Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-395/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-661/2025 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. H33302756 №-li hərbi biletə əsasən iddiaçı xx.xx.1976-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.
2. xx.xx.1974-cü il doldurulmuş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti dövrləri aşağıdakı kimi olmuşdur: xx.xx.1974-xx.xx.1976, xx.xx.1979-xx.xx.1980, xx.xx.1981-xx.xx.1982 xx.xx.1978-xx.xx.1979, xx.xx.1980-xx.xx.1981 xx.xx.1982-xx.xx.1982 xx.xx.1979-xx.xx.1979, xx.xx.1981-xx.xx.1981
3. AT-İİİ ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti dövrləri aşağıdakı kimi olmuşdur: xx.xx.1982- xx.xx.1983, xx.xx.1983-xx.xx.1998, xx.xx.1999-xx.xx.2005.
4. İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək, bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2022ci il tarixli, məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
5. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasına, hərbi biletinin surətlərinə əsasən, iddiaçının sığorta 19 il, 8 ay, 4 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, həmçinin xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən, “Mingəçevir Avtobaza”da xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti üzrə 1992-ci ildə 4 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 5 ay, 1995-ci ildə 4 ay, 1996-cı ildə isə 7 ay müddətində adına əməkhaqqı hesablanmamışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixli aktda qeyd edildiyi kimi, Mingəçevir şəhər "xxxx" ASC-nin xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan sənədləri yoxlama zamanı təqdim edilmədiyindən, iddiaçının sözügedən müəssisədən əməkhaqqı alıbalmadığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin işlədiyi müddətləri ümumi iş stajına daxil edərək, pensiya təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “xx.xx.2022-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2022-ci ildən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya sosial müavinət təyin edilərkən əmək kitabçasında işlədiyi müddətlər əmək stajı tamlıqla nəzərə alınmamışdır. Belə ki, o Mingəçevir Avtobazada xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək sürücü vəzifəsində çalışmışdır. Bu, əmək kitabçasında qeyd edilmişdir. Həmçinin, Mingəçevir şəhər "xxxx" ASC-də xx.xx.1999- cu il tarixindən xx.xx.2005-ci il tarixə qədər işləmiş, əmək kitabçasında bu barədə qeydlər aparılmışdır. Buna görə də cavabdeh iddiaçının Mingəçevir Avtobazada xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək sürücü kimi və Mingəçevir şəhər "xxxx" ASC-də xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək iş stajını ümumi iş stajına daxil etməyərək iddiaçıya ümumi siğorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunavericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. İddiaçı cavabdehə müraciət edərək yuxarıda qeyd etdiyi müddətlərin ümumi iş stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
8. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, imtinanın əsası iddiaçının sosial sığorta stajının (19 il 10 ay 04 gün) qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından az olmasıdır. İddiaçının təqdim etdiyi əmək kitabçalarının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 19 il 10 ay 4 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 8 ay 4 gün sığorta stajına uyğun olaraq 16.000,59 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 25,98 manat olmaqla, ümumilikdə 16.026,57 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının “Mingəçevir Avtobaza”sında xx.xx.1992-ci il tarixdən xx.xx.1998- ci il tarinədək olan əmək fəaliyyəti zamanı 1992-ci ildə 4 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 5 ay, 1995-ci ildə 4 ay, 1996-cı il tarixində isə 7 ay onun adına əməkhaqqı hesablanmamışdır. Buna görə də, əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün edilmədiyindən iddiaçının sığorta stajına daxil edilməmişdir.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-661/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçıya məxsus AT-İİİ ******* nömrəli Əmək kitabçasına əsasən o, xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan 6 il 2 gün müddətində Mingəçevir şəhər "xxxx" ASC-də sürücü işləmişdir. Həmin müddət mötəbərliyi təsdiq olunan 19 il 8 ay 4 günə əlavə edildikdə iddiaçının cəmi sosial sığorta stajı 25 il 8 ay 6 günə bərabər olur ki, bu da tələb olunan minimum dövrdən artıqdır. İddiaçının, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.
11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, Fondun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Mingəçevir Avtobaza”da xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi illər üzrə 1992-ci ildə 8 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 8 ay, 1996-cı ildə 5 ay əmək haqqı aldığı dövrlər və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabında xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış pensiya kapitalına uyğun 2 ay sığorta stajı nəzərə alınmaqla ümumi 19 il 10 ay 4 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 8 ay 4 gün sığorta stajına uyğun olaraq 16.000,59 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 25,98 manat olmaqla, ümumilikdə 16.026,57 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Əmək kitabçasının surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Mingəçevir Avtobaza”da xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1992-ci ildə 4 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 5 ay, 1995-ci ildə 4 ay, 1996-cı il tarixində isə 7 ay iddiaçının adına əmək haqqı hesablanmamışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli akta əsasən "xxxx" ASC tərəfindən əmək haqqı cədvəlləri və əmr kitabları yoxlanılması üçün təqdim edilmədiyindən iddiaçının xx.xx.1999cu il tarixindən xx.xx.2005-ci il tarixinədək sözügedən müəssisədə işlədiyi müddət üçün əmək haqqı alıb-almamasını qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə 5 il 11 ay 22 gün mübahisələndirilən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının mübahisələndirilən sığorta stajı dövrü ümumilikdə 8 il 5 ay 22 gün təşkil edir (2 il 6 ay (30 ay) əməkhaqqı hesablanmayan dövrlər və 5 il 11 ay 22 gün "xxxx" ASC-də işlədiyi dövr). Göründüyü kimi yuxarıda qeyd olunanlar əmək kitabçasının mötəbərliyini şübhə altına alır və sözügedən dövrlər üzrə əlavə araşdırmanın aparılmasını zəruri edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1999- cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (işə daxil olma və işdən azad olma əmrləri eyni xətt və eyni qələmlə yazılıb) riayət olunmamışdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 186 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-661/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi.
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
25. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ...
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...
29. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2022-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçı, xx.xx.1957-ci ildə doğulmuşdur.
24. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri iddiaçının ümumi sosial sığorta stajının 19 il 10 ay 4 gün təşkil etməklə tələb olunan 25 ildən az olması, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının 16.026,57 manat olmaqla tələb olunan minimum pensiya kapitalından (40.320,00 manat) az olması, xx.xx.2006 – xx.xx.2018 tarixləri arasında iddiaçının fərdi hesabında pensiya kapitalının olmamasıdır. Cavabdeh orqan bildirir ki, əmək kitabçasının doldurulma qaydası ilə bağlı tələblərə əməl olunmadığına görə əmək kitabçasının mötəbərliyinə şübhə yaranmışdır. Yoxlama zamanı iddiaçının 1992–1996-cı illərdə “Mingəçevir Avtobaza”da işlədiyi dövrlərdə 1992-ci ildə – 4 ay, 1993-cü ildə – 6 ay, 1994-cü ildə – 5 ay, 1995-ci ildə – 4 ay, 1996-cı ildə – 7 ay müddətində adına əməkhaqqı almaması müəyyən edilmiş və həmin müddət sığorta stajı kimi nəzərə almamışdır. Eyni zamanda iddiaçının 1999–2005-ci illərdə Mingəçevir şəhər "xxxx" ASC-də işlədiyi dövrə dair əmək haqqı cədvəlləri və əmr kitabları təqdim edilmədiyindən bu dövr də sığorta stajı kimi qəbul olunmamışdır. Cavabdeh orqanın qənaətinə görə yuxarıda qeyd olunanlar əmək kitabçasının mötəbərliyini şübhə altına almış və sözügedən dövrlər üzrə əlavə araşdırmanın aparılmasını zəruri etmişdir.
25. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının 19 il 10 ay 4 gün ümumi sosial sığorta stajını mübahisələndirmir. Mübahisə yalnız əmək kitabçasında göstərilən və 8 il 5 ay 22 günə ("Mingəçevir Avtobaza" üzrə 2 il 6 ay və "xxxx" ASC üzrə 5 il 11 ay 22 gün) dair dövrlərə aiddir.
26. Cavabdeh orqan, iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini – sonuncu icra edilmiş qeydlərin eyni tarixdə yazılması, bunun əmək kitabçasının sonradan doldurulması qənaəti yaratması, habelə mübahisələndirilən dövrlərin bir hissəsi üzrə əməkhaqqı cədvəlləri və əmr kitablarının təqdim edilməməsi, digər hissəsi üzrə isə iddiaçının adına əməkhaqqının hesablanmaması ilə əsaslandırır.
27. İş materiallarında olan AT-İİİ ******* №-li əmək kitabçasında iddiaçının xx.xx.1983-cü ildə Mingəçevir Avtobazasında işə qəbul edilməsi xx.xx.1990, xx.xx.1993-cü illərdə vəzifəsinin dəyişdirilməsi və xx.xx.1998-ci ildə işdən azad edilməsi barədə qeydlər mövcuddur.
28. Eyni zamanda istinad edilən əmək kitabçasının 4-6-cı səhifələrində iddiaçının Mingəçevir şəhər "xxxx" ASC-də xx.xx.1999-cu ildə işə qəbul edilməsi və xx.xx.2005-ci ildə işdən azad edilməsi barədə qeydlər icra edilmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən müəssisə xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır və xx.xx.1996-cı ildən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəssisənin xx.xx.1999xx.xx.2005-ci illərdə fəaliyyətdə olması aşkar müəyyən olunur.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan əmək kitabçasında icra edilmiş qeydlərin əlavə yoxlanılmasına əsas yaratmaq məqsədilə onların mötəbərliyini formal əsaslarla şübhə altına almışdır.
30. İş materiallarında olan, iddiaçıya məxsus hər iki əmək kitabçasının əslinə visual baxış keçirilərkən həmin qeydlərin mötəbərliyinə şübhə doğuran əsaslar (qaralama, düzəliş və əmək kitabçasının doldurulma qaydasının pozulması və s.) müəyyən edilməmişdir.
31. Belə ki, əmək kitabçasında olan qeydlər tarixə uyğun ardıcıl icra edilmiş, vəzifə dəyişiklikləri, işə qəbul və işdən azad edilmə barədə qeydlər səlahiyyətli şəxslərin imza və möhürü ilə təsdiq edilmişdir.
32. Kollegiya hesab edir ki, əmək kitabçasında icra edilmiş qeydlərin yoxlanması üçün müvafiq qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr müvafiq araşdırma başlananadək mövcud olmalı, bu şübhə konkret faktlarla əsaslandırılmalıdır.
33. “İnzibati İcraat Haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, yalnız təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduqda, inzibati orqana müstəqil şəkildə və öz hesabına həmin sənədlərin mötəbərliyini müəyyən etmək məqsədilə tədbirlər görmək imkanı tanınır.
34. Yəni, cavabdeh orqan iddiaçının təqdim etdiyi əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələrin olmasını müəyyən etməli, bundan sonra isə həmin şübhələrin yoxlanılması istiqamətində araşdırma aparmalı idi. Hazırkı halda cavabdeh orqan ilkin əsaslı şübhə ortaya qoymadan subyektiv mülahizələrlə əmək kitabçasındakı qeydlərlə forma baxımından razılaşmamış, daha sonra araşdırma ilə əldə etdiyi nəticələri əmək kitabçasının mötəbərliyini şübhə altına alan əsas kimi təqdim etmişdir. İİHQ-nun 19.1-ci maddəsinin tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
35. Hətta adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və ya əmək kitabçasında olan müvafiq qeydlərin eyni və ya müxtəlif tarixlərdə aparılması faktı (yəni işdən azad edilərkən həmin qeydlərin yazılması) təkbaşına əmək kitabçasının mötəbərliyini şübhə altına almaq üçün əsas vermir. Belə ki, müəssisənin arxiv sənədlərini təhvil verməməsi iddiaçının hüquqi məsuliyyət dairəsinə aid deyil. Fiziki şəxs olan işçinin işəgötürən tərəfindən əmək kitabçasında edilən qeydlərin aparılması qaydasına nəzarət etmək və ya onların arxivləşdirilməsini təmin etmək öhdəliyi yoxdur. İddiaçının bu prosesdə yeganə vəzifəsi ona verilmiş əmək kitabçasının fiziki tamlığını qorumaq və onun məzmununa təhrifedici müdaxilə etməməkdir. Yuxarıda qeyd edildiyi kimi əmək kitabçasının mötəbərliyinə şübhə yaradan hallar formal yox, əsaslı olmalıdır.
36. İİHQ-nun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
37. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 38. https://ecms.justice.loc/Documents/Meeting.aspx?caseId=2909510&meetingId=4606001x x.xx.2025-ci il tarixli məhkəmə iclasına aid videoyazıdan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus əmək kitabçasında Mingəçevir şəhər "xxxx" ASCdə işlədiyi dövrlərə aid müvafiq qeydləri icra etmiş Maraqlı şəxs (müəssisənin qanuni təmsilçisi) izahatı alınmış və o, izahatında iddiaçının 1999-2005-ci illərdə Mingəçevir şəhərində fəaliyyət göstərmiş "xxxx" ASC-də sürücü işləməsini, özünün də, iddiaçının işlədiyi zaman həmin müəssisədə çalışmasını, iddiaçıya məxsus əmək kitabçasının onun tərəfindən təsdiq edilməsini, müəssisənin 2014-cü ilədək fəaliyyət göstərməsini, hazırda müəssisənin fəaliyyətini dayandırmasını və arxiv sənədlərinin mövcud olmamasını bildirmişdir.
39. Göründüyü kimi iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
40. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən və mübahisələndiriləməyən sosial sığorta stajının cəmi 25 ildən artıq olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
41. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-661/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.