Məhkəmə qərarları › İş №2-1(107)-400/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-400/2025

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-400/2025 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə Padarov Mütəllib İbrahim oğlunun adına verilmiş “mal tövləsi” və fərdi yaşayış evinin Padarov Mütəllib İbrahim oğlunun mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)- **/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının Əmlakdan pay haqqının verilməsi baradə akt 11 nömrə ilə Padarov Mütəllib İbrahim oğlunun adına verilmiş “mal tövləsi” və fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə Balakən rayonu Meşəşambul Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

3. İddiaçı ##.##.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, “Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə Padarov Mütəllib İbrahim oğlunun adına verilmiş “mal tövləsi” və fərdi yaşayış evinin Padarov Mütəllib İbrahim oğlunun mülkiyyətində olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akta istinad edərək “mal tövləsi” və fərdi yaşayış evi üzərində mərhum atasının əmlak hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, sözügedən daşınmaz əmlak obyektlərinin dəyərinin (449764 manat) mərhum atası tərəfindən ödənildiyini, 2001-ci ildən həmin obyektlərə sahiblik etməsini bildirir.

6. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, ərizədə qeyd olunan daşınmaz əmlakların (mal damı, süd bloku və yaşayış evi) iddiaçının mərhum atası tərəfindən əldə olunması barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməmişdir.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin ##.##.2022-cü il tarixli imtina məktubu; - Əmlakdan pay haqqında verilməsi barədə ** nömrəli akt, - “xxxx” MMCnin ##.##.2003-cü il tarixli məktubu, - cavabdehin ##.##.2023-cü il tarixli mütəxəssis rəyi, ****** nömrəli ölüm haqqında şəhadətnamə.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## ###### 2025-ci il tarixli *- *(***)-**/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli aktı ilə verilmiş 301 kv.m sahəsi olan qeyri-yaşayış binası (“mal tövləsi”) üzərində mülkiyyət hüququnun mərhum Padarov Mütəllib İbrahim oğluna məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə verilmiş “mal tövləsi” və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum Padarov Mütəllib İbrahim oğluna məxsus olması barədə arayışın verilməsinə nail olmaqdır. - İddiaçı, sözügedən daşınmaz əmlak obyektlərinə münasibətdə hüquq müəyyənedici sənəd qismində əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akta istinad edir. Təqdim edilmiş “akt”da mərhum Mütəllib Padarova verilmiş əmlaklara dair mal tövləsi və yaşayış evi ilə bağlı məlumatlar göstərilmiş, həmçinin bu “Akt”-ın Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsas olması qeyd edilmişdir. - Məhkəmə tərəfindən iddia olunan daşınmaz əmlak obyektlərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikililərin yerləşdiyi ərazi Gürcüstan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd zonasında, Alazan çayının kanarında yerləşir. İddiaçı tərəfindən kənarları kol-kosla bərkidilməklə iribuynuzlu heyvanların saxlanması üçün ferma olaraq istifadə edilir. Baxış zamanı iddia olunan "mal tövləsi"-nin bir hissəsinin köhnə tikili olması, digər hissəsinin isə mişar daşı və beton sütunlarla yeni tikilməsi müəyyən edilmişdir. İddiaçı, "mal tövləsi”nin bir hissəsinin köhnə tikilinin sökülərək onun yerində 5-6 il ərzində inşa edilməsini bildirmişdir. - İddia olunan "fərdi yaşayiş evi”nə baxış keçirilən zaman tikilinin tamamilə istifadəyə yarasız, bəzi hissələrinin uçmuş vəziyyətdə olması, faktiki olaraq içərisinə heyvanlar üçün saman yığılması məqsədilə istifadə edilməsi müəyyən edilmişdir. - İddiaçı bildirmişdir ki, fərdi yaşayış evinin qırmızı kərpiclə tikilmiş hissəsi kolxoz dövründən mövcud olmuş, mişar daşı ilə tikilən hissəsi isə 2002-2003-cü illərdə atası tərəfindən əlavə olaraq artırılmışdır. - Məhkəmə tərəfindən sözügedən daşınmaz əmlak obyektlərinə dair mütəxəssis rəyi əldə edilmişdir. Təqdim edilmiş rəydə qeyd edilmişdir ki, iddia tələbində qeyd olunmuş qeyriyaşayış sahəsi naturada mövcuddur və həmin ərazidə hal-hazırda mövcud vəziyyətdə olan yaşayış evinin (köhnə Çoban evinin) sahəsi 90 kv.m, “Mal damı”nın (yeni tikilən) sahəsi 784 kv.m. “Mal damı”nın (köhnə “mal damı”) sahəsi 301 kv.m olan tikililərin yerləşdiyi torpaq sahəsi Balakən rayonu Meşəşambul bələdiyyəsinin mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan ferma ərazisidir. Mübahisəli ərazidə yerləşən yaşayış evinin və mal damının naturada faktiki istifadəçisi İddiaçıdır və digər şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. - Göründüyü kimi, iddiaçı, 2001-ci ildə verilmiş əmlakdan pay haqqının verilməsinə dair akta istinad edərək daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydiyyatını tələb etsə də, həmin aktda və digər sənədlərdə göstərilən “mal tövləsi”-nin 301 kv.m hissəsi köhnə tikili olaraq mövcuddur və sözügedən aktın təsir dairəsinə düşür. Tikilinin qalan 784 kv.m hissəsi isə əvvəlki tikili söküldükdən sonra inşa edildiyindən iddiaçı, tikilinin həmin hissəsi üzərində əmlak hüquqlarının qeydiyyatını tələb etməkdə haqlı sayıla bilməz. - İddia olunan fərdi yaşayış evinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, sözügedən tikilinin tamamilə yararsız vəziyyətdə olması və yaşayış məqsədləri üçün istifadə edilməməsi işin mübahisəsiz halıdır. - Fərdi yaşayış evləri layihələndirmə normalarına (AzDTN 2.7-3) əsasən fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Məhkəmə araşdırması zamanı iddia olunan “yaşayış evi”nin faktiki vəziyyətinin istifadəyə yararsız, bəzi hissələri uçmuş və faktiki olaraq heyvanlar üçün saman yığılması məqsədilə istifadə edilən tikili olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evləri, yalnız yaşayış məqsədli istifadə üçün nəzərdə tutulmuş və müəyyən edilmiş layihələndirmə normalarına uyğun gələn tikililərdir. Sadalanan hallar bu, tikilinin yaşayış məqsədləri üçün istifadə edilən obyekt olmadığını və onun fərdi yaşayış evi anlayışına cavab vermədiyini göstərir. - Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi yeni tikilmiş 784 kv.m sahəsi olan qeyri-yaşayış binasına və “yaşayış evi”nə aid hissədə əsassız olduğundan təmin edilməməlidir.

10. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, 784 kv.m. mal tövləsi və yaşayış evi hesab edilən 90 kv.m. çoban evi üzərində mülkiyyət hüququnun Padarov Mütəllib İbrahim oğluna məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə *-*(***)-**/**** nömrəli iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mütəxəssis rəyində və məhkəmə qərarında qeyd edilən “yeni tikilən 784 kv.m“ və “köhnə mal damı 301 kv.m” bu fikirlər doğru deyil və həqiqəti əks etdirmir. Qərarda və mütəxəssis rəyində “Yeni tikilən mal damı“ ifadəsi doğru deyil və ola bilməz. Ona görə ki, qərarda qeyd edilir ki, qeyd edilən tikililərin altında yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyənin qərarı olmadan heç bir şəxs bələdiyyə torpağında heç bir tikili apara bilməz. - Ümumiyyətlə hər iki mal tövləsi kolxoz tərəfindən 1965-1970-ci illərdə tikilmişdir. Hər iki mal tövləsi və yaşayış evi 2001-ci ildə və digər tikililər əmlakdan pay haqqı olaraq atasının mülkiyyətinə verilmişdir. Böyük (784 kv.m) mal tövləsinin divarları və üstü yararsız hala düşmüşdür. Bu səbəb üzündən dağılmış divarlar mişar daşı ilə tikilmiş və yararsız şiferlər 2016-cı ildə təmir edilmişdir. Atası tərəfindən 200 başlıq mal tövləsinin yenidən tikilməsi mümkün olmayan haldır. Atası orada az miqdarda mal-qara saxlayıb. Şikayətə əlavə etdiyi fotolar da mal tövləsinin tam köhnə olduğunu təsdiq edir. - Nizami Gəncəvi adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə atası Padarov Mütəllib İbrahim oğluna verilmiş “Əmlakdan pay haqqının verilməsi barədə” ** nömrəli AKT hüquqi sənəddir və həmin AKT-da qeyd edilən əmlaklar atasının mülkiyyətinə verilmişdir. Sağlığında həmin əmlaklara çıxarış əldə edə bilərdi. Savadsız olduğundan (ibtidai təhsil almışdır), yeni qanunvericiliyi bilmədiyindən həmin əmlaklara çıxarış götürmədən vəfat etmişdir. ** nömrəli AKT-da qeyd edilənlər atasının mülkiyyəti olmuşdur. Bu hal mübahisəsizdir. Ona görə də, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 22-ci maddəsinə əsaslanaraq mal tövlələrinin və yaşayış evinin üzərində mülkiyyət hüququnun olmasına dair arayışın verilməsini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin, iddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iştirakı olmadan iddiası ilə bağlı qərar çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbinin təmin olunmayan, yəni “Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə Padarov Mütəllib İbrahim oğlunun adına verilmiş 784 kv.m. sahəsi olan “mal tövləsi” və 90 kv.m. sahəsi olan fərdi yaşayış evinin (Çoban evinin) Padarov Mütəllib İbrahim oğlunun mülkiyyətində olmasına dair arayışın verilməsi hissəsi mübahisələndirilir.

30. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mütəxəssis rəyində və məhkəmə qərarında qeyd edilən “yeni tikilən 784 kv.m“ mal damı barədə fikirlər doğru deyil və həqiqəti əks etdirmir. Qərarda və mütəxəssis rəyində “Yeni tikilən mal damı“ ifadəsi doğru deyil və ola bilməz. Ona görə ki, qərarda qeyd edilir ki, qeyd edilən tikililərin altında yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyənin qərarı olmadan heç bir şəxs bələdiyyə torpağında heç bir tikili apara bilməz. Mal tövləsində yalnız təmir işləri aparılmışdır.

31. Məhkəmə kollegiyası tərəfindən iddiaçının həmin dəlili ilə bağlı ilk öncə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

32. Ekspert qаrşısındа аşаğıdаkı suаllar qоyulmuşdur:

1. Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə verilmiş “mal tövləsi”nin yenidən tikilən 784 kv.m hissəsinin tikilməsi hansı dövrə təsadüf edir?

2. Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə verilmiş “mal tövləsi”nin yenidən tikilən 784 kv.m hissəsi ilə köhnə mal damı adlanan 301 kv.m. hissə eyni dövrdə tikilmişdirmi?

3. İddia tələbində qeyd olunmuş qeyri-yaşayış sahəsi (köhnə Çoban evi - sahəsi 90 kv.m,) naturada mövcuddurmu?

4. Həmin 90 kv.m. olan yaşayış binası yaşayış məqsədli istifadə üçün nəzərdə tutulmuş və müəyyən edilmiş layihələndirmə normalarına uyğun gəlirmi?

33. Qərardadın icrası ilə bağlı tədqiqat obyektinə baxış keçirilməsi və əlavə məlumatların təqdim olunması barədə vəsatət daxil olmuşdur. Məhkəmə kollegiyası tərəfindən ekspert vəsatətinə əsasən tədqiqat obyektinə baxış keçirilməsinin vaxtı müəyyən edilmişdir.

34. Bundan sonra, ekspert tərəfindən ## ######## 2025-ci il tarixdə kənd yollarının təmiri ilə əlaqədar olaraq tədqiq olunacaq ünvana (Balakən rayonu Meşəşanbul kəndi) gedən yolun bağlı olması səbəbindən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılmasının mümkün olmaması səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir.

35. Daha sonra, Kollegiya tərəfindən yenidən məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

36. Bu dəfə isə, ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi üçün məhkəmə tərəfindən nümayəndə verilməklə onun mübahisəli əraziyə getməsi (nəqliyyat vasitəsi ilə təmin edilməklə) təşkil edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.

37. Bundan sonra, məhkəmə kollegiyası tərəfindən mütəxəssislərin iştirakı ilə mübahisələndirilən daşınmaz əmlaka yerində müayinə edilməklə baxış keçirilmişdir.

38. Baxış zamanı müəyyən edildi ki, iddiaçının deməsinə görə 784 kv.m sahəsi olan mal damı 2018-ci ildə tikilmişdir. Qeyd edir ki, 2001-ci ildə əmlak üzrə pay hüququnun verilməsinə dair sənəddə göstərilən əvvəlki tikili həmin dövrdə tamamilə sökülmüş, onun yerində isə hazırda mövcud olan 784 kv.m-lik mal damı inşa edilmişdir. Bundan əlavə, ərazidə yerləşən 90 kv.m sahəsi olan yaşayış evinin (köhnə çoban evi) hazırda tamamilə yararsız vəziyyətdə olduğu, təyinatı üzrə istifadə olunmadığı, saman və ot yığılması məqsədilə istifadə edildiyi, eləcə də qarşı hissəsində kərpicdən tikilmiş hissənin sonradan əlavə edildiyi müəyyən edildi. Fotoşəkillər çəkilərək işə əlavə edildi.

39. cavabdeh1 PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin yerində müayinənin nəticələrinə dair verdiyi ## ##### 2026-cı il tarixli arayışdan da görünür ki, hazırda mövcud vəziyyətdə olan sahəsi 90 kv.m. olan tikili (köhnə çoban evi) hazırda istifadəyə yararsız vəziyyətdədir. Sahəsi 784 kv.m. olan (mal damı) tikilidə istifadə olunan tikinti materiallarından görünür ki, həmin tikili yeni tikilidir.

40. Həmçinin məhkəmə kollegiyası tərəfindən iddiaçının şikayətə əlavə etdiyi köhnə fotoşəkillərlə hazırda mövcud olan 784 kv.m sahəsi olan mal damı tamamilə fərqlidir. Onun yeni tikili olması tam aşkar görünür. Bu halda, məhkəmə kollegiyası yenidən ekspertiza təyin edilməsinə zərurət olmadığı qənaətindədir.

41. Odur ki, “Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə Padarov Mütəllib İbrahim oğlunun adına verilmiş 784 kv.m. sahəsi olan “mal tövləsi” sökülərək yerində yeni tikili inşa edildiyindən iddiaçı həmin tikilinin akta istinad edilməklə qeydiyyata alınmasını tələb edə bilməz.

42. Eyni zamanda, Balakən rayon “Nizami” adına kolxozun Yerli Aqrar İslahat Komissiyasının əmlakdan pay haqqının verilməsi barədə ** nömrəli akt ilə Padarov Mütəllib İbrahim oğlunun adına verilmiş 90 kv.m. sahəsi olan “çoban evi”nin tamamilə yararsız vəziyyətdə olması və yaşayış məqsədləri üçün istifadə edilməməsi işin mübahisəsiz halıdır.

43. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirilməsi ilə razılaşır ki, Fərdi yaşayış evləri layihələndirmə normalarına (AzDTN 2.7-3) əsasən fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Məhkəmə araşdırmaları zamanı iddia olunan “yaşayış evi”nin faktiki vəziyyətinin istifadəyə yararsız, bəzi hissələri uçmuş və faktiki olaraq heyvanlar üçün saman yığılması məqsədilə istifadə edilən tikili olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evləri, yalnız yaşayış məqsədli istifadə üçün nəzərdə tutulmuş və müəyyən edilmiş layihələndirmə normalarına uyğun gələn tikililərdir. Sadalanan hallar bu, tikilinin yaşayış məqsədləri üçün istifadə edilən obyekt olmadığını və onun fərdi yaşayış evi anlayışına cavab vermədiyini göstərir.

44. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın tam təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddianın tam təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması ilə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi).

46. Belə olan halda, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu əsasla da Kollegiyanın qənaətinə görə cavabdehin mübahisələndirilən hissədə imtinası iddiaçının mülkiyyət hüquqlarını pozmamış, hər hansı səbəbdən məhdudlaşdırmamışdır.

47. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan daşınmaz əmlakların iddiaçının mərhum atasına məxsus olması barədə arayış verilməklə mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın tam təmin edilməsinin əsası kimi qəbul etmir.

49. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar