Məhkəmə qərarları › İş №2-1(107)-400/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-400/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-400/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-761/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinə onun adına Dövlət reyestrində çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-3164/2023 nömrəli qərardadı ilə Oğuz rayonu Filfilli bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir.

3. İddiaçının vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin iclasında iddia tələbini dəqiqləşdirərək, "Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Oğuz rayonu Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi məqsədilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 1200 kv.metr torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq İsmayıllı rayon İH-nin memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Oğuz rayonu Filfilli bələdiyyəsinin İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair qərarı xx.xx.2007-ci il tarixli olsa da torpağın alqı-satqısına tərtib edilmiş aktın tarixi 25 dekabr 2008-ci ildir. Həmin aktın qeydiyyatı isə 28 dekabr 2008-ci il tarixdə 1000 nömrə ilə qeydə alınmışdır.

7. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikası Qanununun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il tarixli, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir.

8. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları, hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər.

9. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı adına tərtib olunmuş ANe259538 **********0025 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 0,12 hektar (1200 kv.m) torpaq sahəsi Oğuz rayonu Filfilli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Oğuz rayonu Filfilli kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası ictimai tikililər altında olan torpaqlar və örüş olmaqla, bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən torpaq sahəsi və iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 ha torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası tikinti altında olan torpaqlar və örüş, mülkiyyət növü 78F nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. Sözügedən torpaq sahəsi digər mülkiyyətçilərə aid torpaq sahələri ilə üstüstə düşmür. 78F nömrəli Şəhadətnamədə göstərilmiş 0.14 ha torpaq sahəsi iddiaçının istifadəsində olan 0.5137 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

10. İddiaçı adına tərtib olunmuş A№259538 **********0025 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən ayrılmış 0,12 hektar (1200 kv.m) torpaq sahəsi iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 ha torpaq sahəsi ilə üst-üstə düşür.

11. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 aprel 2024-cü il tarixli 2- 1(116)-761/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə ona satılmış, alqı- satqı aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi qanuni əsaslarla ona satılmışdır. Torpaq sahəsinə dair təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur kİ, Oğuz rayonu Filfilli bələdiyyəsinin İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair qərarı xx.xx.2007-ci il tarixli olsa da, torpağın alqısatqısına tərtib edilmiş aktın tarixi 25 dekabr 2008-ci ildir. Həmin aktın qeydiyyatı isə 28 dekabr 2008-ci il tarixdə 1000 nömrə ilə qeydə alınmışdır. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikası Qanununun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sərəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk ki, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. İddia edilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Oğuz rayonu Filfili kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı adına tərtib olunmuş A№259538 **********0025 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 0,12 hektar (1200 kv.m) torpaq sahəsi Oğuz rayonu Filfilli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Oğuz rayonu Filfilli kənd inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası ictimai tikililər altında olan torpaqlar və örüş olmaqla, bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən torpaq sahəsi və iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 ha torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası tikinti altında olan torpaqlar və örüş, mülkiyyət növü 78F nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir, İddiaçı adına tərtib olunmuş A№259538 **********0025 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 0,12 hektar (1200 kv.m) torpaq sahəsi iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,5137 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən xüsusatlar Ərazi İdarəsi tərəfindən mtəxəssis rəyi şəklində tərəfimizdən Şəki inzibati Məhkəməsinə təqdim edilmiş lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası torpaq qanunvericiliyinin tələblərinə görə bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaq sahələri alqı-satqı predmeti deyil, həmin torpaqlar yalnız icarəyə verilə bilər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-761/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-761/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-761/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, xx.xx.2008-ci il tarixli torpaqların alqı satqısına dair akt, DT və XK-nın Oğuz rayon şöbəsinin rəyi, Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı, A 259538 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubları və ona əlavə olunmuş mütəxəssis rəyləri.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

24. Torpaq Məcəlləsi: Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

25. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

32. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Oğuz rayonu Filfilli bələdiyyəsinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması Oğuz rayonu Filfilli bələdiyyəsinin qərarı, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə alqı-satqı aktı, torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədi və DT və XK-nin Oğuz rayon şöbəsinin rəyi ilə sübut edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.

33. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin nömrəli rəyindən görünür ki, iddiaçının mülkiyyətinə həyətyanı məqsədilə satılması nəzərdə tutulmuş torpaq sahəsi 0.12 ha olmaqla Filfilli bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatında istifadə olunmayan torpaq sahəsi olmaqla, bələdiyyənin perspektiv inkişaf fonduna aiddir və bu məqsəd üçün satılması məqsədəuyğundur.

34. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq iddiaçının mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.

35. Cavabdehin apellyasiya şikayətinin dəlili Torpaqların alqı-satqısına dair aktın xx.xx.2007-ci il tarixindən sonrakı müddətdə qeydiyyata alınması ilə bağlıdır. Belə ki, cavabdeh orqan 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı Qanunla "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olduğunu bildirir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

37. Bundan başqa birinci instansiya məhkəməsi cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olsa da, torpaq sahəsinin ayrıldığı zaman DT və XK-nin Oğuz rayon şöbəsinin verdiyi rəydə satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatında istifadə olunmayan bələdiyyənin perspektiv inkişaf fonduna aid olması göstərilmişdir. JN-78F nömrəli Şəhadətnaməyə münasibətdə isə müəyyən edilir ki, həmin sənəd iddiaçının faktiki istifadəsində olan 0,5137 ha torpaq sahəsinin hüdudları daxilində olsa da, A№259538 **********0025 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Yəni, iddiaçının faktiki istifadəsində olan 0,5137 ha torpaq sahəsinin hüdudları daxilində həm JN-78F nömrəli Şəhadətnamədə, həm də A№259538 **********0025 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş torpaq sahəsi mövcuddur.

38. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

39. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

40. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

41. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

42. Lakin iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır.

43. Kollegiya qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyatını istisna etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər.

44. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı halda iddiaçı torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt qanuni əsaslarla əldə etmişdir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsini əldə etdikdən sonra mülkiyyət hüququnun qeydiyyata alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir.

45. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının Rusiya Federasiyası vətəndaşı olmasını nəzərə almamış, bununla da məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddiaçının tələbini təmin etmişdir.

46. Yuxarıda qeyd olunan işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (mülkiyyətçi tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə) çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddia tələbi təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-761/2024 nömrəli qərarı Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (mülkiyyətçi tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə) çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar