Məhkəmə qərarları › İş №2-1(107)-4/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-4/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-4/2025 13.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və digər İddiaçı4 iştirakı ilə, İddiaçı1 “cinayət işinin qaldırılması və torpaq sahəsinin planı (cizgisi) göstərilməklə yeni "torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi” barədə ərizəsi üzrə Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadından iş üzrə İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Rizvanova (Salamova) Saliyə Babək qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarı ilə təmin edilmiş, 31 yanvar 2015-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Rizvanova (Salamova) Saliyə Babək qızının mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 4,9664 ha torpaq sahəsinə onların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

2. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-417/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-417/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-853/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-417/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarının surəti əlavə edilərək cavabdeh orqana göndərilmiş, qərarın icra edilməsi və sözügedən qərarın icra edildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin orqana bir ay müddət müəyyən edilmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4407/2023 nömrəli məktubunda Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən qanunamüvafiq qaydada icra olunduğunu qeyd etmişdir. Məktuba iddiaçının adına tərtib olunmuş B seriylı 172881 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əlavə olunmuşdur. Məktuba əlavə olunmuş 172881 nömrəli, xx.xx.2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Oğuz rayonu Muxas kəndində yerləşən 4,9664 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı4 xüsusi mülkiyyətindədir (əsas: Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarı, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015- ci il tarixli **********83 nömrəli çıxarış).

6. İddiaçı isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh inzibati orqanın əməkdaşlarının uzun müddət vəzifələrindən istifadə edərək süründürməçiliyə yol verdiklərini, Məhkəmə qərarlarının icrasını yerinə yetirmədiklərini bildirmiş, Dövlət Aktı və mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (cizgisi) ilə ona verilmiş torpaq sahəsinin dəyişdirilməsinə 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyəti olmadığı halda, öz arzu və istəkləri əsasında, kağız üzərində plan və ölçünü dəyişdirdikləri üçün Seymur Əliyev və iş icraçısı Qoşqar Axundov barəsində cinayət işinin qaldırılmasını və ona xx.xx.2004-cü il tarixli JN 178 (KOD ********) nömrəli 5 nəfər ailə üzvünün mülkiyyətinə verilmiş torpaq sahəsinin planı (cizgisi) göstərilməklə yeni torpağın planı və ölçüsünün verilməsini xahiş etmişdir.

7. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, qərarın icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin rəisi və iş icraçısı tərəfindən yerinə yetirilməmiş, dəfələrlə Qəbələ Asan Xidmət mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin qaynar xəttinə məhkəmə qərarının icra edilməməsi ilə bağlı müraciət edilmiş, lakin müraciətə əsaslı cavab verilməmişdir. Sonuncu dəfə, yəni xx.xx.2023-cü il tarixində saat 17:00-da Qəbələ Asan Xidmət mərkəzinə zəng etdikdə sənədin 9 saylı Qəbələ ərazi idarəsinin Oğuz rayon şöbəsində olduğu və oradan götürülməsi bildirilmişdir. 23 və 24 sentyabr tarixləri iş günü olmadığından 25 sentyabr 2023-cü il tarixində B172881 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə X5 kitabında tarix və uçota alınma nömrəsi göstərilmədən torpaq sahəsinin planı verilmişdir. Torpaq sahəsinin planı və ölçü sənədinə baxdıqda məlum olmuşdur ki, məhkəmə qərarlarının icrası təmin edilməmişdir. Belə ki, iddiaçıya DTXK-nın Oğuz rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən JN 178 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilmiş və iddiaçıların mülkiyyətinə verilmiş 4,97 hektar torpaq sahəsinin planı (cizgisi) üzrə konturları əkin sahəsində göstərilərək təhvil verilib. 2021-ci ilin yanvar ayından etibarən süründürməçiliyə yol verən həmin şəxslər tərəfindən torpaq sahəsi öz arzu və istəkləri ilə dəyişdirilmiş, bir hissəsi iddiaçının və Muxas Bələdiyyəsinin razılığı olmadan bələdiyyənin torpaq sahəsindən, digər hissəsi isə kol-koslu ərazini xəritəyə daxil etməklə 4,9664 ha sahəni kağız üzərində yerləşdirərək iddiaçıya əkinə yararlı torpaq üçün deyil, saxta sənəd veriblər.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat vermiş və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi qərarın tam icra olunduğunu bildirmiş və ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 27 noyabr 2023-cü il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

12. İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini ərizəyə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin olnuması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və digər İddiaçı4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin olnuması barədə qərardad çıxarılmasını xahiş etdilər.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də digər iddiaçılar İddiaçı2, İddiaçı3, Rizvanova (Salamova) Saliyə Babək qızı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Kollegiya ilk olaraq bildirir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh orqan tərəfindən verilmiş mütəxəssis rəyinə aydınlıq gətirilməsi məqsədilə iştirakı təmin edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisi X3 izahatında bildirmişdir ki, hazırkı işlə bağlı mütəxəssis rəyləri verilib. Ərizəçinin tələb etdiyi torpaq sahəsi Oğuz-Bakı su kəmərinin mühafizə zolağına düşür. Məhkəmə qərarına əsasən iş materiallarında göstərilən ərazidən yox, qismən başqa ərazidən verilib.

22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən məhkəmə qərarı icra olunmuş və mübahisəli torpaq sahəsinə dair B seriylı 172881 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, surəti məhkəməyə təqdim etmişdir.

23. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi reyestr nömrəsi **********83 olan xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 4,9664 ha torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. Ayrı-ayrı şəxslərin qanunsuz hərəkətlərinə münasibətdə cinayət işinin başlanması isə müvafiq hüquq mühafizə orqanlarının səlahiyyətindədir ki, iddiaçı bu barədə aidiyyəti üzrə müraciət etmək hüququna malikdir.

24. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2-1(116)- 33/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar