Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-40/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 046ş/h əmrinin İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.5-ci maddəsinə (ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları) müvafiq olaraq ehtiyata buraxılması kimi dəyişdirilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(116)-435/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 046ş/h əmrinin İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.5-ci maddəsinə (ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları) müvafiq olaraq ehtiyata buraxılması kimi dəyişdirilməsi” barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1994-cü ildə doğulmuş və ailəsi ilə birgə Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb yaşamışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə qəbul haqqında” Bağlaşma imzalanmış və o, könüllü olaraq hərbi xidmətini davam etdirmişdir. Lakin, həqiqi hərbi xidmətini Zaqatalada davam etdirdiyindən ailəsindən uzaqda qalmaq yaşlı və əlil olan valideynləri üçün bir sıra çətinliklər yaratmışdır. Belə ki, hazırda valideynlərinin qayğısına qalmaq onun üzərindədir. Ailə vəziyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə Hərbi bileti ona təqdim edildiyi zaman məlum olmuşdur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.5-ci maddəsi “ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə” maddəsi ilə deyil 41.0.6-cı maddəsi “xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” ilə ehtiyata buraxmışdır.
4. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına “əmrin dəyişdirilməsi” tələbinə dair müraciəti olmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 04 oktyabr 2023-cü il tarixli, 2- 1(116)-435/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2- 1(116)-435/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(116)-435/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(116)-435/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edənin xx.xx.2020-ci il tarixli 91 nömrəli Əmrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 01 sentyabr 2020-ci il tarixli 074Ş/H nömrəli əmrinə əsasən gizir İddiaçı həqiqi hərbi xidmətini davam etdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə təyin olunmuş və gizir İddiaçı xx.xx.2020ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə gəldiyi üçün şəxsi heyətin siyahısına daxil edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2022-ci il tarixli 046ş/h nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakın rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır . - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu və əlavə olunan sənədlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər..
13. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə Həqiqi hərbi xidmətə daxilolma 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
14. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -146-cı bəndinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosialiqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” 2.1. Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. 38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: 38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;
16. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. .
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.
18. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
19. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
20. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. İddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülməmişdir. Odur ki, iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır.
24. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
25. Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır.
26. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir.
27. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir.
28. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir.
29. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur.
30. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir.
31. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2022-ci il tarixli 046ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hərbi qanunvericiliyin sadalanan normalarının mənasına görə, hərbi qulluqçuların ailə vəziyyətinə görə ehtiyata buraxılması ilə xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir.
33. Məhkəmə kollegiyasının araşdırması zamanı işin hallarından müəyyən edildi ki, iddiaçının arqumentinin əsasın ailə vəziyyəti ilə bağlı ehtiyata buraxılma təşkil etmiş, həmin tələblə müraciət etmişdir. Cavabdeh tərəfindən onunla aparılmış söhbət nəticəsində həmin normanın tələbinin iddiaçıya tətbiq olunmadığı izah edilmiş, bağlaşma müddəti başa çatana kimi xidmət etməyi öhdəsinə götürdüyü bildirilmişdir. Söhbət zamanı iddiaçı qeyd olunan normanın tələbləri ilə razılaşmamış, hazırkı iddia tələbinin məzmununda göstərilən qaydada ehtiyata buraxılmanı tələb etmişdir. İddiaçı sağlamlıq vəziyyətindən şikayəti olmadığı üçün müvafiq qaydada müayinədən keçməkdən imtina etmişdir.
34. İddiaçı ilə inzibati orqan arasında bağlanmış xx.xx.2020-ci il tarixli Bağlaşmanın məzmunundan görünüdüyü kimi iddiaçı üzərinə götürdüyü 5 illik xidmətlə bağlı öhdəliyi yerinə yetirməkdən imtina etməklə xidmətdən “xidməti uyğunsuzluğa” görə ehtiyata buraxılma üçün əsas yaratmışdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, xidməti vəzifələrinin icrasına laqeydlik nümayiş etdirən, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, xidməti və şəxsi keyfiyyətləri xidmətini davam etməyə imkan verməyən iddiaçının “xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur.
36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 046ş/h əmrinin İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.5-ci maddəsinə (ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları) müvafiq olaraq ehtiyata buraxılması kimi dəyişdirilməsi” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(116)-435/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.