Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-393/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil1, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X6 və üçüncü şəxs X25 vəkili X14 iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı rayon Topçu Bələdiyyəsinə (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi, X35, X44) qarşı “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X7 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin X3 haqqında Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarından üçüncü şəxs X35 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər İsmayıllı rayon Topçu Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X7 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi X3 haqqında olan Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarı və həmin ərazi üzərində onun mülkiyyət hüququnun qeydə alınması haqqında olan mülkiyyət hüququna dair JN-0531 KOD040727018 nömrəli Dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdeh orqanların üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 29.01.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon X7 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə Yeməkxana binasının tikintisi üçün 0,60 ha torpaq sahəsi ayrılmış, müvafiq dövlət orqanı tərəfindən cizgisi çəkilərək, naturada yerində tanıdılmışdır. Torpaq sahəsi həmin vaxtdan hal-hazırkı vaxta kimi dövlət mülkiyyətində olmaqla İddiaçı daimi istifadəsindədir. 1977-ci il tarixində həmin torpaq sahəsində, balans dəyəri 7870 manat olan ümumi sahəsi 81,6 kv.m, divarları qırmızı kərpicdən, üst örtüyü şiferdən olan yeməkxana binası tikilmiş və həmin vaxtdan hal-hazıra kimi “Topçu” yeməkxanası adı ilə fəaliyyət göstərir. Yeməkxana “AZƏRİTTİFAQ”-ın mülkiyyəti olmaqla “İsmayıllı rayon X30 Birliyinin” (yeni adı "xxxx" MMC) balansında olmuşdur. İddiaçı müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli (protokol № 02) qərarı və X22 20 sentyabr 2011-ci il tarixli (protokol № 106) qərarı ilə "xxxx" MMC ləğv edilərək mülkiyyəti “Topçu” yeməkxanası daxil olmaqla İddiaçı mülkiyyətinə verilmişdir. Ölkədə aparılmış islahatlarla əlaqədar “Topçu” yeməkxanasının tikintisi üçün ayrılmış 0,60 ha torpaq sahəsi, tikinti altında yerləşən torpaq sahəsi kimi dövlət mülkiyyətində saxlanılmış, İddiaçı daimi istifadəsində olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin icraatında olan iddiaçı X25 “Topçu” yeməkxanasını icarə müqaviləsinə əsasən işlədən X27 qarşı torpaq sahəsindən məcburi çıxarma və sair tələbinə dair mülki iş üzrə təqdim olunmuş sənədlərdən və məhkəmə araşdırmaları zamanı alınmış mütəxəssis rəyindən aydın olur ki, İsmayıllı rayon Topçu Bələdiyyəsinin 24.09.2003-ci il tarixli 09 saylı qərarı ilə X25 əri, mərhum X17 yaşıllıq salmaq və iaşə obyektinin tikintisi üçün 1,26 ha torpaq sahəsi satılmışdır. Bələdiyyənin Qərarında göstərilir ki, “Topçu kəndinin şimal zonasından, kəndin kənarından, uzun müddət istifadəsiz, kolluq sahədən 1,26 ha torpaq sahəsi Əliyev Farizə verilsin. Bələdiyyənin bu qərarına əsasən Fariz Əliyevin adına mülkiyyət hüququna dair JN-0531, KOD 40727018 nömrəli Dövlət Aktı verilmişdir. Dövlət qurumu Mülkiyyət sənədi hazırlayan zaman, naturada torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirmədən Əliyevə verilmiş torpaq sahəsinin koordinatları qərarda göstərildiyi kimi kollu, yararsız, istifadəsiz sahəyə deyil, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqına, İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış, 1977-ci ildən tikilərək fəaliyyət göstərən “Topçu” yeməkxanasının tikinti altında yerləşən, dövlət mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin 0,58 ha hissəsi daxil olmaqla onun üstünə vurulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, Fariz Əliyevin adına tərtib edilmiş JN-0531 nömrəli Dövlət Aktı qanunsuz olduğu üçün ləğv edilməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 12.02.2020-ci il tarixli, **********99 nömrəli etirazında qeyd etmişdir ki, İsmayıllı rayonu Topçu Bələdiyyəsinin qərarını və həmin qərar əsasında X11 adına hazırlanmış JN-0531 saylı saylı Dövlət Aktının ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə də müraciətin icrası mümkün olmamışdır. Məhkəmənin 07.05.2020-ci il tarixli qərardadı ilə X35 və X44 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh İsmayıllı rayonu Topçu bələdiyyəsinin 1.26 ha torpaq sahəsinin X3 haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X7 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc cavabdehə aid edilməsi, mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 425 manat İsmayıllı rayonu Topçu bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X37 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X35 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İş üzrə üçüncü şəxs X35 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Topçu X1 “Topçu kəndinin şimal zonasından, kəndin kənarından, uzun müddət istifadəsiz, kolluq sahədən” 1.26 ha torpaq sahəsinin verilməsi barədə qərarı 24.09.2003-cü ildə verilmişdir. Həmin qərar əsasında F.Əliyevin adına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən torpağın mülkiyyətə verilməsinə dair JN-0531, kod 40727018 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi 2013-cü ilə qədər F.Əliyevin mülkiyyətində olmuş, 2013cü ildə mülkiyyətçi F.Əliyev vəfat etdikdən sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüququ vərəsəlik qaydasında mərhumun həyat yoldaşı Naibə Əliyevaya və oğlu Emin Əliyevə keçmişdir. Onu da qeyd edim ki, həmin torpağın üzərindəki tikililər mərhum mülkiyyətçi Fariz Əliyev tərəfindən tikildiyi üçün ölümünə qədər onun, ölümündən sonra isə vərəsələrinin qanuni istifadəsində və sahibliyində olmuşdur. Bu isə mülki qanunvericiliklə istisna edilmir. Həmin 1.26 ha torpaq sahəsi dövlət mülkiyyətində yox, bələdiyyə mülkiyyətində olmuşdur. Bu halı AR “Torpaq İslahatı haqqında” 1990-cı il tarixli Qanununun 6-cı maddəsi də təsdiq edir. Həmin maddədə dövlət mülkiyyətində olan torpaq sahələrinin siyahısı verilmişdir. Mülki qanunvericiliyin tələblərinə görə torpaq sahəsi kimin mülkiyyətində, sahibliyinə və ya istifadəsindədirsə, onun üzərində yerləşən tikililər də həmin mülkiyyətçiyə məxsusdur. Daşınmaz əşyalar üçün iddia müddəti 6 il olduğu halda, iddiaçı məhkəməyə 2003-cü ildən 17 il keçdikdən sonra, yəni 2020-ci ildə müraciət etmişdir və bununla da tələb hüququnu itirmişdir. İş materiallarında 20 may 1975-ci il tarixli ZDS qərarı olsa da, 0.60 ha torpaq sahəsinin və yeməkxananın plan cizgisi aşkar olunmamışdır. Yeməkxana binasının və yerləşdiyi torpaq sahəsinin İddiaçınə məxsus olması barədə heç bir qanuni cizgisi, qeydiyyata alınmış sxemi və hər hansı bir mülkiyyət sənədi mövcud deyil. X52, 2013-cü ildən isə onun varisləri-həyat yoldaşı Naibə Əliyeva və oğlu Emin Əliyev həmin əmlakın vergisini ödəmişdirlər. X15 Topçu Bələdiyyəsinin 24.09.2003-cü il tarixli qərarı əsasında verilmiş 1.26 ha torpaq sahəsinin mülkiyyət hüququna dair Dövlət Aktı qeydiyyat kitabında 08.05.2006-cı ildə 361 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 9 saylı Qəbələ Ərazi idarəsinin Məhkəməyə ünvanladığı 16.07.2020-ci il tarixli məktuba əlavə edilmiş Dövlət Aktlarının verilməsinə dair qeydiyyat kitabından JN-0531 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının verilməsinə aid hissəsinin təsdiq edilmiş surətində X11 adı qeyd edilmiş və göstərilmişdir ki, ona İsmayıllı rayon Topçu Bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi məqsədilə 1.26 ha torpaq sahəsi ayrılmışdır. 2003-cü ildən başlayaraq 2013-cü ilə kimi Fariz Əliyev həmin torpaq sahəsini abadlaşdırmış, orada müxtəlif tikililər, eyni zamanda yeməkxana binası tikmişdir. Onun ölümündən sonra varisləri-həyat yoldaşı Naibə Əliyeva və oğlu Emin Əliyev həmin torpaq sahəsindən istifadə etmiş və onlara 2005-ci il tarixdə yaradılmış və 2011-ci ildə ləğv edilmiş "xxxx" MMC və onun hüquqi varisi-2011-ci ildə yaradılmış “İddiaçı” tərəfindən heç bir etiraz edilməmiş və ya tələb irəli sürülməmişdir və sürülə də bilməzdi. Mütəxəssislər tərəfindən 13.08.2020-ci il tarixdə həmin ərazidə ölçü işləri aparılmışdır. GPS aləti vasitəsilə kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. X15 həmin torpaq sahəsi 2003-cü ildə verilmişdir. Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 15.07.2020-ci il tarixli 201.**********800 nömrəli məktubunda qeyd edilir ki, "xxxx" MMC 03.02.2005-ci il tarixdə təsis edilmişdir. “İddiaçı” isə 2004-cü il dekabrın 29da yaradılmışdır. Eyni zamanda iddiaçı 0.60 ha torpaq sahəsini dövlət torpaq sahəsi hesab edir. Qeyd edilənlərə əsasən iddiaçı həmin torpaq sahəsini tələb etmək və məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarını ləğv edib, işə mahiyyəti üzrə baxmaqla yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X25 vəkili X28 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X9 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh İsmayıllı rayon Topçu bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır hesab edir ki, üçüncü şəxs X35 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(116)- 68/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan və kollegiyanın iclasında olan sübutlardan görünür ki, X38 filialının 12.09.2019-cu il tarixli, 67/73 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı iclas protokolunda rayonun Kooperativlər ittifaqının nəzdində İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçı müvəkkillərinin 06.09.2011-ci il tarixli yığıncağında Kooperativin tabeliyində olan "xxxx" MMC-nin ləğv edilməsi və İddiaçınə birləşdirilmsi qərara alınmışdır. Qərarın surəti X19 göndərilmiş və təsdiq edilməsi xahiş olunmuşdur. X31 Heyətinin 20.09.2011-ci il tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29.12.2004-cü il tarixdə qeydiyyata alınmış, əvvəlki dövlət qeydiyyatı nömrəsi 07**-İİ-*** olmuş, dövlət qeydiyyatı nömrəsi (VÖEN) **********, əvvəlki qanuni təmsilçi X29, hazırkı qanuni təmsilçi isə X10r. Topçu bələdiyyəsinin məhkəməyə ünvanladığı 17.02.2020-ci il tarixli 03 nömrəli məktubda qeyd edilir ki, 24.09.2003-cü il tarixli 09 nömrəli qərar həmin qərara aid müqavilə və torpağa dair digər sənədlərin əsli və ya surəti Topçu bələdiyyəsinin arxivində tapılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 24.02.2020-ci il tarixli, **********04 nömrəli məktubunda qeyd edilir ki, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılmış və aşğıdakı hallar müəyyən olunmuşdur: 1. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində torpağın mülkiyyətə verilməsinə dair JN-0531 (kod 4********) saylı Dövlət Aktının əslinin digər nüsxəsi aşkar edilməmiş və həmin Dövlət Aktının kitab qeydiyyatı yoxdur, lakin sözü gedən JN-0531 saylı Dövlət Aktı Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmışdır. 2. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-0531 (kod 4********) saylı Dövlət Aktı yaşayış məntəqələri torpaqlarının sərhədləri daxilində yerləşir. 3. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaq sahəsinin faktiki (naturadakı) istifadə vəziyyətinin məkan göstəriciləri ilə JN-531 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. 4. Torpaq sahəsinin faktiki (naturadakı) istifadə vəziyyətinin məkan göstəriciləri JN531 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların olduğundan Şəki İnzibati Məhkəməsi tərəfindən DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin qarşısına qoyduğu suallara konkret olaraq cavab verilməsi tərəfımizdən mümkün olmamışdır. 