Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-394/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı rayonunun Qalacıq bələdiyyəsinə qarşı “İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(116)- 1090/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. İş materiallarında olan JN-540 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, "xxxx" MMC-nin 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olaraq İsmayıllı rayon Qalacıqq Bələdiyyənin 16.06 2005-ci tarixli, 07 qərarı qeyd edilmişdir.
2. JN-540 nömrəli Dövlət Aktında qeyd olunan 20 ha torpaq sahəsi xx.xx.2009-cu tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC tərəfindən iddiaçıya satılmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.
3. İsmayıllı rayonunun Qalacıq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 №-li Protokolu ilə aşağıdakı məsələlər barədə qərar qəbul edilmişdir: - Qalacıq bələdiyyəsinin 20 ha örüş sahəsinin satılması barədə 16 06.2005-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi, - Qalacıq bələdiyyəsinin 5.05 ha örüş sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi; - Qalacıq bələdiyyəsinin 5.5 ha örüş sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi; - 20 ha örüş sahəsinin hüquqi şəxs tərəfindən İddiaçı satılması barədə xx.xx.2009cu il tarixli notarial qaydada təsdiq olunmuş müqavilənin 20 ha örüş sahəsi ilə bağlı hüquqi şəxsə verilmiş xx.xx.2005-ci tarixli JN № 0540, KOD 40711018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının; İddiaçı 20 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın; 5.05 ha torpaq sahəsinə verilmiş xx.xx.2007-ci il tarixli və 5.50 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü" sənədlərinin etibarsız hesab edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunması.
4. İsmayıllı rayon Qalacıq bələdiyyəsi cavabdehlər "xxxx" MMC, İddiaçı, "xxxx" MMC, İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “dövlət aktının, alqı-satqı müqaviləsinin, çıxarışın və plan-ölçü sənədinin etibarsız hesab edilməsi” tələbi ilə İsmayıllı rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(037)-560/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında iddiaçının əmlak hüququnun dövlət qeydiyyatına dair xx.xx.2009-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsrindən” Çıxarış etibarsız hesab edilmişdir.
5. Həmin qətnamədən hazırkı iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2 (107)- 979/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdeh İsmayıllı rayonunun Qalacıq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10818/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş, inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qalacıq bələdiyyəsinin 25 may 2021-ci il tarixli qərarı ilə bələdiyyənin 20 hektar örüş sahəsinin satılması barədə 16 iyun 2005-ci il tarixli 7 saylı, 5,05 hektar və 5,5 hektar örüş sahəsinin satılması barədə 14 fevral 2007-ci il tarixli 02 saylı qərarları ləğv edilmişdir. Qalacıq bələdiyyəsinin 25 may 2021-ci il tarixli qərarı qəbul edilərkən iddiaçıya məlumat verilməmiş, iclas onun iştirakı olmadan keçirilmişdir. Həmin qərardan İsmayıllı rayon Məhkəməsində onun iştirakı olmadan baxılan 2(037)-560/2021 nömrəli mülki işin materialları ilə 07 iyun 2024-cü il tarixdə tanış olduqda məlumatlı olmuşdur. Qətnamənin mövcudluğundan yalnız reyestr əməkdaşlarının İddiaçı şifahi məlumat verməsindən sonra xəbəri olmuşdur. Bundan sonra İsmayıllı rayon Məhkəməsinə vəkil müraciəti göndərilmiş, 2(037)-560/2021 nömrəli mülki iş vəkil Nümayəndə kabinetinə əlavə edilmiş və 2(037)-560/2021 nömrəli mülki iş üzrə qətnaməni 07 iyun 2024-cü il tarixdə əldə etmişdir. Həmin gün məhkəmə materialları ilə tanış olduqda Qalacıq bələdiyyəsinin 25 may 2021-ci il tarixli qərarından xəbər tutmuşdur. Hesab edir ki, Qalacıq bələdiyyəsinin 25 may 2021-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, o, İsmayıllı rayon Qalacıq Bələdiyyəsinə ərizə ilə müraciət edərək bələdiyyənin mülkiyyətində olan 20 ha torpaq sahəsinin alqı-satqı qaydasında adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bələdiyyə sədri tərəfindən ərizənin bələdiyyənin ümumi iclasında müzakirəyə çıxarılması barədə dərkənar qoyulmuşdur. İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin 16 iyun 2005-ci il tarixli 7 saylı qərarı ilə onun ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müsbət rəyi və cizgisi, torpaq alqı-satqısı üçün ödənilmiş vəsaitin qəbzi əsas götürülərək və Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında” Qanuna və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Torpaqların alqı-satqı qaydaları”na uyğun olaraq 20 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Göründüyü kimi, İddiaçı bələdiyyədən aldığı torpaq sahəsini vicdansız şəkildə əldə etməsi halları müəyyən olunmamışdır. Qalacıq bələdiyyəsinin 25 may 2021-ci il tarixli qərarından göründüyü kimi, bələdiyyə özü-öz qərarını ləğv etmişdir. Halbuki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar ərazidə yaşayan hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərini pozmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, bələdiyyənin əvvəlki qərarını ləğv etməsi hüquqi nəticələr doğuran haldır və bu, həmin qərarın qanunvericiliyə uyğunluğunu şübhə altına alır. Həmçinin, bələdiyyə qərarının inzibati icraat qaydasında ləğv edilməsi üçün qanunvericilikdə 1 ay müddət müəyyən edildiyi halda, Qalacıq bələdiyyəsi əvvəlki qərarın ləğvini 4 il sonra həyata keçirmişdir.
6. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(116)-1090/2025 nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsindən ibarətdir. Məhkəmə ilkin olaraq qeyd edir ki,həmin qərar əsasında bir neçə məsələ həll edilmişdir ki, iddiaçıya aid olan hissə bələdiyyə ilə 20 ha torpaq səhəsinin "xxxx" MMC-yə satılmasına dair xx.xx.2005-ci il tarixli Qərarın ləğv edilməsi və İddiaçı adına verilmiş çıxarışla bağlı rayon məhkəməsinə müraciət olunmasından ibarətdir. Yəni, bələdiyyə iclasının gündəliyində olan digər məsələrlə bağlı iddiaçının faktiki olaraq marağı mövcud deyildir. Yuxarıda qeyd olunan hissə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan 20 ha torpaq sahəsini bələdiyyədən deyil, alqı-satqı qaydasında "xxxx" MMC-dən almışdır. Bu səbəbdən də sözügedən qərarı mübahisələndirmək hüququ "xxxx" MMC-yə aid olmuşdur. Mövcud mülki mübahisənin davamında isə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli 25 may 2021-ci il tarixli qərarının yaratmış olduğu hüquqi nəticələr aradan qalxmışdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Görünüdüyü kimi iddiaçının hazırkı iddianın qaldırması iki aspektdən mümkünlük şərtini ödəmir: - iddiaçının subyektiv hüququnun olmaması. - iddiaçının hüquqi müdafiəyə ehtiyacının olmaması.
9. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır: - İPM-in 3.1-ci maddəsinə əsasən, hər bir şəxs, əgər hesab edirsə ki, inzibati orqanın (və ya bələdiyyənin) qəbul etdiyi akt onun hüquqlarını, azadlıqlarını və ya qanuni maraqlarını pozur, həmin aktın inzibati qaydada və ya məhkəmə qaydasında ləğv edilməsini tələb edə bilər. Bu norma birbaşa subyektiv hüququn müəyyən edilməsi üçün əsasdır. Eyni zamanda, İPM-in 24.2-ci maddəsinə əsasən, iddia ərizəsi yalnız o halda mümkün sayılmır ki, iddiaçının həmin aktın ləğvini tələb etmək hüququ açıq-aşkar mövcud olmasın. Cari iş üzrə isə belə bir hal yoxdur, əksinə, iddiaçının subyektiv hüququnun pozulduğu kifayət qədər əsaslı şəkildə sübut edilmişdir. Belə ki, İsmayıllı rayon Qalacıq kəndində yerləşən 20 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən notarial qaydada bağlanmış və rəsmi reyestrdə qeydə alınmış xx.xx.2009-cu il tarixli müqavilə ilə İddiaçı satılmışdır. Beləliklə, bu əmlak üzərində İddiaçı rəsmi tanınan mülkiyyət hüququ formalaşmışdır. İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə isə bu torpaq sahəsinin satılmasına dair əvvəllər verilmiş qərarların ləğvi həyata keçirilmişdir. Bu isə mülkiyyət hüququnun əsasını təşkil edən ilkin hüquqi sənədlərin ləğvi deməkdir. Əgər hüquqi əsas ləğv olunursa, nəticə etibarilə həmin əsasdan doğan hüquqlar da təhlükə altına düşür. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Məhkəmə isə bu açıq-aşkar hüquqi əlaqəni nəzərə almadan, iddiaçının həmin bələdiyyə qərarına qarşı şikayət vermək üçün hüququ olmadığını göstərmişdir. Halbuki, İddiaçı birbaşa həmin qərardan zərər çəkən şəxsdir. Onun hüquqları konkret və fərdi şəkildə pozulmuşdur. Bu halda o, İPM-in 3.1-ci və 24.2-ci maddələrinə uyğun olaraq iddia qaldırmaq səlahiyyətinə malikdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmənin iddianı mümkün saymaması bu konstitusion hüququn da pozulmasıdır. Yekun olaraq, İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli 25 may 2021-ci il tarixli qərarı nəticəsində iddiaçının mülkiyyət hüququna bilavasitə müdaxilə edildiyi halda, bu qərarın mübahisələndirilməsi hüququndan məhrum edilməsi nə hüquqi, nə də məntiqi cəhətdən əsaslandırıla bilməz. Bu səbəbdən hesab edir ki, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edən heç bir hal mövcud deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdiki ki, mübahisələndirilən qərardan mülki məhkəmə icraatında baxılan işlə tanış olarkən məlumatı olmuş və dərhal vaxt itirmədən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb kənd sakinlərinin müraciətləri olmuşdur. Həmin qərar qəbul edilənədək və bundan sonra dəfələrlə iddiaçı ilə şifahi əlaqə saxlanılmış və qəbul edilən qərar barədə məlumat verilmişdir. Bununla belə hazırda iddiaçının mübahisələndirilən qərar qəbul edilərkən məlumatlandırılması, dinlənilməsi və qəbul edilmiş qərarın təqdim edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Bütün bunlar şifahi məlumatlandırılma yolu ilə aparılmışdır. Eyni zamanda mübahisələndirilən qərar qəbul edilərkən ilkin torpaqayrıma sənədləri (bələdiyyənin 16 iyun 2005-ci il tarixli 7 saylı iclas protokolu) mövcud olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən də işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş baxılması üçün geri qaytarılmalıdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
20. İş materiallarından görünür ki, iddiaçı, İsmayıllı rayonu Qalacıq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 №-li Protokolu ilə qəbul edilmiş qərarı mübahisələndirir. Mübahisələndirilən qərarın iddiaçıya, onun özünün bildirdiyi 07 iyun 2024-cü il tarixdən daha əvvəl təqdim edilməsi (məlumatlandırılması) müəyyən edilmir. Odur ki, mübahisələndirmə haqqında iddianın müddətlə bağlı xüsusi mümkünlük şərti ödənilir.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyri-mümkünlüyü ilə bağlı qənaətə gələrkən, hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağının İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli, 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsindən ibarət olduğunu qeyd etmişdir. Məhkəmə, eyni zamanda, həmin qərar əsasında bir neçə məsələnin həll olunduğunu, o cümlədən iddiaçıya aid hissə kimi bələdiyyənin xx.xx.2005ci il tarixli qərarı ilə 20 ha torpaq sahəsinin "xxxx" MMC-yə satılması və İddiaçı adına çıxarış verilməsi ilə bağlı rayon məhkəməsinə müraciət edildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, bələdiyyə iclasının gündəliyində olan digər məsələrlə bağlı iddiaçının faktiki olaraq marağı mövcud deyildir.
22. İş materiallarında olan İsmayıllı rayonunun Qalacıq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 №-li Protokolundan görünür ki, müvafiq qərarın 1-ci və 4-cü bəndlərindən başqa, digər bəndlərində həll olunan məsələlərin iddiaçıya hər hansı aidiyyəti yoxdur.
23. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın iddiaçıya aid olan hissəni düzgün müəyyən etsə də, iddiaçının hüquqi marağının həmin qərarın tam ləğvindən ibarət olduğunu qeyd etməkdə səhvə yol vermişdir. Belə ki, bu - iddiaçının hüquqi marağı yox, iddia tələbinin düzgün olmayan formada ifadə edilməsidir.
24. Hazırkı mübahisəyə baxılarkən, ilk növbədə iddiaçının çatmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq ona İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsində hüquqi yardım edilməli və İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli, 25 may 2021-ci il tarixli qərarının 1-ci və 4-cü bəndlərində həll olunan məsələlərin mübahisələndirilməsi iddia tələbinin predmetini təşkil etməlidir.
25. Nəzərə alınmalıdır ki, məhkəmə işin faktiki hallarının aydın ifadə olunmasına, bu halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyətli olan izahatların təqdim edilməsinə yardım etməyə və öz mövqeyi barədə tərəflərə məlumat verməyə borcludur. Məhkəmə tərəflərə hüquqi mövqeyə reaksiya vermək imkanı yaratmalı, tərəflər üçün təəccüb doğuracaq, gözlənilməz qərarların qəbul edilməsinə yol verməməlidir. Yalnız belə olduqda tərəflər prosesdə məqsədəuyğun davranış göstərə bilərlər.
26. İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli, 25 may 2021-ci il tarixli qərarının 1-ci və 4-cü bəndlərində həll olunan məsələlərin mübahisələndirilməsi ilə bağlı iddiaçının subyektiv hüququnun mövcudluğuna münasibətdə məhkəmə kollegiyası bildirir ki, bələdiyyənin xx.xx.2005-ci il tarixli, 07 nömrəli qərarı ilə "xxxx" MMC-yə satılmış 20 ha torpaq sahəsi sonradan notarial qaydada təsdiq olunmuş xx.xx.2009-cu il tarixli müqavilə əsasında iddiaçıya satılmış və həmin müqavilə əsasında iddiaçının mülkiyyət hüququ xx.xx.2009-cu il tarixli, **********24 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsbit edilmişdir.
27. Bələdiyyə qərarının mübahisələndirilməsi üçün əsas hüquqi şərt — həmin qərarın aid olduğu torpaq sahəsi üzərində iddiaçının subyektiv hüququnun mövcudluğudur. Hazırkı iş üzrə bu subyektiv hüquq iddiaçının mübahisəli torpaq sahəsi üzərində mövcud olan əmlak hüququndan irəli gəlir.
28. Mübahisəli daşınmaz əmlak obyektinin bələdiyyədən deyil, alqı-satqı qaydasında hüquqi şəxsdən əldə edilməsi iddiaçıya bələdiyyə qərarını mübahisələndirmək üçün hüquqi maneə yaratmır. İddiaçı yalnız torpaq sahəsinin deyil, həm də həmin torpaqla bağlı qorunmağa ehtiyacı olan hüquqi vəziyyətin sahibidir.
29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq yalnız hüquqi müdafiə marağı olduqda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı — şəxsin hüquqlarına və maraqlarına bilavasitə toxunan hüquqi vəziyyətin mövcudluğu və həmin hüquqların qorunmasına ehtiyacdır. Hüquqi maraq həmçinin potensial mənfi nəticədən qorunmaqda ifadə olunur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, əgər torpaq sahəsinin hüquqi vəziyyətini müəyyən edən qərar sonrakı mərhələdə həmin torpaq üzərində hazırkı hüquq sahibinin hüquqlarına toxunursa, bu zaman hüquqi maraq yalnız ilkin alıcıda yox, həm də sonuncu mülkiyyətçidə yaranacaqdır. Belə ki, mülkiyyət hüququnun ötürülməsi ilə əmlaka dair hüquqların müdafiə marağı da, yeni mülkiyyətçiyə keçir.
31. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsini əldə etmiş və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 648.2-ci maddəsinə əsasən, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar — şübhə olduqda — yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan alıcıya keçir.
32. Belə olan halda, mübahisəli torpaq sahəsinin statusuna dair hüquqi risklərin (o cümlədən ilkin torpaqayırma ilə bağlı bələdiyyə qərarının və onun hüquqi nəticələrinin mübahisələndirilməsi) iddiaçıya keçməsi onun müdafiə hüququnun və hazırkı iddia tələbinin irəli sürülməsi üçün hüquqi marağının yaranmasına səbəb olur.
33. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar iddiaçının mülkiyyət hüququnun legitimliyini şübhə altına almaqla onun əmlak hüquqları üçün hüquqi risk yaradır. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, onun hüququn əsasını təşkil edən ilkin hüquqi aktların sonradan ləğv edilməsi gələcəkdə həmin dövlət qeydiyyatının da mübahisələndirilməsinə hüquqi zəmin yarada bilər. Belə olan halda, iddiaçı növbəti mübahisədə “vicdanlı alıcı” statusunu sübut etməli olacaqdır. Odur ki, hazırda iddiaçının malik olduğu hüquqi maraq - əmlak hüquqlarına potensial mənfi təsir göstərən bələdiyyə aktından qorunmaqdır.
34. Xüsusilə qeyd olunmalıdır ki, mübahisələndirilən qərarın 1-ci bəndi bələdiyyənin ilkin torpaqayırma barədə qəbul etdiyi qərarın ləğvini, 4-cü bəndi isə həmin qərardan irəli gələn hüquqi nəticələrin aradan qaldırılması üçün müvafiq məhkəməyə müraciət edilməsini nəzərdə tutur. Bu isə, nəticə etibarilə iddiaçının əmlak hüquqlarının mübahisələndirilməsinə səbəb olduğundan, onun hazırkı iddia tələbinin irəli sürülməsi üçün hüquqi müdafiə ehtiyacının mövcudluğu aydın şəkildə sübut olunur.
35. Birinci instansiya məhkəməsi mövcud mülki mübahisənin davamında İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 13 nömrəli 25 may 2021-ci il tarixli qərarının yaratmış olduğu hüquqi nəticələrin aradan qalxdığını qeyd etmişdir. Lakin hazırkı qərarın 4-5-ci bəndlərində qeyd edilmiş işin hallarından görünür ki, mübahisəli vəziyyət davam edir və bələdiyyə qərarının yaratmış olduğu hüquqi nəticə aradan qalxmamışdır.
36. Odur ki, təkrar baxış zamanı birinci instansiya məhkəməsi iddiaçının dinlənilmə hüququnu təmin etməli, onun tələbinin hüquqi marağa uyğun şəkildə dəqiqləşdirilməsi üçün təkliflər verməli və buna əməl edilmədiyi halda, iddia tələbinin həmin hissəsinin — yəni bələdiyyə qərarının iddiaçıya aid olmayan bəndlərinin — mübahisələndirilməsinin mümkünlüyünə hüquqi qiymət verməlidir. Mübahisələndirilən bələdiyyə qərarının 1-ci və 4cü bəndləri iddiaçıya məxsus torpaq sahəsinin hüquqi taleyinə dair məsələlərə aid olduğundan, həmin hissə hazırkı mərhələdə iddianın mümkünlük şərtlərinə cavab verir və bu baxımdan iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(116)-1090/2025 nömrəli qərardadı ləğv edilir. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.