Məhkəmə qərarları › İş №2-1(107)-397/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-397/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-397/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(116)-412/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1923/2024 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş, əmək fəaliyyətinə 13 noyabr 1979-cu ildən başlamış və müxtəlif müəssisələrdə, o cümlədən 13 sentyabr 1993-cü ildən 16 oktyabr 2005-ci ilədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü vəzifəsində çalışmışdır. O, 21 aprel 1977-ci ildən 23 aprel 1979-cu ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əmək kitabçası və müvafiq dövlət qurumlarının arayışlarına əsasən, onun ümumi əmək stajı 13 il 9 ay 19 gün kimi hesablanmışdır. Lakin "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməməsi və əmək kitabçasının doldurulması qaydasının pozulması (işdən azad olunma əmri qeyri-iş gününə təsadüf etdiyi üçün) əsas gətirilərək, ona yaşa görə əmək pensiyası deyil, yalnız yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmayaraq, əmək stajının tam hesablanması üçün hazırkı tələblə məhkəmə müraciət etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənməmiş və onun ümumi sığorta stajının 13 il 9 ay 19 gün olduğu müəyyən edilmişdir. Bu isə qanunvericiliklə tələb olunan minimum 25 illik sığorta stajından az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməmişdir. - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeyd edilmiş pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə imkan verdikdə sığorta stajından asılı olmayaraq pensiya təyin edilir. Əgər bu şərt ödənilmirsə, yaşa görə pensiya hüququ yalnız azı 25 il sığorta stajı olan şəxslərə verilir. 01 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı 65 yaş müəyyən edilmişdir. İddiaçı 02 dekabr 2023-cü il tarixdə bu yaş həddinə çatmışdır. - Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərindən, həmçinin müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusundan ibarətdir. - Sözügedən qanunun 22-1.1-ci maddəsinə əsasən, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində qeyd edilən pensiya kapitalı əsas götürülür. Əgər 01 iyul 2018-ci ildən əvvəl qeydiyyata alınmış pensiya kapitalı mövcuddursa, qanunun 7-ci maddəsinə əsasən, yaş həddinə çatan sığorta olunan şəxsə yaşa görə pensiya təyin edilərkən 01 yanvar 2006-cı ilədək olan sığorta stajı 25 il hesablanır. - İddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən, onun sığorta stajı (21 aprel 1977-ci ildən 23 aprel 1979-cu ilədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 13 il 9 ay 19 gün təşkil edir. Mübahisələndirilməyən bu staj dövründən başqa, 01 yanvar 2006-cı ildən 01 iyul 2018-ci ilədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına" əsasən, əmək kitabçasında edilən qeydlər müvafiq əmrlərə, sərəncamlara və əmək müqavilələrinə uyğun aparılmalıdır. Lakin iddiaçının 13 sentyabr 1993-cü ildən 16 oktyabr 2005-ci ilədək olan əmək fəaliyyəti dövrü inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Səbəb kimi əmək kitabçasının doldurulması qaydalarının pozulması (16 oktyabr 2005-ci il tarixli işdən azad olunma əmri qeyri-iş gününə təsadüf etdiyi üçün) göstərilmişdir. Bu səbəbdən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. - "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxs əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququna malikdir. Bu maddənin tələblərinə uyğun olaraq, iddiaçıya 02 dekabr 2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - SHXÇÜDX-nin xx.xx.2019-cu il tarixli, 450 №-li arayışı; - ИТ-0579791 №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti; - X7 Filialının xx.xx.2019-cu il tarixli, 282 №-li arxiv arayışı və xx.xx.2024-cü il tarixli məktubu; - DVX 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 mart 2025-ci il tarixli 2- 1(116)-412/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş ИТ- 0579791 №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sözügedən əmək kitabçasında iddiaçının Yevlax T/H avtomobil dəstəsində işə qəbul edilmə tarixi xx.xx.1993-cü il qeyd edilmişdir. Əmək kitabçasında işdən azad olunma tarixi xx.xx.2005- ci il qeyd edilmiş, "xxxx" ASC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmişdir. - Cavabdeh orqan 16 oktyabr 2005-ci il tarixli işdən azad olunma əmrinin qeyri-iş gününə təsadüf etməsini əsas gətirərək əmək kitabçasının mötəbərliyini şübhə altına almışdır. Sözügedən tarix həqiqətən qeyri-iş gününə düşdüyündən əmək kitabçasında icra edilmiş işdən azad olunma barədə əmrinin əsaslılığının yoxlanılması zərurəti yaranmışdır. - X7 Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, "xxxx" ASC-nin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. - DVX 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini bildirdiyi "xxxx" ASC xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında isə sözügedən qurumun Dövlət qeydiyyatına alındığı tarix - xx.xx.2003-cü il qeyd edilmişdir. - İnzibati orqanın praktikasının yoxlanılması məqsədilə məhkəmə, iddiaçıya "xxxx" ASC-də onunla birgə işləmiş ən azı 3 nəfər haqqında məlumat təqdim etməyi təklif etmiş, lakin iddiaçı 12 il fasiləsiz işlədiyini iddia etdiyi həmin müəssisədə özü ilə birgə çalışmış bir nəfərin belə adını xatırlamadığını bildirmişdir. - Bütün sadalanan hallar, xüsusilə "xxxx" ASC-nin xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınması iddiaçının həqiqətən də, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək sözügedən müəssisədə işləməsini və iddiaçının əmək kitabçasında icra edilmiş, sonuncu - işdən azad olunma barədə qeydin mötəbərliyini şübhə altına alır. Həmin qeyd nəzərə alınmadıqda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum 25 il sosial sığorta stajı tamamlanmır. - Buna görə də, məhkəmə hesab etmişdir ki, xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmış müəssisədə iddiaçının 1993-cü ildən işləməsi müvafiq qeydin mötəbərliyini şübhə altına almaq üçün kifayət qədər əsas yaradır. İddiaçının əmək kitabçasında icra edilmiş sonuncu işdən azad olunma barədə qeydin digər sənədlərlə sübut olunması mümkün olmamış, iddiaçı tərəfindən sözügedən qeydin əsaslığına dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-412/2025 saylı qərarının tamamilə ləğv edilərək iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra, iddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək apellyasiya şikayətində “apellyasiya şikayətini verən şəxsin tələbi” hissəsində Bakı İnzibati Məhkəməsi ifadəsinin Şəki İnzibati Məhkəməsi kimi nəzərə alınmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, aparılan inzibati icraatın nəticəsi ilə razı olmadığına və qəbul edilmiş qərardan narazı qaldığına görə apellyasiya şikayəti vermişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Şəki İnzibati Məhkəməsinin hazırki işdə gəldiyi qənaət də absurd, qəbul etdiyi qərar isə qanunsuz və əsassızdır. Məhkəmə öz qərarını əsaslandırmalıdır. Lakin, birinci instansiya məhkəməsi absurd qərar qəbul etməklə hüquqlarını kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş olduğu nəticələr işin hallarına uyğun deyildir. Ona görə də, məhkəmənin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun olmamaqla hüquqlarını kobud şəkildə pozur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh orqanın apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etirazı ilə eyni məzmun təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında olan qeydlər onun mötəbərliyini şübhə altına aldığından iddiaçının əmək fəaliyyətinin dəqiqləşdirilməsi üçün arxiv sənədlərinin, müəssisənin fəaliyyətinin yoxlanılması əsası ortaya çıxmışdır. Lakin, həm məhkəmə araşdırması ilə, həm də inzibati orqan tərəfindən aparılan araşdırma nəticəsiz olmuş, iddiaçının "Yevlax Nəqliyyat” ASC-də iddia etdiyi 12 il 1 ay 4 günlük əmək fəaliyyətini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. - Yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməmişdir. - Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirlər ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı apellyasiya şikayəti yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Odur ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-412/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətnin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-412/2025 saylı qərarının tamamilə ləğv edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-412/2025 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

21. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materiallarından görünür ki, iddiaçının məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Bunun üçün iddiaçı, cavabdeh orqan tərəfindən mübahisələndirilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini tələb edir.

27. Cavabdeh orqanın etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müracət etmiş, cavabdeh orqan müraciətə cavab məktubunda xx.xx.2023-cü il tarixli məktubda əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulduğu üçün (xx.xx.2005-ci il tarixli işdən azad olma əmri qeyri-iş günü olduğu üçün) həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək imtina vermişdir.

28. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini əsassız sayır. Hesab edir ki, iş materiallarına əlavə edilmiş sübutlar cavabdehin bu dəlillərini təkzib edir.

29. Qeyd edilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı daxili əmrlər qəbul etmək, həmin əmrlər barədə qeydləri əmək kitabçasında qeyd etmək səlahiyyəti işəgötürən müəssisə rəhbərliyi tərəfindən həll edilməli olan haldır.

30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək kitabçasının doldurulması işəgötürən tərəfindən həyata keçirilən məsələdir. Yəni əmək kitabçasındakı işdən azad olunma əmri qeyri-iş gününə təsadüf edilməsi işçinin hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

32. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, "xxxx" ASC-nin xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınması iddiaçının həqiqətən də, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək sözügedən müəssisədə işləməsini və iddiaçının əmək kitabçasında icra edilmiş, sonuncu - işdən azad olunma barədə qeydin mötəbərliyini şübhə altına alır. Həmin qeyd nəzərə alınmadıqda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum 25 il sosial sığorta stajı tamamlanmır. Eyni zamanda X7 Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə "xxxx" ASCnin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi müəyyən olunmuşdur.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə bu xüsusatlar iddia tələbinin rədd olunması üçün əsas deyildir.

34. Belə ki, məhkəmə kollegiyası sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Yevlax filialı tərəfindən 15 iyul 2025-ci il tarixli 3-48-DA-15F/2- 119/2025 nömrəli cavab məktubunda "xxxx" ASC-nin əmr və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Yevlax Dövlət arxivinə təhvil verilmədiyindən İddiaçı iş stajını müəyyən etmək mümkün olmadığı bildirilmişdir.

35. Həmin müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

37. O da qeyd olunmalıdır ki, "xxxx" ASC-nin əmr və əmək haqqı sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

38. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz.

39. Məhkəmə kollegiyasının digər sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatların təqdim edilməsi barədə 24 iyul 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 335 nömrəli sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabeliyində olmuş X5 avtomobil dəstəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2003-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

40. Bundan başqa, Kollegiyanın sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 sentyabr 2025-ci il tarixli 3-21-2-17/2-117811/2025 nömrəli cavab məktubunda aşağıdakılar göstərilmişdir: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xx.xx.2002-ci il tarixdə 3470 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 1.1. bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabeliyində olan X5 Avtomobil Dəstəsinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. - "xxxx" ASC ilk dəfə 9 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN: 2********) ilə xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınmışdır. Vergi ödəyicilərinin inventarizasiyası ilə əlaqədar olaraq isə xx.xx.2004-cü il tarixdə 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. - Odur ki, X5 Avtomobil Dəstəsinin və onun hüquqi varisi olan "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixdən əvvəlki dövrdə fəaliyyətinin olub-olmaması barədə məlumatın 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilməsi mümkün deyildir. - "xxxx" ASC-nin Vergi Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə təqdim etdiyi arayışa əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2053-cü il tarixədək dayandırılmışdır.

41. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabeliyində olan X5 Avtomobil Dəstəsinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.

42. İş materialları ilə də müəyyən edilir ki, İddiaçı 13 sentyabr 1993-cü il tarixdə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabeliyində olmuş X5 Avtomobil Dəstəsinə 3-cü dərəcəli sürücü kimi işə qəbul edilmiş, daha sonra İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 335 nömrəli sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabeliyində olmuş X5 avtomobil dəstəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, 16 oktyabr 2005-ci il tarixdə isə ərizəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən işdən azad edilmişdir. Bu qeydlər də əmək kitabçasında müəssisələrin möhürləri ilə təsdiq edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd edərək qərarında əsaslandırdığı “iddiaçının həqiqətən də, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək sözügedən müəssisədə işləməsini və iddiaçının əmək kitabçasında icra edilmiş, sonuncu - işdən azad olunma barədə qeydin mötəbərliyinin şübhə altına alınması” xüsusatları iş materialları ilə təkzib edilir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005ci il tarixədək Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabeliyində olmuş X5 Avtomobil Dəstəsində və "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə öz təsdiqini tapır. Odur ki, cavabdehin mübahisələndirdiyi 12 il 1 ay 3 gün müddətin üzərinə mübahisələndirilməyən 13 il 9 ay 19 gün sosial sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajı 25 ildən artıq olur.

45. Hazırkı qərarın 23-cü bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

46. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

47. Həmçinin, hazırki Qərarın 21-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

48. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.

49. Göründüyü kimi, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.

50. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X5 avtomobil dəstəsində və "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul edir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti qismən, iddia tələbi isə tam təmin edilməlidir.

52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(116)-412/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı “xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də 3-cü dərəcəli sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı, 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi” qoyulsun. Apellyasiya şikayəti qalan hissədə (iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi) təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar