Məhkəmə qərarları › İş №2-1(107)-398/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-398/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-398/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “yaşayış evinə qapıpəncərə açılması, bölgü sərhəddi aparılması, xx.xx.2023-cü il tarixli **********03-10301 reyestr №-li çıxarış və texniki pasporta əsasən 1/4 hüquqların tanınması, ekspert tərəfindən baxış rəyinin iddiaçıların xeyrinə həll edilməsi məktubuna imtina verməsi paylı mülkiyyət hüququ qaydasında verilən 1/4 hissənin 3/4 hissədən cizgilərlə ayrılaraq texniki pasport və çıxarışın ləğv edilməsi, 1/4 hissə Q.Nərminənin payından iddiaçıların 3/4 hissənin ayrılaraq ayrı-ayrılıqda yeni çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1915/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “yaşayış evinə qapı-pəncərə açılması, bölgü sərhəddi aparılması, xx.xx.2023-cü il tarixli **********03-10301 reyestr №-li çıxarış və texniki pasporta əsasən 1/4 hüquqların tanınması, ekspert tərəfindən baxış rəyinin iddiaçıların xeyrinə həll edilməsi məktubuna imtina verməsi paylı mülkiyyət hüququ qaydasında verilən 1/4 hissənin 3/4 hissədən cizgilərlə ayrılaraq texniki pasport və çıxarışın ləğv edilməsi, 1/4 hissə Q.Nərminənin payından iddiaçıların 3/4 hissənin ayrılaraq ayrıayrılıqda yeni çıxarış və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Qəhrəmanova Nərminəyə qarşı ünvan 1 ünvanında yerləşən sahibliklərində olan A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündən koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsi onlarla cavabdeh X3 arasında hər birinə 1/4 hissə olmaqla bölünməsi və mülkiyyət hüquqlarının qeydə alınması Göyçay şəhəri Nizami küçəsi 180 ünvanında yerləşən 0,0719 ha torpaq sahəsindəki və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evindəki payların naturada ayrılması, mülkiyyətlərində olan 0,09 ha torpaq sahəsindən Göyçay şəhər Nizami küçəsinə iki çıxış yolu açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. - Göyçay şəhəri Nizami küçəsi 180 ünvanında yerləşən, sahibliklərində olan A seriyalı 192230 saylı torpaq sahəsinin planı və ölçüsündə koordinatları əks olunmuş 0,0181 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə tələb üzrə icraata məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə xitam verilmişdir. Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-172/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədə Göyçay şəhəri Nizami küçəsi 180 saylı evdə iddiaçıların və cavabdehin paylarının naturada ayrılmasının ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması, Göyçay şəhəri Nizami küçəsi 180 saylı evin torpaq sahəsindən iki giriş yolunun açılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Birinci instansiya Məhkəməsinin qətnaməsindən iddiaçılar tərəfindən verilən apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılmış və apellyasiya şikayəti qismən təmin edilmişdir. xx.xx.2020-ci il tarixli 2(107)-212/2020 saylı qətnaməyə əsasən Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ünvan 2 ünvanda olan torpaq sahəsindən X1 payına düşən 1/4 hissənin ayrılması və ayrı girişçıxış yolunun açılmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Birinci instansiya Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 2(046)-172/2019 saylı qətnaməsində Göyçay şəhəri Nizami küçəsi 180 saylı evdə iddiaçılarla cavabdeh Qəhrəmanova Nərminə paylarının naturada ayrılmasının ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə əsasən aparılması qət edilmişdir. Birinci instansiya Məhkəməsinin mövqeyi iş üzrə keçirilmiş ilkin məhkəmə tikinit-texniki ekspertizasının rəyi ilə əsaslandırılmışdır. DƏDRX-in verdiyi çıxarış və texniki pasportda yaşayış evinin 1/4 hissənin 3/4 hissədən ayrılsın, ünvanları ayrılsın. Çıxarış və texniki pasportda İddiaçı1, İddiaçı2 və İddiaçı3 adları X1 adından ayrılıb mülkiyyət hüquqları Dövlət Reyestrində qeydə alınaraq, sənədlər verilsin.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 mart 2025-ci il tarixli 2- 1(116)-1915/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “yaşayış evinə qapı-pəncərə açılması, bölgü sərhəddi aparılması, xx.xx.2023-cü il tarixli **********03-10301 reyestr №-li çıxarış və texniki pasporta əsasən 1/4 hüquqların tanınması, ekspert tərəfindən baxış rəyinin iddiaçıların xeyrinə həll edilməsi məktubuna imtina verməsi paylı mülkiyyət hüququ qaydasında verilən 1/4 hissənin 3/4 hissədən cizgilərlə ayrılaraq texniki pasport və çıxarışın ləğv edilməsi, 1/4 hissə Q.Nərminənin payından iddiaçıların 3/4 hissənin ayrılaraq ayrı-ayrılıqda yeni çıxarış və texniki pasportun verilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır.

4. İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti verərək Göyçay şəhəri Nizami küçəsi 180 ünvanda yerləşən 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evinin 3/4 hissəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqlarına dair yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddia olunan daşınmaz əmlak obyekti üzərində iddiaçıların hər biri üçün ayrı-ayrılıqda sənədlərin tərtib edilməsi deyil, daşınmaz əmlak obyektinin 3/4 hissəsinə münasibətdə bütün paylı mülkiyyətçilər (iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3) üçün birgə sənəd tərtib olunsun. Məqsədləri məhkəmənin bölgü sxeminə uyğun olaraq verilən cizgilərlə ayrılan çıxarış və texniki pasportun paylı mülkiyyətçilər üçün 3/4 olaraq birgə alınmasıdır. Paylı mülkiyyətin ümumi hüquqi vəziyyəti bir sənəddə qeyd olunsun. Daşınmaz əmlakın 3/4 hissəsi birgə olaraq qeydiyyata alınsın, cavabdeh orqan 3 nəfər iddiaçıya bir sənədin qeydiyyatını aparsın və sənəddə 3/4 hissə daşınmaz əmlak obyekti üzərində mülkiyyətçilərin (iddiaçıların) payları qeyd olunsun. Tərəflərin izahatları

6. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1915/2025 nömrəli qərardadın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, İddiaçı1 ərizə (yazılı izahat) ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakının təmin edilməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. - 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. - 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

10. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

12. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, “iddia tələbinin məzmunundan görünür ki, iddiaçıların cavabdeh orqana qarşı tələbləri - yaşayış evinə qapı-pəncərə açılması, bölgü sərhəddi aparılması, xx.xx.2023-cü il tarixli **********03-10301 reyestr №-li çıxarış və texniki pasporta əsasən 1/4 hüquqların tanınması, ekspert tərəfindən baxış rəyinin iddiaçıların xeyrinə həll edilməsi məktubuna imtina verməsi paylı mülkiyyət hüququ qaydasında verilən 1/4 hissənin 3/4 hissədən cizgilərlə ayrılaraq texniki pasport və çıxarışın ləğv edilməsi, 1/4 hissə Q.Nərminənin payından iddiaçıların 3/4 hissənin ayrılaraq ayrı-ayrılıqda yeni çıxarış və texniki pasportun verilməsi şəklində ifadə edilmişdir. Daha sonra iddiaçılar xx.xx.2025-ci il tarixli məhkəməyə təqdim etdikləri ərizlərində istifadə hüquqlarından yararlanmalarının çox çətin olmasını və 1/4 hissənin 3/4 hissədən müəyyən olunaraq texniki pasportda cizgilərlə ayrılmasını 1/4 hissə hüquqların tanınmasını nəzərə alaraq iddiaçıların xeyrinə arzuladıqları təklif nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişlər. - Hazırkı iş üzrə iddiaçıların tələbləri hüquqi baxımdan bitkin və məzmun etibarilə aydın formada ifadə olunmamışdır. İddia ərizəsində qeyd olunan fikirlər əsasən hüquqi nəticə doğurmayan, şəxsi arzu və gözləntilərlə bağlıdır və inzibati məhkəmə icraatının predmeti ola biləcək konkret hüquqi tələb forması daşımır. Belə olan halda, iddiaçıların cavabdeh orqandan nəyi tələb etmələri və bu tələb əsasında hansı hüquqi gözləntilərə malik olmaları qeyri-müəyyəndir. İrəli sürülmüş tələblər rabitəsiz, iddiaçıların faktiki hüquqi marağına uyğun olmayan cümlələrlə ifadə edilmiş, bir sıra tələblər isə inzibati hüquq münasibətlərindən irəli gəlməyən və ya inzibati orqanın publik səlahiyyətləri çərçivəsində nəzərdə tutulmayan tələblərdir. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********03-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hər birinin 1/4 hissə payı müəyyən edilməklə iddiaçıların və X1 paylı mülkiyyətindədir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsi ilə həmin ünvanda yerləşən torpaq sahəsindən X1 payına düşən 1/4 hissə torpaq sahəsinin ayrılması və ayrılacaq torpaq sahəsinə gediş-gəliş yolunun açılması qət edilmişdir. Həmçinin fərdi yaşayış evinin naturada ayrılması ilə bağlı hissədə Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların hazırkı iş üzrə irəli sürdükləri tələblərin bir qismi (yaşayış evinə qapıpəncərə açılması, bölgü sərhəddi aparılması) məhz həmin qətnamənin icrası qaydasında həll edilməli olan məsələlərə aiddir. - İddiaçılar tərəfindən texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə irəli sürülmüş tələbə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən sənədlərin ləğvi tələbi həmin sənədlərin qanunsuz olaraq tərtibi ilə deyil, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 212/2020 nömrəli qətnaməsinin qəbul edilməsi ilə əsaslandırılır. Yəni, iddia tələbi mübahisələndirilən sənədlərin qanunsuz və ya əsassız tərtib edilməsi ilə bağlı deyil, sonradan yaranmış yeni hüquqi vəziyyətə uyğun olaraq əvvəlki hüquqi vəziyyəti əks etdirən sənədlərin dəyişdirilməsi və ya yenidən tərtib edilməsi tələbini əhatə edir - Faktiki olaraq ilkin verilmiş sənədlərin qanunsuz tərtib edilməsi ilə bağlı mübahisə mövcud deyil. İşin faktiki hallarından göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-212/2020 nömrəli qətnaməsi ilə daşınmaz əmlaka dair yeni hüquqi rejim müəyyən edilmişdir. Məhkəmə qətnaməsi nəticəsində yaranmış yeni hüquqi vəziyyət cavabdeh inzibati orqan tərəfindən yeni inzibati icraatın aparılması üçün əsas yaratdığından həmin qətnamənin müəyyən etdiyi məsələlərə dair daşınmaz əmlakın texniki sənədlərində və reyestr məlumatlarında uyğun dəyişikliklər aparılmalıdır. Buna görə də, iddiaçının irəli sürdüyü tələb məzmun etibarilə ləğv deyil, daşınmaz əmlaka dair yeni hüquqi vəziyyətin dövlət qeydiyyatına daxil edilməsi məqsədi ilə sənədlərin yenidən tərtibi və ya dəyişdirilməsi ilə bağlıdır. Bu isə hüquqi baxımdan texniki pasport və çıxarışın ləğv edilməsini deyil, mövcud hüquqi vəziyyətə uyğunlaşdırılmasını tələb edir. Odur ki, sözügedən sənədin ləğvi ilə bağlı irəli sürülmüş tələbə münasibətdə iddiaçıların hüquqi müdafiə marağı mövcud deyildir. - İddia tələbinin “1/4 hissə Q.Nərminənin payından iddiaçıların 3/4 hissənin ayrılaraq ayrı-ayrılıqda yeni çıxarış və texniki pasportun verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış — mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alındıqda hüquq sahibinə (və ya sahiblərinə) təqdim olunan rəsmi sənəddir. - Odur ki, iddiaçılar, hər biri ayrı-ayrılıqda öz payına uyğun olaraq çıxarış və texniki pasport almaq istəyirlərsə, bu tələb aydın və konkret şəkildə ifadə edilməlidir. Əgər məqsəd ümumi olaraq paylı mülkiyyət hüququna dair bütün mülkiyyət sahibləri üçün 3/4 hissəyə münasibətdə birgə çıxarış alınmasıdırsa, bu da açıq şəkildə göstərilməlidir. İşdə mövcud olan sənədlərin məzmunu faktiki olaraq iddia olunan daşınmaz əmlak obyekti üzərində iddiaçıların hər biri üçün ayrı-ayrılıqda sənədlərin tərtib edilməsinə yox, daşınmaz əmlak obyektinin 3/4 hissəsinə münasibətdə bütün paylı mülkiyyətçilər üçün birgə sənədin alınmasına yönəlmişdir. Əgər hər bir iddiaçı öz payına uyğun olaraq ayrıayrılıqda sənəd almaq istəyirsə, bu, onların hər birinin daşınmaz əmlakın müəyyən payı (məsələn, 1/4 hissə) üzərində müstəqil mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və bu hüquq əsasında ayrıca çıxarış və texniki pasportun tərtib olunmasını tələb etmələri anlamına gəlir. Əgər məqsəd bütün paylı mülkiyyətçilər üçün birgə çıxarış və texniki pasportun alınmasıdırsa, bu halda paylı mülkiyyətin ümumi hüquqi vəziyyəti bir sənəddə əks etdiriləcəkdir. Yəni, daşınmaz əmlakın 3/4 hissəsi birgə olaraq qeydiyyata alınacaqdır. Faktiki olaraq cavabdeh orqan 3 nəfər iddiaçıya münasibətdə yalnız bir sənədin qeydiyyatını aparacaq və bu sənəddə 3/4 hissə daşınmaz əmlak obyekti üzərində bütün mülkiyyətçilərin (iddiaçıların) payları əks olunacaqdır. Odur ki, hazırkı vəziyyətdə tələbdə qeyd edilən “ayrı-ayrılıqda yeni çıxarışın verilməsi” ifadəsi iddiaçıların hüquqi maraqlarına və işin faktiki hallarına uyğun deyildir. Buna görə də, iddiaçılar irəli sürdükləri tələbi hüquqi maraqlarına və nail olmaq istədikləri hüquqi nəticəyə uyğun düzgün ifadə etməlidirlər (məsələn tələb belə ifadə oluna bilər: ünvan 3 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evinin 3/4 hissəsi üzərində iddiaçıların paylı mülkiyyət hüququna dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirik).

13. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

15. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

16. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

17. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

18. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

20. İş materiallarından görünür ki, hazırkı mübahisəyə dair iş üzrə birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-1(116)-1915/2025 nömrəli məktubla iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat versə də, onlara iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə və yaxud həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə hüquqi yardım etməmişdir.

21. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi qərarında iddiaçılara “ünvan 3 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evinin 3/4 hissəsi üzərində iddiaçıların paylı mülkiyyət hüququna dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi iddia tələbi ilə müraciət etmələrini qeyd etmiş, bu tələblə müraciət etdikləri halda iddiaçıların irəli sürdükləri tələb hüquqi maraqlarına və nail olmaq istədikləri hüquqi nəticəyə uyğun olduğunu qeyd etmişdir.

22. Bunun da nəticəsi olaraq iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək “Göyçay şəhəri Nizami küçəsi 180 ünvanda yerləşən 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evinin 3/4 hissəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqlarına dair yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi qaydada iddia tələbinə dəqiqləşdirmə vermişdir. Halbuki birinci instansiya məhkəməsi tərəfindən qərarda qeyd edildiyi qaydada iddiaçılara yardım olunmuş olsaydı, iddiaçılar hüquqi maraqlarına və nail olmaq istədikləri hüquqi nəticəyə uyğun yeni dəqiqləşdirilmiş iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş olardılar. Hazır işdə isə bu hal baş verməmişdir.

24. Eyni zamanda iş materiallarına iddiaçıların ilkin müraciət ərizəsi də əlavə edilməmiş, onların cavabdeh orqandan tələbləri və nail olmaq istədikləri nəticə aydın deyil. Birinci instansiya məhkəməsi tərəfindən də həmin sənədlər əldə olunmalı olduğu halda, məhkəmə ancaq cavabdeh orqana sorğu yazmaqla kifayətlənmiş, həmin sənədləri əldə etmədən, tədqiq etmədən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul etmişdir.

25. Odur ki, işə yenidən baxan birinci instansiya məhkəməsi iddiaçılara yuxarıda qeyd edilən hüquqi maraqlarına uyğun yardım etməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

27. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

28. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçılara hüquqi yardım haqqında məktubu rəsmi qaydada təqdim etməli, eyni zamanda, iddianın yenidən mümkünlüyü əsaslarını yoxlayaraq müvafiq prosessual hərəkətləri həyata keçirməlidir.

29. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

30. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

31. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz. Yəni, iddiaçının tələb etdiyi qaydada “iddia tələbinin təmin edilməsi” üçün ilk növbədə məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım məktubu göndərilməli, daha sonra iddiaçılar hüquqi yardıma münasibətdə düzgün tələblər irəli sürməli, hüquqi marağına və nail olmaq istədikləri hüquqi nəticəyə uyğun tələblərini aydın və konkret şəkildə ifadə etməlidirlər. Bundan sonra isə məhkəmə tərəfindən yenidən iddianın mümkünlük şərtləri yoxlanılmalı, mümkün iddia olarsa işə mahiyyəti üzrə baxılmalıdır.

32. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1915/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti “iddianın təmin edilməsi” hissəsində təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar