Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-395/2024 09.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-703/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 18 sentyabr 1982-ci il tarixdə Türkmənistan Respublikasının Marı vilayətində Maqtumquli şəhərində doğulmuşdur (pasport l-MR 236864, xx.xx.2001-ci il tarixdə verilmişdir). Türkmənistan Respublikasında yaşamaqla, orada orta məktəbə getmiş, orta məktəbi bitirəndən sonra, həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra qohumları Azərbaycan Respublikasında yaşadıqlarına görə, onların yanına gəlmiş, burada sevdiyi insana rast gələrək, ailə qurmaq qərarına gəlmişdir. Belə ki, 29 iyul 2003-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X3 ilə Göyçay rayon VVADQ şöbəsində 104 saylı akt qeydi bağlamaqla rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Çarıqeldi, xx.xx.2007-ci il təvəllüdlü Əli, xx.xx.2011-ci il təvəllüdlü Nuray adlı 3 övladı var. Göründüyü kimi 2003-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Buranı doğma vətəni hesab edir. Ailə və qohumluq bağlarını, gələcəyini əsaslı şəkildə bura ilə bağlamışdır. Ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi də təqdim olunmuşdur. Pasportunun müddəti başa çatdığından, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün yeni icazə vərəqəsi təqdim olunmur. Yuxarıda qeyd etdiyi faktiki hallarla bağlı həyat yoldaşı Vüsalə Qulova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X9 idarəsinə 6 iyun 2023-cü il tarixdə rəsmi şəkildə müraciət edərək, üzləşdiyi çətinliyi bildirmişdir. X9 İdarəsi 05 iyul 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, etibarlı pasport əldə etdikdən sonra Türkmənistan vətəndaşı kimi o, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bundan sonra Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur. Cavabdeh orqan 21 avqust 2023-cü il tarixli məktubla faktiki olaraq müraciətinin təmin edilməsindən imtina etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İddiaçının faktiki olaraq qüvvədən düşmüş ümumvətəndaş pasportuna malik olmasına baxmayaraq, onun inzibati orqana ünvanladığı ərizələri humanizm prinsipi baxımından nəzərə alınaraq, ona bir neçə dəfə müvəqqəti yaşamaq üçün icazələr verilmişdir. Analoji hallarla bağlı Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinə notaları daxil olmuşdur (etiraza əlavə olunur). Hesab edilmişdir ki, iddiaçının inzibati orqana müvafiq müraciətin olmaması və dolayısı ilə mübahisələndirilən inzibati aktın mövcud olmaması səbəbindən iddia mümkün hesab edilməməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş olunmuşdur.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizəanketdən görünür ki, iddiaçının vətəndaşlıq mənsubiyyəti - Türkmənistan, pasportun və ya digər sərhədkeçmə sənədin (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) növü-pasport, seriyası və nömrəsi- 236864, verilmə tarixi (gün, ay, il)- xx.xx.2001-ci il, etibarlılıq müddəti (gün, ay, il)- xx.xx.2051-ci ildir. - Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Respublikasının X6 ünvanladığı xx.xx.2019-cu il tarixli 5010/2019 nömrəli məktubundan görünür ki, Türkmənistan vətəndaşının 16 yaşına çatmağı ilə əlaqədar Türkmənistan pasportunu dəyişdirmək üçün X1 şöbəsi ilə əlaqə saxlamalı, əlavə edilmiş siyahıya uyğun olaraq sənədləri təqdim etməlidir. Həmin məktuba əlavə edilmiş Türkmənistan vətəndaşının pasportunun alınması qaydasında Azərbaycan Respublikası ərazisində daimi yaşayan Türkmənistan vətəndaşları Türkmənistan vətəndaşının milli pasportunun alınması ilə bağlı Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsinə müraciət etdikdə (...25 və 45 yaşlarına çatdıqda fotoşəkil yapışdırmaq üçün) təqdim edilməli olan sənədlərin siyahısı öz əksini tapmışdır. - Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Respublikasının X6 ünvanladığı xx.xx.2019-cu il tarixli 271/2019 nömrəli məktubundan görünür ki, Türkmənistan vətəndaşının pasportunun etibarlılığı vaxtla məhdudlaşmır. Daxili işlər orqanları vətəndaşların 25 və 45 yaşına çatdıqda pasportlarına bu yaşa uyğun foto kartoçkası yapışdırırlar. Belə foto kartoçkası olmayan pasportlar etibarsızdır.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 02 aprel 2024-cü il tarixli 2- 1(116)-703/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı, Türkmənistan Respublikasının vətəndaşıdır və xx.xx.1982-ci ildə doğulmuşdur. İddiaçıya 2001-ci ildə, 19 yaşında Türkmənistan Respublikası tərəfindən pasport verilmişdir. 2002-ci ildə etibarən isə iddiaçı Azərbaycan Respublikasında yaşayır. Cavabdeh orqana müraciət edildiyi tarixdə iddiaçının 41 yaşı olmuşdur. İddiaçının vətəndaşı olduğu Türkmənistan Respublikasının qanunvericiliyinə əsasən Daxili işlər orqanları vətəndaşların 25 və 45 yaşına çatdıqda pasportlarına bu yaşa uyğun foto kartoçkası yapışdırdıqları halda pasportlar etibarlı sayılırlar. İddiaçı 25 yaşına çatdıqdan sonra onun pasportuna Türkmənistan Respublikasının Daxili işlər orqanları tərəfindən bu yaşa uyğun foto kartoçkası yapışdırılmamışdır. Buna görə də, hazırda onun malik olduğu pasport yaşına uyğun foto kartoçkası olmayan pasport olmaqla etibarsız hesab edilir. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması üçün pasportu təqdim etməlidirlər. Bu zaman təqdim edilən və şəxsiyyəti təsdiq edən sənəd qismində çıxış edən pasport - iddiaçının vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun etibarlı sənəd xüsusiyyətlərini daşımalıdır. Belə ki, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması (hazırkı halda sənədin etibarsız olması) Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina üçün birbaşa əsasdır. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə uyğun Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə uyğun ətraflı inzibati araşdırma aparılmasa da, məhkəmə hesab edir ki, iddiaçının malik olduğu Türkmənistan Respublikasının pasportu hər bir halda şəxsiyyəti təsdiq edən sənəd qismində etibarlı sənəd olmadığından, iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsi doğru olmayacaqdı. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-703/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-703/2024 saylı qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, işə baxan məhkəmə maddi hüquq normalarını pozmuş, hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, bacardığı qədər ətraflı şəkildə durumunu izah etməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində mütaliə edəcək şəxsə (şəxslərə) daha aydın olsun deyə, iddia ərizəsində bildirmişdir ki, 18 sentyabr 1982-ci il tarixdə Türkmənistan Respublikasının Marı vilayətində, Maqtumquli şəhərində doğulmuşdur. (pasport l-MR 236864, xx.xx.2001-ci il tarixdə verilmişdir). Türkmənistan Respublikasında yaşamaqla, orada orta məktəbə getmişdir. Orta məktəbi bitirəndən sonra, həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra qohumları Azərbaycan Respublikasında yaşadıqlarına görə, onların yanına gəlmişdir. Burada sevdiyi insana rast gələrək, ailə qurmaq qərarına gəlmişdir. Belə ki, 29 iyul 2003-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X3 ilə Göyçay rayon VVADQ şöbsində 104 saylı akt qeydi bağlamaqla rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Çarıqeldi, xx.xx.2007-ci il təvəllüdlü Əli, xx.xx.2011-ci il təvəllüdlü Nuray adlı 3 övladı var. Göründüyü kimi, 2003-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Buranı doğma vətəni hesab edir. Ailə və qohumluq bağlarını, gələcəyini əsaslı şəkildə bura ilə bağlamışdır. Ona, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi də təqdim olunmuşdur. Pasportunun müddəti başa çatdığından, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün yeni icazə vərəqəsi təqdim olunmur. Yuxarıda qeyd etdiyi faktiki hallarla bağlı həyat yoldaşı Vüsalə Qulova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X9 idarəsinə 6 iyun 2023-cü il tarixdə rəsmi şəkildə müraciət edərək, üzləşdikləri çətinliyi bildirmişdir. X9 İdarəsi 05 iyul 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, etibarlı pasport əldə etdikdən sonra Türkmənistan vətəndaşı kimi o, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bundan sonra tərəfindən ona Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur. Cavabdeh inzibati orqan 21 avqust 2023-cü il tarixli məktubla faktiki olaraq müraciətinin təmin edilməsindən imtina etmişdir. Onun müraciəti daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı olmuşdur. Aidiyyəti normaya (Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsi) istinad etmişdir. Maddənin məzmunundan da görünür ki, norma daimi yaşayış hüququnun verilməsi məsələlərini tənzimləyir. Lakin DMX cavab məktubunda Məcəllənin 45-46-cı maddələrinə istinad edərək, müvafiq sənədləri təqdim edəcəyi halda müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması məsələsinə baxılacağı bildirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan müraciətinin təmin edilməsindən faktiki olaraq imtina etmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, evə yeganə qazanc gətirən ailə başçısıdır. Ailəsini və övladlarını çox sevir. Övladlarından biri talassemiya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası ona ögey münasibət göstərmir, talassemiya xəstəliyindən əziyyət çəkən övladına mümkün qayğı və köməklik göstərilir. Ona burada yaşamağa, ailəsinin qayğıları ilə məşğul olmağa heç kim maneə yaratmır. Azərbaycan Respublikasında rasizm, ayrıseçkilik yoxdur. Milliyyətindən, dilindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq hər kəs üçün eyni şərait yaradılır və millətlər arası sülh, əminamanlıq var. Burada hər hansı cinayət əməli törətməmişdir, qanunlara hörmət və sayğı ilə yanaşır. Nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Prezidentinin apardığı siyasət nəticəsində Azərbaycan Respublikasında açıq və demokratik dəyərlərə malik cəmiyyət formalaşıb. O, buradan yenidən pasport əldə etmək üçün Türkmənistan Respublikasına getmək istəmir. Bunun bir çox səbəbləri var. Ailəsi başsız qalacaq, həyat yoldaşı və üç övladının onsuz burada nə edəcəklərini təsəvvürünə belə gətirə bilmir. Vurğulayır ki, övladlarından biri talassemiya xəstəsidir. Onu burada başsız, müdafiəsiz qoyub heç yerə getmək istəmir. Yeni pasportun əldə edilməsi bir günün, bir həftənin işi deyil, pasport almaq proseduru uzun müddət çəkir. Əgər Türkmənistan Respublikasında bir-iki gün ərzində yeni pasport əldə etmək mümkün olsa idi, bu cür müraciətlər yazmaz, heç kimi boş yerə narahat etməzdi. Lakin hamı bilir ki, pasport alınması uzun vaxt aparan prosesdir. O, bir neçə həftə və bir neçə ay ailəsini burada qoyub Türkmənistan Respublikasına gedə bilməz. Yuxarıda sadaladıqlarından başqa, nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasına daimi yaşamaq üçün Azərbaycan Respublikasının hazırki firavan dövrlərində deyil, 2003-cü ildə, 20 il öncə gəlmişdir. Hər hansı maddi marağa görə yox, burada qohumları olduğuna görə gəlmişdir. Azərbaycan Respublikasını hər bir xüsusiyyətinə görə çox sevir. Elə bu səbəbdən, möhkəm ailə və qohumluq bağları qurmuş, bütün gələcəyini bura ilə bağlamışdır. Bu ölkədə onun həyat yoldaşı, 3 övladı var. Onun həyat yoldaşı və övladları Azərbaycan Respublikasının vətəndaşları olmaqla, özü 2003-cü ildən burada yaşayır. Ona hər il etibarlılıq müddəti qeyd olunan müvəqqəti icazə vərəqələri təqdim olunmuşdur. Azərbaycan Respublikasında yaşadığı müddət 20 ildən çoxdur. Hesab edir ki, ona pasport səbəbli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsindən imtina edilə bilməz. O, Azərbaycan Respublikasının ərazisinə həmin dövrdə pasportunu təqdim etməklə keçmişdir. Pasportu etibarlıdır. Qanunda pasportun surətinin təqdim edilməsi tələb olunur. O da pasportun surətini qanuna sayğı göstərərək təqdim edir. Ondan ayrı pasportun tələb edilməsini anlaya bilmir. Özündə olan pasport ona sərhəddi keçməyə qanuni imkan verən rəsmi sənəddir. Həmin sənədə əsasən də ona müvəqqəti icazə vərəqələri verilmişdir. Sonuncu icazə vərəqəsinin müddəti cari ilin sentyabr ayında başa çatır. O özünü Azərbaycan Respublikasının vətəndaşı hesab edir. Daimi yaşamaq üçün icazə vərəqəsi almaq istəyir. Hesab edir ki, rəsmi pasportunun olması, burada 20 ildən çox yaşamağı, həyat yoldaşının və üç övladının Azərbaycan Respublikasının vətəndaşı olmaları, eləcə də, Azərbaycana bir ölkə, bir vətən kimi bağlılığı nəzərə alınaraq ona daimi yaşamaq üçün icazə verilməlidir. Sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ sözsüz ki, beynəlxalq hüquqi aktlarda, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində və İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 4 saylı Protokolunun 2-ci maddəsində də göstərilmişdir. Hər bir dövlət öz ərazisinə əcnəbilərin gəlməsi, onların bu ərazidə müvəqqəti və ya daimi yaşaması və fəaliyyəti ilə bağlı bütün məsələləri müstəqil həll edir. Bununla belə, dövlət bu zaman öz beynəlxalq öhdəliklərini, xüsusilə insan hüquqları sahəsindəki müqavilələri nəzərə almaya bilməz. İnzibati məhkəmənin hakimi qərarını onunla əsaslandırmışdır ki, onun pasportunda 25 yaşında olduğu dövrə uyğun fotoşəkil yapışdırılmayıb. Nəzərə çatdırmaq istəyir ki, 2007-ci ildə 25 yaşına çatmışdır. Həmin dövrdən bu yana Azərbaycan Respublikasının aidiyyəti orqanlarına müxtəlif işlərlə əlaqədar olaraq dəfələrlə pasportunu təqdim etmişdir. Ona Azərbaycan Respublikasının orqanları tərəfindən bütün icazə və s. sənədlər həmin pasporta istinad olunmaqla verilmişdir. Azərbaycan Respublikasının heç bir səlahiyyətli orqanı, eləcə də, icazə sənədlərini verən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heç vaxt pasportunun 25 yaşına uyğun fotoşəkil kartoçkası yapışdırılmamasını əsas gətirməklə, pasportunun etibarsız olduğunu bildirməmişlər və bu cür bəhanələr gətirməmişlər. İndiyə qədər ona heç bir orqan tərəfindən etinasız münasibət olmayıb, həmişə sayğı göstərilib, aidiyyəti sənədləri alarkən heç bir çətinlik yaşamamışdır. Lakin indi hansısa, ona aydın olmayan səbəbdən formal əsaslarla onun hüquqlarının həyata keçirilməsinə əngəl yaradılır. İnzibati məhkəmə iddiasının təmin edilməməsi barədə qərarını əsaslandırarkən Miqrasiya Məcəlləsinin 55.0, 55.0.3-cü maddəsinə istinad etmişdir. Xüsusi olaraq vurğulamaq istəyir ki, orqan əvvəllər verdiyi icazə sənədlərini ona təqdim edərkən, pasportunda 25 yaşına aid şəklimin olmadığını səbəb göstərmədikləri halda, hazırda bu cür tələbin irəli sürülməsi özü-özlüyündə əsassızdır. Məntiqi, hüquqi, ədalət baxımından qiymətləndirdikdə də görünür ki, bir orqan öz hərəkətləri ilə öz-özünü təkzib edə bilməz. Onun pasportunu etibarlı tanıyıb vaxtaşırı icazə sənədləri verən orqanın hazırda həmin pasportu etibarsız hesab etməsi məntiqsiz, qeyri-hüquqi, qeyri-ədalətli mövqedir. Ona əvvəllər icazə sənədləri verilərkən də, pasportunda hazırda tələb etdikləri şəkil mövcud olmamışdır. Qanunun tələbinə görə, o aidiyyəti orqana pasportunu təqdim etməlidir, o da mövcud pasportunu təqdim etmişdir. Orada şəklin olub-olmamasına dair hər hansı tələb Miqrasiya Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa, Miqrasiya Məcəlləsinin heç bir normasında pasportun etibarlı sayılıb sayılmamasına dair digər qanunvericiliyə istinad, yönləndirici və s. mövcud deyil. Bu səbəbdən, istər cavabdeh orqanın fotoşəklin olmamasına istinad edərək haqlı müraciətinin təmin edilməsindən imtinası, eləcə də, işə baxan hakimin hüquqi mövqeyi qanuni deyil. Cavabdeh inzibati orqan ona əvvəllər icazə verilməsini humanizm nümayiş etdirməsi ilə əsaslandırmışdır. Halbuki, cavabdeh inzibati orqan humanizm və s. prinsiplərdən deyil, qanunun tələbindən çıxış etməlidir. O vaxt cavabdeh inzibati orqan eyni qanunvericiliyə riayət etmiş və ona icazələr vermişdir. İndi isə qanunun tələbini pozaraq, onun haqlı tələbini təmin etmir. Halbuki, istər qanunvericilik baxımından tələbi haqlı tələbdir. İstərsə də, Azərbaycan Respublikasına bağlılığı istənilən digər şəxsdən az deyil və o burada uzun illər ərzində yaşayaraq, burada ailə quraraq, buranın qanunlarına ciddi şəkildə riayət edərək tələb etdiyi hüququn ona verilməsini haqq etmiş, qazanmışdır. Birinci instansiya məhkəməsi onun haqlı iddia tələbini təmin etməməklə, cavabdeh inzibati orqanın qanunsuz imtinasına bəraət qazandırmışdır. Halbuki, iddia tələbi əsaslı olmaqla, cavabdeh inzibati orqanın imtinası əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-703/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 53. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər 53.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; ... Qeyd: Bu Məcəllənin 53.1.2-ci, 53.1.13-cü və 53.1.15-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır (bu Məcəllənin 53.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 54.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. Maddə 54.11. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina edildikdə, imtina edildiyi gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim edilir. Maddə 55. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ... 55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 53.4-cü maddəsi nəzərə alınmaqla);
Apellyasiya şikayətinin mümkünlüyü
14. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
17. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
18. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 19 Belə ki, cavabdeh orqanın etirazından görünür ki, iddiaçıya məxsus olan Türkmənistan Respublikasına aid pasport qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, etibarsızdir.
20. İddiaçı həm iddia ərizəsini, həm də apellyasiya şikayətini başlıca dəlil kimi onda mövcud olan hazırkı Türkmənistan Respublikası pasportu ilə Azərbaycan Respublikası ərazisinə qanuni yolla gəlməsi, həmin pasport vasitəsi ilə uzun müddətdir ki, müxtəlif icazələr ilə müvafiq orqanlara, o cümlədən müvəqqəti yaşamaq huququ ilə bağlı Miqrasiya Xidmətinə müraciət etməsi, həmin orqana sonuncu müraciəti xaric əvvəllər heç bir şəkildə ona məxsus olan Türkmənistan Respublikası pasportunun etibarsız hesab edilməsi ilə əlaqədar imtinaların mövcud olmaması, o cümlədən himayəsində 3 (biri talasemiya xəstəsi olmaqla) övladı olmaqla evli olması səbəbindən ailəsini Azərbaycan Respublikasında qoyub özünün Türkmənistan Respublikasına qayıtmasının, orada yeni pasport əldə etməsi üçün bir neçə ay vaxtın tələb edilməsinə görə getməsinin ailəsinin yaşayışına mənfi təsir etməsi ilə əsaslandırmışdır.
21. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlillərini əsassız hesab edir və qeyd edir ki, iddiaçı yeni pasport əldə etməsi üçün vətəndaşlığını daşıdığı ölkəsinə qayıtmasının mümkünsüzlüyü təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zamanda iddiaçıdan yeni bir pasport tələb edilmir, sadəcə həmin pasportun etibarlı olması üçün vətəndaşı olduğu ölkənin qanunvericiliyinə və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərinə əməl edilməsi tələb edilir.
22. Belə ki, o, Türkmənistan vətəndaşı kimi 16 yaşına çatmağı ilə əlaqədar Türkmənistan pasportunu dəyişdirmək üçün X1 şöbəsi ilə əlaqə saxlamalı, əlavə edilmiş siyahıya uyğun olaraq sənədləri təqdim etməlidir. Türkmənistan vətəndaşının pasportunun alınması qaydasında Azərbaycan Respublikası ərazisində daimi yaşayan Türkmənistan vətəndaşları Türkmənistan vətəndaşının milli pasportunun alınması ilə bağlı Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsinə müraciət etdikdə (...25 və 45 yaşlarına çatdıqda fotoşəkil yapışdırmaq üçün) təqdim edilməli olan sənədlərin siyahısı öz əksini tapmışdır. Türkmənistan vətəndaşının pasportunun etibarlılığı vaxtla məhdudlaşmır. Daxili işlər orqanları vətəndaşların 25 və 45 yaşına çatdıqda pasportlarına bu yaşa uyğun foto kartoçkası yapışdırırlar. Belə foto kartoçkası olmayan pasportlar etibarsızdır.
23. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Səfirlik — hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur. Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir. Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir.
24. Buna münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası ərazisini tərk etmədən (Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etməklə) də vətəndaşı olduğu Türkmənistan Respublikasının yeni pasportunu əldə etmək imkanı mövcuddur, şəxsin qeyd edilən pozitiv imkanları olduğu halda etməməsi və bu səbəbdən də hazırda ona məxsus olan pasportun Azərbaycan Respublikası qanunvericiliyi ilə etibarsız hesab edilməsi səbəbindən ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququna dair icazənin verilməsindən inzibati orqan imtina etməkdə haqlı olmuşdur.
25. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququna dair icazənin verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkəyə məxsus yeni pasportunun əldə edilməsinə dair hər hansı məhdudiyyətlərin mövcud olması üçün yetərli sayıla bilməz.
26. Bundan başqa, birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması üçün pasportu təqdim etməlidirlər. Bu zaman təqdim edilən və şəxsiyyəti təsdiq edən sənəd qismində çıxış edən pasport - iddiaçının vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun etibarlı sənəd xüsusiyyətlərini daşımalıdır. Belə ki, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması (hazırkı halda sənədin etibarsız olması) Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina üçün birbaşa əsasdır. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə uyğun Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə uyğun ətraflı inzibati araşdırma aparılmasa da, məhkəmə hesab edir ki, iddiaçının malik olduğu Türkmənistan Respublikasının pasportu hər bir halda şəxsiyyəti təsdiq edən sənəd qismində etibarlı sənəd olmadığından, iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsi doğru olmayacaqdır.
27. Beləliklə, şəxsin barəsində qəbul edilmiş imtina qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının müraciəti əsasında Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsindən imtina etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri də əsassızdır.
28. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
29. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-703/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.