Məhkəmə qərarları › İş №2-1(107)-396/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-396/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-396/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, **********619400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)- 91/2025 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. İddiaçı (“Sifarişçi (Alıcı)”) ilə "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə və "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə müqavilələr bağlanaraq ümumilikdə 12 alqı-satqı əməliyyatları üzrə 77 824,00 manat dəyərində mal alınmış, elektron qaimələrə əsasən sözügedən müqavilələr üzrə alınan mallar iddiaçıya təqdim etmişdir.

2. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən, 2022-ci il vergi dövrü üzrə mənfəət vergisi 64290,52 manat məbləğində bəyan edilmişdir.

3. Cavabdehin tərəfindən qəbul edilmiş qərarlara əsasən "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il, "xxxx" MMC xx.xx.2022-ci il tarixlərdə riskli vergi ödəyiciləri hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər.

4. Cavabdehin 15 dekabr 2023-cü il tarixli, **********619400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında alınmış 4288 manat (ƏDV-siz) dəyərində malların gəlirdən çıxılan xərclərə aid edilməsi qanunamüvafiq hesab edilmiş və hesablanmış 15564.8 manat mənfəət vergisi məbləğindən 857,6 manat azaldılmış və əlavə hesablanmış 14707,2 manat mənfəət vergisinin qüvvədə saxlanması qanunamüvafiq hesab edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25 may 2023-cü il tarixli, **********389000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və cavabdeh – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin 31 iyul 2023-cü il tarixli, **********486900 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, **********619400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə həmin ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2021-ci ilin dekabr ayından başlayaraq bu günə kimi icrası 5 (beş) il nəzərdə tutulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli, “Müqavilə razılaşdırılması 21-NWC-MNG-2140”-na uyğun olaraq, onun sifarişi əsasında İddiaçı Firması tərəfindən Mingəçevir şəhərinin su təhcizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işləri həyata keçirilir. Həmin işləri həyata keçirmək üçün lazım olan malmateriallar müxtəlif müəssisələrdən aralarında bağlanmış müqavilələrə əsasən əldə edilmişdir. Həmin alqı-satqı əməliyyatları qanunvericiliyin tələblərinə uyğun qaydada sənədləşdirilmişdir. İddiaçı tərəfindən 2022-ci il üzrə “Mənfəət vergisi bəyannaməsi” təqdim edildikdən sonra cavabdeh tərəfindən müəssisədə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı cavabdeh vergi orqanı tərəfindən riskli hesab edilən vergi ödəyicilərindən 2022-ci il ərzində 12 alqı-satqı əməliyyatları üzrə İddiaçı Firması tərəfindən 77 824,00 manat dəyərində malların alınması və həmin məbləğin gəlirdən çıxılan xərclərə aid edilməsi müəyyən edilmişdir. Vergi orqanı həmin məbləği riskli əməliyyatlar üzrə kənarlaşma kimi qiymətləndirmişdir. Alqı-satqı əməliyyatları aparılan vergi ödəyiciləri ilə İddiaçı Firması arasında əməliyyatlar aparılan zaman onlardan heç biri “Riskli vergi ödəyicisi” hesab edilməmişdir. Onunla qanunamüvafıq şəkildə alqısatqı əməliyyatlarını başa vurduqdan bir müddət keçdikdən sonra həmin müəssisələr “Riskli vergi ödəyicisi” hesab edilmişdirlər. Qeyd edilən kənarlaşma ilə əlaqədar Vergi Məcəlləsinin 37., 67. və 83. maddələrinə əsasən, cavabdeh tərəfindən 25 may 2023-cü il tarixli, **********389000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq 2022-ci ilin “Mənfəət vergisi bəyannaməsi” üzrə İddiaçı Firmasına 15 564,80 manat əlavə vergi məbləği hesablanmışdır. Sonradan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi özünün 28 iyul 2023-cü il tarixli, **********038300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarını qəbul edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olmadığı üçün “Elektron qaimə-faktura” əsasında alınmış 4 288,00 manat (ƏDV-siz) məbləğində malların dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsini qanunamüvafıq hesab etmiş və hesablanmış “Mənfəət vergisi” 857,60 manat azaldılmışdır. Bundan sonra digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə müraciət olunmuşdur. Sonuncu tərəfindən **********486900 nömrəli, “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla hüquqi şəxs İddiaçı Firmasının kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə 25 may 2023-cü il və 19 iyul 2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş, 28 iyul 2023-cü il tarixli, **********038300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

8. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı Firması xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 220-ci (çıxılmalardan sonra ümumi gəlir) sətrində 6238827,13 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 236-cı (ümumi gəlirdən çıxılan xərclər) sətrində 5 995198,51 manat (o cümlədən 3415861,0 manat malların dəyəri) qeyd edərək 48725,72 manat mənfəət vergisi bəyan etmişdir. Həmin bəyannamənin kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.4-cü (malın dəyəri) sətrində göstərilmiş 3415861,0 manat məbləğin 77824,0 manat məbləğində olan hissəsi riskli əməliyyatlar üzrə əldə edilən elektron qaimə-fakturalar hesab olunduğundan əmttəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 15564,8 manat əlavə vergi məbləği hesablamışdır. Elektron qaimə-fakturaların araşdırılması zamanı İddiaçı Firması tərəfindən 2022-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7568,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1200,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 9416,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 9680,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 7480,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 3520,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********) 4400,0 manat "PRİVATİON-22 MMC-dən (VÖEN:**********) 3168,0 manat,"xxxx" MMC-dən (VÖEN:**********) 12496,0 manat, "xxxx" MMC-dən (VÖEN: 7********) 7216,0 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən VÖEN: **********) 7392,0 manat, ümumilikdə 11 vergi ödəyicisindən 73536,0 manat dəyərində alındığı müəyyən edilmişdir. Araşdırma zamanı yuxarıda göstərilən vergi ödəyiciləri tərəfindən müxtəlif vergi ödəyicilərinə onların özləri tərəfindən istehsal olunmamış, satın alınmamış müxtəlif növ malların təqdim edilməsi halları, o cümlədən hazırkı iş üzrə iddiaçı firmaya 2022-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1200,0 manat dəyərində avtomobil ehtiyat hissələrinin, digər 10 vergi ödəyicisi tərəfindən isə “Çuqun petləli lyuk, D600 mm-lik” adlı malının satılması barədə elektron qaimələrin təqdim edilməsi halı aşkar edilmişdir. Yuxarıda göstərilən hüquqi şəxslərin təsisçiləri tərəfindən eyni gündə 4-5 məhdud məsuliyyətli cəmiyyət təsis edilmişdir. Həmin MMC-lərin bəzilərinin təsisçiləri tərəfindən işə götürülmək adı ilə aldadılaraq adlarına müəssisələrin yaradılması və onları aldadan şəxslər barəsində tədbir görülməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər mövcuddur (müraciətlərin surəti etiraza əlavə olunur). Həmin müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən qəbul edilmiş “Mütəxəssis təyin edilməklə yoxlama aparılması haqqında” 11 dekabr 2023-cü il tarixli qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 2019-2022-ci illər ərzində maddi yardım edəcəkləri və sair vədlər verməklə çoxsaylı şəxslərin adına müxtəlif hüquqi şəxslərin təsis edilməsi, hüquqi şəxslərin idarəçiliyini əldə etmək üçün təsisçilər tərəfindən verilmiş etibarnamələr əsasında əmtəəsiz əməliyyatlar aparılması və nəticədə xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına dair daxili işlər orqanlarından daxil olmuş materiallarda vəzifə səlahiyyətlərindən sui-istifadə, yalançı sahibkarlıq və vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu göstərilmişdir. Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsində iştirak edən müəssisələrin hamısının vergilər üzrə borcları mövcuddur və heç bir ödəniş aparılmamışdır (təsdiqedici cədvəl əlavə olunur). X1 adına təsis edilmiş "xxxx" MMC və "xxxx" MMC, X2 adına təsis edilmiş "xxxx" MMC, X4 adına təsis edilmiş "xxxx" MMC xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Yuxarıda göstərilən əmtəəsiz əməliyyatların rəsmiləşdirilməsində iştirak edən 11 müəssisədən 10-u tərəfindən bank hesabları "xxxx" ASC-nin “Universal” Filialında açılmış və əməliyyat aparıldıqdan sonra bağlanmışdır. Bu fakt həmin müəssisələrin müxtəlif şəxslərin adına açılmasının və idarə edilməsinin eyni şəxs və ya şəxslər tərəfindən həyata keçirildiyini bir daha sübut edir. Yuxarıda göstərilənlərlə qaimələrdə göstərilən alqı-satqı əməliyyatının əmtəəsiz olduğu, vergidən yayınma sxemi olduğu sübuta yetirilmiş, vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Göründüyü kimi yuxarıda göstərilən müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisələrdir.

