Məhkəmə qərarları › İş №2-1(107)-392/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-392/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-392/2024 28.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə İddiaçı Ağdaş rayon Xosrov bələdiyyəsinə aid torpaqlardan xx.xx.2007-ci il tarixli Alqı-satqı aktı əsasında ev tikmək üçün ayrılan 0.12 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədi sənədi işlənərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-911/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə İddiaçı Ağdaş rayon Xosrov bələdiyyəsinə aid torpaqlardan xx.xx.2007ci il tarixli Alqı-satqı aktı əsasında ev tikmək üçün ayrılan 0.12 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçü sənədi işlənərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3337/2023 nömrəli qərardadı ilə Ağdaş rayonu Xosrov bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon Xosrov bələdiyyəsinin xx.xx.2007-ci İl tarixli iclasının 17 saylı protokol qərarı ilə Ağdaş rayon Xosrov kənd sakini ona bələdiyyə torpağından ev tikmək üçün 0.12 ha torpaq sahəsi verilmiş, qeyd edilən torpaq sahəsi xx.xx.2007-ci il tarixli Aktla aidiyyəti şəxslərin iştirakı ilə təhvil verilmişdir. Bundan sonra xx.xx.2007-ci il tarixdə həmin torpaq sahəsinin bələdiyyə tərəfindən satılması ilə bağlı ‘‘Alqı-satqı Akt”ı tərtib edilmiş DTXK-nin Ağdaş rayon torpaq şöbəsi tərəfindən 08 noyabr 2007-ci il tarixdə 266 nömrə ilə qeydiyyata alınmışdır. Bundan əlavə ona həmin torpaq sahəsi ayrılarkən DT və XK -nin Ağdaş rayon şöbəsinin və Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və Memarlıq şöbəsinin müsbət rəyləri nəzərə alınmış, ayrılmış torpaq sahəsinin Yerquruluşu planı DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən möhürlə təsdiq edilmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi İddiaçı istifadəsində və mülkiyyətindədir. Lakin torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina edilmişdir.

4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər (surətlər) ekspetiza edilərək araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Mingəçevir bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair sənədlərin hazırlanması proseduru sonadək aparılmamışdır. Belə ki, alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinə aid digər əsas sənəd olan müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələri və nişanələr vasitəsilə əks etdirən texniki sənədi- “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçı tərəfindən ilkin müraciət zamanı Ərazi İdarəsinə təqdim edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 aprel 2024-cü il tarixli 2- 1(116)-911/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər (surətlər) ekspetiza edilərək araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Mingəçevir bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair sənədlərin hazırlanması proseduru sonadək aparılmamışdır. Belə ki, alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinə aid digər əsas sənəd olan müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələri və nişanələr vasitəsilə əks etdirən texniki sənədi- “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçı tərəfindən ilkin müraciət zamanı Ərazi İdarəsinə təqdim edilməmişdir. İlk öncə nəzərə alınmalı idi ki, mütəxəssis rəyindən də göründüyü kimi torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumatı bazasında mövcud olmadığından torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır. Yəni faktiki vəziyyətdə vətəndaşın naturada tanıtdığı yer ilə bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin eyni yer olduğu hansı əsaslarla sübuta yetirildiyi məlum deyildir. Nəticə etibarı ilə həmin ərazinin şərti göstəricilərini və koordinatlarını özündə əks etdirən DTXK tərəfindən hazırlanmalı torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud deyildir. Digər bir tərəfdən nəzərə alınmalıdır ki, iş üzrə tərtib olunmuş mütəxəssis rəyinə istinadən bildiririk ki, elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Xosrov bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş, mülkiyyətçisi - Ağdaş rayonu Xosrov bələdiyyəsidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-911/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-911/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-911/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokolundan görünür ki, İddiaçı Ağdaş rayonu Xosrov bələdiyyəsi ərazisindən 1200 kv.metr torpaq sahəsi ayrılmışdır.

3. DTXK-nın Ağdaş rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 261 nömrəli rəyindən görünür ki, tələb olunan torpaq sahəsi bələdiyyə fondu torpaq sahəsidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq şöbə İddiaçı həyətyanı 0,12 ha torpaq sahəsi ayrılmasına etiraz etməmişdir.

4. Ağdaş RİH Memarlıq və tikinti şöbəsinin məktubundan görünür ki, Şöbə 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılmasına etiraz etməmişdir.

5. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə İddiaçı Ağdaş rayonu Xosrov bələdiyyəsi ərazisindən 1200 kv.metr torpaq sahəsi ayrılmışdır.

6. Ağdaş rayonu Xosrov bələdiyyəsindən İddiaçı həyətyanı üçün ayrılmış torpaq sahəsinin yerquruluşu planı DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəşinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinin xüsusiyyətləri barədə məlumatların verilməsi mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Xosrov bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş, mülkiyyətçisi - Ağdaş rayonu Xosrov bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturadakı sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmi “aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

17. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir

18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. Ağdaş RİH Memarlıq və tikinti şöbəsinin məktubundan görünür ki, Şöbə 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılmasına etiraz etməmişdir. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə İddiaçı Ağdaş rayonu Xosrov bələdiyyəsi ərazisindən 1200 kv.metr torpaq sahəsi ayrılmışdır.

25. Cavabdehin apellyasiya şikayətinin dəlilləri - torpaq sahəsinin ayrılmasına dair sənədlərin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əlavə edilməməsi, torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş olması ilə bağlı olmuşdur.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

27. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması barədə qeyd edilməlidir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir. Əgər alğı-satqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. Ümumiyyətlə qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alğı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi texniki sənədlərə deyil, bələdiyyənin qərarına üstünlük verir.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlilinə -torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüş olmasına münasibətdə qeyd edir ki, iddia olunan torpaq sahəsi iddiaçıya ayrılan zaman torpağın sahəsi həyətyanı torpaq sahəsi kimi ayrılmış, bu barədə müvafiq rəy verilmişdir. DTXK-nın Ağdaş rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 261 nömrəli rəyindən görünür ki, tələb olunan torpaq sahəsi bələdiyyə fondu torpaq sahəsidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq şöbə İddiaçı həyətyanı 0,12 ha torpaq sahəsi ayrılmasına etiraz etməmişdir. Nəticə etibarı ilə həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmiş, iddiaçının etimadı hüququ yaranmışdır.

29. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olaraq iddiaçının mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.

30. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

31. Beləliklə, yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh tərəfindən iddia olunan torpaq sahəsinin hazırkı elektron bazaya münasibətdə təyinatı və uqodiyası barədə məlumat təqdim edilsə də torpaq sahəsinin ayrıldığı vaxt təyinatı və uqodiyası barədə məlumat təqdim edilməmişdir.

32. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

33. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

34. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

35. Kollegiyanın qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

36. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağdaş rayonu Xosrov bələdiyyəsinin xx.xx.2007- ci il tarixli iclasının 17 saylı protokol qərarı ilə iddiaçıya ayrılmış, Ağdaş rayon Xosrov kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-911/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar