Məhkəmə qərarları › İş №2-1(107)-400/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-400/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-400/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsi) qarşı "torpaq islahatı aparılan zaman verilməmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının 30.08.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli qərarı ilə 12,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(116)-522/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Şəki rayonu "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının Şəki Şəhər İcra Hakimiyyəti başçısının "General M.Əsədov" adına qəsəbə inzibati ərazi nümayəndəliyi torpaq islahatı ilə əlaqədar "Turan" qəsəbəsində 02.08.1996-cı il tarixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1-ci sətirdə X18 (X25 veteranı) və onun ailə üzvləri İddiaçı, X3, X5, X7 adları göstərilmişdir. Şəki rayonu "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının 30.08.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarına əsasən, Şəki rayonu Turan qəsəbəsinin sakinləri X11 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır. Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən, X18, İddiaçı, X12, X16, X13 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərara alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Şəki rayonu Turan qəsəbəsində yerləşən 12,50 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 11.09.2019-cu il tarixli **********58 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair İddiaçı təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə verildiyinə görə cavabdeh onu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Cavabdeh iddiaya 24.01.2020-ci il tarixli **********27 nömrəli etirazında bildirmişdir ki, İddiaçı, X12, X16 və X8 adlarına "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın verilməsi barədə məlumat mövcud deyildir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi icra nümayəndəliyinin arayışında ailə başçısı kimi göstərilən X9 adı da ailə başçısı kimi daxil edilməklə 5 nəfərə (X19, X22, X23, X24) DTXK-nın Şəki rayon şöbəsi tərəfindən kod 40401027 JN-261 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, 22 noyabr 2005-ci il tarixli 4Ə-453 nömrəli alqı satqı müqaviləsi ilə X1. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, Şəki rayonu "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının 30.08.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarından görünür ki, Şəki rayonu Turan qəsəbəsi sakinləri X11 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır. İşdə olan, Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışından görünür ki, X18, İddiaçı, X12, X16, X13 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərara alınmışdır. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi 24.01.2020-ci il tarixli **********27 nömrəli imtina məktubundan görünür ki, İddiaçı, X12, X16 və X8 adlarına "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın verilməsi barədə məlumat mövcud deyildir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi icra nümayəndəliyinin arayışında ailə başçısı kimi göstərilən X9 adı da ailə başçısı kimi daxil edilməklə 5 nəfərə (X19, X22, X23, X24) DTXK-nın Şəki rayon şöbəsi tərəfindən kod 40401027 JN-261 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, 22 noyabr 2005-ci il tarixli 4Ə-453 nömrəli alqı satqı müqaviləsi ilə X1. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 07 oktyabr 2020-ci il tarixli 2- 1(116)-522/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının 30.08.2001ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə İddiaçı, eləcə də X9, X3, X5, X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(116)-522/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli 2- 1(107)-56/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2- 1(116)-522/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 30 iyun 2021-ci il tarixli, 2-1(102)1155/2021 qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli 2-1(107)-56/2021 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildiririk ki, Şəki rayon aqrar islahat komissiyasının qərarı təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin sahəsinin yerləşmə sxemi DTXK Şəki rayon Şöbəsi tərəfindən təsdiqlənmədiyindən vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq rayon ərazisində aqrar islahat aparılmasını təmin edən qurum kimi rayon aqrar islahat komissiyası müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Xidmətin 12 saylı Şəki Ərazi İdarəsi büdcə təşkilatı olduğuna görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü nçaddəsinə uyğun olaraq məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumunun ödənilməsindən azaddır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-522/2020 saylı qərarını ləğv etməklə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X4 oğlu bildirmişdir ki apellyasiya şikayətinin verilməsinə səbəb Şəki rayon aqrar islahat komissiyasının qərarı Yerli aqrar islahat komissiyası tərəfindən təsdiq edilməmiş və ayrılmış torpaq sahəsinin sahəsinin yerləşmə sxemi DTXK Şəki rayon Şöbəsi tərəfindən təsdiqlənmədiyindən vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-522/2020 nömrəli iş üzrə qərarını ləğv etməklə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və üçüncü şəxs X2 nümayəndəsi İddiaçı bildirmişdir ki, atası X18 2006-cı ildə vəfat etmiş, torpaq sahəsini və evi qardaşı X15 vəsiyyət etmişdir. Hazırda qardaşı Qazaxıstan Respublikasında yaşayır. Mirasın qəbulu ilə bağlı notariata müraciət edilməyib. Mərhum atasının əmlakı hazırda onun tərəfindən idarə olunur. Bununla bağlı bələdiyyədən vərəsəliyə dair arayış da təqdim edə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-522/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxslər X12 və X20 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2-1(116)-522/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 30 iyun 2021-ci il tarixli, 2-1(102)1155/2021 qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli 2-1(107)-56/2021 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin sözügedən qərarında məhkəmələr tərəfindən digər mülkiyyətçilər X9, X3, X5, X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına qərar versələr də, həmin şəxslər hazırkı məzmunda tələb üzrə icraata cəlb olunmamasını göstərmişlər İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. İşdən görünür ki, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 oktyabr tarixli, 2-1(116)- 522/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının 2001-ci il 30 avqust tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 2002-ci il 05 iyul tarixli, 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə iddiaçının, eləcə də X9, X3, X5, X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə şəxsə verilmiş torpaq sahəsinə həmin şəxsin mülkiyyət hüququ yaranır və o, həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər. Lakin bununla yanaşı, cavabdehin 2020-ci il 21 avqust tarixli arayışı ilə müəyyən edildi ki, aqrar islahat komissiyasının qərarı ilə bağlı iddiaçının və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq sahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, belə olan halda, həmin 6,235 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırda mümkün deyil. Göstərilən 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə isə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur. Ali Məhkəmənin göstərişinə əsasən digər mülkiyyətçilər X9, X3, X2, X20 məhkəmə iclasına dəvət edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2- 1(107)-400/2021 nömrəli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı məhkəm kollegiyasının iclasına ölüm haqqında şəhadətnamələri təqdim edərək atası X9 28.04.2006-cı ildə, qardaşı X10 20.04.2007-ci ildə vəfat etdiyini bildirmişdir. İddiaçı məhkəm kollegiyasının iclasına Şəki Rayon Turan Bələdiyyəsinin 13 oktyabr 2021-ci il tarixi 493 nömrəli vərəsəliyə dair arayışı təqdim etmişdir. Həmin arayışa əsasən mərhum X9 dörd oğlu və iki qızı vardır. Ondan miras qalmış əmlak övladları təərfindən idarə olunur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsinə görə, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin əvvəlki redaksiyasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi olan müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Həmin Qanunun 20-ci maddəsinə görə, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X34 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Sadalanan normalardan görünür ki, torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə şəxsə verilmiş torpaq sahəsinə həmin şəxsin mülkiyyət hüququ yaranır və o, həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər. Lakin bununla yanaşı, cavabdehin 21.08.2020-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, aqrar islahat komissiyasının qərarı ilə bağlı iddiaçının və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq sahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, həmin 6,235 ha torpaq sahəsinə iddiaçı və onun ailə üzvləri olan işə cəlb edilmiş İİİ şəxslərinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırda mümkün deyil. Göstərilən 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə isə iddiaçının və onun ailə üzvləri olan işə cəlb edilmiş İİİ şəxslərinin mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2- 1(116)-522/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, Şəki rayon "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının 30.08.2001- ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə İddiaçı, eləcə də X9, X3, X5, X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(116)-522/2020 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Şəki rayon "Turan" taxılçılıq sovxozu X34 Komissiyasının 30.08.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə İddiaçı, eləcə də X9, X3, X5, X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar