Məhkəmə qərarları › İş №2-1(107)-394/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-394/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-394/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1059822 nömrəli çıxarışa (qeydiyyatxx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasporta əsasən mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-1573/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1059822 nömrəli çıxarışa (qeydiyyat-xx.xx.2017) və xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasporta əsasən mülkiyyətçisi olduğu Şəki rayonu Orta Zəyzid kəndində yerləşən ümumi sahəsi 56,3 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzrə evə aid texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsinə dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13- cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

3. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının cavabdeh orqana müraciətində aşağıdakı məsələlər qaldırılmışdır: 1. Şəki rayonu Orta Zəyzid kəndində yerləşən və mənimlə, qardaşım ailəsinin ümumibirgə mülkiyyətində olan fərdi yaşayış evi üzrə yeni texniki pasport tərtib edilərkən hansı əsaslarla evə aid həyətin torpaq sahəsi müəyyənləşdirilmişdir?; 2. Şəki rayonu Orta Zəyzid kəndində yerləşən və mənimlə, qardaşım ailəsinin ümumibirgə mülkiyyətində olan fərdi yaşayış evi üzrə yeni texniki pasport tərtib edilərkən hansı sənədlərin texniki göstəricilərinə istinad edilmişdir?

4. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-21- 3- 39/2-00xx/xx/2022 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli texniki pasport tərtib edilərkən fərdi yaşayış evinə aid həyətyanı torpaq sahəsi olaraq faktiki vəziyyətə uyğun fiziki sərhədlər daxilində yerləşən torpaq sahəsi götürülmüşdür. Texniki pasport hazırlanarkən mülkiyyətə verilən torpaq sahəsinin miqdarı və ölçüləri Şəki RAİK-in xx.xx.1997-ci il tarixli 42 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xərirtəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli 4335 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edilərək tərtib edilmişdir.

5. Hazırkı iddia ərizəsində isə texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Əgər iddiaçının hüquqi marağı sözügedən 290 kv.m torpaq sahəsinin texniki pasportdan çıxarılması ilə bağlıdırsa bununla bağlı cavabdeh orqana müraciət edilməli müraciətinin təmin olunmadığı halda analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı 290 kv.m torpaq sahəsinin texniki pasportdan çıxarılması ilə bağlı tələbi olmamış və həmin məsələ ilə bağlı inzibati orqanda ilkin inzibati araşdırma aparılmamışdır. İlkin müraciət sorğu xarakterli olmuş və cavabdeh orqan sorğunu cavablandırmışdır. Odur ki, sorğunun cavablandırılması ilə bağlı təqdim edilmiş cavabdeh orqanın məktubu irəli sürülmüş tələbin təmin edilməsindən imtina cavabı kimi qiymətləndirilə bilməz.

6. Yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddət vaxt təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin elektron kabinetinə ünvanladığı ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmiş, iş üzrə iddianı müdafiə etməsini nəzərə almaqla DƏDRX PHŞnın 12 saylı Şəki Əİ-nin iş üzrə cavabdeh qismində qəbul etməklə iddianın mümkünlüyünə dair qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 8 may 2023-cü il tarixli 2- 1(116)-1573/2023 nömrəli qərarı ilə iddia tələbi mümkün sayılmamışdır.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-1573/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-1573/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-1573/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh orqana ərizə ilə müraciət etməsi, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi və ya iddiaçının müraciətinin cavabsız saxlanılmasıdır.

17. Bununla baglı Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iddia ərizəsində isə texniki pasportda qeyd edilmiş 290 kv.m zəbt torpaq sahəsinin qanunazidd olaraq qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Göründüyü kimi,əgər iddiaçının hüquqi marağı sözügedən 290 kv.m torpaq sahəsinin texniki pasportdan çıxarılması ilə bağlıdırsa bununla bağlı cavabdeh orqana müraciət edilməli müraciətinin təmin olunmadığı halda analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Lakin, iddiaçının cavabdeh orqana qarşı 290 kv.m torpaq sahəsinin texniki pasportdan çıxarılması ilə bağlı tələbi olmamış və həmin məsələ ilə bağlı inzibati orqanda ilkin inzibati araşdırma aparılmamışdır. İlkin müraciət sorğu xarakterli olmuş və cavabdeh orqan sorğunu cavablandırmışdır.

18. Yəni, iddianın xüsusi mümkünlük şərtinə cavab verməsi üçün, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdeh orqana müraciət edilmişdirsə, bu halda cavabdeh orqanın müvafiq imtina məktubu, müraciət cavabsız saxlanıldığı halda isə ərizənin cavabdeh orqana göndərilməsinə dair müvafiq poçt qəbzi təqdim edilməlidir. Hazırkı işdə isə cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina cavabı mövcud deyil.

19. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

20. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddət təyin etmişdir. Lakin iddiaçı tərəfindən iddia ərizəsi ilə eyni məzmunlu ərizə təqdim edilmişdir.

22. İPM-in 35-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

23. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)- 1573/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-1573/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar