Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-392/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-662/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1996-cı il tarixdən hal-hazıradək çilingər vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Zərdab rayonu Əlvənd kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri 23 saylı orta texniki peşə məktəbində quraşdırıcı-çilingər ixtisası üzrə təhsil almışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə xx.xx.1983-cu il tarixdə Bakı şəhərində Qazanxana mexanizasiya zavodunda 3-cü dərəcəli Qazanxanaçı kimi başlamışdır. Qeyd edilən zavodda 1984-ci ilə kimi işləmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilə kimi Mingəçevir Çuma əleyhinə şöbədə dezinfeksiyaedici, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Hidro-Elektro Quraşdırma idarəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci ilə kimi 8 saylı Qafqaz Quraşdırma idarəsində quraşdırıcı çilingər peşəsində işləmişdir. - xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixə kimi Azərb. DRES-in Elektrik və X7 və Avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək elektrik sexinin "Alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarını quraşdıran, sazlayan və xidmət edən briqadada 5-ci dərəcəli qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin briqadada 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində, xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin sexin "İşıqlandırma şəbəkəsində, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadasında 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmişdir. - Qeyd edilən vəzifələr üzrə vəzifə funksiyalarını yerinə yetirərkən müxtəlif zərərli faktorların (aqressiv kimyəvi maddələrin, titrəmə, səs-küy, yüksək temperatur) təsirinə məruz qalmışdır. İş şəraiti ağır və zərərli olduğuna görə ona xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq məvacibinin 8% məbləğində, xx.xx.2022-ci il tarixdən halhazıradək aylıq məvacibinin 12 % məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. - Azərbaycan İstilik Elektrik Stansiyası MMC tərəfindən verilmiş “İşin Xarakteri haqqında" arayışa əsasən o, xx.xx.1996-cı il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji blokunda, Qazan-Turbin sexində Mazut təsərrüfatında 330/500 kv-lıq AQP sahəsində Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. xx.xx.1996-cı il tarixdən hal-hazıradək həmin sahədə iş stajı 27 il 08 ay 10 gün təşkil edir. - "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən eldiyi orqanın (qurumun) təsdiq eldiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1996-cı il tarixdən hal-hazıradək işlədiyi elektirik çilingəri vəzifəsi güzəştli şərtlərlə ona pensiya təyin edilməsinə əsas verir. İddiaçı qeyd edilənlərlə bağlı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H113877/2024 nömrəli məktubla əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. - Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. - Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 113877/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik və X7 və avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində, xx.xx.2005xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən bugünədək paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işlədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. - Mərkəzi Filial tərəfindən İddiaçı sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 13- 9/100/01-07-20 nömrəli məktubunda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Cavabdeh orqan analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1640/2023, 2-1(102)-1030/2023, xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024, 2- 1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)-1399/2023 nömrəli işlər üzrə qərarlarına istinad etmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - A754666 nömrəli diplom, - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-178, 07-179 və 07-180 nömrəli işin xarakteri haqqında arayışları, - НЗ ******* nömrəli hərbi bilet, - ИT-İ ******* №-li əmək kitabçasının surəti.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 mart 2025-ci il tarixli 2- 1(116)-662/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının bitdiyi xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1963cü ildə doğulub). İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşına çatmış və həmin tarixə onun 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirərək iddiaçının işlədiyi vəzifənin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri vəzifəsinə uyğun olmadığını bildirir. İş materiallarında olan Azərbaycan Elektrik Stansiya” MMC-nin işin xarakteri haqqında arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: - İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərbaycan DRES”in Elektrik və X7 və Avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 27, xx.xx.1996). xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək isə Elektrik sexinin “Alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarını quraşdıran, sazlayan və xidmət edən briqadasında” 5-ci dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində çalışmışdır (Əmr № 191/Ş, xx.xx.2005). xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin briqadada 6cı dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləmişdir (Əmr № 203/Ş, xx.xx.2012). xx.xx.2022-ci il tarixdən hal-hazıradək yeni təşkilati struktura əsasən həmin sexin “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadasında” 6-cı dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində əmək fəaliyyətini davam etdirir. - İddiaçı xx.xx.1996-cı il tarixdən hal-hazıradək zərərli iş şəraitində, 8 saatlıq iş günü ərzində səs-küy, nisbi rütubət, əməyin ağırlığı və yeknəsəkliyi (monotonluğu), habelə əsəb, emosional və intellektual gərginlik faktorları ilə müşayiət olunan şəraitdə çalışmışdır. O, qeyd olunan dövrdə öz vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan- Turbin sexində, Mazut təsərrüfatında, 330/500 kV-luq APQ sahəsində və Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Zərərli iş şəraitində çalışdığına görə İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq əməkhaqqının 8%-i, xx.xx.2022-ci il tarixdən halhazıradək isə 12%-i miqdarında əlavə əməkhaqqı ödənilmişdir. Həmçinin Əmək qanunvericiliyinə əsasən zərərli iş şəraiti nəzərə alınmaqla ona əlavə məzuniyyət günləri verilmişdir. - İddiaçı xx.xx.1996-cı il tarixdən hal-hazıradək icra etdiyi “elektrik çilingəri” və “paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” hissəsinin “a” bəndinə uyğun gəlir. Burada qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət göstərən çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (vəzifə kodu 2140000a-18455) nəzərdə tutulmuşdur. Eyni zamanda, bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına da uyğundur. İddiaçı həmin sahədə kəsilməz iş stajı xx.xx.1996-cı ildən hal-hazıradək 27 il 8 ay 10 gün təşkil edir. "xxxx" MMC-də zərərli şəraitdə ümumi iş stajı da 27 il 8 ay 10 gün olmuşdur. Göründüyü kimi işin xarakteri haqqında təqdim edilmiş məlumatlar əsasında iddiaçının xüsusi iş stajının tələb olunan minimum 12 il 6 aydan artıq olması sübut olunur. Cavabdeh orqan iddiaçının işlədiyi vəzifənin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri vəzifəsinə uyğun olmaması ilə bağlı qənaətini əsaslandırmamış və işin xarakteri haqqında arayışda göstərilən məlumatları düzgün qiymətləndirmədən iddiaçıya imtina cavabı vermişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-662/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onula əsaslandırılmışdır ki, hesab edirik ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməlidir. Bildiririk ki, "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 13- 9/100/01-07-20 nömrəli məktubunda qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik çilingərləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, İddiaçı həqiqətən güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-662/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir ..... ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
17. “Əmək pensiyaları haqqında” Qanun: 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
19. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı
20. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
29. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə iddiaçının ümumi və xüsusi iş stajı tamamlandığından, iddiaçının özü də 18 mart 2023-cü il tarixdən pensiya təyin edilməsini tələb etdiyindən ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra, yəni hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir.
31. Belə ki, hazırda qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı.
32. Müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
33. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur, bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
34. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox zərərli sahədə iş stajı mövcuddur
35. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik və X7 və avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində, xx.xx.2005xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən bugünədək paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajının müddəti bitmir.
36. İşdə olan arayışlardan da görünür ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Azərbaycan DRES”in Elektrik və X7 və Avtomatika avadanlıqlarının quraşdırma və sazlama sexində 5-ci dərəcəli elektrik çilingəri vəzifəsi, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək isə Elektrik sexinin “Alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarını quraşdıran, sazlayan və xidmət edən briqadasında” 5-ci dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsi, xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin briqadada 6-cı dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsi və xx.xx.2022-ci il tarixdən hal-hazıradək yeni təşkilati struktura əsasən həmin sexin “İşıqlandırma şəbəkəsinə, alçaq və yüksək gərginlikli elektrik avadanlıqlarına xidmət edən briqadasında” 6-cı dərəcəli paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsi zərərli iş hesab edilir. İddiaçı xx.xx.1996-cı il tarixdən hal-hazıradək zərərli iş şəraitində, 8 saatlıq iş günü ərzində səs-küy, nisbi rütubət, əməyin ağırlığı və yeknəsəkliyi (monotonluğu), habelə əsəb, emosional və intellektual gərginlik faktorları ilə müşayiət olunan şəraitdə çalışmışdır.
37. O, qeyd olunan dövrdə öz vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Mazut təsərrüfatında, 330/500 kV-luq APQ sahəsində və Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Zərərli iş şəraitində çalışdığına görə İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq əməkhaqqının 8%-i, xx.xx.2022-ci il tarixdən hal-hazıradək isə 12%-i miqdarında əlavə əməkhaqqı ödənilmişdir. Həmçinin Əmək qanunvericiliyinə əsasən zərərli iş şəraiti nəzərə alınmaqla ona əlavə məzuniyyət günləri verilmişdir.
38. İddiaçı xx.xx.1996-cı il tarixdən hal-hazıradək icra etdiyi “elektrik çilingəri” və “paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” hissəsinin “a” bəndinə uyğun gəlir. Burada qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət göstərən çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (vəzifə kodu 2140000a-18455) nəzərdə tutulmuşdur. Eyni zamanda, bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına da uyğundur. İddiaçı həmin sahədə kəsilməz iş stajı xx.xx.1996-cı ildən hal-hazıradək 27 il 8 ay 10 gün təşkil edir. "xxxx" MMC-də zərərli şəraitdə ümumi iş stajı da 27 il 8 ay 10 gün olmuşdur (səh.8).
39. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Qeyd edilən sahələr üzrə isə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
41. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisədən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, birinci instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.
43. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən də lazımi qaydada araşdırılmışdır.
45. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatları zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
46. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
47. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
48. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
49. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.
50. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
53. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
54. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-662/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.