Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-401/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-167/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzilə xx.xx.2011-ci il tarixli, 251 nömrəli Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında xx.xx.2011-ci il tarixdə 121 saylı order verilmişdir. İddiaçı, sözügedən mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İddiaçı tərəfindən ərizəsinə əlavə edilən orderin surətindən göründüyü kimi, 121 saylı order iddiaçıya xx.xx.2011-ci il tarixində Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 251 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Xüsusi qeyd: Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2011-ci il tarixdə verilmiş müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər-hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı və onun əsasında verilmiş xx.xx.2011-ci il tarixli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-606/2020 saylı xx.xx.2020-ci il tarixli və 2-1(1021-636/2020 saylı xx.xx.2020-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən orderin verildiyi tarixlə bərabər iddiaçıların həmin mənzillərdə faktiki yaşamağa başlamaları da, araşdırılmalıdır. Hazırkı iş üzrə order 1 oktyabr 2009-cu il tarixdən sonra verildiyi üçün qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu ıl tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə buna hüququ yaratmamışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - 15 dekabr 2011-ci il tarixli 121 nömrəli orderin surəti, - Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı, - Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubu, - xx.xx.2012-ci il tarixli çıxarış, - xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, - Yevlax şəhər 3 saylı MTİS-in Arayışı.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 fevral 2025-ci il tarixli 2- 1(116)-167/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Lakin, sözügedən mənzil Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında iddiaçının mülkiyyətinə deyil, daimi yaşamaq hüququ əsasında verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, sözügedən mənzil iddiaçının istifadəsində olmaqla, 3 saylı Mənzil-Təmir İstismar sahəsinin balansındadır və dövlət mənzil fonduna aiddir. Məhkəmə tərəfindən 2009-cu ildən sonra verilmiş orderlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış mənzillərə dair sənədlər cavabdeh orqandan götürülərək yoxlanılmışdır. Müəyyən edilmişdir ki, Yevlax şəhəri, Neftkəməri küçəsi ev 1, mənzil 7 (23,39 kv.m) və ev 1, mənzil 5 (32,78 kv.m) ünvanlarına dair X6 və X3 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında verilmiş orderlərə əsasən aparılmışdır. Göründüyü kimi, adları qeyd edilən şəxslər də iddiaçının yaxın qohumları olmaqla, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olsalar da, aşkar edilmiş hal bütövlükdə inzibati orqanın formalaşmış inzibati praktikasını yox, bir ailəyə münasibətdə yol verilmiş əmlak hüquqlarının qeydiyyatı ilə bağlı qanunsuz hərəkətləri kimi qiymətləndirilməlidir. Yəni, faktiki olaraq 2009-cu ildən sonra verilmiş orderlərə münasibətdə inzibati orqanın davamlı və ümumi xarakter daşıyan inzibati praktikası mövcud deyil. - Məhkəmə qeyd etmişdir ki, iddiaçı 1984-cü ildə doğulmuş və 2011-ci il tarixli sərəncamın verildiyi zaman 27 yaşında olmuşdur. Onun uzun müddət daimi yaşadığı ünvan - valideynləri ilə birgə yaşadığı ünvan olmalı idi. Lakin, iddiaçının və digər yaxın qohumlarının Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında müxtəlif mənzillərdə daimi yaşayış hüququ ilə təmin edildiyi aşkar olunur. Bu sərəncama əsasən mənzil verilərkən həmin şəxslərin bu mənzillərdə uzun müddət yaşadıqları qeyd olunsa da, məhkəmə, bir ailənin fərdlərinin ayrı-ayrı mənzillərdə yaşamasını inandırıcı hesab etmir və bunu müxtəlif mənzillərin əldə edilməsi üçün formal sənədləşmə kimi qiymətləndirir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamına etimad hüququna münasibətdə məhkəmə qeyd etmişdir ki, faktiki olaraq sözügedən inzibati akt yalnız mənzildə daimi yaşayış hüququnu təmin edir və mülkiyyət hüququnun yaranmasına əsas ola bilməz. Hətta həmin inzibati akt mənzilin iddiaçının mülkiyyətinə verilməsini nəzərdə tutsa belə bu zaman yenə də, etimad hüququnun tətbiqi istisna ediləcəkdir. Belə ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. - Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona bu hüququ yaratmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı və onun əsasında verilmiş orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-167/2025 nömrəli qərarının tamamilə ləğv edilməsi və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında ərizə ilə müraciət edərək apellyasiya şikayətinin tələb hissəsində texniki səbəbdən Şəki İnzibati Məhkəməsi əvəzinə Bakı İnzibati Məhkəməsi qeyd edildiyini, apellyasiya şikayətinin tələb hissəsinin Şəki İnzibati Məhkəməsi kimi nəzərə alınmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Ərazi İdarəsinə qarşı “ünvan 4 ünvanında yerləşən və order əsasında ailəsi ilə birlikdə yaşadığı mənzilin özəlləşdirilərək həmin mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd etdiyi halları kifayət qədər əsaslandırmışdır. X14 Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(116)-167/2025 saylı qərarı ilə iddia ərizəsi əsassız olaraq təmin edilməmişdir. Ona görə də o, aparılan inzibati icraatın nəticəsi ilə razı deyil və qəbul edilmiş yeni qərardan narazı qaldığına görə apellyasiya şikayəti vermişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. O, cavabdehin gəldiyi nəticədən narazı qalaraq məhkəmədə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin hazırkı işdə gəldiyi nəticə absurd, qəbul etdiyi qərar isə qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Əfsuslar olsun ki, bütün bunlar baş vermədiyindən məhkəmə qanunsuz, əsassız və ədalətsiz qərar qəbul edərək hüquqlarını pozmuşdur. Məhkəmə öz qərarını əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi absurd qərar qəbul etməklə hüquqlarını kobud şəkildə pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-167/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
17. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
18. 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Yekun müddəalar: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər
Apellyasiya şikayətinin mümkünlüyü
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
24. Belə ki, iddiaçının apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzilə xx.xx.2011-ci il tarixli, 251 nömrəli Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında xx.xx.2011-ci il tarixdə 121 saylı order verilmişdir. İddiaçı ona verilmiş mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir.
25. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
26. Qanunvericiliyin tələblərindən də görünür ki, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.
27. İş materiallarından sözügedən mənzilin iddiaçıya 2011-ci il tarixində verilmiş müvafiq sərəncamla verildiyi müəyyən olunur. Həmin mənzil iddiaçıya əvvəllər hər-hansı hüquqmüəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax şəhər icra hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 251 nömrəli sərəncamı və onun əsasında verilmiş xx.xx.2011-ci il tarixli 121 saylı orderi olmuşdur. Buradan da görünür ki, həmin sənədlər Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra yəni 2009-cu il oktyabrın 1-dən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər.
28. Eyni zamanda həmin sərəncamda mənzilin iddiaçının mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır.
29. Cavabdeh öz növbəsində hesab edir ki, mənzilin lazımi hüquqmüəyyənedici sənədləri təqdim edilmədiyindən ərizənin icrası mümkün deyil.
30. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sərəncam əsasında iddiaçıya mənzilə yalnız daimi yaşamaq hüququ verən order verilmişdir. Həmin order isə bu qərarın 15-ci bəndində istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aid deyil, belə ki, order xx.xx.2011-ci il tarixdə, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) deyil, Mənzil Məcəlləsi qüvvəyə minəndən sonra verilmişdir. Qüvvədə olan Mənzil Məcəlləsində isə mənzilin orderlə verilməsi nəzərdə tutulmamışdır.
32. Beləliklə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Yevlax şəhəri, Neftkəməri küçəsi ev 8, mənzil 8 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasların mövcudluğu iş materialları ilə müəyyən edilmir.
33. Bundan əlavə Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, sözügedən mənzil iddiaçının istifadəsində olmaqla, 3 saylı Mənzil-Təmir İstismar sahəsinin balansındadır və dövlət mənzil fonduna aiddir.
34. İş materiallarından müəyyən edilmişdir ki, Yevlax şəhəri, Neftkəməri küçəsi ev 1, mənzil 7 (23,39 kv.m) və ev 1, mənzil 5 (32,78 kv.m) ünvanlarına dair X8 və X3 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında verilmiş orderlərə əsasən aparılmışdır. İddiaçının və digər yaxın qohumlarının Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 251 nömrəli sərəncamı əsasında müxtəlif mənzillərdə daimi yaşayış hüququ ilə təmin edildiyi aşkar olunur. Bu sərəncama əsasən mənzil verilərkən həmin şəxslərin bu mənzillərdə uzun müddət yaşadıqları qeyd olunsa da, məhkəmə, bir ailənin fərdlərinin ayrı-ayrı mənzillərdə yaşamasını inandırıcı hesab etmir və bunu müxtəlif mənzillərin əldə edilməsi üçün formal sənədləşmə kimi qiymətləndirir.
35. Göründüyü kimi, mübahisə predmeti olan mənzil sahəsinin cavabdeh orqan tərəfindən müvafiq qeydiyyata alınması üçün İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim etdiyi yeganə sübut Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 251 nömrəli sərəncamı əsasında verilmiş xx.xx.2011-ci il tarixli 121 saylı orderdir. Həmin sənəddən əvvəlki tarixə, yəni 2009-cu il oktyabrın 1-dən əvvələ həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd iddiaçı tərəfindən təqdim edilməmiş, o cümlədən iddiaçı tərəfindən də qeyd edilən orderdən əlavə hər hansı hüquqmüəyyənedici sənədin olması mübahisələndirilməmişdir.
36. Daha sonra qeyd edilməlidir ki, müvafiq mənzil sahəsi üzərində hüquq həmin mənzil sahəsi barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
37. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.
38. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
40. Bundan başqa, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması hazırda mübahisələndirilən qərarın ləğvindən (İPM-nin 87.7-ci maddəsi tətbiq edilməklə) sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
42. Bundan başqa, iş üzrə İPM-in 87.7-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
43. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan daşınmaz əmlakın iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
44. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-167/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.