9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-91/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərar riskli hesab olunan elektron qaimə-fakturaları təqdim edən MMC-lər ilə iddiaçı arasında müqavilələrin bağlanması nəticəsində qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçı ilə həmin vergi ödəyiciləri arasında müqavilələrin bağlanma tarixi ilə onların riskli vergi ödəyicisi hesab olunmaları tarixləri araşdırılmışdır. Araşdırma nəticəsində aşağıdakılar müəyyən edilmişdir:

1. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

2. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

3. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

4. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

5. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

6. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

7. "xxxx" MMC ilə müqavilələr xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

8. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

9. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

10. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur.

11. "xxxx" MMC ilə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmış, həmin vergi ödəyicisi xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi hesab olunmuşdur. Göründüyü kimi iddiaçı ilə vergi ödəyiciləri arasında müqavilələr bağlandıqdan, əməliyyatlar aparıldıqdan müxtəlif müddətlər keçdikdən sonra həmin vergi ödəyiciləri “riskli vergi ödəyicisi hesab edilməsinə dair” qərar qəbul edilmişdir. Müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. İddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1234/2023 saylı 22.xx.xx.2024-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-480/2024 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe).

11. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı Firması xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 220-ci (çıxılmalardan sonra ümumi gəlir) sətrində 6238827,13 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 236-cı (ümumi gəlirdən çıxılan xərclər) sətrində 5 995198,51 manat (o cümlədən 3415861,0 manat malların dəyəri) qeyd edərək 48725,72 manat mənfəət vergisi bəyan etmişdir. Həmin bəyannamənin kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.4-cü (malın dəyəri) sətrində göstərilmiş 3415861,0 manat məbləğin 73536,0 manat məbləğində olan hissəsi əmtəəsiz əməliyyatlar üzrə əldə edilən elektron qaimə-fakturalar hesab olunduğundan əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 14707,20 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edərək ümumi gəlirlərinin 7936508.54 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər”inin isə 7615055.92 manat, ödənilməli mənfəət vergisinin isə (79365xx.xx-7615055.92)*20%=64290.52 manat olduğunu bəyan etmişdir. Bəyannamənin kameral yoxlanması zamanı vergi ödəyicisi tərəfindən xərclərinin 4288 manat az bəyan olunduğu və bu səbəbdən də mənfəət vergisinin 857.60 manat artıq hesablandığı aşkar olunduğundan vergi ödəyicisinin xərcləri 4288 manat artırılaraq mənfəət vergisinin 857.60 manat azaldılması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 dekabr 2023-cü il tarixli **********619400 nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmə qərarlarındakı işin faktiki halları hazırkı mübahisə üzrə işin faktiki hallarından fərqli olmuşdur. Belə ki, məhkəmənin istinad etdiyi qərarlarda işin mahiyyəti əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirilməsinə görə vergi ödəyicilərinə əlavə dəyər vergisinin hesablanmasından ibarətdir. Lakin, hazrkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən qərarla iddiaçı barəsində cavabdeh tərəfindən əlavə dəyər vergisi deyil, mənfəət vergisi ilə bağlı qərar qəbul edilmişdir. Bu qərarla isə vergi ödəyicisinə münasibətdə özünün bəyan etdiyi mənfəət vergisi məbləğindən əlavə vergi məbləği hesablanmamış, əksinə vergi ödəyicisinin bəyan etdiyi 64290.52 manat mənfəət vergisinin 857.60 manat məbləğində azaldılması barədə qərar qəbul edilmişdir. Bu qərarın qəbul edilməsinin əsasını isə vergi orqanı tərəfindən vergi ödəyicisinin xərclərinin 4288 manat məbləğində artıq nəzərə alınması olmuşdur. Göründüyü kimi məhkəmənin istinad etdiyi Ali Məhkəmə qərarlarında göstərilən işin faktiki halları hazırkı iş üzrə mübahisənin faktiki hallarından tamamilə fərqli olmuşdur. Belə ki, sözügdeən Ali Məhkəmə qərarlarında istinda olunan mübahisənin mahiyyəti iddiaçıya əmtəəsiz və riskli hesab edilmiş qaimələrə əsasən əvəzləşdirilmiş əlavə dəyər vergisi məbləğinin əvəzləşdirilən dövriyyədən çıxarılması nəticəsində əlavə dəyər vergisinin hesablanması barədə vergi orqanının qəbul etdiyi qərarların mübahisələndirilməsi olmuşdur. Lakin, hazırkı iş üzrə isə göründüyü kimi cavabdeh tərəfindən iddiaçının bəyan etdiyi malın dəyəri məbləği kameral yoxlama ilə azaldılmadığından əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi qaimələrdəki xərc məbləğlərinin xərclərin tərkibindən çıxarılmasından söhbət gedə bilməz. Əksinə kameral vergi yoxlaması ilə vergi ödəyicisinin xərclərinin 4288 manat az bəyan olunduğu müəyyən edilmiş, bu səbəbdən də vergi ödəyicisinin gəlirdən çıxılan ümumi xərclərinin 4288 manat artırılması hesabına ödənilməli mənfəət vergisi məbləğinin 857.60 manat azaldılması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində faktiki olaraq qanuni əlverişli inzibati akt qəbul edilmişdir. İşin faktiki hallarından və yuxarıda göstərilən qanunvercicilik normalarının tələblərindən göründüyü kimi mövcud inzibati mübahisə üzrə işin faktiki halları birinci instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmə qərarlarında göstərilən işlərin faktiki hallarına uyğun olmamışdır və məhkəmə əsassız olaraq əlverişli qanuni inzibati aktın ləğv edilməsi barədə qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. iddiaçı, apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq öz Qərarını Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-l(102)- 480/2024 saylı, 02 avqust 2023-cü il tarixli qərarda ifadə olunmuş hüquqi mövqeyilə əsaslandırmışdır. Baxmayaraq ki, həmin qərarda artıq hesablanmış ƏDV məbləğinə dair cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar mübahisələndirilir, Ali Məhkəmənin qeyd edilən qərarında mahiyyət üzrə ümumiləşdirilmə aparılmaqla əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirilməsinə qiymət verilmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının digər - 06 mart 2024-cü il tarixli, 2-1(102)-92/2024 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh vergi orqanı öz apellyasiya şikayətində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını sadalamaqla kifayətlənmiş və birinci instansiya məhkəməsi tərəfindən konkret olaraq hansı prosessual hüquq normasının pozulmasını göstərə bilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunlu izahat verərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-91 /2025 saylı, 13 mart 2025-ci il tarixli qərarının dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli, **********619400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə nail olmaqdır. Sözügedən qərar əsasında iddiaçıya hesablanmış 15564.8 manat mənfəət vergisi məbləğindən 857,6 manat azaldılaraq yekun olaraq 14707,2 manat əlavə mənfəət vergisi müəyyən edilmişdir.

25. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçı 11 vergi ödəyicisi ilə müxtəlif tarixlərdə müqavilə bağlayaraq ümumilikdə 77,824 manat dəyərində mal almışdır. Belə ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 9,680 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 7,568 manat, "xxxx" MMC-dən xx.xx.2022ci il tarixdə 2,200 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 7,392 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 7,216 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 7,480 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 12,496 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 3,168 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 9,416 manat, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 3,520 manat və "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə 4,400 manat məbləğində mal almışdır.

26. İddiaçı, xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim edərək bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 220-ci (çıxılmalardan sonra ümumi gəlir) sətrində 6238827,13 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 236-cı (ümumi gəlirdən çıxılan xərclər) sətrində 5 995198,51 manat (o cümlədən 3415861,0 manat malların dəyəri) qeyd edərək 48725,72 manat mənfəət vergisi bəyan etmişdir.

27. Vergi orqanı həmin bəyannamənin kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.4-cü (malın dəyəri) sətrində göstərilmiş 3415861,0 manat məbləğin 77824,0 manat məbləğində olan hissəsini riskli əməliyyatlar üzrə əldə edilən elektron qaimə-fakturalar hesab etmiş və əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamışdır. Nəticədə 14707,20 manat əlavə vergi məbləği hesablanmışdır.

28. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri, vergi orqanı tərəfindən qanuni və əlverişli inzibati akt qəbul edildiyi halda birinci instansiya məhkəməsinin həmin aktı əsassız olaraq ləğv etməsi, vergi ödəyicisinin 2022-ci il üçün təqdim etdiyi dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində xərclərin 4288 manat az göstərildiyinin müəyyən olunması, bu səbəbdən vergi orqanı tərəfindən həmin xərclərin artırılması və nəticədə mənfəət vergisinin 857,60 manat azaldılması, eləcə də qəbul edilmiş bu qərarın vergi ödəyicisinin maraqlarına uyğun olması və onun xeyrinə hüquqi vəziyyət yaradan qanuni və əlverişli inzibati akt hesab olunması ilə bağlıdır.

29. “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsində əlverişli inzibati akta maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt kimi, 2.0.11-ci maddəsində isə əlverişsiz (yükləyici) inzibati akta - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt kimi anlayış verilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktla iddiaçıya əvvəlcədən hesablanmış 15.564,8 manat məbləğində mənfəət vergisindən 857,6 manat azaldılaraq, yekun olaraq 14.707,2 manat əlavə mənfəət vergisi müəyyən edilmişdir. Göründüyü kimi mübahisələndirilən qərar iddiaçıya hesablanmış əlavə vergi məbləğini tam aradan qaldırmadığından, bu akt mahiyyət etibarilə yükləyici xarakter daşıyır və birmənalı olaraq əlverişsiz inzibati akt hesab olunmalıdır.

31. Nəzərə alınmalıdır ki, inzibati aktla əvvəl müəyyən edilmiş əlavə vergi məbləğinin sonradan azaldılması, həmin aktın əlverişsiz (yükləyici) xarakterini aradan qaldırmır. Belə ki, hər bir halda qəbul olunmuş qərar iddiaçının hüquqi vəziyyətini dəyişərək onun üzərinə vergi öhdəliyi - maliyyə yükü qoyur.

32. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati aktın əlverişli və ya əlverişsiz olub-olmaması, onun əvvəlki inzibati aktla deyil, inzibati icraat başlanmazdan əvvəl vergi ödəyicisinin mövcud hüquqi vəziyyəti ilə müqayisədə qiymətləndirilməlidir. Əgər inzibati akt vergi ödəyicisinin əvvəlki hüquqi vəziyyətini pisləşdirirsə və onun üzərinə əlavə maliyyə yükü qoyursa, həmin akt “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə uyğun olaraq əlverişsiz (yükləyici) inzibati akt hesab olunacaqdır.

33. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili isə iş üzrə mübahisənin predmeti ilə birinci instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmə qərarları arasında mövcud olan faktiki və hüquqi fərqlərin nəzərə alınmaması ilə bağlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əmtəəsiz və riskli əməliyyatlar nəticəsində əlavə dəyər vergisinin hesablanması ilə bağlı mübahisələr üzrə çıxarılmış Ali Məhkəmə qərarlarına istinad etmişdir. Lakin hazırkı iş üzrə mübahisə əlavə dəyər vergisinə deyil, vergi ödəyicisi tərəfindən təqdim olunmuş mənfəət vergisi bəyannaməsindəki texniki çatışmazlıqların kameral vergi yoxlaması ilə aradan qaldırılması və bu əsasla vergi məbləğinin azaldılması ilə bağlıdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülmüş dəlilə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin əsasını iddiaçının təqdim etdiyi 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində göstərilən xərclərin 77.824,0 manatlıq hissəsinin vergi orqanı tərəfindən riskli əməliyyatlar üzrə təqdim olunmuş elektron qaimə-fakturalar kimi qiymətləndirilməsi və bu əməliyyatların əmtəəsiz olması əsas gətirilərək həmin məbləğin gəlirlə bağlı xərclərə aid edilməməsi təşkil edir.

35. Mübahisəyə dair iş materiallarından görünür ki, cavabdeh orqan heç bir nəzarət tədbiri aparmadan, iddiaçının mal aldığı əməliyyatları əmtəəsiz əməliyyatlar kimi qiymətləndirmişdir. Bu mövqeni əsaslandırmaq üçün vergi orqanı mal təqdim edən tərəflərin həmin malları nə istehsal etmiş, nə də satın almış olmasına, göstərilən hüquqi şəxslərin təsisçiləri tərəfindən eyni gündə birdən çox məhdud məsuliyyətli cəmiyyətin təsis edilməsinə, habelə təqdim olunmuş qaimələrdə əks etdirilən alqı-satqı əməliyyatlarının formal xarakter daşımasına, bu müəssisələrin əslində yalan əqdlər bağlamaqla pul vəsaitlərinin nağdlaşdırılması və vergidən yayınma sxemlərində iştirak məqsədilə yaradılması kimi hallara istinad etmişdir.

36. Nəzərə alınmalıdır ki, iddiaçı, mal alarkən ona mal satan şəxsin həmin malı hansı qaydada aldığına dair hər hansı bir məlumat almaq imkanına malik olmur. Həmçinin, belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Vergi orqanının əməliyyatın əmtəəsiz olduğuna istinad etməsi üçün əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməsi tələb olunur. Həmin malın yalnız satıcıda olmaması halı əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

37. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə digər MMC-lər arasında alqı-satqı əməliyyatları aparılarkən sonuncuların heç biri riskli vergi ödəyicisi qrupunda olmamışdır. Hətta qeyd olunan müqavilə tərəflərinin riskli vergi ödəyicisi qrupunda olması belə aparılan əməliyyatın birmənalı olaraq əmtəəsiz və ya riskli əməliyyat olması anlamına gəlmir. Yəni iddiaçının riskli vergi ödəyicisi qrupunda olan müəssisə ilə alqı-satqı əməliyyatı apardığı hallarda da, həmin əməliyyatın real olduğu istisna olunmur və oluna bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olmasına istinad yetərli deyil, bu zaman həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, mövqeyini subyektiv mülahizələrlə əsaslandırmışdır.

38. Göründüyü kimi, mübahisənin əsas mahiyyəti iddiaçı tərəfindən aparılan əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olub-olmamasının sübuta yetirilməsidir. Vergi orqanı əməliyyatın əmtəəsiz aparılması qənaətinə gələrək əlavə vergi öhdəliyi müəyyən edirsə, hər bir halda əməliyyatın faktiki olaraq əmtəəsiz olmasını sübuta yetirməlidir. Odur ki, birinci instansiya məhkəməsinin Ali Məhkəmənin əlavə dəyər vergisi ilə bağlı qərarında ifadə olunmuş, əmtəəsiz və ya riskli əməliyyatlara dair hüquqi mövqeyinə istinad etməsi hazırkı işin faktiki halları baxımından hər hansı hüquqi əhəmiyyət daşımır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(116)-91/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar