Məhkəmə qərarları › İş №2-1(107)-40/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-40/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-40/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1148/2021 nömrəli qərardadından İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı (üçüncü şəxs: X1) məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 1A saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 1A ünvanında yerləşən yaşayış evini iddiaçı öz vəsaiti hesabına almışdır. Belə ki, əvvəlcə torpaq sahəsini 53.000 manata Fikrət adlı şəxsdən almış, sonra isə ev tikdirmişdir. Sadəcə olaraq, həmin dövrdə iddiaçı Moskva şəhərində olması ilə əlaqədar, Elvin Məmmədovun adına almışdır. Elvin Məmmədov epilepsiya xəstəsidir. O, heç bir yerdə işləməyib, heç bir qazanc əldə etməmişdir. Sadəcə olaraq Mingəçevir şəhərində olduğuna görə onun adına rəsmiləşdirilmişdir. Ancaq nə torpağın alınmasında, nə də evin tikilməsində onun heç bir vəsaiti olmamışdır. Onun hətta cib xərcliyini də iddiaçı vermişdir. Bağışlanma yolu ilə 25.05.2019-cu ildə iddiaçının adına bağışlanmışdır. Bunu faktiki olaraq başqa cür iddiaçının mülkiyyətinə keçirmək mümkün olmadığından bağışlanma müqaviləsi yolu ilə etmişdir. Ancaq faktiki olaraq iddiaçının mülkiyyətindədir. İddiaçının oğlu xəstəliyi ilə əlaqədar hərbi xidmətdə də olmamışdır. Torpağı aldığı şəxs, evi tikən şəxs və digər şəxslər də bu faktı təsdiq edə bilərlər ki, həmin torpaq və ev iddiaçının vəsaiti ilə alınmış və tikilmişdir. Cavabdeh 03.08.2021-ci il tarixli **********57 nömrəli imtina məktubunda göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsində, eləcədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası 13.01.2015-ci il tarixli fərmanında qeyd olunan tələblərə əsasən yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər Ərazi İdarəsinə təqdim olunduqdan sonra qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında 0,06 ha torpaq sahəsi ilə birlikdə 29.05.2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə tam pay hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehin birinci instansiya məhkəməsinin sorğusuna 07.09.2021-ci il tarixli **********08 nömrəli cavab məktubuna əlavə olaraq təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətinə əsasən də, mübahisəli evin tam pay hüququ əsasında iddiaçının mülkiyyətində olması və onun adına 29.05.2019-cu il tarixli qeydə alınaraq çıxarışla rəsmiləşdirilməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkilinin (nümayəndəsinin) izahatına əsasən müəyyn olunmuşdur ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməkdə əsl məqsədi, faktiki olaraq evin iddiaçı tərəfindən tikilməsinin məhkəmə qaydasında təsdiq edilməsi olmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1148/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı və vəkili Vəkil1 Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-1148/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini Şəki inzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1148/2021 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1148/2021 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin araşdırılması zamanı məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçının faktiki olaraq heç bir hüququ pozulmamış, iddiaçı mülkiyyətində olan və çıxarışla rəsmiləşdirilmiş evə dair mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməklə, artıq qeydə alınmış hüququnun yenidən qeydiyyatını tələb etmişdir. Cavabdeh öz hərəkətləri ilə iddiaçının hüquqlarının pozuntusuna yol verməmişdir. Belə ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmçinin, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hazırkı halda hüquqi müdafiəyə ehtiyacının olmadığ müəyyən olunur. Eyni zamanda, məhkəmə tərəfindən qeyd olunur ki, iddiaçı hazırkı tələb üzrə hüquqi marağının evin məhz onun tərəfindən inşa olunmasının tanınmasından ibarət olduğunu iddia edirsə, belə bir tələblə ümumi məhkəmədə mülki qaydada iddia qaldırmaq imkanını özündə saxlayır. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında 0,06 ha torpaq sahəsi ilə birlikdə 29.05.2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə tam pay hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Mübahisəli evin tam pay hüququ əsasında iddiaçının mülkiyyətində olması və onun adına 29.05.2019-cu il tarixli qeydə alınaraq çıxarışla rəsmiləşdirilməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkilinin (nümayəndəsinin) izahatına əsasən müəyyn olunmuşdur ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməkdə əsl məqsədi, faktiki olaraq evin iddiaçı tərəfindən tikilməsinin məhkəmə qaydasında təsdiq edilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1148/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1148/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar