Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-396/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Zərdab rayon filialına (bundan sonra cavabdeh və ya DSMF publik hüquqi şəxsin Zərdab rayon filialı) qarşı “müharibə veteranı adına görə xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə aylıq sosial müavinətin hesablnaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1007/2020 nömrəli qərarından DSMF publik hüquqi şəxsin Zərdab rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli 059088 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və xx.xx.2017-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra İddiaçı həmin müavinətin xx.xx.2014cü ildən xx.xx.2017-ci ilədək olan müddət üçün ona ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən, yəni xx.xx.2017-ci ildən ona qanunvericiliyə uyğun olaraq müavinət təyin olunmuş və indiyədək ödənilməkdədir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyini, habelə qanunvericilikdə müraciət edilmə tarixindən asılı olmayaraq hüququnun yarandığı vaxtdan müavinətin ödənilməli olduğunu bildirmiş və müharibə veteranı adına görə xx.xx.2014cü ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə aylıq sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ona xx.xx.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən müraciəti əsasında ona müavinət təyin edilmişdir. O, əvvəlki dövr üçün ona müavinət verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, ona müavinətin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinə cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubla müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazında bildirmişdir ki, iddiaçı Dövlət X3 Zərdab rayon şöbəsindən heç bir növ əmək pensiyası almır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 1007/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Dövlət X3 Zərdab rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. DSMF publik hüquqi şəxsin Zərdab rayon filialı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1007/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini imtina məktubunun dəlilləri ilə əsaslandırmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF publik hüquqi şəxsin Zərdab rayon filialınin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1007/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram göndərərək maddi imkanı olmadığı üçün məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 059088 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir. Dövlət X3 Zərdab rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********1 nömrəli etiraz məktubundan görünür ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən, yəni xx.xx.2017-ci ildən İddiaçı qanunvericiliyə uyğun olaraq müavinət təyin olunmuş və indiyədək ödənilməkdədir. İddiaçı Dövlət X3 Zərdab rayon şöbəsindən heç bir növ əmək pensiyası almır. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1007/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları göstərməyi zəruri hesab edir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə tənzimlənir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanında nəzərdə tutulur ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İşin həqiqi hallarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli 059088 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və xx.xx.2017-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra o, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı DSMF-un Zərdab rayon şöbəsinə müraciət etmişdir. Lakin DSMF--un Zərdab rayon şöbəsi rəsmi məktubla bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Əvvəlki dövr üçün ödənişin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyini, habelə qanunvericilikdə müraciət edilmə tarixindən asılı olmayaraq hüququnun yarandığı vaxtdan müavinətin ödənilməli olduğunu bildirmiş və xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üçün ödənilməmiş qalan müavinətlərin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük; 9.1.2. əlilliyə görə müavinət – əlillik müddətinə; 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət–18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə; 9.1.4. ailə başçısını itirməyə görə müavinət; 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına–əlillik müddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə – uşağın 8 yaşınadək; 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; 9.1.6. üç yaşınadək uşağa qulluğa görə müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə; 9.1.7. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət; 9.1.7.1. uşağın 16 yaşı tamam olan ayın sonunadək; 9.1.7.2. ümumtəhsil məktəblərində əyani təhsil alanlara – 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla); 9.1.8. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə; 9.1.9. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – uşağın bir yaşı tamam olan ayın sonunadək. Göründüyü kimi, qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Kollegiyaya görə, iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2015-ci ildə verilməsi onun "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müavinətin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2017-ci il tarixli 2-1(102)-1279/2017 nömrəli və xx.xx.2019-cu il tarixli 2-1(102)-994/2019 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2019-cu il tarixli 2-1(102)-994/2019 nömrəli qərarında qeyd etmişdir ki, “sosial müavinətin cavabdehin imtinasında göstərdiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən yaranır. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-un Zərdab rayon şöbəsinin iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1007/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Zərdab rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-396/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-396/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver