Məhkəmə qərarları › İş №2-1(107)-397/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-397/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-397/2020 29.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialına qarşı 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda, xx.xx.1997-ci ildən xx.xx.2000-cı ilədək analıq məzuniyyətində olduğu müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1001/2020 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialı tələbinə dair inzibati işə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş və hazırda Balakən rayonu Mahamalar kəndində yaşayır. O, xx.xx.1985-ci ildə Vüqar, xx.xx.1987-ci ildə Vüsalə, xx.xx.1989-cu ildə Rəşad, xx.xx.1995-ci ildə Orxan, xx.xx.1997-ci ildə Vüqar adlı uşaqları doğub, onları 8 yaşınadək tərbiyə etmişdir. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Bakı şəhəri 42 nömrəli Texniki peşə məktəbində təhsil almışdır. Bundan başqa, o, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Balakən rayon istehlak cəmiyyətində satıcı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Balakən rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində sosial xidmət işçisi, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Balakənr rayon Əhalinin X2 sosial xidmət işçisi işləmiş, həmin Mərkəzin xx.xx.1997-ci il tarixli əmri ilə analıq məzuniyyətinə buraxılmışdır. Bundan başqa, o, 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmişdir. Bundan sonra o, 2019-cu ilin sentyabr ayınadək cəmi 13 il 5 ay müddətində fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. İddiaçı xx.xx.2020-ci ildə (56 il 6 ay) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunda işçinin analıq məzuniyyətində olduğu dövrün sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığına, eləcə də iddiaçının Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyinə görə həmin müddətlərin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmiş, eləcə də xx.xx.1997-ci ildən xx.xx.2000-ci il tarixədək analıq məzuniyyətində olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə o, 56 il 6 ayda pensiya yaşına çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sosial sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən 9 il 9 ay 11 gün, fiziki şəxs kimi sığorta haqları keçirdiyi dövr üçün 13 il 5 ay, əyani təhsil müddəti üçün 10 ay 22 gün, kolxozda işlədiyi dövr üçün 1 il 1 ay, analıq məzuniyyətində olduğu dövr üçün 3 il 1 ay 26 gün sosial sığorta stajı vardır. Lakin kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bundan başqa, Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda qadınlar üçün minimum adam/gün norması 180 adam/gün müəyyən olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1001/2020 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək analıq məzuniyyətində olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1001/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, “Əmək pensiyaları haqda” Azərbaycan Respublikasının Qanununa əsasən analıq məzuniyyəti dövrünün sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. X7 Məhkəməsinin bunu nəzərə almamışdır. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1001/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialının nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1001/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1001/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası, Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arxiv arayışı, Balakən Rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 650 nömrəli arayışı, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia həmçinin qismən əsaslıdır. İş materiallarına əlavə edildmiş ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Balakən RİC-də satıcı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Balakən rayon pensiyaçılara sosial xidmət ərazi mərkəzində sosial xidmət işçisi, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Balakən Rayon Əhalinin X2 sosial xidmət işçisi işləmiş, həmin Mərkəzin xx.xx.1997-ci il tarixli əmri ilə analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarına əlavə edildmiş Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmişdir. İş materiallarına əlavə edildmiş Balakən Rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli 650 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1985-ci ildə Vüqar, xx.xx.1987-ci ildə Vüsalə, xx.xx.1989-cu ildə Rəşad, xx.xx.1995-ci ildə Orxan, xx.xx.1997-ci ildə Vüqar adlı uşaqları olmuş və o, 8 yaşınadək uşaqlarını tərbiyə etmişdir. İş materiallarına əlavə edildmiş Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı 5 uşaq doğub 8 yaşadək tərbiyə etdiyinə görə o, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sosial sığorta stajı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən 9 il 9 ay 11 gün, fiziki şəxs kimi sığorta haqqları keçirdiyi dövr üçün 13 il 5 ay, əyani təhsil müddəti üçün 10 ay 22 gün, kolxozda işlədiyi dövr üçün 1 il 1 ay, analıq məzuniyyətində olduğu dövr üçün 3 il 1 ay 26 gün sosial sığorta stajı vardır. Lakin kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Bundan başqa, Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda qadınlar üçün minimum adam/gün norması 180 adam/gün müəyyən olunmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsində deyilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən normalara uyğun olaraq, iddiaçı 5 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi xx.xx.2020-ci ildə (56 il 6 ay) pensiya yaşına çatmışdır. Həmin tarixə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud da azı 25 il sığorta stajı olmalıdır. Müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında göstərilən iş stajı xx.xx.1983cü ildən xx.xx.1984-cü ilədək 11 ay 16 gün, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək 2 il 8 ay 11 gün, xx.xx.1992-ci ildən xx.xx.1993-cü 1 il 2 ay 13 gün, xx.xx.1993-cü ildən analıq məzuniyyətinə çıxdığı xx.xx.1997-ci ilədək 4 il 1 ay 25 gün, analıq məzuniyyətindən qayıtdığı xx.xx.2000-ci ildən işdən çıxdığı xx.xx.2000-ci ilədək 13 gün təşkil edir. Bundan başqa, iddiaçı xx.xx.1997-ci ildə doğulmuş uşağına görə xx.xx.1997-ci il tarixli əmrlə analıq məzuniyyətinə buraxılmış və həmin uşağın 3 yaşına çatdığı xx.xx.2000-ci ilədək 3 il 1 ay 13 gün analıq məzuniyyətində olmuşdur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 1-ci hissəsində deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin maddənin 3-cü hissəsində deyilir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddiaçının əmək kitabçasında olan qeydlərin həqiqiliyə hər hansı şübhə olmadığına görə məhkəmə hesab edir ki, yuxarıda göstərilən müddətlər, o cümlədən məzuniyyətdə olduğu müddət (cəmi 12 il 2 ay 1 gün) onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 10 ay 22 gün texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Ona görə də həmin təhsil müddəti də iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə, iddiaçı 2019-cu ilin sentyabr ayınadək cəmi 13 il 5 ay müddətində fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Ona görə həmin 13 il 5 ay müddət iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Yuxarıda sadalanan bütün sığorta stajı müddətlərini topladıqda 26 il 5 ay 23 gün təşkil edir, bu isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986-1989-cu illərdə Balakən rayonu Hənifə kəndində yerləşən "Azad" kolxozunda işləmiş, işlədiyi adam/saatların miqdarı 1986-cı ildə 1600, 1987-ci ildə isə 12 olmuşdur. Digər iki ildə iddiaçıya hesablanmış pul və dekret pulu qeyd olunsa da, işlədiyi adam/saatların miqdarı göstərilməmişdir. Həmin dövrdə kolxozda minimum əmək iştirakı norması 180 adam/gün (180 adam/gün x 8 saat = 1440 adam/saat) olmuşdur. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrində deyilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edilmişdir ki, iddiaçı kolxozda 1986-cı ildə əmək iştirakı minimumunu tam yerinə yetirmiş, 1987-ci ildə isə cəmi 12 adam/saat işləmişdir ki, bu da 2 adam/gündən də azdır. Lakin bununla yanaşı, o, 1986-cı və 1987-ci illərdə həm də Balakən rayon icra cəmiyyətində satıcı işlədiyinə və həmin müddətlər onun sosial sığorta stajına daxil edildiyinə görə eyni müddət təkrarən onun sığorta stajına daxil edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-1001/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar