Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-400/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialına (bundan sonra cavabdeh və ya DSMF-un Göyçay rayon filialı) qarşı “X3 1978-1998-ci iilərdə Göyçay rayon Mırtı kəndi M.Ə.Rəsulzadə adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1115/2020 nömrəli qərarından DSMF-un Göyçay rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Göyçay rayonu Mırtı kəndində yaşayır. O, xx.xx.1979-cu ildə X5 (təvəllüdü – xx.xx.1955-ci il) ilə ailə qurmuşdur. İddiaçının əri X5 1978-1998-ci illərdə Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işləmiş və xx.xx.2012-ci ildə vəfat etmişdir. İddiaçı 60 yaş 6 aya çatdıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli cavab məktubu ilə bildirmişdir ki, əmək pensiyasının arxiv arayışına əsasən təyin edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X1 işlədiyi müddətlə bağlı əmək kitabçası olmasa da, iş stajını təsdiq edən arxiv arayışı vardır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı 60 yaş 6 aya çatdığı gün ailə başçısını itirən kimi əmək pensiyası hüququ əldə etmişdir. X3 arxiv arayışı ilə müəyyən olunan kolxozda işlədiyi iş stajı 19 il 3 ay, hərbi xidmət illəri 2 il 16 gün olmaqla faktiki 21 il 3 ay 16 gün sığorta stajı vardır. Tələb olunan sosial sığorta stajı 13 il 8 aydır. Bundan başqa, Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda kişilər üçün minimum adam/gün norması 1978-1998-ci illərdə 180 adam/gün müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X6 izahatında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1115/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı mərhum əri X3 1978-ci ildən 1998-ci ilədək Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işlədiyi 20 il 3 ay müddətin (1978-1980, 1983-1998-ci illər tam, 1981 və 1982-ci illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF-un Göyçay rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. DSMF-un Göyçay rayon şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1115/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti imtina məktubunun dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-un Göyçay rayon şöbəsinin nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1115/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1115/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İİ-ЖГ seriyalı 277239 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X5 xx.xx.1979cu ildə nikah bağlamışlar. AZ-İİ seriyalı 082114 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2012-ci ildə vəfat etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubundan görünür ki, arxiv arayışına əsasən iddiaçıya ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi mümkün deyil. Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 1010 nömrəli arxiv arayışından görünür ki, X5 Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda 1978-ci ildə 364 adam/gün, 1979-cu ildə 363 adam/gün, 1980-cı ildə 180 adam/gün, 1981-ci ildə 103 adam/gün, 1982-ci ildə 136 adam/gün, 1983cü ildə 199 adam/gün, 1984-cü ildə 233 adam/gün, 1985-ci ildə 286 adam/gün, 1986-cı ildə 311 adam/gün, 1987-ci ildə 286 adam/gün, 1988-ci ildə 306 adam/gün, 1989-cu ildə 364 adam/gün, 1990-cı ildə 365 adam/gün, 1991-ci ildə 365 adam/gün, 1992-ci ildə 366 adam/gün, 1993-cü ildə 365 adam/gün, 1994-cü ildə 360 adam/gün, 1995-ci ildə 360 adam/gün, 1996-cı ildə 351 adam/gün, 1997-ci ildə 330 adam/gün, 1998-ci ildə 195 adam/gün işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 241 nömrəli arayışından görünür ki, X5 xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli **********1 nömrəli cavab məktubundan görünür ki, iddiaçı 60 yaş 6 aya çatdığı gün ailə başçısını itirən kimi əmək pensiyası hüququ əldə etmişdir. X3 arxiv arayışı ilə müəyyən olunan kolxozda işlədiyi iş stajı 19 il 3 ay, hərbi xidmət illəri 2 il 16 gün olmaqla faktiki 21 il 3 ay 16 gün sığorta stajı vardır. Tələb olunan sosial sığorta stajı 13 il 8 aydır. Bundan başqa, Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda kişilər üçün minimum adam/gün norması 1978-1998-ci illərdə 180 adam/gün müəyyən olunmuşdur. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1115/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Göyçay rayonu Mırtı kəndində yaşayır. O, xx.xx.1979-cu ildə X5 (təvəllüdü – xx.xx.1955-ci il) ilə ailə qurmuşdur. İddiaçının əri X5 1978-1998-ci illərdə Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işləmiş və xx.xx.2012-ci ildə vəfat etmişdir. İddiaçı 60 yaş 6 aya çatdıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli cavab məktubu ilə bildirmişdir ki, əmək pensiyasının arxiv arayışına əsasən təyin edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 1992-ci ildə qəbul edilmiş və xx xxxxxx 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının mərhum ərinin Göyçay rayon Mırtı kəndi M.Ə.Rəsulzadə kolxozda 1978- 1998-ci illərdə işləməsi Göyçay Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 1010 nömrəli Arayışı ilə öz təsdiqini tapır ki, qeyd olunduğu kimi əmək stajını təsdiqedici sənəd kimi Arayışlar da nəzərə alındığından cavabdehin imtinası qanunsuz və əsassızdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir, orada iddiaçının işlədiyi illər və həmin vaxt aldığı əmək haqqı barədə məlumatlar müfəssəl göstərilmişdir. Kollegiya cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlilləri ilə bağlı bunları qeyd etməyi zəruri hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının mərhum ərinin 1978-1998-ci illərdə Göyçay rayon Mırtı kəndi M.Ə.Rəsulzadə adına kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları Arxiv Arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Göyçay Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 101 nömrəli Arayış ilə təsdiq edilə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyinedilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göründüyü kimi, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan savayı qeyd olunmalıdır ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır. Qadınlar üçün pensiya yaşı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək 61 il 6 ay olmuş, iddiaçı isə pensiya yaşına xx.xx.2020-ci ildə çatmışdır. İddiaçının mərhum əri X5 xx.xx.1955-ci ildə anadan olmuş və vəfat etdiyi xx.xx.2012ci il tarixə onun tam 56 yaşı olmuşdur. Göstərilən rəqəmdən 15 il çıxdıqda, əmək qabiliyyətli yaş dövrü 41 il olmuşdur ki, həmin illərin hər biri üçün 4 ay hesabı ilə 164 ay, yəni 13 il 8 ay sığorta stajı tələb olunur. Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 101 nömrəli arxiv arayışından görünür ki, iddiaçının mərhum əri X5 19781998-ci illərdə Göyçay rayonu Mırtı kəndi M.Rəsulzadə adına kolxozda işləmişdir. Kollegiya hesab edir ki, iddiaçı pensiya yaşına xx.xx.2020-ci ildə çatdığından onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. Göründüyü kimi, hazırkı iddianın təmin edilməsində İddiaçı hüquqi marağı mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2019cu il tarixli 2-1(102)-455/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Kollegiya onuda qeyd edir ki, iddiaçının mərhum əri X1 işlədiyi dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrində deyilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İşdən görünür ki, mərhum X2 1978-1980, 1983-1998-ci illərdə (cəmi 19 il) əmək iştirakı minimumunu tam yerinə yetirmişdir. O, 1981-ci ildə 103 adam/gün, 1982-ci ildə 136 adam/gün işləmişdir ki, minimum əmək iştirakı normasına görə bu faktik müddətin cəmi 1 il 3 ay təşkil edir. Göründüyü kimi, iddiaçının mərhum ərinin kolxozda işlədiyi müddətdə sosial sığorta stajı (19 il+1 il 3 ay) 20 il 3 ay təşkil edir ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və toplanmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına səbəb olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-un Göyçay rayon şöbəsinin iddiaçının Mərhum ərinin Göyçay rayon Mırtı kəndi M.Ə.Rəsulzadə kolxozda 1978-ci ildən 1998-ci il tarixədək işlədiyi 20 il 3ay müddətin (1978-1980, 1983-1998-ci illər tam, 1981 və 1982-ci illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1115/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialının apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-400/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-400/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver