Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-396/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi Nümayəndə2, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şikayəti əsasında vəkil X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1814/2024 nömrəli qərardadından iş üzrə İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “şikayəti əsasında vəkil X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətinin verilməsi və qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçı, iddia ərizəsinin məzmununda vəkil Şəlalə Tağıyevadan etdiyi şikayət əsasında ona xəbərdarlıq edildiyini bildirir. İddia ərizəsinə əlavə edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda da, sözügedən vəkil barəsində xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərar əsasında hazırlanmış cavab məktubunun ona təqdim edildiyi qeyd edilib. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə 10 gün müddətində münasibət bildirilməsi təklif olunmuşdur.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamış və sonuncu tərəfindən aldadılmışdır. Bağlanmış müqaviləni, o cümlədən aldadıldığını təsdiq edən digər faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, Vəkillər Kollegiyasına qərarın surətinin verilməsi üçün müraciət etsə də əldə edə bilməmişdir. Ona şifahi məlumat verilmişdir ki, vəkil Şəlalə Tağıyevaya xəbərdarlıq verilmişdir. Onun iddia sənədlərini vəkil ondan alıb göndərəcəyi vədini versə də onu aldatmışdır. Sonra isə kollegiyaya yalan məlumat vermişdir ki, o, iddia sənədlərini ona 3 aydan sonra təqdim etmişdir. Halbuki, onun əməli nəticəsində işə bərpa tələbinə dair iddia müddətini ötürmüşdür. Onun əməlinə qiymət verilməsinə nail olmaqla iddia müddətinin üzrlü səbəbdən ötürülməsini sübut etməklə işə bərpa ərizəsi üzrə sübut təqdim etməyə çalışır. Vəkillər Kollegiyası qərarı ona vermir ki, məzmunu ilə məhkəmə tanış ola bilsin. Hazırda qərar ona verilmədiyindən ərizəsində dəqiqləşmə apararaq şikayəti əsasında Vəkillər Kollegiyasının qərarının ona verilməsi öhdəliyinin qoyulmasını xahiş edir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-1814/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddiaçılar İddiaçı1 və X8 cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şikayəti əsasında vəkil X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətinin verilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iddia mümkün sayılmamaldır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı yönəlmiş tələbi şikayəti əsasında vəkil X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətinin cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Məhkəmə tərəfindən iddiaçının bir daha nəzərinə çatdırılmışdır ki, şikayət əsasında sözügedən vəkil barəsində görülmüş intizam tənbehi (xəbərdarlıq) barədə, məlumatlandırılmışdır. Həmin intizam tənbehi iddiaçının yox, barəsində qəbul edilmiş subyektin maraqlarına toxunduğundan və hazırkı iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmadığından məhkəmə hesab edir ki, iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Buna görə də, iddia tələbinə mahiyyəti üzrə baxıla bilməz. Sözügedən qərarın sübut qismində mülki işə baxılan zaman təqdim edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, MPM-nin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. ... Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Göründüyü kimi iddiaçı mülki icraat zamanı işə baxılarkən hazırda sübut qismində istinad edəcəyini bildirdiyi qərarı vəsatət verməklə əldə etmək imkanında olmuşdur və bunun üçün inzibati məhkəmə icraatı qaydasında əlavə iddia qaldırılmasına lüzum yoxdur.
6. İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-1814/2024 nömrəli qərarının ləğv edilərək iddianın tələbinin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərarın surəti ona hazırda kassasiya instansiyasında baxılan işi ilə əlaqədar tələb olunur. Çünki məhkəmə onun iddia qaldırmaq üçün müddətin ötürülməsini üzrlü saymamışdır. Digər tərəfdən o, həmin qərarı aldıqdan sonra hüquqlarına toxunulacağı halda şikayət verməyi nəzərdə tuturdu. İlk iddia tələbi də bu şəkildə olmuşdur. Məhz məhkəmənin yardımından sonra ərizəsini bu şəkildə dəqiqləşdirmişdir. Halbuki, apellyasiya şikayətini rədd edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-957/2024 saylı qətnaməsində bir daha qeyd olunmuşdur ki, «50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlandığını və sonuncu tərəfindən aldadıldığını iddia etsə də, qeyd etdiyi müqaviləni, o cümlədən aldadıldığını təsdiq edən digər faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bu barədə Vəkillər Kollegiyasının İntizam Komissiyasının qərarı olduğunu bildirsə də, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq həmin qərarı da məhkəməyə təqdim edə bilməmişdir». Qeyd edir ki, onun şikayəti əsasında vəkil barəsində intizam icraatı başlanılmışdır. Həmin qərar onu qane etmədiyi təqdirdə şikayət verməyi nəzərdə tuturdu. Hansı orqana ki, həmin qərarın verilməsi tələb olunur məhkəmə kollegiyası onu tələb etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
10. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, yoldaşı işdən çıxarılıb və onlar bununla bağlı vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamışlar, lakin onun tərəfindən aldadılmışlar. Belə ki, vəkil Şəlalə Tağıyevanın laqeydliyi ucbatından iddianın verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürüblər. Onların müraciətlərindən sonra ona Vəkillər Kollegiyasının qərarı ilə xəbərdarlıq edilmiş və bu barədə onlara məktub verilib. İşə bərpa tələbinə dair mülki iş üzrə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində baxılarkən məhkəmə onlardan Vəkillər Kollegiyasının buna dair qərarını tələb ediblər. Ancaq təqdim edə bilmədiklərindən apellyasiya şikayətləri təmin edilməmişdir. Çünki müddətin üzrlü səbəbdən ötməsinə dair sübut həmin qərarda öz əksini tapmışdır. Həmin qərarın surəti onlara hazırda kassasiya instansiyasında baxılan işi ilə əlaqədar tələb olunurdu. Hazırda Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, yenidən baxılması üçün göndərilib. Hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının həmin vəkil barəsində tədbir görülməsinə dair məktubu onlara təqdim edilib. Lakin onlar vəkil barəsində tərtib edilmiş qərarın surətini tələb edirlər. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı tərəflə vəkil arasında heç bir müqavilə bağlanmamışdır. Vəkil Şəlalə Tağıyeva onlara şifahi şəkildə məsləhət vermişdir. Sonradan müqavilə bağlamaq üçün müraciət etdiklərində iddia verilməsi üçün nəzərdə tutulmuş müddət ötmüşdür. Odur ki, apellyasiya şikayətinin əsassız hesab edilərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
18. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
19. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
22. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
24. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
25. İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı yönəlmiş tələbi şikayəti əsasında vəkil X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətinin cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır.
26. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən məhkəməyə daxil olmuş məktubdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 göndərilmiş Azərbaycan Respublikası Vəkillər X2 29 yanvar 2024-cü il tarixli 102 nömrəli məktubunda göstərilmişdir ki, Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X5 barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciətiniz Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Bildiririk ki, Rəyasət Heyətinin qərarına əsasən vəkil Ş.Y.Tağıyevaya xəbərdarlıq edilərək tapşırılmışdır ki, peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etsin.
27. Eyni zamanda iddiaçıya cavabdeh orqan tərəfindən ünvanlanmış birinci instansiya məhkəməsinə təqdim edilmiş 20 fevral 2024-cü il tarixli, 279 nömrəli məktubdan görünür ki, Vəkillər Kollegiyasının üzvü Şəlalə Tağıyeva barəsində Vəkillər Kollegiyasının İntizam Komissiyasında İddiaçı1 şikayəti üzrə sonuncunun iştirakı ilə araşdırılma aparılmış və X4 25 yanvar 2024-cü il tarixli iclasında sonuncu barəsində xəbərdarlıq edilməsi barədə müvafiq qərar qəbul edilmiş və həmin qərar əsasında hazırlanmış cavab məktubu ona göndərilmişdir.
28. Göründüyü kimi, iddiaçıların şikayəti əsasında sözügedən vəkil barəsində görülmüş intizam tənbehi (xəbərdarlıq) barədə iddiaçılar məlumatlandırılmışdır. Həmin intizam tənbehi iddiaçının yox, barəsində qəbul edilmiş subyektin maraqlarına toxunduğundan və hazırkı iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmaması nəticəsinə gələrək iddia tələbinə mahiyyəti üzrə baxmamışdır.
29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıların şikayəti əsasında sözügedən vəkil barəsində görülmüş intizam tənbehi (xəbərdarlıq) barədə iddiaçıların məlumatlandırılmaları iddiaçının hazırki tələbinin təmin olunması anlamına gəlmir. Ona görə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyrimaddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da, onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.
30. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə ilk öncə iddiaçı tərəfindən yuxarıda qeyd edilən iddia növünə dair mümkünlük şərtlərinə (vəkil barəsində görülmüş intizam tənbehi (xəbərdarlıq) iddiaçıların maraqlarına toxunmalı və iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalı) əməl edilməli, daha sonra isə məhkəmə iddiaya mahiyyəti üzrə baxıb qərar qəbul edilməsi nəticəsinə gəldikdə cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı əsası ilə məhkəmə tərəfindən icraata xitam verilməsi barədə qərardad qəbul edilir.
31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı qənaətinə gəlməklə icraata xitam verilə bilməz.
32. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
34. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
35. Daha sonra iddiaçı apelyasiya şikayətində iddia tələbinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş edir.
36. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
37. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1814/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı
İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1814/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.