talalar bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qəradadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2007-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Balakən rayonunun Talalar kəndində yerləşən 1,014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əldə etmiş və 2022-ci ilə qədər fasiləsiz istifadə etmişdir. Sonradan qonşu torpaq sahələrinin sahibləri elektron xəritəyə əsasən torpaq sərhədlərinin dəyişdirildiyini bildirmişlər. İddiaçı, mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdehə müraciət etsə də, ona yalnız 0,5564 ha sahəyə çıxarış verilə biləcəyi, qalan 0,50 ha sahədən imtina etmədiyi təqdirdə çıxarış ala bilməyəcəyi bildirilmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavabdeh orqan iddia tələbinə etirazını iddia olunan torpaq sahəsinin elektron uçot xəritələrində sahəsinin 0,5564 ha olması və iddiaçının həmin ölçüdə qeydiyyatın aparılmasına razı olmaması ilə əsaslandırmışdır.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsi, - JN 126 nömrəli “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktı, - daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, - qonşu torpaq sahələrinə dair JN-125, JN-127 saylı Dövlət Aktlarının arxiv nüsxəslərinin təsdiq edilmiş surətləri, - cavabdehin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəyləri və yerquruluşu planları, - Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Balakən rayon notariat ofisində xx.xx.2007-ci il tarixdə, 4Ə-170 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 fevral 2025-ci il tarixli, 2- 1(116)-322/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xx.xx.1999cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə, alqı-satqı müqaviləsi isə sözügedən Qanunun 8.0.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olsa da, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur. - Hazırkı işdə iddiaçı, bələdiyyə mülkiyyətinə aid 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hesabına kəsir torpaq sahəsinin tamamlanmasını tələb edir. Lakin bu tələbi heç bir hüquqi əsasa söykənmir və tamamilə faktiki istifadəyə əsaslanır. İşdə olan JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş 10135,99 kv.m torpaq sahəsinin DWJ və TEKUS bazalarındakı yerləşmə vəziyyətindən görünür ki, sözügedən 0,45 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş torpaq sahəsi arasında hər hansı hüquqi əlaqə yoxdur. Yəni, sözügedən torpaq sahəsinin azalmasına səbəb 0,45 ha torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərilməsi ilə bağlı deyil. Ümumiyyətlə JN-126 nömrəli Dövlət Aktının D planşetinin cizgisi ərazinin coğrafi yerləşmə vəziyyətinə uyğun deyil. Faktiki naturada mövcud olan 0,56 ha torpaq sahəsinin özü də, sözügedən Dövlət Aktının cizgisi ilə tam uyğunluq təşkil etmir. - İddiaçı, Dövlət Aktının cizgisində göstərilən torpaq sahəsinin naturada az olması ilə razılaşmadığından həmin torpaq sahəsini bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına tamamlanmasını tələb edir. Lakin, yuxarıda qeyd edildiyi kimi bələdiyyə mülkiyyətində olan 0,45 ha torpaq sahəsinin JN-126 nömrəli Dövlət Aktına heç bir aidiyyəti yoxdur və istinad olunan Fərmanın 2.3.5-ci bəndində nəzərdə tutulmuş faktiki istifadə vəziyyətinin nəzərə alınması üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: 1) torpaqla bağlı normativ-hüquqi aktların tələblərinə və təsdiq edilmiş ərazi planlaşdırma sənədlərinə zidd olmamalıdır. 2) torpağın faktiki istifadəsi üçüncü şəxslərin mülkiyyət və digər əmlak hüquqlarını pozmamalıdır. 3) torpaq sahəsinin naturada ölçüləri və sərhədləri yerquruluşu planına uyğun olmalı, ciddi konfiqurasiya fərqləri yaranmamalıdır. - Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hər hansı hüquqi əsas olmadan bələdiyyə mülkiyyətində olan 0,45 ha torpaq sahəsini istifadə etməsi, istinad olunan Fərmanın 2.3.5-ci bəndinin ona münasibətdə tətbiqini istisna edir. Belə ki, mövcud vəziyyətdə iddiaçının faktiki istifadəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əsassız zəbt edilməsi anlamına gəlir. Başqa sözlə, 0,45 ha torpaq sahəsinin tələb edilməsi, həmin torpaq sahəsi ilə dövlət aktında göstərilən torpaq sahəsi arasında konfiqurasiya fərqlərinin mövcudluğuna yox, əslində tamamilə fərqli bir ərazinin iddia olunmasına işarə edir. - Odur ki, torpaq sahəsinin faktiki istifadəsi ilə hüquq müəyyənedici sənədlərdə göstərilən ölçü arasında uyğunsuzluq olduğundan və iddia olunan torpaq sahəsinin JN126 nömrəli Dövlət Aktına hər hansı aidiyyəti olmadığından iddiaçı, Dövlət Aktında göstərilən ölçüyə istinad edərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına kəsir torpaq sahəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilməz. - Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia olunan 0,45 ha torpaq sahəsi torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə ayrılmamış, onlar da, JN126D saylı Dövlət Aktının 126D planşetindəki torpaq sahəsini kəsir ölçüdə istifadə etmiş və ötən müddət ərzində bunu mübahisələndirməmişlər. İddiaçı, xx.xx.2007ci il tarixli torpaq alqı-satqı müqaviləsi ilə JN-126D saylı Dövlət Aktının 126D planşetindəki torpaq sahəsini alarkən faktiki olaraq naturada həmin torpaq sahəsini az qəbul etmiş və hazırda iddia olunan 0,45 bələdiyyə mülkiyyətindəki torpaq sahəsi sözügedən alqı-satqı müqaviləsinin predmeti olmamışdır. İddiaçı, hüquq müəyyənedici sənədlərdə göstərilən ölçülərin dəqiqləşdirilməsi və faktiki istifadənin uyğunlaşdırılması üçün müvafiq düzəlişlərin aparılmasını tələb edə bilər, lakin bu, torpaq sahələrinin yenidən bölüşdürülməsi hesabına həyata keçirilə bilməz. - Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçı, torpaq sahəsinin naturada mövcud olan ölçüdə qeydiyyatın aparılmasına razı olmadığından və iddia etdiyi 0,45 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-322/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin qısaldılmasına səbəb olmuş hallar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən 2018-ci il tarixdə Balakən rayon Talalar kənd sakinlərinin Dövlət Aktı əsasında düşən torpaq sahəsi ilə bağlı hüquqları təmin edilmiş, lakin iddiaçının torpaq üzərində hüquqlarını bilərəkdən pozmuşdurlar. Beləliklə 0,50 ha torpaq sahəsini yoxa çıxarmışlar. Heç bir orqanın səlahiyyəti yoxdur ki, birinin hüququnu pozaraq digərinin hüququnu təmin etsin. Buradan da belə nəticəyə gəlmək olur ki, birinin hüququnu təmin etmək üçün digərinin hüquqlarını pozmaq olar. - Məhkəmə aktı hakimin daxili inamına və qanuna əsaslanaraq çıxarılır. Lakin hazırki məhkəmə qərarının məzmununu oxuduqda məlum olur ki, hakim çıxaracağı məhkəmə qərarının (məhkəmə aktının) nəticə hissəsini və məzmununu əvvəlcədən planlaşdırmış və buna uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verməsindən bir il tamam olan məhkəmə iclasını təyin etmiş və məhkəmə iclasında hüquq və terminlərini anlamayan iddiaçıdan çaşdıraraq əlavə ərizə götürərək guya iddia tələbini dəqiqləşdirmək istəyir və beləliklə hakim hüququ qorumaq əvəzinə birtərəfli mövqe tutmuş və bu mütəxəssis rəylərində aydın bəlli olur. Hakim əvvəlki iddia ərizəsini deyil, məhkəmə iclasında iddiaçını çaşdıraraq aldığı ərizəni əsas götürərək iddianı təmin etmir və 1 ildən sonra öz istəyinə nail olur. Belə ki, hakim əsil həqiqəti araşdırmır, vətəndaşın mülkiyyətini və Dövlət Aktını tanımır, əksinə olaraq birtərəfli mövqe tutaraq mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilmədən kabinetdə oturub tərtib edilən rəylərə üstünlük verir. Beləliklə hakim iddiaçının verdiyi iddianı təmin etməyərək guya iddiaçı Dövlət Aktı əsasında mülkiyyətində olan torpaq sahəsini deyil, bələdiyyə mülkiyyətində olan 0,45 ha torpaq sahəsini ələ keçirmək istəyi kimi qanunları şərh edir və qələmə verir. Bir daha apellyasiya şikayəti verərək iddia və tələbi Dövlət Aktı əsasında və notarial qaydada aldığı və xx.xx.2007-ci il tarixdən 2022-ci ilə kimi istifadə etdiyi və mülkiyyətində olan 1,014 ha torpaq sahəsinin yoxa çıxarılmış hissəsi 0,50 ha torpaq sahəsinin naturada ölçülüb verilməsi və ümumilikdə 1,014 ha torpaq sahəsinə reyestrdən çıxarışın verilməsidir.

Apellyasiya şikayətinə qarşı etirazların dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-322/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

14. Cavabdehin nümayəndəsi X10 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-322/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs kollegiyanın iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin üçüncü şəxs Balakən rayonu Talalar bələdiyyəsinin sədri apellyasiya məhkəməsinə məktub göndərərək, üzürlü səbəbə görə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. “Torpaq islahatı haqqında” haqqında Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.

21. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) qaydalarını və şərtlərini müəyyən edir.

3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.

4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur.

22. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

31. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə ilk öncə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1999-cu il tarixli JN: 126 KOD 40113018 Dövlət Aktı əsasında istifadəsində və mülkiyyətində olan 1,014 ha torpaq sahəsinin çatışmayan hissəsi olan 0,50 ha torpaq sahəsinin naturada ölçülüb ona verilməsi və ümumilikdə 1,014 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Daha sonra, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Birinci instansiya məhkəməsi tərəfindən də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə münasibətdə araşdırma aparılmış, yekunda iddia rədd edilmişdir.

34. İddiaçı apellyasiya şikayətində dəlil olaraq qeyd etmişdir ki, iddia verməkdə hüquqi marağı “Dövlət Aktı əsasında və notarial qaydada aldığı və xx.xx.2007-ci il tarixdən 2022-ci ilə kimi istifadə etdiyi və mülkiyyətində olan 1,014 ha torpaq sahəsinin yoxa çıxarılmış hissəsi 0,50 ha torpaq sahəsinin naturada ölçülüb verilməsi və ümumilikdə 1,014 ha torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi”ndən ibarətdir.

35. Məhkəmə kollegiyası, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə verilməsə də, hər iki tələbi üzərindən araşdırma aparmışdır. Məhkəmə kollegiyasının iclaslarında da iddiaçının hər iki tələbini müdafiə etdiyi dinləmələr zamanı müəyyən edilmişdir.

36. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə 1,43 ha torpaq sahəsi verilmiş və onların adına xx.xx.1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-126 (KOD ********) nömrəli Dövlət Aktı tərtib edilmişdir. 19 may 2007-ci il tarixli torpağın alqı-satqı müqaviləsi ilə qeyd edilən torpaq sahəsinin 1,014 ha hissəsi İddiaçı satılmışdır.

37. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-1667/2024 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin naturada ölçüsü 0,56 hektardır. Həmin torpaq sahəsi Balakən rayonu, Talalar kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı əkin sahəsidir. JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş 10135,99 kv.m torpaq sahəsinin DWJ və TEKUİS bazalarındakı yerləşmə vəziyyətindən görünür ki, iddia olunan torpaq sahəsinin bir hissəsi JN-126 nömrəli Dövlət Aktının DWJ və TEKUİS bazalarındakı yerləşmə vəziyyəti ilə qismən uyğun gəlir.

38. Mütəxəssis rəyində torpaq sahəsinin ölçüsünün azalmasının səbəbi kimi, həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərdə göstərilən sərhədlərə uyğun olmayan ölçülərlə istifadəsi göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə əks olunan sərhədlər arasında ciddi konfiqurasiya fərqləri mövcuddur. Mübahisələndirilən torpaq sahəsinə bitişik digər torpaq sahələri də hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərlə deyil, TEKUİS məlumat bazasında faktiki istifadə vəziyyətinə uyğun fərqli ölçülərlə qeyd edilmişdir. İddiaçının tələb etdiyi kəsir torpaq sahəsi Balakən rayonu, Talalar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı əkin sahəsidir və həmin ərazi Talalar bələdiyyəsinin mülkiyyətinə aiddir.

39. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə 24 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, tərtib edilmiş yerquruluşu planı 1-də göstərildiyi kimi həmin ərazidə vətəndaşların naturada istifadəsində olan torpaq sahələri ilə kompleks yerquruluşu (DWG) Lahiyəsindəki cizgilər arasında kəskin konfiqurasiya fərqləri olduğuna görə 1,01 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin dəqiq hansı hissələri ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərtib edilmiş yerquruluşu planı-2-də göstərildiyi kimi TEKUİS məlumat bazasında iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,56 ha və faktiki istifadəsində olan kəsr torpaq sahəsinin tamamlanmasını tələb etdiyi 0,45 ha torpaq sahəsi isə Balakən rayonu Talalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi işlənilmişdir.

40. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə 07 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, JN-126 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 126 D cizgisində göstərilən 1,01 ha torpaq sahəsinin DWG məlumatlarındakı ölçülərlə yerləşmə vəziyyətinə görə TEKUİS məlumat bazasında 125 D cizgisində X7 adına işlənmiş 0,28 ha torpaq sahəsi ilə, 126 D cizgisində X3 adına işlənmiş 0,4450 ha torpaq sahəsi ilə, 128 D cizgisində X4 adına işlənmiş 0,29 ha torpaq sahəsinin 0,0132 ha hissəsi ilə və qalan 0,2718 ha torpaq sahəsi isə Talalar bələdiyyəsinin mülkiyyətinə aid yollar, arxlar, kanallar ərazisi ilə üst-üstə düşür. Torpaq sahələrinin DWG, TEKUİS və naturada istifadə vəziyyəti tərtib edilmiş yerquruluşu planlarında göstərilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyinə əlavədən müəyyən olunur ki, İddiaçı satılan JN-126 nömrəli Dövlət Aktının 126 D cizgisində göstərilən 1,01 ha torpaq sahəsinin 0,56 ha hissəsinin qeydiyyata alınaraq çıxarış verilməsi mümkündür. Belə ki, 1,01 ha torpaq sahəsinin 0,45 ha hissəsi başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşür.

42. Eyni zamanda, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X11 məhkəmə kollegiyasının iclasında dindirilən zaman qeyd etdi ki, Dövlət aktında göstərilən koordinatlar sxemdə görünən yaşıl hissədir. Hazırda iddiaçı sxemdə görünən qırmızı hissəni, istifadə edir. Qırmızı hissəyə (0.56 ha) çıxarış verilə bilər. Həmçinin 0,45 ha bələdiyyə torpağı var. İddiaçı bir-birindən fərqli yerdə yerləşməklə 0,56 ha və 0,45 ha torpaq sahəsindən istifadə edir.

43. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı özü qeyd edilən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında aldıqdan sonra hazırki torpaq sahəsindən deyil, ümumiyyətlə fərqli torpaq sahəsindən istifadə etmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Lakin həmin torpaq sahəsinin başqa mülkiyyətçisi olması ona məlumdur. Kollegiyanın suallarına cavab olaraq isə əminliklə bildirməsə də, ona kəsir olan torpaq sahəsinin tam olaraq bitirilməklə bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.

44. Göründüyü kimi, iddiaçının hüququ marağı ona dövlət aktında qeyd edilmiş 1.01 ha torpaq sahəsinin tam şəkildə verilməsindən ibarətdir. Hesab edir ki, ya bələdiyyə mülkiyyətindən, ya da dövlət aktının cizgiləri daxilində torpaq sahəsi bütöv şəkildə ona verilməlidir. İddiaçı onun faktiki istifadəsində olan bələdiyyəyə məxsus 0,45 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməklə, JN-126 nömrəli Dövlət Aktına əsasən verilmiş 1,01 ha torpaq sahəsinin kəsr hissəsinin tamamlanacağını qeyd edir.

45. Məhkəmə kollegiyası İddiaçı xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbinə rəsmi münasibət bildirilməsi üçün Balakən rayonu Talalar bələdiyyəsinə sorğu verilmişdir.

46. Balakən rayonu Talalar bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 32 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbinə etiraz etmədiklərini bildirmişlər.

47. Bu qeyd edilənlərlə bağlı iddiaçıya Kollegiya tərəfindən yardım göstərilərək JN- 126 KOD 40113018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 1,01 ha torpaq sahəsinin 0,56 ha hissəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması (başqa şəxslərin çıxarış və plan ölçüsündə göstərilən koordinatlardan kənarda, yəni başqa şəxslərin qeydiyyatı ləğv olunmadan) təklif olunsa da, iddiaçı tərəf bununla razılaşmamış, ona məxsus dövlət aktı əsas götürülməklə ancaq iddia etdiyi və faktiki istifadəsində olan bələdiyyəyə məxsus 0,45 ha torpaq sahəsi də daxil olmaqla 1,01 ha torpaq sahasinə çıxarış verilməsini tələb etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi Balakən rayonu Talalar bələdiyyəsinə məxsus 0,45 ha torpaq sahəsi üzərində, həmçinin JN-126 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 126 D cizgisində göstərilən 1,01 ha torpaq sahəsinin DWG məlumatlarındakı ölçülərlə yerləşmə vəziyyətinə görə üst-üstə düşən TEKUİS məlumat bazasında 125 D cizgisində X7 adına işlənmiş 0,28 ha torpaq sahəsi, 126 D cizgisində X3 adına işlənmiş 0,4450 ha torpaq sahəsi, 128 D cizgisində X4 adına işlənmiş 0,29 ha torpaq sahəsinin 0,0132 ha hissəsi və Talalar bələdiyyəsinin mülkiyyətinə aid yollar, arxlar, kanallar ərazisi olan 0,2718 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı işdə iddiaçı, bələdiyyə mülkiyyətinə aid 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hesabına kəsir torpaq sahəsinin tamamlanmasını tələb edir. Lakin bu tələbi heç bir hüquqi əsasa söykənmir və tamamilə faktiki istifadəyə əsaslanır.

50. İşdə olan JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş 10135,99 kv.m torpaq sahəsinin DWJ və TEKUS bazalarındakı yerləşmə vəziyyətindən görünür ki, sözügedən 0,45 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş torpaq sahəsi arasında hər hansı hüquqi əlaqə yoxdur. Yəni, sözügedən torpaq sahəsinin azalmasına səbəb 0,45 ha torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərilməsi ilə bağlı deyil. Ümumiyyətlə JN-126 nömrəli Dövlət Aktının D planşetinin cizgisi ərazinin coğrafi yerləşmə vəziyyətinə uyğun deyil. Faktiki naturada mövcud olan 0,56 ha torpaq sahəsinin özü də, sözügedən Dövlət Aktının cizgisi ilə tam uyğunluq təşkil etmir.

51. İddiaçı, Dövlət Aktının cizgisində göstərilən torpaq sahəsinin naturada az olması ilə razılaşmadığından həmin torpaq sahəsini bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına tamamlanmasını tələb edir. Lakin, yuxarıda qeyd edildiyi kimi bələdiyyə mülkiyyətində olan 0,45 ha torpaq sahəsinin JN-126 nömrəli Dövlət Aktına heç bir aidiyyəti yoxdur və istinad olunan Fərmanın 2.3.5-ci bəndində nəzərdə tutulmuş faktiki istifadə vəziyyətinin nəzərə alınması üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: - torpaqla bağlı normativ-hüquqi aktların tələblərinə və təsdiq edilmiş ərazi planlaşdırma sənədlərinə zidd olmamalıdır. - torpağın faktiki istifadəsi üçüncü şəxslərin mülkiyyət və digər əmlak hüquqlarını pozmamalıdır. - torpaq sahəsinin naturada ölçüləri və sərhədləri yerquruluşu planına uyğun olmalı, ciddi konfiqurasiya fərqləri yaranmamalıdır.

52. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hər hansı hüquqi əsas olmadan bələdiyyə mülkiyyətində olan 0,45 ha torpaq sahəsini istifadə etməsi, istinad olunan Fərmanın 2.3.5- ci bəndinin ona münasibətdə tətbiqini istisna edir. Belə ki, mövcud vəziyyətdə iddiaçının faktiki istifadəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əsassız zəbt edilməsi anlamına gəlir. Başqa sözlə, 0,45 ha torpaq sahəsinin tələb edilməsi, həmin torpaq sahəsi ilə dövlət aktında göstərilən torpaq sahəsi arasında konfiqurasiya fərqlərinin mövcudluğuna yox, əslində tamamilə fərqli bir ərazinin iddia olunmasına işarə edir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında kəsir torpaq sahələrinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hesabına tamamlanması nəzərdə tutulmamış, əksinə torpaq sahəsinin faktiki ölçülərinin hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olması ehtimalı nəzərə alınmaqla, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi və bunun yalnız mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi təsbit edilmişdir. Yəni, Fərmanda vurğulanan əsas prinsiplərdən biri real vəziyyətin nəzərə alınmasıdır. Buna görə də, mülkiyyət hüququnun qeydiyyatı faktiki mövcud olan sahə əsasında aparılmalıdır.

54. Odur ki, torpaq sahəsinin faktiki istifadəsi ilə hüquq müəyyənedici sənədlərdə göstərilən ölçü arasında uyğunsuzluq olduğundan və iddia olunan torpaq sahəsinin JN126 nömrəli Dövlət Aktına hər hansı aidiyyəti olmadığından iddiaçı, Dövlət Aktında göstərilən ölçüyə istinad edərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına kəsir torpaq sahəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilməz.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan 0,45 ha torpaq sahəsi torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə ayrılmamış, onlar da, JN126D saylı Dövlət Aktının 126D planşetindəki torpaq sahəsini kəsir ölçüdə istifadə etmiş və ötən müddət ərzində bunu mübahisələndirməmişlər. İddiaçı, xx.xx.2007ci il tarixli torpaq alqı-satqı müqaviləsi ilə JN-126D saylı Dövlət Aktının 126D planşetindəki torpaq sahəsini alarkən faktiki olaraq naturada həmin torpaq sahəsini az qəbul etmiş və hazırda iddia olunan 0,45 bələdiyyə mülkiyyətindəki torpaq sahəsi sözügedən alqı-satqı müqaviləsinin predmeti olmamışdır. İddiaçı, hüquq müəyyənedici sənədlərdə göstərilən ölçülərin dəqiqləşdirilməsi və faktiki istifadənin uyğunlaşdırılması üçün müvafiq düzəlişlərin aparılmasını tələb edə bilər, lakin bu, torpaq sahələrinin yenidən bölüşdürülməsi hesabına həyata keçirilə bilməz.

56. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması ilə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi).

58. Belə olan halda, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu əsasla da Kollegiyanın qənaətinə görə cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarını pozmamış, hər hansı səbəbdən məhdudlaşdırmamışdır.

59. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, həmçinin cavabdehin hərəkətində qanun pozuntusu müəyyən olunmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

60. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-322/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar