Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-392/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “Rusiya Federasiyasında yerləşən “X4”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla, cəmi 27 il 11 ay müddətin iş stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(116)-1311/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Rusiya Federasiyasında yerləşən “X4”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla cəmi 27 il 11 ay müddətin iş stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı hərbi xidmət və əmək fəaliyyəti müddətlərini, həmçinin, Rusiya Federasiyasında yerləşən “X4”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi cəza çəkdiyi 5 il 6 ay müddəti nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının 22 il 5 ay sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olmasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cəza çəkdiyi dövrdə işləməsinə dair heç bir sənəd təqdim etməmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 sentyabr 2022-ci il tarixli 2- 1(116)-1311/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşda, yəni, xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq pensiya yaşına çatdığı tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2022-ci il tarixli imtina cavabı verilmişdir. Həmçinin, iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1982-ci il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 22 il 5 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtina cavabından göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrləri ümumilikdə 22 il 5 ay təşkil etməklə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə olaraq iddiaçı iddia ərizəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Rusiyada cəzaçəkmə müəssisəsində olduğu dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq iddiaçı sözügedən dövrlərdə cəza çəkməsi ilə bağlı olaraq arayış təqdim etsə də həmin dövrdə cəzaçəkmə müəssisəsində işləməsinə dair heç bir sənəd təqdim etməmişdir. Bu səbəbdən iddiaçının təqdim etdiyi sənəd onun sığorta stajını sübutedici sənəd qismində qiymətləndirilməməlidir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 22 il 5 ay təşkil edir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(116)-1311/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(116)-1311/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1311/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 9 ay 23 gün) hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus xx.xx.1982-ci ildə tərtib edilmiş, AT-İİİ ******* №-li əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1982 – xx.xx.1985 (3 il, 17 gün), xx.xx.1987 – xx.xx.2004 (17 il, 6 ay, 28 gün). - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - 5588 nömrəli attestatdan görünür ki, iddiaçı islah əmək düşərgəsində olduğu müddətdə yəni, xx.xx.1978-xx.xx.1979-cu illərdə Qorki vilayətinin Burepolom qəsəbəsində texniki peşə məktəbində avtomobillərin təmiri üzrə çilingər peşəsi üzrə təhsil almışdır. - 077740 nömrəli k-231 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1977-ci ildə Qorki Qarnizonu Hərbi Tribunalı tərəfindən 8 il müddətinə məhkum olunmuş, xx.xx.1977xx.xx.1982-ci illərdə cəzasını çəkmiş, xx.xx.1982-ci ildə cəzasının çəkilməsindən vaxtından əvvəl şərti azad edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 67-ci maddəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt;
15. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
16. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
19. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: Maddə 96.4. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır.
21. Azərbaycan Respublikasının İslah Əmək Məcəlləsi: Maddə 50. Məhkumların azadlıqdan məhrumetmə yerlərində cəza çəkdikləri dövrdə işlədikləri vaxt ümumi əmək stajına daxil edilir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(116)-1311/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
29. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 9 ay 23 gün) hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildə tərtib edilmiş, AT-İİİ ******* №-li əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət xx.xx.1982 – xx.xx.1985 (3 il, 17 gün), xx.xx.1987 – xx.xx.2004 (17 il, 6 ay, 28 gün) kimi qeyd edilmişdir. 5588 nömrəli attestatdan görünür ki, iddiaçı islah əmək düşərgəsində olduğu müddətdə yəni, xx.xx.1978xx.xx.1979-cu illərdə Qorki vilayətinin Burepolom qəsəbəsində texniki peşə məktəbində avtomobillərin təmiri üzrə çilingər peşəsi üzrə təhsil almışdır. 077740 nömrəli k-231 nömrəli arayışa əsasən, iddiaçı xx.xx.1977-ci ildə Qorki Qarnizonu Hərbi Tribunalı tərəfindən 8 il müddətinə məhkum olunmuş, xx.xx.1977-xx.xx.1982-ci illərdə cəzasını çəkmiş, xx.xx.1982-ci ildə cəzasının çəkilməsindən vaxtından əvvəl şərti azad edilmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub).
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirək qeyd edir ki, cavabdeh orqan iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı müddətini 22 il 5 ay olaraq qəbul edir. Qeyd olunan dövr iddiaçının hərbi xidmət və əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətlərindən ibarətdir.
31. Cavabdehin “iddiaçının cəza çəkdiyi dövrdə işləməsinə dair heç bir sənəd təqdim etməməsi ilə bağlı” dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cəza çəkdiyi dövrdə qüvvədə olan islah-əmək qanunvericiliyində ictimai faydalı əmək islah-əmək müəssisələrində cəza çəkən şəxslərin islah olunması və yenidən tərbiyələndirilməsi ilə bağlı əsas vasitələrdən biri kimi nəzərdə tutulurdu. Belə ki, SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş xx.xx.1969-cu il tarixli 4074 saylı Qanunla təsdiq edilmiş “SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin Əsasları”nın, habelə onun əsasında Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş və 1971-ci il iyunun 1dən qüvvəyə minmiş “Azərbaycan SSR İslah Əmək Məcəlləsi”nin müvafiq olaraq 1-ci maddələrinə əsasən islah-əmək qanunvericiliyinin vəzifəsi cinayət cəzasının icrası zamanı həm də məhkumların islah olunmasına və əməyə vicdanlı münasibət, qanunlara dürüst əməl etmək və sosialist birgəyaşayış qaydalarına hörmət etmək ruhunda yenidən tərbiyələndirilməsinə nail olmaqdan ibarətdir. İstinad olunan həmin qanunvericiliyin normaları ilə islah-əmək müəssisələrində və həbsxanalarda cəza çəkən şəxslər üçün 8 saatlıq iş günü müəyyən edilmişdir. Həmçinin, həmin qanunvericiliyin tələblərinə görə azadlıqdan məhrum edilmiş şəxslərin əməyi onun kəmiyyət və keyfiyyətindən asılı olaraq xalq təsərrüfatında qüvvədə olan normalar üzrə ödənilirdi (“SSR İttifaqı və müttəfiq respublikalarda islah-əmək qanunvericiliyinin əsasları”nın 7-ci və 28-29-cu maddələri). Qeyd olunan normalardan göründüyü kimi, islah-əmək müəssisələrində cəza çəkən şəxslərin əmək fəaliyyətinə cəlb olunması məcburi xarakter daşıyır və məhkumların ictimai faydalı əməkdən yayınmasına yol verilmirdi. Əksinə, ictimai faydalı əmək məhkumların islah və yenidən tərbiyə olunmasının vacib vasitələrindən hesab olunurdu. İddiaçının islahəmək müəssisələrində cəza çəkdiyi dövrdə əmək fəaliyyətinə dair arxiv sənədlərinin aşkar olunmaması onun həmin cəzaçəkmə müəssisələrində əmək fəaliyyəti ilə məşğul olduğunu istisna edən hal kimi qiymətləndirilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1446/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe).
32. İşdə olan iddiaçıya məxsus attestatdan da görünür ki, iddiaçının cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olması zərurəti mövcud olduğundan o, Qorki vilayətinin Burepolom qəsəbəsində yerləşən texniki peşə məktəbində xx.xx.1978xx.xx.1979-cu illərdə avtomobillərin təmiri üzrə çilingər peşəsi üzrə təhsil alınmasına cəlb edilmişdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında 20 aprel 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikası İslah- Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci il fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir.
34. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisələndirilməyən 22 il 5 ay sosial sığorta stajı ilə, “İslah-Əmək Kaloniyasın”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi cəza çəkdiyi 5 il 6 ay müddət toplandıqda iddiaçının 25 ildən çox sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının Rusiya Federasiyasında yerləşən “X3”da xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi 5 il 6 ay və xx.xx.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi 22 il 5 ay olmaqla, cəmi 27 il 11 ay müddətin iş stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.
36. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2-1(116)-1311/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.