Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-40/2025 12.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 62 yaş 6 aydan yəni, yaşa görə əmək pensiyasını aldığı xx.xx.2022-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 2-1(116)-296/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “iddiaçıya 62 yaş 6 aydan yəni, yaşa görə əmək pensiyasını aldığı taixdən xx.xx.2022-ci il tarixdən yaşa görə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1976-cı il tarixindən Yevlax şəhəri Qarışıq Mallar ticarəti idarəsində işləmiş, xx.xx.1977-ci il tarixində işdən azad edilmişdir. xx.xx.1977-ci ıl tarixindən xx.xx.1982-ci il tarixədək əyani ali təhsil almışdır. Bundan sonra xx.xx.1983-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Yevlax rayon Yunun tədarükü və emalı fabrikində, xx.xx.1999-cü il tarixdən xx.xx.2003-cü il tarixinədək Yevlax şəhər Həmkarlar Komitəsində, habelə xx.xx.2019-cu il tarixindən Azərxalça ASC-də işləyərək xx.xx.2019-cu il tarixində tutduğu vəzifədən azad edilmişdir. Hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, cavabdehin imtinasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin müraciətə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılaraq iddiaçının işlədiyini və əməkhaqqı aldığını iddia etdiyi Yevlax rayon “Yunun tədarükü və ilkin emalı" fabrikinin və Yevlax şəhər Həmkarlar İttifaqı Komitəsinin arxiv sənədləri X7 filialına təhvil verilmədiyi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ərizəçiyə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir.
4. İddiaçı xx.xx.2022-ci il tarixdən pensiya yaş həddinə (62 il 6 ay) çatsa da, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 04 avqust 2022-ci il tarixli **********4 nömrəli inzibati aktında da qeyd olunduğu kimi, iddiaçının pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermir. Bu səbəbdən əmək pensiyasının təyin olunması üçün iddiaçı ən azı 25 il sığorta stajına malik olmalıdır. Hazırkı iş üzrə iddiaçının işlədiyini və əməkhaqqı aldığını iddia etdiyi Yevlax rayon “Yunun tədarükü və ilkin emalı" fabrikinin və Yevlax şəhər Həmkarlar İttifaqı Komitəsinin arxiv sənədləri X7 filialına təhvil verilmədiyi üçün əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, həmçinin xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, mübahisələndirilməyən dövrlər üzrə iddiaçının ümumi sığorta stajı qanunvericiliklə tələb olunan minimum müddətdən, yəni 25 ildən az olduğu üçün onun yaşa görə pensiya almaq hüququ yaranmır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 04 avqust 2022-ci il tarixli **********4 nömrəli inzibati aktında da qeyd olunduğu kimi, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının pensiya kapitalı qeydə alınmamışdır. Hətta həmin tarixlərdə iddiaçının qeydə alınmış pensiya kapitalı olsa belə, iddiaçının sığorta stajının bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanması mümkün deyil. Belə ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Qeyd edilən Qanunun 22-1.5-ci maddəsinə görə isə 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının iddiasının mümkün olmaması bildirilmişdir.
5. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 4 iyun 2024-cü il tarixli 2- 1(116)-296/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin (diplom) surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 4 il 9 ay 25 gün təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 17 il 1 ay 10 gün əmək fəaliyyəti dövrü və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən 2019-cu il üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 3 ay olmaqla ona ümumi 22 il 2 ay 5 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (işə daxil olma tarixi bazar gününə təsadüf etdiyindən və işdən çıxma əmrinin qeydində düzəliş (qaralama) olduğundan) riayət olunmamışdır. Bu səbəbdən yuxarıda qeyd edilən xx.xx.1999-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, İddiaçı təqdim etdiyi əmək kitabçasının və şəxsi vərəqəsinin surətində uyğunsuzluqlar mövcuddur. Bildiririk ki, iddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş MT-İ № ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərə əsasən, İddiaçı xx.xx.1999-cu il tarixli 13k nömrəli əmr əsasında Yevlax rayon "Yunun tədarükü və ilkin emalı" fabrikində işdən azad edilmişdir. İnzibati icraat materiallarında mövcud olan, İddiaçı təqdim etdiyi şəxsi vərəqədə isə iddiaçının 12-k nömrəli əmrə uyğun olaraq “Yunun tədarükü və ilkin emalı" fabrikində işdən azad edilməsi qeyd olunmuşdur. Beləliklə, hər iki sənəddə mövcud olan əmr nömrələri bir-biri ilə ziddiyyət təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarına əsasən, işçinin işdən azad edilməsi işəgötürənin müvafiq əmrinə əsasən aparılır. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Beləliklə, işdən azad edilmə ilə bağlı eyni əmrin məzmunu əsasında aparılan qeydlər, o cümlədən əmrin nömrəsi işçiyə aid sənədlərin hər birində eyni olmalı və ziddiyyət yaratmamalıdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi əsası kimi işçinin sosial sığorta stajını təsdiq edən əsas sənədin əmək kitabçası olması, əmək kitabçasında müvafiq qeydlərin aparıldığı, eyni zamanda işçinin stajını təsdiq edən sənədin əmək kitabçası olmasına dair bir sıra qanunvericilik aktlarına istinad edilməsinə baxmayaraq əmək kitabçasında olan ziddiyyətlərə münasibət bildirilməmişdir. Belə ki, İddiaçı xx.xx.1999-cu il tarixli 13k nömrəli əmr əsasında Yevlax rayon “Yunun tədarükü və ilkin emalı” fabrikində işdən azad edilmişdir. Lakin inzibati icraat materiallarında mövcud olan, iddiaçının təqdim etdiyi şəxsi vərəqədə isə iddiaçının 12-k nömrəli əmrə uyğun olaraq “Yunun tədarükü və ilkin emalı" fabrikində işdən azad edilməsi qeyd olunmuşdur. Göründüyü kimi hər iki sənəddə mövcud olan əmr nömrələri bir-biri ilə ziddiyyət təşkil edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 2-1(116)-296/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 2-1(116)-296/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.
3. İddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçası;
4. İddiaçıya məxsus ИB 028876 nörməli diplom.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubu.
6. 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.
7. Yevlax şəhər Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu;
8. Məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının xx.xx.1999-xx.xx.2003-cü il tarixlərdə Yevlax Şəhər Həmkarlar İttifaqı Komitəsində işləməsi barədə Respublika Komitəsində heç bir məlumat və ya sənəd yoxdur. Lakin 1992-2002-ci illərdə Yevlax Şəhər Həmkarlar İttifaqı Komitəsinin sədri işləmiş X3 deməsinə görə İddiaçı göstərilən vaxtda Yevlax Şəhər Komitəsində təlimatçı işləmişdir.
9. Məhkəmə kollegiyasının sorğusuna əsasən, təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidləməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Yevlax Şəhər Həmkarlar İttifaqı Komitəsinin (Elm və Elmi istehsalat işçilərinin HİK) iş qovluğu və “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları Mərkəzi Filiala təhvil verilməmişdir.
10. Məhkəmə kollegiyasının sorğusuna əsasən, təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna əsasən, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
17. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
19. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 2-1(116)-296/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
27. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 62,5 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1959-cu ildə doğulub).
28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 il 11 ay 29 gündən təşkil edir. Bu iddiaçıya məxsus ИТ-İ № ******* saylı Əmək kitabçasına, diploma və iş materiallarına əsasən aşağıdakı qaydada hesablanmışdır :
1. xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Yevlax şəhəri Qarışıq Mallar ticarəti idarəsində (11 ay 19 gün)
2. xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil dövrü (4 il 9 ay 25 gün)
3. xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Yevlax rayon Yunun tədarükü və emalı fabrikində (16 il 1 ay 21 gün)
4. xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Yevlax şəhər Həmkarlar Komitəsində,(3 il 11 ay 3 gün)
5. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cü il tarixədək Azərxalça ASC-də (1 ay 21 gün).
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Yevlax rayon Yunun tədarükü və emalı fabrikində, həmçinin xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Yevlax şəhər Həmkarlar Komitəsinə işə qəbul olunduğuna dair əmək kitabçasında qeydlər aparılmışdır. Həmin qeydin mötəbərliyini istisna edən sübut cavabdeh tərəfindən təqdim edilməmiş, məhkəmə araşdırması zamanı belə hal aşkar edilməmişdir.
30. Həmçinin, müəyyən edilmişdir ki, Yevlax şəhər Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən "xxxx" ASC-nin 2016-cı ilədək fəaliyyət göstərdiyi bildirilmişdir. DVX-nin 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəssisənin özəlləşdirilməsi xx.xx.2019-cu il tarixində başa çatmışdır. Görünüdüyü kimi müəssisənin fəaliyyəti öz təsdiqini tapmış, əmək kitabçasında qeydin mötəbərliyi istisna edən hal isə təqdim edilməmişdir.
31. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
32. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından edilən sorğulara əsasən, təqdim edilmiş Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının xx.xx.1999-xx.xx.2003cü il tarixlərdə Yevlax Şəhər Həmkarlar İttifaqı Komitəsində işləməsi barədə Respublika Komitəsində heç bir məlumat və ya sənəd yoxdur. Lakin 1992-2002-ci illərdə Yevlax Şəhər Həmkarlar İttifaqı Komitəsinin sədri işləmiş X3 deməsinə görə İddiaçı göstərilən vaxtda Yevlax Şəhər Komitəsində təlimatçı işləmişdir.
33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidləməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Yevlax Şəhər Həmkarlar İttifaqı Komitəsinin (Elm və Elmi istehsalat işçilərinin HİK) iş qovluğu və “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları Mərkəzi Filiala təhvil verilməmişdir.
34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna əsasən, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır.
35. Göründüyü kimi, əmək kitabçasının düzgün tərtib edilməsini təmin etmək və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək iddiaçının vəzifəsi olmadığından göstərilən halların mənfi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz.
36. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
37. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
38. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 2-1(116)-296/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.