Məhkəmə qərarları › İş №2-1(107)-398/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-398/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-398/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа bаxılır. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1979-cu ilin fevral ayından Mingəçevir şəhər C.Məmmədquluzadə küçəsi ev 23, mənzil 1-də yaşayır. İddiaçının yaşadığı mənzil Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərarı əsasında iddiaçıya satılmışdır. Bu haqda akt tərtib edilmiş və rəsmi olaraq iddiaçının yaşadığı mənzilin həyətyanı torpaq sahəsi 599 kv.metrdir. Bu haqda məlumat qərarda və aktda öz əksini tapmışdır. Mənzil özəlləşən zaman iddiaçıya məlum olmayan səbəblərdən torpaq sahəsinin özəlləşdirilməsi həyata keçirilməmişdir. Baxmayaraq ki, istifadəsində olan həyətyanı torpaq sahəsinin vergisi uzun müddətdir ki, iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının yaşadığı mənzilə 1991-ci ildə qeydiyyat vəsiqəsi, sonra isə 16.08.2016-cı il tarixdə cavabdeh tərəfindən RX № ******* saylı Çıxarış verilmişdir. İddiaçı 41 il müddətində istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi hazırda xüsusi mülkiyyət hüququ üzrə ona məxsus mənzilin yerləşdiyi torpaq sahəsinin əvəzsiz olaraq xüsusi mülkiyyətinə verilməsi barədə müddəa Mingəçevir şəhər XDS İK-nin qərarında qeyd olunmamışdır. Eyni zamanda onu da bildirmək istərdik ki, sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi tikinti altı sahəsidir və mühafizə zolağı olmaqla dövlət balansına aiddir. Odur ki, yuxarıda qeyd olunanları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərini rəhbər tutaraq xüsusi mülkiyyət hüuququ ilə iddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 14.12.2020-ci il tarixli, **********03 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Mingcəçevir şəhəri C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzili Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərar ilə mənzil kimi İddiaçı adına qeydiyyata alınmışdır. Mingəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzilinin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Ona görə də İddiaçı üçün mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. İş materiallarında olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərarından görünür ki, həmin qərarla Mingcəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzili iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli 16.08.2016-cı il tarixli çıxarışın və inventar nömrəsi 16708 olan **********99-05101-093002 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Mingcəçevir şəhəri, C.Məmmədquluzadə küçəsi 23 nömrəli evin, 1 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05.05.2021-ci il tarixli **********43 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyində qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi 568 kv. metrdir. Mingəçevir şəhəri elektron baza məlumatlarına əsasən həmin (568 kv.m.) torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir (sxem əlavə olunur). Torpaq sahəsində yerləşən yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 24 iyun 2021-ci il tarixli, 2- 1(116)-391/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-391/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli № 2-1(116)-391/2021 saylı qərarına əsasən onun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı 41 ildən çox istifadəmdə olan ünvan 1 ünvanda yerləşən 599 kv.metr həyatvani torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" verdiyi iddia təmin edilməmişdir. O, ailəsi ilə birlikdə 1979-cu ilin fevral ayından Mingəçevir şəhər C.Məmmədquluzadə küçəsi ev 23, mənzil 1 -də yaşayır. Yaşadığı mənzil Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22.02.1990-cı il tarixli 363 saylı qərarı əsasında ona satılmışdır. Bu haqda akt tərtib edilmiş və rəsmi olaraq yaşadığı mənzilin həyətyani torpaq sahəsi 599 kv.metrdir. Bu haqda məlumat qərarda və aktda öz əksini tapmışdır. Mənzil özəlləşən zaman ona məlum olmayan səbəblərdən torpaq sahəsinin özəlləşdirilməsi həyata keçirilməmişdir. Baxmayaraq ki, istifadəsində olan həyətyani torpaq sahəsinin vergisi uzun müddətdir ki, onun tərəfindən ödənilmişdir. Yaşadığı mənzilə 1991-ci ildə qeydiyyat vəsiqəsi, sonra isə 16.08.2016-cı il tarixdə cavabdeh tərəfindən Serya RX № ******* saylı Çıxarış verilmişdir. 41 il müddətində istifadə etdiyi torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh tərəfə müraciət etməyimə baxmayaraq təəsüflər olsun ki, çıxarışın ona verilməsinə imtina edilmişdir. Məhkəmə işə baxarkən tərəfindən verilmiş sənədləri ətrafı və obyektiv araşdırmadığından iddianı təmin etməyərək qanuna zidd qərar çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli və Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-391/2021 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən, yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bundan əlavə, iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3-cü maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 33.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən görünür ki, iddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən, hazırki mübahisə yaranmışdır. Apellyasiya şikayətinə gəlincə, o vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti həm də əsaslıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-391/2021 nömrəli qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçının irəli sürdüyü iddia tələbinin və onun əsasının diqqətli və düzgün araşdırılması son dərəcə əhəmiyyətlidir. Çünki, iddiaçı cavabdehə qarşı tələbləri “41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdə olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin Mənzil Təsərrüfatı İdarəsinin 07 fevral 1979-cu il tarixli, 7287 nömrəli orderindən görünür ki, İddiaçı sahəsi 25,0 kv. metr olan 1 otaqlı mənzil verilmişdir. İşdə olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22 noyabr 1990-cı il tarixli, 383 nömrəli qərarından görünür ki, həyətyanı sahəsi 599 kv. metr olan 1 otaqlı mənzil İddiaçı 250 manata satılması qərara alınmışdır. İşdə olan 29 mart 1991-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı mənzilin 250 manat dəyərini ödəmişdir. İşdə olan ünvan 2 ünvanın sxematik planından (həyətyanı sahəsi) görünür ki, İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi 599,0 kv. metirdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən0876265 nömrəli Çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüquqi əsasında 16 avqust 2016-cı ildə İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə də təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən və və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerqurııluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyindən əsasnamədə göstərilən qaydada əldə etdiyim plan və ölçünü cavabdeh orqana mülkiyyət hüquqlarımın qeydə alınması üçün təqdim etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanununun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının mötəbər hesab edilən sənədlərini və dəlillərini nəzərə almamışdır. Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların r mülkiyyətinə verilir. Həmçinin həmin Qanunun 10-cu maddəsində qeyd olunmuşdur ki, Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinin tələbinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İşdə olan sübutlarla müəyyən edilir ki, iddiaçı Xəlilov X1 şəhəri, C.Məmmədquluzadə küçəsi ev 23, 1 saylı mənzil və mənzilin yerləşdiyi 599 kv.metr həyətyanı torpaq sahəsindən 41 ildən çoxdur ki, istifadə edir. Həmin mənzil 16 avqust 2016-cı ildən Daşınmaz Əmlakın Reyestri Xidmətində xüsusi mülkiyyət hüquq əsasında adına qeydə alınmışdır. Hal-hazırda da mənzilin yerləşdiyi torpaq sahəsinin istifadəsi üçün zəruri olan hissədən istifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X2rşı” iş üzrə 2002-ci il 18 iyun tarixli qərarında dedyildiyi kimi “Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və həmçinin əmlakı, o cümlədən ərizəçinin onun mülkiyyət hüququnun səmərəli surətdə həyata keçirilməsinə nail olmaq üçün heç olmazsa ağlabatan və “qanuni ümid”lərə malik olduğunu iddia edə bildiyi tələbləri əhatə edə bilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 1–ci maddəsində göstərilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə və Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-391/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı “41 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 599 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar