Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-4/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə İsmayıllı Şəhər Bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 22 saylı qərarı ilə satılmış 0,04 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-477/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə İsmayıllı şəhər Bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 22 saylı qərarı ilə satılmış 0,04 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2364/2022 nömrəli qərardadı ilə İsmayıllı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı İsmayıllı bələdiyyəsinə ərizə ilə müraciət edərək həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmişdir. İsmayıllı bələdiyyəsinin 2013-cü il 30 avqust tarixli 22 saylı iclasında müvafiq orqanların razılıq məktubları nəzərə alınaraq fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsinə 12 sentyabr 2013-cü il tarixli 124 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alğı-satqısına dair Akt” tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsi İsmayıllı bələdiyyəsinin adına A483410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək X4 kitabında 6909 nömrə ilə uçota alınmışdır. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdə verdiyi imtina məktubunda bildirmişdir ki, İsmayıllı bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.2013-cü il tarixdə qərar qəbul etmişdir ki, bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanununun və bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il, 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab vermir. Lakin cavabdeh xx.xx.2007-ci il tarixdən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahələrinə dair qərar qəbul etməli olduqlarını əsas tutaraq sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alıb çıxarış verilməsindən imtina etmişdir.
4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən “torpaqların alqı-satqısına dair akt” tərtib olunmalı idi ("Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1-ci bəndinə əsasən “Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir”). Təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda torpaqların alğı-satqısına dair aktın olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0,04 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 fevral 2023-cü il tarixli 2- 1(116)-477/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı iclas protokolunun qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 296 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəfərova X2 bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı nömrəli qərarı ilə ona satılmış 400 kv.metr torpaq sahəsini həmin tarixdən taktiki olaraq istifadə etməklə sahiblik edir. Hal-hazırda da həmin torpaq sahəsi 400 kv.metrdən artıqdır. Həmin 400 kv.metr torpaq sahəsinə İsmayıllı bələdiyyəsinin, həmsərhəd torpaq sahələrinin sahibləri, ümumiyyətlə hər hansı başqa fiziki şəxsin iddiası yoxdur. Məhkəmə işin məlum faktiki hallarını kənara qoyaraq həmin torpaq sahəsinin 0.0296 hektar hissəsinin A483410 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi barədə yanlış, natamam, qərəzli mütəxəsiss rəyinə əsaslanmış, belə nəticəyə gəlmişdir ki, 400 kv.metr torpaq sahəsinin 296 kv.metr hissəsi onun istifadəsində və sahibliyindədir. Odur ki, iddia tələbi faktiki olaraq mövcud olan torpaq sahəsinə münasibətdə təmin edilməlidir. Məhkəmənin gəlbiyi bu nəticə tam qanunsuzdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-477/2023 nömrəli qərarının dəyişdirilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-477/2023 nömrəli qərarının dəyişdirilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 400 kv.m torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-295/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiada qeyd edilən torpaq sahəsi 0,0409 ha olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası TEKUİS (X1 X3) məlumatlarına əsasən yaşayış məntəqəsi aid torpaqlar olmaqla İsmayıllı şəhər inzibati Ərazi Sərhəddinin mülkiyyətində olan ərazidir. İddiaçının istifadəsində olan 0,0409 hektar torpaq sahəsi İsmayıllı şəhəri ərazisində aparılmış Torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən İsmayıllı şəhər inzibati Ərazi Sərhəddinin mülkiyyətinə aiddir. Torpaq sahəsinin 0.0296 hektar hissəsi A483410 nömrəli torpaq sahəsinın planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının bildirdiyinə görə sözügedən torpaq sahəsi özünün istifadəsindədir. - İddiaçının təqdim etdiyi xx.xx.2013-cü il tarixli ödəniş qəbzindən görünür ki, 1228 manat məbləğində torpağın dəyəri İsmayıllı bələdiyyəsinin hesabına ödənilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılmasına etiraz etməmişdir. - İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli 131 nömrəli məktubundan görünür ki, Şöbə 400 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün satılmasına etiraz etməmişdir. - A seriyalı 483410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı iclas protokolunun qərarı ilə 400 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin (A seriyalı 483410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində verilmiş koordinatlar daxilində 402 kv.m) və iddiaçının faktiki istifadə etdiyi 0,0409 hektar torpaq sahəsinin üst-üstə düşməyən 106 kv.m torpaq sahəsinin 58 kv.m hissəsi hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********78 saylı çıxarışla bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 24 kv.m hissəsi başqa şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə, 24 kv.m hissəsi isə faktiki naturada yol yeri kimi istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin və iddiaçının faktiki istifadə etdiyi 0,0409 hektar torpaq sahəsinin üst-üstə düşməyən 104 kv.m torpaq sahəsi İsmayıllı şəhər inzibati Ərazi Sərhəddi daxilində, yaşayış məntəqəsi torpaqlarına aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin 182 kv.m hissəsi yüksək gərginlikli (UnKv 10) elektrik xəttinin mühafizə zolağına düşür.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
16. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir.
17. “X4ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X4ının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 14 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılan 400 kv.metr torpaq sahəsinin 296 kv.metr hissəsi onun istifadəsində və sahibliyindədir. Odur ki, iddia tələbi faktiki olaraq mövcud olan torpaq sahəsinə münasibətdə təmin edilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 400 kv.m torpaq sahəsinin fərdi ev tikmək məqsədi ilə iddiaçıya satılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin (A seriyalı 483410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində verilmiş koordinatlar daxilində 402 kv.m) və iddiaçının faktiki istifadə etdiyi 0,0409 hektar torpaq sahəsinin üstüstə düşməyən 106 kv.m torpaq sahəsinin 58 kv.m hissəsi hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********78 saylı çıxarışla bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 24 kv.m hissəsi başqa şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə, 24 kv.m hissəsi isə faktiki naturada yol yeri kimi istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin və iddiaçının faktiki istifadə etdiyi 0,0409 hektar torpaq sahəsinin üst-üstə düşməyən 104 kv.m torpaq sahəsi İsmayıllı şəhər inzibati Ərazi Sərhəddi daxilində, yaşayış məntəqəsi torpaqlarına aid ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidə yerləşir. İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin 182 kv.m hissəsi yüksək gərginlikli (UnKv 10) elektrik xəttinin mühafizə zolağına düşür.
26. Göründüyü kimi bələdiyyənin qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin 296 kv.m hissəsi iddiaçının istifadəsində və sahibliyindədir. Bununla yanaşı mütəxəssis rəyi ilə də xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin (A seriyalı 483410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində verilmiş koordinatlar daxilində 402 kv.m) və iddiaçının faktiki istifadə etdiyi 0,0409 hektar torpaq sahəsinin üst-üstə düşməyən 106 kv.m torpaq sahəsinin 58 kv.m hissəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********78 saylı çıxarışla bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 24 kv.m hissəsinin başqa şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə, 24 kv.m hissəsinin isə faktiki naturada yol yeri kimi istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası mütəxəssis rəyində göstərilən İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 22 saylı protokoluna əsasən iddiaçıya verilmiş 400 kv.m torpaq sahəsinin 182 kv.m hissəsinin yüksək gərginlikli (UnKv 10) elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
28. Ona görə də birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı iclas protokolunun qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 296 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini qoymaqda haqlı olmamışdır.
29. Bununla yanaşı cavabdeh inzibati orqan isə iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən “torpaqların alqı-satqısına dair akt” tərtib olunmalı idi ("Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1-ci bəndinə əsasən “Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir”). Təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda torpaqların alğı-satqısına dair aktın olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0,04 ha torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
30. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin (bələdiyyə qərarının qəbul edildiyi vaxt) yarandığı zaman qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 5-ci bəndinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir.
31. Həmin bəndə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə edilən və 11 iyul 2014-cü il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə həyata keçirilir.
32. Mübahisəli münasibətlərin yarandığı tarixin 2013-cü ildə olduğu nəzərə alındıqda görünür ki, bələdiyyə orqanı tərəfindən “Torpaqların alqı-satqısı Qaydaları”nın tələblərinə riayət edilmiş, torpaq sahəsi iddiaçının mülkiyyətinə həmin Qaydalarda nəzərdə tutulan bələdiyyə qərarı əsasında verilmişdir.
33. Beləliklə, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman qüvvədə olan maddi hüquq normalarına əsasən bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə verilməsi ilə bağlı notarial qaydada müqavilənin bağlanması tələbi mövcud olmamış, torpaq sahəsi hüququn yarandığı zaman qüvvədə olan normaların tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır.
34. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.
35. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyə müvafiq qərarı ilə iddiaçıya müraciəti əsasında torpaq sahəsini ayırmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmiş, faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Ödəniş qəbzinin arxiv nüsxəsi iş materiallarına əlavə olunmuşdur.
36. Göründüyü kimi, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir. Əgər alqısatqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. Ümumiyyətlə qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqısatqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir.
37. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
38. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
39. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
40. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
41. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
42. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
44. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, mütəxəssis rəyinə əsasən, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə A seriyalı 483410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı iclas protokolunun qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 400 kv.m torpaq sahəsinin 378 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə mübahisə predmeti olan torpaq sahəsinin 24 kv.m hissəsi faktiki naturada yol yeri kimi istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşdüyündən təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-477/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə A seriyalı 483410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 22 saylı iclas protokolunun qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 400 kv.m torpaq sahəsinin 378 kv.m hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.