487906 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 (Məmmədova) Naibə Sabir qızı ilə 20.08.1982-ci il tarixdə nikah bağlamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Qəbələ ərazi şöbəsinin iddiaçının vəkili Vəkil1 ünvanladığı 17.02.2020-ci il tarixli məktubda qeyd edilir ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli, 12 saylı qərarı ilə rayonun Kooperativlə İttifaqının nəzdində İsmayıllı rayonunun Topçu kəndi ərazisində, yolun kənarında yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi dövlət torpağı olmaqla “Topçu” yeməkxanasının istifadəsindədir və bu günədək həmin torpaq sahəsi hər hansı hüquqi və ya fiziki şəxs tərəfindən özəlləşdirilməmişdir. “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı qərarı ilə 1.26 ha torpaq sahəsi yaşıllıq salmaq və iaşə obyektinin tikilməs məqsədilə X16 mülkiyyətinə verilmişdir. Dövlət aktı qeydiyyat kitabında 08.05.2006-cı il tarixdə 361 nömrə ilə qeydiyyata alınmışdır. 03.10.2011-ci il tarixli “icarə müqaviləsi”nin surətindən görünür ki, İsmayıllı RİİK-nin idarə heyətinin sədri X29 X26 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə görə Topçu yeməkxanası 03.10.2011-ci il tarixdən ilin mövsümündən asılı olmayaraq icarəyə götürdüyü əmlakı aktla tam təhvil verdiyi müddətə qədər Fazir Əliyevin istifadəsinə verilmişdir. Topçu bələdiyyəsinin İsmayıllı rayon Notariat Kontoruna ünvanladığı 09.07.2019-cu il tarixli, 13 nömrəli məktubda qeyd edilir ki, mərhum X26 vəfat etdikdən sonra onun adına olan torpaqların vergisini mərhumun həyat yoldaşı X35 ödəyib və ödəməyə davam edir. 01.10.2013-cü il tarixli xidmət müqavilə”nin təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı RİİK-nin idarə heyətinin sədri X29 ilə X36 arasında müqavilə bağlanılmış və müqaviləyə əsasən Topçu yeməkxanası H.Qəribovun istifadəsinə verilmişdir. Müqavilənin müddəti 2013-cü ildən sonra hər il bir il olmaqla artırılmışdır. Sonuncu 07.01.2020-ci il tarixli xidməti müqavilə İsmayıllı RİİK-nin idarə heyətinin sədri X12 ilə X36 arasında bağlanmış və müqavilənin müdəti 01.01.2020-ci il tarixdən 01.01.2022-ci il tarixədək müəyyən edilmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 16.07.2020-ci il tarixli məktuba əlavə edilmiş dövlət aktlarının verilməsinə dair qeydiyyat kitabından JN-0531 nömrəli “torpağa mülkiyyət hüququna dair” dövlət aktının verilməsinə aid hissənin təsdiq edilmiş surətindən görünür ki, qeydiyyat kitabında X16 adı qeyd edilmiş və göstərilmişdir ki, ona İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi məqsədilə 1.26 ha torpaq sahəsi verilmişdir. Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 15.07.2020-ci il tarixli, **********286800 nömrəli məktubunda qeyd edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “İsmayıllı rayon İstehlak-İstehsal” Kooperativi tərəfindən 03 fevral 2005-ci il tarixdə təsis edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 22 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X53 tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin rəhbəri X33 olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyatının “İsmayıllı Rayon İstehlak-lstehsal” Kooperativinə (VÖEN-**********) qoşulması yolu ilə ləğv edilməsi haqqında qərar “İsmayıllı Rayon İstehlak-İstehsal” Kooperativinin müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli yığıncağında qəbul edilmişdir. 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 10 iyul 2017- ci il tarixdə cəmiyyət dövlət qeydiyyatından çıxarılmışdır. Cəmiyyətin hüquqi varisi “İsmayıllı Rayon İstehlak-İstehsal” Kooperatividir. X38 filialı tərəfindən 04.08.2020-ci il tarixli məktubla əlavə edilən İsmayıllı rayonu Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı iclas protokolundan görünür ki, həmin tarixli qərara əsasən X55 kəndinin şimal zonasında, kəndin kənarında, kolluq sahədən 1.26 ha torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.10.2020-ci il tarixli **********59 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 13 avqust 2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1. İsmayıllı rayonu Topçu kəndində yerləşən, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Mübahisəli torpaq sahəsinin 0,58 ha hissəsi JN- 0531 KOD ********* nömrəli Dövlət Aktına əsasən X11 mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsində qeyri-yaşayış tikililəri (bir ədəd təzə, bir ədəd köhnə yeməkxana binası) mövcuddur. 2. JN-0531 KOD ********* nömrəli Dövlət Aktında göstərilən 1,26 ha torpaq sahəsi İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı qərarına əsasən yaşıllıq salınması və iaşə obyektinin tikintisi məqsədi ilə X16 mülkiyyətinə verilmişdir. Sözügedən 1,26 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Həmin torpaq sahəsinin 0,58 ha hissəsi Topçu yeməkxanası tərəfindən iaşə obyekti kimi istifadə olunur. Torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir. İş materiallarında olan üçüncü şəxs X25 vəkili X13 məhkəmənin elektron kabinetinə daxil etdiyi ərizədə qeyd edilir ki, iş üzrə iddiaçı və hüquqi varisi olduğu təşkilatlar 2004-cü il dekabrın 29-da dövlət qeydiyyatına alınmışdır. X26 isə Topçu bələdiyyəsindən 1,26 ha torpaq sahəsini 2003-cü ildə almışdır. İddiaçı məhkəməyə ünvanladığı 01.03.2021-ci il tarixli, 06 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycanda kooperasiya 1888-ci ildə Şamaxıda (Çuxuryurdda) və Xankəndində ilk kooperativlər yarandıqdan sonra təşəkkül tapmış, sonradan bütün regionları əhatə etmişdir. Kooperativlər fəaliyyətlərini mərkəzləşmiş qaydada idarə etmək üçün 1915-ci ildə “X24 Cəmiyyəti “ adlı İttifaq təsis etmişlər. 1920-ci ildə bu İttifaqın bazasında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı - “Azərittifaq” təsis olunmuşdur. “Azərittifaq” Azərbaycan müstəqillik qazanan vaxta kimi fəaliyyət göstərmişdir. Ölkəmizdə müstəqillik əldə edildikdən sonra 1996-cı ildə “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və kooperativlərin fəaliyyətini qanunauyğun qurmaq üçün Azərittifaqın 1997-ci ildə keçirilən növbədənkənar XİX qurultayı Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının adı dəyişdirilərək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı adlandırılması haqqında qərar qəbul etmiş, İttifaqın qısaldılmış adı- “Azərittifaq “ kimi saxlanılmışdır. Ölkənin bütün şəhərlərində və rayonlarında kooperativ təşkilatları, onların əksəriyyətinin nəzdində X30 birlikləri, kooperativ sənaye ticarət birlikləri fəaliyyət göstərir. Azərittifaq tərkibinə daxil olan kooperativ təşkilatları əhaliyə pərakəndə ticarət və iaşə xidməti göstərilməsini, kənd təsərrüfatı məhsulları və xammal tədarükünü və satışını, müxtəlif pullu xidmətlərin göstərilməsini həyata keçirirlər. Azərittifaq öz fəaliyyətini 2003-cü ildə XX qurultayda qəbul olunmuş, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməyə uyğun həyata keçirir. Bununla bağlı ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən kooperativ təşkilatlarının Nizamnamələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək adları dəyişdirilmişdir. O cümlədən, İsmayıllı rayon İstehlak Cəmiyyətinin adı dəyişdirilərək 29 dekabr 2004-cü ildə təsdiq olunmuş Nizamnaməyə uyğun İddiaçı kimi qısaldılmış adı (İsmayıllı RİİK) fəaliyyətini davam etdirir və Nizamnamənin 1.1-ci maddəsində qeyd olunduğu kimi İsmayıllı rayon İstehlak Cəmiyyətinin bazasında yaradılmışdır, onun hüquqi varisidir. Qeyd edilir ki, sovetlər dövründə İsmayıllı rayon Kooperativlər İttifaqının tərkibində İsmayıllı rayon X30 Birliyi (İsmayıllı - İaşə “ MMC), Kooperativ Sənaye Ticarəti Birliyi (Aqrokoop) ,X39 Cəmiyyəti, Şəhər İstehlak Cəmiyyəti, X54 Cəmiyyət, X42 Cəmiyyəti, X49 Cəmiyyəti, X34 Cəmiyyəti, X43 Cəmiyyəti kimi qurumlar mövcud olmuş, ötən dövr ərzində tədricən bu təşkilatlar ləğv olunaraq əmlakı rayon Kooperativ Cəmiyyətinin (hal-hazırkı İddiaçı) balansına birləşdirilmişdir. İsmayıllı rayon İstehsal- İstehlak Kooperativinin tərkibində fəaliyyət göstərən "xxxx" MMC-də lüzumsuz xərclərin qarşısını almaq məqsədi ilə rayon İstehsalİstehlak Kooperativi müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli ( protokol-02) qərarı və X22 20 sentyabr 2011-ci il tarixli (protokol-106) qərarı ilə "xxxx" MMC ləğv edilərək mülkiyyəti, o cümlədən “Topçu” yeməkxanası rayon İstehsalİstehlak Kooperativinin balansına verilmişdir. İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X7 rayonu, Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə Yeməkxana binasının tikintisi üçün 0,60 ha torpaq sahəsi ayrılmış, həmin vaxtdan hal-hazıra kimi dövlət mülkiyyətində olmaqla İsmayıllı rayon İstehsalİstehlak Kooperativinin daimi istifadəsindədir. 1977-ci ildə həmin torpaq sahəsində balans dəyəri 7870 manat olan, ümumi sahəsi 81.6 m2, divarları qırmızı kərpicdən üst örtüyü şiferdən ibarət yeməkxana binası tikilmiş və həmin vaxtdan hal-hazıra kimi “Topçu” yeməkxanası adı ilə fəaliyyət göstərir. Yeməkxanada uzun müddət "xxxx" MMCdə ayrı-ayrı payçılar işləmişlər. Belə ki, 1977-ci ildən 1983-cü ilə kimi Buynuz kənd sakini Babayev Vahid (vəfat emişdir), 1983-cü ildən 1990-cı ilə kimi ismayıllı kənd sakini Kərimov Məzlum, 1990-cı ildən 1994-cü ilə kimi İsmayıllı rayonu, Mican kənd sakini Məmmədov Rəfail (vəfat etmişdir), 1994-cü ildən 1996-cı ilə kimi Qurbanəfəndi kənd sakini Qəribov Hakim, 1996-cı ildən 2010-cu ilə kimi Əliyev Fariz həm işçi kimi, həm icarədar kimi, 2010-cu ildən 2011-ci ilə kimi Səmədov Alik fəaliyyət göstərmişlər. "xxxx" MMC ləğv olunduğu tarixdən – 03.10.2011-ci il tarixdən sentyabr 2013-cü il tarixinə kimi yeməkxana binası Topçu kənd sakini X15 icarəyə verilmişdir. 2013-cü ilin sentyabr ayında icarədar X26 vəfat etmişdir. Yeməkxana binası 2014-cü ilin yanvar ayına kimi bağlı qalmış, keçən üç ay ərzində yeməkxana binasının icarəyə götürülməsi barədə rayon İstehsal-İstehlalc Kooperativinə mərhumun ailəsi tərəfindən heç bir şifahi və yazılı müraciət olunmamışdır. 07 yanvar 2014-cü il tarixdən hal-hazıra kimi illik müqavilə bağlanaraq yeməkxana binası Qurbanəfəndi kənd sakini X27 icarəyə verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayon X8 məhkəmədə Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarının ləğv edilməsi haqqında iddia qaldırmağa subyektiv hüququ var, yəni həmin qərarla rayon İstehsal- İstehlak Kooperativinin daimi istifadəsində olan, üzərində Kooperativin əmlakı yerləşən 0.60 ha torpaq sahəsini Topçu bələdiyyəsinin kiməsə satmaq hüququ yoxdur və həmin qərar rayon İstehsal-İstehlak Kooperativinin mənafeyinə toxunur. Topçu bələdiyyəsinin məhkəməyə ünvanladığı 19.04.2021-ci il tarixli, 13 nömrəli məktubunda qeyd edilir ki, Topçu bələdiyyəsində və arxivində Topçu kənd sakini mərhum X15 1.26 ha torpaq sahəsi satılması barədə 24.09.2003-cü il tarixli 09 saylı qərar və bu qərara aid heç bir sənəd tapılmamışdır və Topçu bələdiyyəsinin xəritəsində sözügedən ərazi qeyd olunmamışdır. Topçu bələdiyyəsinin 1999-2004-cü illərdə bələdiyyə üzvləri arasında sorğu aparılmış və akt tərtib olunmuşdur. Məlum olmuşdur ki, sözügedən dövrdə bu işlə bağlı heç bir iclasda gündəlikdə məsələ qaldırılmamış və müzakirə olunmamışdır. Odur ki, 24.09.2003-cü il 09 saylı qərarın etibarsız sayılmasına və ləğv edilməsinə Topçu bələdiyyəsi etiraz etmir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.04.2021-ci i l tarixli, **********48 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 17 mart 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirmişdir. Kameral qaydada araşdırma zamanı məlum olmuşdur ki: 1. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə X11 xüsusi mülkiyyətinə verilmişdir. 2. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi İsmayıllı rayonu Topçu kəndinin şimal-şərqində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir. 3. Mübahisəli torpaq sahəsi Topçu kəndinin şimal-şərqində, Qaraməryəm-İsmayıllıŞəki avtomobil yolunun sol kənarında yerləşir. 4. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi şimal tərəfdən bətədiyyə mülkiyyətində olan boş ərazi ilə, şərq tərəfdən magistral yol ilə, cənub və qərb tərəflərdən isə Topçu bələdiyyəsinin sərhəddi daxilində yerləşən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Qeyd olunmuş torpaq sahəsi tamamilə yaşayış məntəqəsinə aid torpaqlarda yerləşir. JN- 0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan 1,26 hektar torpaq sahəsinin 0,27 hektar hissəsi cənub tərəfdən JN-314 A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,035 hektar hissəsi isə kənd arası yol ilə üst-üstə düşür ki, iddia təmin olunmalı, cavabdehin üzərinə çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində deyilir ki, bələdiyyə ərazisinin hüdudları "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 9-cu bəndinə görə, dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalardan görünür ki, dövlət müəssisələrinin daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində saxlanılır və bələdiyyə mülkiyyətinə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. İşdən göründüyü kimi, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon X7 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə Yeməkxana binasının tikintisi üçün 0,60 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin X15 Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə satılmış torpaq sahələri ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, İsmayıllı rayonu Topçu kəndində yerləşən, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Mübahisəli torpaq sahəsinin 0,58 ha hissəsi JN- 0531 KOD ********* nömrəli Dövlət Aktına əsasən X11 mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsində qeyri-yaşayış tikililəri (bir ədəd təzə, bir ədəd köhnə yeməkxana binası) mövcuddur. JN-0531 KOD ********* nömrəli Dövlət Aktında göstərilən 1,26 ha torpaq sahəsi İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı qərarına əsasən yaşıllıq salınması və iaşə obyektinin tikintisi məqsədi ilə X16 mülkiyyətinə verilmişdir. Sözügedən 1,26 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Həmin torpaq sahəsinin 0,58 ha hissəsi Topçu yeməkxanası tərəfindən iaşə obyekti kimi istifadə olunur. Torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə X11 xüsusi mülkiyyətinə verilmişdir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi İsmayıllı rayonu Topçu kəndinin şimalşərqində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir. Mübahisəli torpaq sahəsi Topçu kəndinin şimal-şərqində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi şimal tərəfdən bətədiyyə mülkiyyətində olan boş ərazi ilə, şərq tərəfdən magistral yol ilə, cənub və qərb tərəflərdən isə Topçu bələdiyyəsinin sərhəddi daxilində yerləşən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Qeyd olunmuş torpaq sahəsi tamamilə yaşayış məntəqəsinə aid torpaqlarda yerləşir. JN- 0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan 1,26 hektar torpaq sahəsinin 0,27 hektar hissəsi cənub tərəfdən JN-314 A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,035 hektar hissəsi isə kənd arası yol ilə üst-üstə düşür. Axırıncı rəyə əlavə olunmuş sxemdə Topçu yeməkxanasının faktiki istifadəsində olan torpaq sahəsinin 0.93 ha olduğu qeyd olunmuşdur. Rəylərə əlavə olunmuş sxemlərdən görünür ki, X4 torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə hissəvi üst-üstə düşür. JN-0531 seriyalı kod 40727018 nömrəli X57 bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı əsasında tərtib olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən qərarda torpaq sahəsinin kəndin şimalından satılması qeyd olunsa da, həmin qərarın qəbulu ilə əlaqədar heç bir sənəd (alqı-satqı aktı, yerquruluşu sxemi vəs) arxivlərdə və bələdiyyədə movcud olmadığı üçün qərarla ayrılmış torpaq sahəsinin aktda qeyd olunan torpaq sahəsi ilə eyni olması qənaəti formalaşır. Qərarla satılmış torpaq sahəsinin aktda qeyd olunan torpaq sahəsindən fərqli ərazidə yerləşməsini təsdiq edən heç bir tutarlı sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. 3-cü şəxslər də bələdiyyə qərarı ilə məhz aktda qeyd olunan torpaq sahəsinin X2 israr etmişlər. Yuxarıda göstərilənlərlə baglı kollegiya belə qənaətə gəlir ki, Dövlət Aktına əsasən X11 mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsinin iddiaçının yeməkxanasının istifadəsində olan torpaq sahəsi ilə, 0,27 hektar hissəsi cənub tərəfdən JN-314 A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,035 hektar hissəsi isə kənd arası yol ilə üst-üstə düşməsi X15 bələdiyyə tərəfində 1,26 ha torpaq sahəsinin satılması barədə Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərar (qərarın qəbulu ilə əlaqədar heç bir sənədin yəni alqı-satqı aktı, yerquruluşu sxemi və s. olmaması) formal qəbul edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Apellyasiya şikayətində idddiaçının qaldırmaq üçün subyektiv hüquqa malik olmaması və iddia qaldırmaq müddətin kecməsi ilə baglı dəliləri ilə razılaşmayan kollegiya qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərarın iddiaçılara qəbul olunduğu vaxt təqdim olunmasına dair sübut yoxdur. İddiaçılar qərardan məlumat əldə etdikdən 30 gün ərzində məhkəməyə müraciət etmişlər. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Bundan başqa şikayətdə mülkiyyətdə onun üzərində yerləşən tikilər də mülkiyyətçiyə məxsus olması, 0,60 ha torpaq sahəsinin və yeməkxananın plan cizgisinin aşkar olunmaması və əmlakın iddiaçının məxsus olması barədə heç bir qanuni cizgisi, mülkiyyət sənədin olmaması ilə baglı dəliləri ilə razılaşmayan kollegiya qeyd edir ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X7 rayonu, Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə Yeməkxana binasının tikintisi üçün 0,60 ha torpaq sahəsi ayrılmış, həmin vaxtdan hal-hazıra kimi dövlət mülkiyyətində olmaqla İddiaçı daimi istifadəsindədir. 1977-ci ildə həmin torpaq sahəsində balans dəyəri 7870 manat olan, ümumi sahəsi 81.6 m2, divarları qırmızı kərpicdən üst örtüyü şiferdən ibarət yeməkxana binası tikilmiş və həmin vaxtdan hal-hazıra kimi “Topçu” yeməkxanası adı ilə fəaliyyət göstərir. 03.10.2011-ci il tarixdən sentyabr 2013-cü il tarixinə kimi yeməkxana binası Topçu kənd sakini X15 icarəyə verilmişdir. 2013-cü ilin sentyabr ayında icarədar X26 vəfat etmişdir. 07 yanvar 2014-cü il tarixdən hal-hazıra kimi illik müqavilə bağlanaraq yeməkxana binası başqa şəxsə icarəyə verilmişdir. Belə olan halda 0,60 ha torpaq sahəsinin və onun üzərində yerləşən yeməkxana mülkiyyətcisi Əliyev Fariz oldugu halda, onda hansı məntiqlə o, "xxxx" MMC ilə 03.10.2011-ci il tarixdən sentyabr 2013-cü il tarixinə kimi yeməkxana binası ilə baglı icarəyə müqaviləsi baglanmışdır. Bu faktlar birdə onu təsdiq edir ki, 0,60 torpaq sahəsi və onun üzərində olan yeməkxana iddiaçının sahibliyindədir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X35 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X35 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-393/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-393/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver